USTAD ŞAİR

ƏDƏBİ HƏYAT

 

Azad qardaşım var, onunla xoşam,

Mən gərək sahili sahilə qoşam.

İki bölünməkdən elə qorxmuşam,

Çöpü ikiyə bölmərəm daha.

 

İllər tez gəlib keçdi, Söhrab əmi.. İndi doxsanın astanasındasan.

Yaxşı yadımdadır, 1993-cü ilin oktyabr ayında Naxçıvana - böyük şairimiz, sənin dostun Məmməd Arazın 60 illik yubileyinə yola düşdük. Bir həftə Naxçıvanda - bu qədim odlar diyarında əsil poeziya havasına büründük. Hansı məclisə gedirdiksə, orada Məmməd Arazı da, səni böyük səmimiyyətlə qarşılayırdılar. İş elə gətirdi ki, biz mehmanxanada bir otaqda qaldıq. o bir həftə ərzində mən Söhrab əmi, sənin təkcə poeziyana deyil, həm insanlığına vuruldum. Sənin dilindən yalnız şeirlərini deyil, həm Təbrizli, Savalanlı, Pişəvərili xatirələrini dinlədim. Mən Təbrizdə olmamışam, amma sən Təbrizin obrazını yaratdın gözlərim qarşısında.

Yetmiş yaşına qədər Təbriz həsrətilə qovrulurdun. Müstəqillik dövrü gəldi sən Təbrizi gördün, əzizlərinlə qovuşdun.

Ondan xeyli əvvəl - 1971-ci ildə anan Nəsibə xanım Bakıya gəldi. Sən Təbrizə qovuşmamış anan qovuşdu sənə onun gəlişi təkcə səni yox, bütün qələm dostlarını sevindirdi. Yadımdadır ki, neçə şair dostun bu görüşə - ananın gəlişinə şeir həsr etdilər. Əliağa Kürçaylı yazırdı:

 

Daşa dönmüş ümidlər,

Duyğular cana gəlir.

Yola çıxın, igidlər,

Uzaqdan ana gəlir.

 

Bir nəfərin anası,

Milyonların istəyi.

Bir oğul təmannası,

Bir torpağın diləyi.

 

Nəsibə ana yenidən Təbrizə qayıtdı, az sonra haqq dünyasına qovuşdu.

Bir yaddaşımda 1989-cu ilin may günlərindən biri canlanır. Yazıçılar İttifaqında respublikamızdakı ictimai-siyasi vəziyyətlə əlaqədar partiya iclası çağırılmışdı. Təkcə kommunistlər deyil, kommunist olmayan yazıçılar da o iclasda iştirak edirdilər. Bəziləri hələ o zamankı respublika rəhbərlərinin təslimçi ruhunu ifadə edir, "səbir", "təmkin" sözlərini az qala şüara çevirirdilər. Bu zaman SƏN, Söhrab əmi, heç kimdən çəkinməyərək "düşmənə qarşı ancaq silahla vuruşmaq olar" dedin gözlərində qeyri-adi bir parıltı görsəndi. Bu parıltını 23-14 yaşında, əlinə silah alıb haqq yolunda ölüm-dirim mübarizəsinə girişəndə görmüşdülər.

Sən o taylı Astarada adi bir sənətkar ailəsində dünyaya göz açmışdın. Ancaq həyat mübarizə meydanıdır bu meydanda 18 yaşınacan bir fədai kimi döyüşdün. Pişəvərinin şəxsi möhürdarı idin səni Bakıya-gələcək döyüşlərə hazırlıq üçün zabitlər kursuna göndərmişdilər. Amma geri qayıda bilmədin.

Bir əsrdə cənubdakı qardaşlarımız üç dəfə əlinə silah alıb azadlıq savaşına çıxdılar hər dəfə arzuları ürəyində qaldı. Lakin azadlıq eşqi sönmədi.

 

Üsyanları hamıdan çox!

Qurbanları hamıdan çox!

