CƏBHƏDƏN CƏBHƏYƏ
(PORTRET - OÇERK)
EL AĞSAQQALI
DAŞDƏMİR
PAŞAYEVİN
90 İLLİYİNƏ
Lerik ecazkar təbiətə malik diyardır. Cənubunda alça, ərik, gilas ağacları çiçək açıb, meşələr yaşıl donunu geyinir. Cığırları ol-ələf basıb, yolların palçığı quruyub. Quş quşu çağırır. Çayların şırıltısı həzin nəğməyə dönüb. Bu mənzərəni seyr etdikcə insanın ruhu dincəlir.
Şimalında qış hələ təslim olmaq istəmir. Zirvələri göyə dəyən dağların ətəklərində qar topuğacandı. Axşamlar şaxta düşür, sular donur. Ancaq dağ kəndi Rəzgövdə camaatın əli işdən soyumayıb. Toxum tədarük edilib, torpaq şumlanıb. Havaların şaxı sınan kimi səpinə çıxacaqlar. Taxıl, kartof, tərəvəz əkəcəklər.
Rəzgöv çox da böyük olmayan abad obadır, Lerikdən çıxan bir çox ziyalıların beşiyidir. Ötən əsrin otuzuncu illərində Lənkəran Qəza Partiya Komitəsinin birinci katibi işləmiş Böyükağa Mirsalayev, qırxıncı illərdə iki dəfə Respublika Maarif Nazirliyinə rəhbərlik etmiş Mirzə Məmmədov, əllinci illərdə Neft Sənayesi Nazirliyində məsul vəzifədə fəaliyyət göstərmiş texnika elmləri doktoru Salam Mirsalayev, İnşaat Mühəndisləri İnstitutunda kafedra müdiri vəzifəsində çalışmış texnika elmləri doktoru Mahmud Həsənov burada boya-başa çatmışdılar. Bu gün onların neçə-neçə sələfi alimdir, tanınmış təbibdir, hüquq-mühafizə orqanlarının əməkdaşıdır, el-obasına gərəkli iş adamlarıdır. Ömrünün 90-cı baharını qarşılamış, iki cəbhənin veteranı, bölgədə tanınmış ağsaqqal Daşdəmir Paşayev də bu elin oğludur.
Daşdəmir Paşayev halal zəhmət adamı Kazım kişinin ilk övladıdır. İbtidai təhsilini kənd məktəbində, yeddilik təhsilini Çayrud orta məktəbində alıb. Ehtiyac içində olan ailəni dolandımaq üçün Bakı şəhərinə üz tutub. Texniki-peşə məktəbində oxuyub, neft mədənlərində iş tapıb. Əli çörəyə çatanda müharibə başlanıb. 1943-cü ildə orduya çağrılıb. Bir müddət hərbi təlimlərdə olub, sonra ön cəbhəyə yola salınıb. Döyüş yolu Moskva ətrafından başlanıb. Yüz kilometrlərlə piyada yol keçib. Belorusiyanın Vitebks şəhərində gedən döyüşlərdə yaralanıb, hərbi hospitalda müalicə olunub, 3-cü Belorusiya ordusunda xidmət etdiyi hissəyə yola düşüb. Belorusiya düşməndən azad ediləndən sonra Litvanın Kaunas şəhərində vuruşub. 1944-cü ilin payızında ağır yaralanıb və uzun müddət müalıcə edilib. Qələbə sorağını Qorki şəhərində eşidib.
Qanlı-qadalı döyüşləri yada salan veteran deyir: - Ağır illər idi. Ölüm qaşla göz arasındaydı. Neçə-neçə döyüşçü dostum gözlərim önündə həlak oldu. Onların arasında Pirasora kəndindən Qulu adlı bir igid də vardı. Özüm torpağa tapşırdım. Məni Allahım, bir də atamın namaz üstə duaları saxladı...
2014-cü ilin iyulunda Daşdəmir kişinin ev ünvanına üçkünc bir məktub gəldi. Açıb oxudu. Məktubda deyilirdi:
"Hörmətli Daşdəmir Kazım oğlu!
