Ömür-gün həqiqətən
nağıldırmı?
Naxçıvanda
yaşayıb-yaradan qələm dostum Fərəc Fərəcovun
"Ömür bir nağıldır" kitabını
acgözlüklə, birnəfəsə oxudum və elə ilk
təəssüratım bu oldu ki, xatirə-coşan
altmış ildən yuxarı bir insan ömrünün bədii-publisistik
salnaməsidir. Bu kövrək salnamə ürkək-ürkək,
çəkinə-çəkinə yazılıb, təvazökar
bir yaradıcı şəxs sanki yaşadığı həyat tərzindən,
ömründən-günündən tələbkar oxucuya hesabat verirmiş kimi ən
xırda hadisəni ölçüb-biçir,
detalların məğzinə varır, adi
görünən obrazların daxili
dünyasını açmaq naminə özünü məharətlə oda-közə
vurur. Və etiraf edək,
bu səmimi yanaşma
tərzinin nəticəsidir ki, müəllifdə
hər şey ustalıqla alınıb,
istəyinə uyğun surətdə o, maraqlı, diqqətçəkən, bütöv bir xatirə-roman
araya-ərsəyə gətirib.
Doğrusu, "Ömür bir nağıldır" əsəri (Elm və Təhsil nəşriyyatı, Bakı, 2014-cü il. Redaktoru Balayar Sadiq) zahirən dağınıq parçalardan ibarətdir. Ancaq məğzinə vararkən üzvi əlaqələri, daxili bağları, bir-biriylə əlaqəli parçaları görməmək mümkün deyil. Fərəc Fərəcov reallıqla irrealıq arasında müşayiətçi ustad dirijor qismində qərarlaşıb. Həm real həyat hadisələrinin dərslərindən qaçmır, həm də fantaziyasından, təxəyyülünün gücündən, əzmindən qidalanır. Məhz elə bu iki amil kitaba rəng qatıb, məzmun əlvanlığı verib.
"Ömür bir nağıldır"a, "Yaddaş işığı" adlı ön söz yazan filologiya elmləri doktoru, əməkdar elm xadimi Hüseyn Həşimlinin qənaətləri ilk baxışdan maraq doğurur və sanki bələdçidir: "Fərəc müəllimin təsvir və təqdimlərində lirikliklə epiklik vəhdətdədir, xüsusən körpə ikən atasını itirsə də həyat daima onun adına layiq olmağa çalışması, hər bir məsələdə sanki ona mənəvi hesabat verməsi, onunla xəyalən dərdləşməsi barədəki təsvirləri həyəcansız oxumaq olmur. Uşaq yaddaşından süzülüb gələn acılı-şirinli xatirələrin boy verdiyi səhifələr də bu baxımdan çox təsirlidir". Dəqiq müşahidə və konkret qənaətdir. Kitabı oxuduqca ən əvvəl bir işıqlı ata surəti adamı müşayiət edir, məsuliyyətə, ədəb-ərkana, mənəvi zənginliyə, paklığa çağırır. Ümumiyyətlə, həssas yazıçı ata-ana, nənə-baba obrazlarına diqqət yetirərkən bütün fikrini-zikrini onlara yönəldir, bu təkcə doğmaya, valideynə məhəbbətdən irəli gəlmir, həm də qəhrəmanlarının xarakterlərini olduğu kimi vermək niyyətindən irəli gəlir. Axı, ata-ana adına saxta heç nə yazmaq mümkün deyil, elə bu istiqamət müəllifin əsərinə ilk sətirlərindən təbii axar verir.
Xatirə-romanın bir məziyyəti də Fərəc müəllimin özünəməxsus yazı manerası, yazı dəst-xətti seçməsidir. Bu, onun fərdi üslubunu müəyyənləşdirib. Təxminən 200 səhifəlik kitabda əlavə sərlövhə, başlıq yoxdur, yazıçı bütün hiss və düşüncələrini, fikirlərini yalnız kitabın adı altında birləşdirməyə çalışır və buna nail olur. Kiçik başlıqları və yarımsərlövhələri isə rəmzi "üç ulduz" əvəz edir. Forma etibarı ilə bu, uyğun, əsərin ruhuna yaxın priyomdur və oxuduqca ortada fərqlər görmürsən, sanki irihəcmli əsərin yox, kiçik bir povestin və yaxud hekayənin mütaliəsinə varırsan.