Zindanları hamıdan çox!

Qan tarixi daha çoxdur!

Neçə ildir bu millətin

Hələ milli haqqı yoxdur!

 

Söhrab əmi! Sənin yetmiş illik yaradıcılığını o taylı-bu taylı, mənən bölünməz Azərbaycanın bədii salnaməsi hesab etmək olar. Mərhum şairimiz Cabir Novruz yazırdı ki: "Söhrab Tahirin amal-azadlıq eşqi onun yaradıcılığını mübarizə ilə silahlandırmışdır. Məhz buna görə onun yaradıcılığı bir tərəfdən qəzəbli, bir tərəfdən kövrək, bir gözü ilə ağlayan, o biri gözü ilə gülən, bir sətrində vuruşa atılan, o biri sətrində fəryad qoparan, bir nəğməsində gələcəyə, inama, ümidə çağıran, o biri nəğməsində həsrət təşnəsi olan yaradıcılıqdır". Yetmiş il keçib o qanlı savaşdan, milli azadlıq hərəkatının qan dənizində boğulmasından, amma sənin inamın ümidin hələ sönməyib.

 

Mən belə ölmərəm!

Ölsəm əgər,

Gələrəm dünyaya odlu dil kimi,

Danışsın yenidən Xiyabanilər!

Yenə alovlansın kəndlər, şəhərlər!

Mənim dil haqqımı itirənləri

İtirsin vətənin torpaqlarından!

Öpsün hər bir dilə azadlıq verən

Yoldaş Azadlığın dodaqlarından!

 

Bu misralar "Zindan divarında yazılmış şeir"dəndir. Sən o zindanı görüb gəldin, Söhrab əmi! 18 yaşında öz doğma qardaşına pənah gətirdin, minillik bir tarixin yaddaşını silkələməyə, Cənubun dərdini unutmamağa gəldin, misilsiz təbiət boyalarını, xalqın qəhrəmanlıq səhifələrini poeziya dilinə çevirməyə gəldin. S.Vurğunun, SöRüstəmin, R.Rzanın, O.Sarıvəllinin "Cənub şeirləri" silsiləsinə yeni rənglər, boyalar qatmaq üçün gəldin! Budur, "Vətən xəritəsi" - Savalanın, Şahgölünün, Səhəndin, Ərdəbilin, Təbrizin, Ərk qalasının, Mərəndin, Şivlinin, Urmiya gölünün canlı, təravətli boyalarla təsviri: Savalanın qartalları qayalarla baş-başa verib, Şahgölü Günəşin gözündən düşüb, Urmiya gölü elə bil Təbrizin göz yaşlarından diyirlənib göl olub.

 

Hovuzların güzgü tutar üzünə,

Güzgülərdə gəlinlərin bəzənər.

Kəhrizlərin pıçıldaşar gecələr,

Kəhrizlərdə nəğmələnər küçələr,

Təbrizim, ay Təbrizim!

 

Sənin "Səttarxan" adlı poemanda Azadlıq, İnqilab mücahidinin parlaq obrazı ilə qarşılaşırıq. Bu qarşılaşma bizi təsvir edilən dövrün ictimai-siyasi mənzərəsinə çəkib aparır. Poemada Səttarxanın özü ruhu canlanır. Səttarxan ölməmiş, çünki Azadlıq ölməmiş! Onun son döyüşünü necə ustalıqla təsvir etmisən adam özünü o döyüşdə hiss edir:

 

9 nəfər 9 minə qarşı vuruşur!

Səngərlərin qırağını

Ağır torpaq döyür, vurur.

9 nəfər qanlı ölüm ayağında!

9 minin qabağında

Güllə yatır gilizlərin arasında.

Beşaçılan qundaqları

Sinələrin yarasında!

Şimşək vardır bəbəklərin qarasında.

Kəsir ağrı Səttarxanı!

Tüfənginin qundağına damır qanı!