Belorus Respublikasının alman-faşist işğalçılarından azad olunmasının 70 illiyi və Belorus Respublikasının müstəqillik günü münasibətilə təbriklərimi qəbul edin.
Yeddi onillik tarix baxımından çox da böyük zaman olmasa da, insanlıq baxımından bütöv bir ömürdür. Bu dövrdə belorusların bir neçə nəsli müharibənin dəhşətlərini görmədən dünyaya gəlmişdir. Xoşbəxt həyatımıza görə Sizə və azadlığımız uğrunda vuruşanlara borcluyuq.
Sizin və müharibədən sonraki illərdə respublikamızın dirçəlişi uğrunda çalışanların qarşısında baş əyirik. Belorus xalqı göstərdiyiniz hünəri heç zaman unutmayacaq.
Aleksandr Lukaşenko,
Belarus Respublikasının
Prezidenti
Aradan bir ay keçməmiş veteran Bakıya çağrılır, Belorus Respublikasının Azərbaycandakı səfiri 70 illik yubiley medalını ona təqdim edir.
Bu, veterana göndərilən yeganə məktub deyil. Döyüşdüyü şəhərlərin ictimai təşkilatlarından, cəbhə dostlarından alınan məktublar və təbrik teleqramları, mətbuat səhifələrində haqqındakı yazılar qovluqda saxlanılır. Çoxunun kağızı saralmış, çətinliklə oxunur. Bayramlarda döşündə gəzdirdiyi orden və medallar 1941-1945-ci illər müharibəsinin təltifləridir. Adı Vitebsk şəhərinin fəxri vətəndaşları kitabına yazılmışdır.
* * *
Daşdəmir Paşayev 1946-cı ildə ordudan tərxis olunub doğma kəndinə qayıdır, kolxozda briqadır, mühasib işləyir. O, təsərrüfatda da bacarıqlı kollektiv başçısı, torpağın qədrini bilən, halallıqla dolanan, haqq və ədalətin tərəfində duran adam kimi hörmət qazanır. Bu keyfiyyətləri rsyon gənclər təşkilatının diqqətindən yayınmır. 1949-cu ildə rayon milis şöbəsinin rəisi Mirdadaş Mirqulamov komsomol komitəsinə müraciət edib pasport yazmağa savadlı bir gənc istəyir. Daşdəmir Paşayev rayon mərkəzinə çağırılır. Komitədə söhbətdən sonra milis şöbəsinə göndərilir. Rəis onun yazısını nəzərdən keçirib bəyənir və pasport qeydiyyatçısı təyin edir.
Mühribə illərində doğulan uşaqların heç də hamısına doğum şəhadətnaməsi yazılmamışdı. Onlar məktəb yaşına çatsalar da, sənədsiz idilər. Daşdəmir Paşayev kəndbəkənd gəzib şəhadətnaməsız uşaqları həkim komissiyasına göndərir. Komissiya tərəfindən təvəllüdləri dəqiqləşdirilib sənəd yazılır. Beləliklə, uşaqların təhsilə cəlb edilməsində çətinlik aradan qaldırılır.
1951-ci ildə Daşdəmir Paşayev Bakı Milis Məktəbinə oxumağa göndərilir.Təhsilini başa çatdırıb əvvəlki iş yerinə qayıdır. Rayon milis şöbəsində pasport masa rəisi vəzifəsinə irəli çəkilir. O, bu məsul işdə dörd il çalışır.Vətəndaşların pasport qeydiyyatından keçməsini, gənclərin vaxtında bu sənədlə təmin olunmasını nəzarətdə saxlayır. Nümunəvi işinə görə Respublika Daxili İşlər Nazırliyi tərəfindən təşəkkür və pul mükafatı alır.
Milisdə vəzifə pillələrini bir-bir qalxan Daşdəmir Paşayev baş əməliyyat müvəkkili təyin olunur. Bu dövrdə təsərrüfatlarda oğurluq, dövlət əmlakının mənimsənilməsi, saxtakarlıq kimi bir neçə cinayətin üstü açılmamış, məsuliyyət daşıyanlar cəzasız qalmışdılar. Əhalinin köməyinə arxalanan əməliyyat müvəkkili bu cinayətləri törədənləri tədricən müəyyənləşdirilib məhkəməyə göndərilir, dəymiş ziyanlar ödənilir, məsuliyyət daşıyanlar cəzadan kənar qalmır.
