Qara Söyünün erkəkləri

 

 (Hekayə)

 

Nənəm danışır ki, mənim kiçik bacım Sevil anadan olan ili (bu düşür Şıxəli Qurbanov ölən ilə, yəni 1967) quyruq doğan vaxt, qoyun qırxınından sonra aşıq Həsrət Hüseynov gəlmişdi yaylağa, Murad təpəsinə, özü ilə xanəndə Eynulla Cəbrayılovu da gətirmişdi. Qara Söyünün kiçik oğlu Qulamın toyu olacaqdı. Qara Söyünün ferması düz Murad təpəsinin ətəyində idi. Sağılan sürü yalda, buruq qoçlar çeyillikdə (sucuq yerlər). Arvadlar ora-bura qaçmaqda, uşaqlar arxalarınca yüyürməkdə. İtlər hürüşməkdə, atlar kişnəməkdə. Mənim də yaşım 10-dan 2 ay kəm. Hər şey bugünkü kimi yadımda...

Murad təpəsinin ətəyində bir yay səhəri. Çiçəklər kəpənəkləri, arıları dəli eləməkdə. Həsrət Hüseynov balabanı sazlamaqda, Eynulla da boğazını arıtlamaqda. Atlıların biri gedir, biri gəlir. İtlər bir atlını ötürür, başqa bir atlını qarşılayır. Bir sözlə, ferma qazan kimi qaynayır. Qazan dedim, yadıma elə qazan düşdü. Ocağın üstündə düz on dənə qazan, hər qazanın başında bir arvad, hər arvadın əlində bir kəfkir var! Arvadlar qazanların qapaqlarını elə sürətlə, ya da bir az da hirslə elə açıb-örtürlər ki, şaqqıltıya itlər hürüşür. Hərdən arvadlar kəfkirləri qazanın qırağına bərk-bərk vururlar. Bu, o deməkdir ki, ya düyü ötüb, ya da qovurmanın duzu kəmdi. Duz gətirin, ya da belə olar ki, hər şey əladır, arvadlar şücaətlərinin təntənəsi kimi zəfər zənglərini çalırlar.

Subay sürü Murad təpəsini aşmaqda idi, çobansız otlayırdı, çobanı göndərmişdilər Sarıxanlı fermasına ki, adamları Qara Söyünün oğlu Qulamın toyuna çağırsın. Belə adamlara tərəkəmə camaatı "təklifçi" deyir. Çobanın da əsli kürd, düz Minkəndin aşağı tərəfindən, adı da Musa...

Musa burda qalsın, gələk Qara Söyünün yanına.

Birdən Qara Söyün Həsrət Hüseynova dedi:

- Aşıq, əgər o balabanınla yalı aşan o sürünü aşağı, çayın qırağına tökə bilsən sənə 10 baş erkək bağışlayacam.

Hamı məəttəl qaldı. Toplaşdılar Aşıq Həsrətin başına. Artıq qoyunun yarısı gədiyi aşmışdı. Həsrət Hüseynov balabanı sazladı, bir-iki dəfə ordunu doldurub boşaltdı, ayağının birini götürüb birini qoydu, bir addım qabağa getdi, iki addım dala. Sağa baxdı zənən, sola baxdı kişilər, Qara Söyünortada, söykənib çomağına.

Aşıq Həsrət bir-iki dəfə "düd-düd" elədi, sonra başladı nə başladı. Elə bil Murad təpəsinin sinəsinə səs yağışı yağdı. Elə bil sürü səsdən islandı, üzünü fermaya tərəf çevirdi, qoyunlar mələşə-mələşə töküldü fermanın ayağındakı çaya. Qara Söyün dediyi kimi də elədi. Sürüdən 10 erkək ayırtdırdı Aşıq Həsrət üçün...

Qara Söyünün belə mərd xasiyyətləri çox idi .Aranda - Şirinqum qışlağında rus pəhləvanını yıxan çobana da 10 erkək bağışlamışdı.