Əslində "Ömür bir nağıldır" romanının baş qəhrəmanı nə vaxtilə müəllifə xeyirxahlıq eləmiş şəxslər, nə adlarını hörmətlə çəkdiyi doğmaları, nə də həyatda qazandığı dost-tanışıdır. Əsərdə süjet boyunca bir adamın obrazı hər sətirbaşı görünür ki, bu, Fərəc Fərəcovun özüdür. Naxçıvanın qədim Yaycı kəndində dünyaya göz açan, iki yaşındaykən atasını itirən balaca Fərəc az sonra həqiqətən ailənin başıpapaqlısına çevrilir: ana, nənə, bibilər ona ümidi kimi baxırlar. Hələ orta məktəbdə aşağı siniflərdə oxuyarkən bütün müəllimlər adaşı, babası Fərəc kişinin ağayanalığından danışır, atası haqqında xeyirxahlığın, ədalətin, haqqın, düzlüyün simvolu kimi söz açırlar. Beləliklə, ətrafdakı sağlam mühit, gerçək mənəvi zəmin ötən əsrin 50-60-cı illərin ehtiyaclarını, yoxsulluğunu unutdurur, Fərəc Fərəcovu qədim Əcəmi yurdunda yetişdirir, daxili potensialını üzə çıxarır, ictimai arenada onu nüfuza mindirir.
Fərəc Fərəcov doğulub ərsəyə çatdığı Azərbaycan torpağına dərindən məhəbbət bəsləyən, Vətəninin hər qarışı ilə öyünən, bu torpağı sevə-sevə vəsf edən, tərənnümündən doymayan hərtərəfli ziyalıdır. Kitabda bu sevgi bütün kökləri ilə, rişə və şaxələri ilə görünməkdədir. Və nə yaxşı, bu ülvi eşq, bu yurdseverlik Culfanın doğmaca Yaycı kəndindən, Naxçıvan mahalından başlanır. Mövlanə Cəlaləddin Ruminin bir hikmətli kəlamı belədir:
"Dəvət et...
Heyrət et...
Ülfət et...
Əfv et...
Əsla xəyanət etmə!"
İstər müxtəlif qəzet və jurnal redaksiyalarında çalışarkən, istərsə də müəyyən Dövlət qulluğuna irəli çəkilərkən, Muxtar Respublikanın Ali Məclisinə deputat seçilərkən o, heç zaman haqq yolundan sapmadı, qatığa qara demədi. Əvvəl hansı əqidənin sahibi idisə, hansı məsləkə qulluq edirdisə, ötən yüzilliyin qarışıq 90-cı illərində də eyni mövqeyi tutdu. Naxçıvana təşrif gətirən Ulu Heydər Əliyevin qanadına sığındı, siyasi kursunu qəbul elədi, tərəfdarı kimi ad qazandı. Maraqlıdır ki, müxtəlif təvazökarlıq edib bu söhbətlərdən yan qaçsa da, bir sıra sətirlərdə məlum həqiqətlərə toxunur. Muxtar Respublikanın ali məclisinin sədri cənab Vasif Talıbovun gördüyü quruculuq işlərindən, ümuməm mədəniyyətə qayğı və diqqətindən söz açır. Bu da onun bir insan-vətəndaş-yazıçı kimi böyüklüyünün bariz əlamətidir.