Daşdəmir Paşayev təcrübəli əməliyyat müvəkkil kimi Astara, Lənkəran, Neftçala rayonlarına Nazirlik tərəfindən ezam edilib, ağır cinayətlərin açılması ona tapşırılır. O, bu tapşırığın öhtəsindən də layiqincə gəlir, 2 il dayandırılmış ölüm hadisələrinin üstünü açır. Cinayətkarlar həbs olunur. Nazirlik tərəfindən onar vaxtından əvvəl mayor rütbəsi verilir.
Əlli yaşlı polis zabitinə Nazirlikdən daha bir xoş xəbər gəlir. O, şöbə rəisinin müavini təyin olunması barədə əmr alır. Ömrünün on ilini bu vəzifədə şərəflə keçirir, kollektivin ağsaqqalı kimi hörməti daha da artır.
Haşiyə. Qarşımda bir sənəd var. Respublika Daxili İşlər nazirinin müavinin 1977-ci il dekabrın 15-də imzaladığı əmrdir. Əmrdə göstərilir ki, İkinci Cahan müharibəsinin veteranı, Lerik Rayon Daxili İşlər Şöbəsi rəisinin müavini Daşdəmir Kazım oğlu Paşayev 27 ildən artıqdır ki, daxili işlər orqanlarında çalışır. Bu müddətdə nümunəvi xidməti ilə fərqlənmişdir. Cinayət axtarışlarını düzgün təşkil etmiş, operativ xidməti fəaliyyətində yüksək göstəricilərə nail olmuşdur. Ağır cinayətlərin açılmasında, təhlükəli cinayətkarların aşkarlanmasında fəal iştiak etmişdir. Bütün bunlara görə o, Daxili İşlər Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunur.
Daşdəmir Paşayev rəis müavini təyin ediləndən cəmi iki il sonra Fəxri Fərman almışdı. Bu müddətdə rayonda bir neçə cinayətin, o cümlədən insan həyatına qəsd hadisələrinin üstü açılmışdı. Ölümlə nəticələnən cinayətlərin əksəriyyəti ictimaiyyətdən kənarda - dağlarda, meşələrdə, biçənəklərdə baş verdiyinə görə qatili tapıb ifşa etmək çətin olsa da, Daşdəmir Paşayevə uzun illərdən bəri qazandığı təcrübə, cammatla əlaqəsi, el arasında nüfuzu kömək edirdi.
Şöbə rəsiləri bir qayda olaraq başqa rayonlardan göndəilirdi. Onlar yerli əhali ilə Daşdəmir Paşayevin iştirakı ilə tanış olur, onun məsləhəti ilə bəzi problemləri aradan qaldırırdılar. Fəaliyyətində profilaktik tədbirlərə, cinayətin qarşısını vaxtında almağa geniş yer verirdilər. Bu məsələdə yenə "Daşdəmir məktəb"ində sınanmış üsullara istinad edirdilər.
Ehtiyyatda olan polis polkovnik-leytenantı Özübəy Quliyevin söhbətindən":Ali məktəbi bitirib milis şöbəsində əmək fəaliyyətinə başladım. Yeniyetmələrlə iş üzrə inpeksiyanın əməkdaşı idim. İlk illər çətinliklə üzləşirdim. Təhsildən yayınan uşaqları məktəblərə cəlb etmək o qədər də asan deyildi. Daşdəmir Paşayevə tez-tez müraciət etməli olurdum. Təmkinlə verdiyi məsləhətlər, uşaq psixologiyasını yaxşı bilməsi mənə xeyli kömək elədi. Sonralar ikimiz də eyni vəzifə daşıdıq. O, cinayət işləri üzrə müavin idi, mən isə siyasi məsələlər üzrə. Polis sistemində işlədiyi müddətdə cinayət axtarışı üzrə ilk yerli baş inspektor, ilk rəis müavini, ilk polis əlaçısı, ilk polis polkovnik-leytenantı olub. Aramızda yaş fərqi olmasına baxmayaraq, Daşdəmir əmi həmsöhbətimiz, dostumuz, yol yoldaşımız kimi səmimiyyətini qorudu. Bu gün də sadəliyini və mehribanlığını saxlayıb".