Bir dəfə də "Sarıyer" yaylağında maraqlı bir hadisə olmuşdu...

Quşbaş Əvəz (yandan baxanda Əvəzin başı quş başına oxşayır) Kəlbəcərin taxtasına atını nallatmağa aparıbmış. Qayıdanda Avşar fermalarının yanından keçir. İtlər tökülür Quşbaş Əvəzin üstünə. Əvəz özü də bilmədən ağzıqara itlərin birinə karlı bir ağac çəkir. Elə bu zaman obadan bir kişi ağacını götürüb gəlir Əvəzin üstünə. Deyir, mənə it Əhməd deyərlər, atdan düş. Əvəzi atdan düşürüb atı əlindən alır. Əvəzin yanbızına bir-iki ağac çəkəndən sonra deyir, mənim əlimdən hələ heç bir adam canını sağ-salamat qurtara bilməyib.

Quşbaş Əvəz yalvarır ki, Əhməd qardaş, başına dönüm, Ağcabədi-İmişli həmişə bir el-oba olublar, məni çevir balalarının başına, qələt elədim, iti vurdum, bilmədim, səhv elədim.

Əhməd yenə bir ağac çəkir Əvəzin yanbızına. Əvəz "Oy-oy"! -deyir, atılıb-düşür.

Əvəz bir də yalvarır ki, əyə, Əhməd, qardaş, itinə qurban olum, keç günahımdan, qələt eləyib başımı daşa döymüşəm.

Əvəz bu sözləri deyə-deyə yavaş-yavaş Əhmədi yalın başına çıxardır, artıq yalın o üzü Əliqulular camaatıdır. Bizim obalar...

Yenə Əhmədə yalvarır, dil tökür, erkək boyun olur, xeyri olmur.

Birdən Əvəz əlindəki ağacla qəflətən Əhmədin başının tən ortasına karlı bir zərbə vurur. Dalınca deyir ki, al köpayoğlu, mənə də Əliqulular Quşbaş Əvəz deyərlər. Əhməd yıxılır yerə. Əvəz çarığını əlinə alıb üz tutur Əliqulular fermasına, düz Qara Söyünün yanına. Deyir, Söyün dayı, başına dönüm, qoyma məni Avşar camaatı öldürəcək. Qara Söyün Əvəzin bu cəsarətinə görə ona 10 erkək bağışlayır.

İndi 10 erkəyi alan Aşıq Həsrət böyük şövqlə çalır, Eynulla Cəbrayılov da oxuyur. Gəlin də kim ola? Nənəmin xalası qızı Minaya... Təzə gəlinmiş deyə, hələlik hamı tərifləyirmiş, guya Eynulla Cəbrayılov da "Gün var min aya deyər" mahnısını elə Minayaya qoşubmuş. Əliqulular camaatının qız-gəlini yanıb yaxılırlar ki, niyə bizim adımız Minaya deyiltoy olanda aşıqlar niyə bizim adımıza mahnı qoşmayıb? Nəsə... Adında "min" və "aya" sözlərinin olmasına baxmayaraq, Minayanın boyu ata minməyə çatmır. Axırda böyük əmisi Minayanı "hopp" eləyib qaldırır atın belinə. Ayağı heç üzəngiyə də dəymir. Bir kişi atın yüyənini çəkir, biri də Minayanı atın üstündə bərk-bərk tutur ki, yıxılmasın. Atla cəmi-cümlətanı əlli addım yol gedib oğlan evinə çatırlar. Gəlini oğlanın dayısı atdan düşürən kimi, Eynulla Cəbrayılov başlayır "Minaya" mahnısını oxumağa: "Gətir içək çay, Minaya".