Deyir, hər
insan bir sirli dünyadır. Dünya
isə baş verə biləcək hadisələrdən, qəzaü-qədərdən
xali olmadığı
kimi, insanın da hər an
başına neçə
cür müsibətlər
gələ bilər, onu faciələr izləyər, ömrünü
yarıda qoyar. Fərəc müəllimin də yaşadığı müddətdə
başı çox oyunlar, olaylar çəkib. Sanki hər
on ildən, on beş ildən bir Uca Tanrı
onu sınağa çəkib, xoşbəxtlikdən
tale ona kəs baxmayıb, Allahın imtahanlarından sağ-salamat
qurtarıb. "Başına
gələn başmaqçı
olar" el məsəli
var, hər dəfə nəsə baş verəndə, elə hadisənin bircə addımlığında
bir sirli əl-yazıçının təsvir
etdiyi Nurani şəxs gözünə
görünüb, nəsihətamiz,
müdrik sözlərini
yada salıb, onu qoruyub, faciədən
çəkindirib. Müəllifin qüdrəti təkcə
kor-koranə inam bəsləməkdə deyil,
həm də onlardan ibrət həyat dərsi götürməyindədir. Və həmin həyat epizodlarını
odlu bir yazıçı erudisiyası
ilə qələmə
alarkən gələcək
nəsli də ayıq-sayıqlığa çağırır,
ədalətsiz iş
görməməyə, daim
haqqın keşiyində
durmağa səsləyir.
Hamının hörmət bəslədiyi
bir din xadimindən eşitdiklərimdir: "Elədiyim
yaxşılıqların əvəzində
Allah-Təala məni mükafatıandırır, bədbəxt
hadisələrdən hifz
edir". Fərəc müəllim bir
insan kimi qarşısına çıxan
tükürpədici məqamlara
münasibətdə bədbin
deyil, olduqca nikbindir, daim Tanrıya "şükür"
deməklə, dua qılmaqla təsəlli tapır. Yaşadığı
dörd faciəvi anı yada salaq:
Birincisi, yazın allı-güllü, sünbüllü
bir vədəsində
kənddə-kəsəkdə yolla gedərkən az qala yovşan koluna qıvrılıb yatan gürzə ilanı bastalamışdı. Son anda
hürküb təşvişlə
qaçması; ikincisi,
rayon mərkəzinə gedərkən
yenicə alıb sürməyə başladığı
"Moskviç" maşını
ilə palçıqlı
yolda qəza törətməsi, təsdüfən
avtomobilinə oturanlarla
sağ qalması, maşının əzilib
sıradan çıxması;
üçüncüsü, qəzetdə bölgə
müxbiri işləyərkən,
xidməti borcunu yerinə yetirmək üçün dağ kəndlərinin birinə
yollanması, qəfildən
avtomobilin sükanının
işləməməsi, onun
magistraldan çıxması,
iri hündür yarğanın iki-üç
metrliyində möcüzə
sayəsində qalması;
dördüncüsü, Bakının
Neftçilər prospektində
oğlu Maliklə küçəni keçərkən
naşı bir sürücü tərəfindən
vurulmaları, xəsatərlərinin
yüngül olmaları,
tezliklə sağalıb
ayağa durmaları.
Lakin kitab əgər başdan-başa
bədbin notlar üstdə köklənsəiydi,
yəqin bu qədər effekt doğurmaz, oxucuların maraq dairəsinə düzməzdi. Bizcə, müəllifin həyatının
ən elə maraqlı cəhətlərindən
biri də ayrı-ayrı qəzet redaksiyalarındakı fəaliyyəti
dövrüdür. Bəs bir
jurnalist-yazıçı kimi
o incə məqamları
necə qələmə
almalı? Təcrübəsi, savadı, peşəkarlığı
Fərəc müəllimi
darda qoyımayıb, daim köməyinə çatıb. O, real həyat
hadisələrindən, faktların
bolluğundan, bəzi
duzlu-məzəli, lirik
epizodlarda isə yazıçı qələminin
bəhrəsindən yararlanıb.
Əlbəttə, 1972-ci il Sovetizmin meydan suladığı zəmanəydi, hər kəsi mətbuata yaxın buraxmırdılar
və kənd müəllimi kimi özünü yaxşı
tərəfdən sevdirən,
Culfada nəşr olunan çoxtirajlı
"Zəfər" qəzetinə
işə dəvət
gənc Fərəci qananlandırmışdı. Axı o, ştatdankənar
müxbir kimi az-çox tanınmışdı,
həta ara-sıra məqalələri, yəni
qonorar da dadmışdı. Kitabdan
sətirlər:
Mətbuat qəlbimdən keçənlərin,
arzu və istəyimin xitabət kürsüsünə çevrildi. Mənə elə
gəlirdi ki, arayıb axtardıqlarımı
mətbuatda tapdım.