 

Bir xatırlayıram, 60-cı illərdə, tələbə ikən filarmoniyada sənin "Poeziya gecə"ni. O gecənin bir qəhrəmanı vardı - o da sən idin - Söhrab əmi! Salon sənin azadlıq saçan şeirlərinin təsirindən çıxa bilmirdi:

 

Mənim qollarımı iynə-sap edin,

Tikin Culfaları biri-birinə.

 

Söhrab əmi! Burada, Şimalda öz qan qardaşların sənin istedadını, mərdanə keyfiyyətlərini yüksək qiymətləndirdilər - şeirlər kitabı, universitet həyatı, poeziya mühiti, ədəbi-elmi-publisistik fəaliyyət! bir uzun illərin xətir-hörmət sınağından çıxmış "Əmi" kəlməsi. Ədəbiyyata gələn bütün sonrakı nəsillər sənə "Əmi" deyə müraciət edir. Hətta qocaman Süleyman Rüstəmin sənə müraciətlə "Əmi" dediyinin şahidi olmuşam.

89 yaşlı Əmi - Söhrab Tahir, bu yazıda bir neçə dəfə işlətdiyim "Sən" müraciətimə görə bağışlarsan məni! Yenə o Naxçıvan məfərini xatırlayıram o yeddi gündə mən sənə "Siz" deyə müraciət edirdim. Axırda cana doyub dedin ki, "Vaqif, lazım deyil bu incə-mincə qız kəlməsi "Siz". Mənə "Sən" de!"

Bu yazıda mən Söhrab əminin ancaq Azadlıq, İstiqlal ruhlu şeirlərindən söz açdım.

əlbəttə, bunsuz Söhrab Tahirin yaradıcılığını təsəvvür eləmək mümkün deyil. Amma Söhrab əminin yaradıcılığı çox zəngindir. Onun Azərbaycan təbiətinin gözəlliklərinə həsr olunan şeirləri var ki, bu şeirlərdə təbiətin canlı obrazını görürsın.

 

Yarpaq yığımıdır qəhqəhələrim,

Bu qızıl yağışda meşə yuyunur.

Yol alıb gedirəm, sarı yarpaqlar

Şahlıq quşu kimi çiynimə qonur.

 

Quşların səsindən bulud diksinir,

Tökülür üstümə pambıq gülüşü.

Buludun süd dolu döşləri çini,

Meşə sapsarıdır,

Dağlar gümüşü.

 

Əmi, sənin sevgi şeirlərin də örnək olası nümunələrdir. Yaxşı xatırlayıram: Naxçıvan səfərimizdə Məmməd Araz bir məclisdə səndən xahiş elədi, Söhrab bir sevgi şeiri oxu, qoy bura toplaşan cavan şairlər bilsinlər ki, sevgi hissdən, duyğudan, ürəkdən gəlir, o hissi yaşamadan şeir yazmaq olmaz. Sən Məmməd Arazın xahişini yerə salmadın, "Xəbərin olsun" şeirini oxudun:

 

Gəldim qapınıza, döndüm heykələ,

Mənim bu halımdan xəbərin olsun.

Bir yanğı sevgiydim, intizar oldum,

Mənim bu halımdan xəbərin olsun.

 

Divara mıxlayıb məni sərt külək,

bir əl tutanım, bir kömək.

Yandırıb gözümü bir damcı istək,

Mənim bu halımdan xəbərin olsun.

 

Boylan tül pərdədən, məni gör hərdən,

Mənəm, yoxsa aydır baxır şüşədən.

Asdım şüşənizdən ümidimi mən,

Mənim bu halımdan xəbərin olsun.

 

Söhrab əmi! Sən müasir poeziyamızın ən qocaman nümayəndəsi, ən ağsaqqal bir üzvüsən. Bu "ƏN" kəlmələri təkcə yaşına görə deyil, Azərbaycan ədəbiyyatındakı mövqeyinə görədir.

 

 

Ədalət.-2015.-4 aprel.-S.15.