Qız-gəlinin ürəyi partlayır ki, bax, elə indicə aşıq Minayaya bir şeir qoşdu. (Minaya ölənə kimi elə bilirdi ki, aşıq o mahnını onun üçün qoşub). Qız-gəlin mağarda, Minaya gəlin otağında, yəni çadır iqamətgahında, qırmızı gərdəyin dalında. Aşıq mağara baxıb yenə bir mahnı oxuyur.

 

Ağız süddür, dodaq qaymaq

Dilin batıb bala, Nərgiz!

 

Sən demə Minayanın kiçik bacısının adı Nərgizmiş. Arvadlar xayın-xayın pıçıldaşırlar ki, tanrı bəxtəvərinin bacısına da mahnı qoşdular. Heç bizim adamızı çəkib eləyən yoxdur. Elə oradaca söz yaranır ki, yəqin Qara Söyün hər mahnıya görə 10 erkək verib aşığa. Bu vaxt ağzı əyri arvadın biri qayıdır ki, əgər aşıq mənim adıma elə şeir qoşa ha, ərim o saat həmin aşığı beşaçılanla dəlmə-deşik eləyər. Arvadlar hamısı bir ağızdan: "Bizim kişio cür eləyər" - deyirlər. Arvad nədi, aşıq adına söz qoşdu nədi? Hətta arvadın biri gedib ərinə deyir ki, mən bu toyda qala bilmərəm, aşıq adamın adına söz qoşur. Birdən durdu mənim adıma bir söz dedi, onda başımıza haranın daşını tökərik?! Əri dedi, sən öl, həmin aşığı o saat qanına bələrəm!

Kişinin ürəyi soyumadı, durub getdi Minayanın əri Qulamın yanına. Dedi, hanı sənin kişiliyin? Kürdəmirli aşıq gəlib sənin arvadına, baldızına söz qoşur. Qulam da gedib atası Qara Söyünə bu məsələni dedi. SöyünQulama bərk acıqlandı, dedi, get dinməzcə otur yerində!

Bu vədə sizə kimdən deyim, Minayanın kiçik bacısı Nərgizdən! Mahnı oxuyan kimi Nərgiz obanın cavanlarının gözündən yayınmadı. Hamı elçi düşdü Nərgizə. O saat toyda Nərgizi gizlətdilər ki, götürüb qaçan olmasın. Ən təhlükəsiz yer Minayanın yanı idi: gərdəyin dalı! Nərgizi aparıb qoydular ora. Mağardan səs gəlirdi.

 

Sən Tahiri küsdürübsən,

Qol-qanadın sındırıbsan.

Gələn yolun kəsdiribsən,

Necə gəlim yola, Nərgiz.

 

Sən demə Nərgizə elçi düşən cavanların birinin adı Tahir imiş. Tahir bir yerdə dayanmır, qar sovruğu eləyir. Anası da deyir, bala, adın Nərgizlə çıxdı, gərək onu alasan. Tahir sakitləşir. Qulam da səbirsizliklə gözləyir ki, kaş Tahirin adı Nərgizlə çıxdığı kimi, onunku da Minaya ilə çıxaydı. Eynulla da dünya görmüş adam idi, yenə "Minaya" mahnısını oxuyur, axırını da belə gətirir: "Süz Qulama çay, Minaya"

Qulamın kopü alınır. Mağardakı arvadların bəziləri kədərlənir. Ha özünü dartırlarsa, adlarına mahnı qoşulmur. Qəm dəryasına batırlar.

Artıq toy qurtarır. Nərgizi Minayanın yanından çıxarıb indi Qulamı aparırlar.

Səhər açılır. Təmiz havada səs bərk gedən olur. Görürlər ki, Murad təpəsinin döşündə dünən toya adamları dəvət edən "təklifçi" kürd Musa ferma tərəfə baxıb oxuyur. Nəqəratı da arada sürünü haylamaq olur.

Qara Söyün o saat başa düşür ki, onun zəhmət haqqını verməyib. Deyir, gedin onu tutun gətirin, iki saz erkək verəjəm...

Ədalət.-2015.-2 aprel.-S.6.