Şeirə aid
(Qəşəm Nəcəfzadə
haqqında)
Yazıya aid
Yaşadığımız dünya az müddətdə
elə sürətlə
dəyişib ki, bir qədər əvvəl dildə çox işlənən
"inteqrasiya" və
bu kimi leksikanın
istinad etdiyi ictimai təfəkkürün
yeri daralmaqdadır və ya bu
gün mediada inteqrasiyadan danışan yoxdur. Çünki bizim şüurumuz
daha geniş auditoriyanı fəhm etmək zorundadır.
Milli çərçivədən qırağa
çıxmaq, kürəsəl
dəyərlərə ürcah
olmaq üçün
gedib əcnəbi diyarda yaşamağa ehtiyac qalmayıb. Dünyanın başlanğıc və çıxış
nöqtələri indi
məsafə ilə ölçülmür. Dünya rəngli
informasiyalardan hörülmüş
bir tora bənzəyir. Həmin tora
"düşmək" üçün
"gəzməyə" də lüzum yox. O sosial torun üstündə
əl-ələ tutub
ekvator və meridianlar boyu gəzib-dolaşmaq hər
kəsin üzərinə
qoyulan vəzifə deyil, məşğuliyyətdir.
Bu, çağdaş insanın yaşam tərzidir. Bu həyata alışqanlıq
hər şeydən sonra baş verənlərin nəticəsidir.
Deməli, biz postmodernist bir cəmiyyətdə yaşayırıq
və ya yaşamalıyıq. Belə bir
müqayisə aparırlar
ki, "Facebook" sosial şəbəkəsi
əhalisinin sayına
görə dünyanın
üçüncü ən
böyük ölkəsinə
bərabər tutula bilər. İnternet ona qədər
mövcud olmuş bütün kütləvi
informasiya vasitələrinə
nisbətdə ən sürətlə yayılanıdır.
Belə bir intellektual həyatın parçası olduğumuza
görə fövqəladə
şüur hadisəsi
sayılmağa layiq olan poeziya yaradıcılığının
məzmun və mahiyyətinin, onun forma və üslub elementlərinin yeniləşdirilməsi
yazıçı və
şairin gördüyü
və ya görəcəyi işin
tərkib hissəsinə
çevrilir..
İnternet resursları, o cümlədən
milli internet məzmun və kəmiyyətcə
hər an dəyişir. Müasir rabitə və informasiya texnologiyalarının
tətbiqi sahəsində
yeni media adı ilə daha geniş
auditoriyanı araya alan sosial
şəbəkələrdə, digər internet mediasında
keçən yazı
və mətnlərin
müxtəlif üslub
və cərəyanlara
mənsubluğu, görülən
digər işlər,
əldə olunan təcrübə göz qabağındadır. Yer kürəsinin
üçdə iki hissəsini tutan "ərazi sularını"
indi müasir nüvə silahları ilə dalğalandırmaq
mümkün deyil.
İndi bütün baş verənləri nöqtə-vergülünəcən
yazmaq dəbdədir.
Suda, quruda deyil, insan
şüurunda fırtına
və təlatümlər
yaradan bu yazıların yayılmasında
yasaq və məhdudiyyətlər də
yoxdur. İnternet kimi nəhəng
infrastrukturda gedən proseslər nəticəsində
qələm, o cümlədən,
şair və yazıçının qələmi
ən faydalı, həm də ən təhlükəli texniki cihaza çevrilibdir. Bu ümumi fikirləri hərləyib-fırlayıb o yerə
gətirib çıxarmaq
istəyirəm ki, ədəbiyyatın meydanı
bu gün onu daha sürətlə
dəyişdirməyi bacaranlarındır.
Belə bir inqilabi şəraitdə
qələmin harasından
oldu, tutub meydana atılanların nə sayı bilinir, nə də ictimai mənsubiyyəti. Ədəbiyyatın yuxarı və aşağı məhəlləsində
qulaqbatırıcı səslə
bir-birinə müraciət
edənlər qulaqda səslə onun (ədəbiyyatın) sağlamlığı
haqqında düşünə
bilməzlər. Belə bir
çağda başını
aşağı salıb,
öz işilə məşğul olmaq hər kişinin işi deyil. Bu cür yazıçı,
şair "çoxluğunda"
yaxşı ki, diqqəti cəlb edib orada, yəni
bugünkü Azərbaycan
poeziya almanaxında adı, imzası ilə nüfuz qazanan söz biliciləri çalışıb
işləyirlər. Söz və
fikir azadlığının
təntənəsi üçün
ədəbi azadlıq
deyilən bir mühitin bərqərar olması da çox vacibdir. Amma azadlıq deyiləndə bəzi hallarda müxalif siyasi fikrin ədəbiyyata gətirilməsi başa düşülür. Ədəbiyyata nəyin gətirilməsi və oradan nəyin çıxarılması
ayrıca geniş bir mövzudur. Hərhal daha geniş auditoriyanı əhatə
edən ədəbiyyatın
azad və sərbəst davranışları
onu yaradanların siyasi mənsubiyyəti ilə deyil, yaradıcı zəkası
və ürəyi ilə bağlıdır.
Tarix boyunca cəmiyyətə alternativ, müxalif mesajlar yazıçı imzası ilə ötürülmüşdür. Qələmindən ədəbiyyatın, poeziyanın xeyrinə istifadə edən yazıçı və şairin yazı texnologiyası, onların mövzu və janr seçimi, həyata, dünyaya münasibəti həmişə
maraq doğurur. Belə ədiblərdən biri
"adı Qəşəm"(sonuncu kitabı belə adlanır) olan şairimizdir. Şeir yazmaq üçün nəyin lazım olub-olmadığı barədə
müxtəlif fikirlər
deyilə bilər.
Məsələn, kimisi deyir,
istedad lazımdır,
bəziləri də istedad kəlməsinə ironik münasibət ifadə edərək belə bir halı
inkar edirlər. İlhamı,
təbi də bu sıralamaya aid edə bilərik. Əlbəttə, bütün bu
cür mülahizələrin
şeir faktı üçün mühüm
əhəmiyyət kəsb
etmədiyini hamı bilir. Əhəmiyyətli olan şeirin
hər hansı bir üsulla yazılıb meydana çıxarılmasıdır. Mühüm olan əsas şərt şeirin onu oxuyanın düşüncəsində hadisəyə,
şübhəsiz, poetik
hadisəyə çevrilə
bilməsidir. İndi zaman
və məkan bir-birinə nisbətdə
elə yerləşir
ki, tamaşaçı
kimi oxucunu da heyrətləndirmək
çətin olub.
İnformasiyanın bolluğu və
çoxçeşidliyi, qeyri-adi
fakt və sosial qəzalar elə səviyyədə
və elə sürətlə interpretasiya
olunmaqdadır ki, bəzən ən yaxşı şairin ən mükəmməl bir üsul və
priyomlarla yazıb başa gətirdiyi mətn diqqəti cəlb edə bilmir. Elə buna görə
də müasir sənətə müştəri
cəlb etmək üçün dizayn və tərtibat axtarışları davamlı
olmalıdır.
(ardı var)
Ədalət.-2015.-4 aprel.-S.13.