Daxili işlər orqanlarında çalışdığı 35 ildə neçə-neçə gənc polis işçisinin təcrübə qazanmasında, seçdikləri çətin və şərəfli peşəyə ürəkdən bağlanmasında Daşdəmir Kazım oğlunun böyük zəhməti var. Ramazan Mirzəyev, Vaqif Hüseynov, Vəliağa Şahpələngov, Ənvər Məmmədov və başqaları onu özlərinə peşə müəllimi, yolgöstərən, qayğılarına qalan insan sayırlar.
* * *
1984-cü ildə təqaüdə çıxan polis veteranı rayonun qaynar həyatından kənarda qalmayıb. Həmişə ictimaiyyət arasındadır, elinin-obasının xeyir-şər məclislərindədir. Doğma kəndi Rəzgövə tez-tez baş çəkir, baba yurdunun ziyarətinə gedir, həmyaşıdlarına qonaq olur.
Cənub bölgəsinin oxucuları Daşdəmir Paşayevi qələm əhli kimi də tanıyırlar. O, təqaüddə olduğu illərdə "Lerik polisinin tarixindən", "Qisas və özünəqəsd" ,"Ulu kəndim Rəzgöv", "Geriyə boylananda" kitablarının müəllifidir. Bu kitablarda dağlar diyarı polisinin keçdiyi şanlı yol, cinayət hadisələrinin başvermə səbəbləri və açılması dürüst əksini tapıb. Müəllif yaradıcılığını bu gün də davam etdirir, veteran dostları barədə xatirələr üzərində işləyir.
Daşdəmir Paşayev rayonda çoxuşaqlı ailələrin başçılarından biridir. Ömür-gün dostu Tahirə Hənifə qızı ilə səkkiz qız, bir oğul böyüdüblər. 67 ildir ər-arvad can deyib, can eşidiblər. Övladları ev-eşik sahibidir. Nəvə və nəticələrinin sayı az qalır 90-a çatsın. Onlar ölkəmizin layiqli vətəndaşları, ata-baba yurduna sadiq övladlardır.
Ailənin əziz-xələf oğlu Rahim ata yolunu seçib, polis işçisidir, asayişin keşiyində sayıq dayanıb. Kişinin yaxın dostu və qayğıkeşidir. Atasının başı ağriyanda özünü birinci çatdırır, əhval- ruhiyyəsi yaxşılaşanda rahatlıq tapır.
Daşdəmir Kazım oğlunun adı Lerik uzunömürlüləri siyahısına yazılıb. Xoşbəxt qocalığından söhbət düşəndə yarızarafat, yarıciddi deyir: "Polis işçisinə bu qədər yaşamaq nadir hallarda nəsib olur. 90-a çatmağıma görə Tahirə xanıma minnətdaram. Küsüb-barışmağı heç yarım gün çəkmir. Səkkiz qız böyüdüb köçürmək hər xanımın hünəri deyil, Tahirənin bəxtinə düşüb. Ona çox borcluyam..."
Polkovnik-leytenantın yubileyi ərəfəsində çoxlu məktub alıb. Zərflərin üstündə "Lerik şəhəri, Daşdəmir Paşayev" sözləri yazılsa da, poçtalyonlar ünvanı yaxşı tanıyırlar, veteranın qapısı üstündəki qutuya salırlar.
Daşdəmir Paşayev haqqında yazını onun tay-tuşu və məslək dostu Dadaş Hacıyevin bu sözləri ilə bitirmək istəyirəm: "Sən döyüş cəbhəsindən dönüb başqa bir cəbhəyə üz tutdun və üzüağ çıxdın. Yaşamaq, yaratmaq haladır sənə".
Ədalət.-4 aprel.-2015.-14.