Təəccüblənəcəksiniz... Deyə bilərsiniz ki, məgər o zaman azad mətbuatmı vardı, ürəyindən
keçənləri yazasan?
Haqlı
sual olar. Amma sovet rejimi elə
bir çərçivəyə
salmışdı ki,
ürəyimdən keçənlər
də sərt senzuranın tələblərindən
kənara boylana bilməzdi.
Bu günün mətbuatı
tamamilə fərqlidi,
azaddı. Jurnalistin başının üzərində Domokl qılıncı sıyrılmayıb.
Nə yazırsan, öz vicdanına, yaz. Qəzetlərin də hər
birinin məqamı və istiqaməti başlıca şərt sayılır. Dövlət mətbuatı ilə dabandabana zidd olan qəzetlər də mövcuddur. Xüsusilə aqressiv müxalifətin "Qırmızı
xətti" hər an tapdalayır, yalan və böhtandan
belə çəkinmirlər."
Fərəc Fərəcovun Sovet mətbuatı ilə indiki dövrümüzün
informasiya vasitələrini
müqayisə eləməsi
təbii haldır. Necə deyərlər,
peşəkar qələm
ustası o dövrü
də görüb, bu dövrü də. Sovetin də ləzzətindən
dadıb, müstəqillik
dövrümüzün də.
Və
"Ömür bir nağıldır" publisistik
romanında hamıya təlqin eləmək istədiyi budur ki, jurnalist, peşəsinə hörmət
eləməli, qədrini
bilməlidir. Yalandan, iftiradan,
böhtandan qaçmalı,
düzü-düz, əyrini-əyri
yazmalıdır. Yalnız bu
zaman oxucu hörmətini qazanır,
vicdanına sədaqət
nümayiş etdirəcəkdir.
"Ömür bir nağıldır" xatirə
romanında təsvir olunan etnoqrafik lövhələr, milli adət-ənənələrimizdən gələn və əsərdə detallarla inikasını tapan həyat həqiqətləri,
qədim türk toponimləri, yer, çay, dağ, bulaq, çöl-çəmən,
yamac adları təsdiq edir ki, müəllif yaşadığımız torpağı,
doğma vətənimizi
yaxşı tanıyır,
tarixinə-coğrafiyasına bələddi, keçmişinə,
bu gününə biganə deyil. Eyni zamanda Fərəc
Fərəcov indinin özündə də dosdoğma kəndinə sığınıb, bir yazıçı kimi Naxçıvanın Culfa
rayonunda, Yaycı kəndində, yəni əyalətdə yaşamaq
onun üçün əlavə qayğı,
problem yaratmayıb. Əksinə,
sevimlilərin əhatəsində
könül ruhlarını
dilləndirir, hiss və
həyəcanlarını, duyğularını səbrlə,
ilhamla ağ-ağ vərəqlərə köçürür.
Baxmayaraq
ki, axırıncı
xatirə-romanını yazmaqla
bir müddət yazı-pozuya nöqtə qoyacağını iddi edir, ancaq qəzet
və jurnallarda maraqlı hekayələri,
məqalələri, şeirləri
tez-tez çap olunur.
Fərəc Fərəcovun romanının məziyyətləri
çoxdur. Kiçik
pritca və epizodlardan
ibarət bu tipli əsərlər
təkcə Azərbaycanda deyil, dünya ədəbiyyatı təcrübəsində
də mövcuddur və həvəslə
oxunur. Bir neçə
ay öncə Yazıçılar Birliyinin Natəvan klubunda
kitabın təqdimatı keçirilərkən zalda xeyli sayda
ədəbiyyatşünas alimin,
yazıçının, ziyalının, sıravi oxucunun gəldiyinin şahidi
oldum. Deməli, maraq var və yazmağa dəyər,
Fərəc müəllim!
Ədalət.-2015.-3 aprel.-S.7.