"60 ilin ən böyük töhfəsi dünyaya
gəlişimi sayıram"
İlqar Əlfi: "Bütün
dünya ədəbiyyatını dilimizə
çevirmək kimi qeyri-real
bir hədəfə can
atmaq faydasızdır"
3337 |
2015-04-02 13:01 Şriftin ölçüsü: A+ Böyütmək
A+ Balacalaşdır
İlqar Əlfi 1955-ci ildə Bakıda tanınmış
Azərbaycan yazıçısı
Əlfi Qasımovun ailəsində anadan olub. 1972-ci ildə
orta məktəbi bitirərək, Azərbaycan
Dövlət Universitetinin
"Şərqşünaslıq” fakültəsinə qəbul
olub. Bir müddət Azərbaycan
Dövlət Televiziya
və Radio Verilişləri
Komitəsində xarici
verilişlər redaksiyasında
çalışıb. O, 1988-ci ildə
yaradılan "Dalğa”
verilişinin aparıcılarından
biri olub. İ.Əlfi
ABA telekanalı və
"Bu gün” qəzeti
ilə əməkdaşlıq
edib. 1999-cu ildə "Avtoritet” qəzetini təsis edib. 2014-cü ildən Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında Tərcümə Mərkəzində
Dil mütəxəssisi
vəzifəsində çalışır.
Adalet.az bu günlərdə
60 yaşını qeyd
edən tanınmış
publisist, tərcüməçi
İlqar Əlfi ilə müsahibəni təqdim edir.
- İlqar bəy,
geridə qalan 60 ilin sizə verdiyi ən böyük töhfə nədir?
- 60 ilin ən böyük
töhfəsi elə bu gözəl dünyaya gəlişimi sayıram. Niyəsini də açım.
Bir uşaqlıq dostum vardı, anası çox əzazildi, qan uddururdu ona.
Uşaq da hərdən bezib sidq-ürəkdən deyirdi
ki, kaş, mənim anam başqa qadın olaydı… Onda heç birimiz bunun fərqində deyildik ki, ana
başqa olsa, sən yaranmazsan – elə bilirdik dünyada ilkin olanı bizik – Allah əvvəl bizi yaratmaq istəyib, sonradan ata-ananın kimliyini təyin edib… Zaman keçdi, anladım
ki, elə o ata-anadan həyata məhz mənim gəlməyimin şansı
200 milyondan bir imiş. Bu şansın
müqabilində 60 ilin
ən böyük töhfəsini elə dünyaya gəlişim saymaqda məncə haqlıyam.
- Doğum günü hər kəsin şəxsi bayramı hesab olunur. Amma, adətən,
yaradıcı insanlar
doğum gününü
xüsusi qeyd etməkdən uzaq olurlar. Siz öz bayramınızı
necə keçirirsiniz?
- Doğum günümü adətən, xüsusi qeyd etmirəm. Amma 50 yaşdan başlayaraq, on ildə bir dəfə
qohumlar, yaxın dostlar, həmkarlarımla yığışırıq. Bu il bir az təmtəraqlı oldu, çünki uzun müddət əməkdaşı olduğum
APA kollektivi də tam heyətlə təmsil olunmuşdu, məclisin gözəl keçməsinin
səbəbi də həm də o cavanların şövqü
idi. Bircə məsələni diqqətə yetirim ki, həmin yığıncaqda 1990-cı ildən
bəri çalışdığım
bütün müdirlərim
vardı. Nəsib İsmayılov,
Vüsalə Mahirqızı,
Afaq Məsuda təşəkkürlərimi ifadə
etməkdə çətinlik
çəkirəm. Arzum
budur, yubileyləri olsun, barı
sudan-zaddan daşımaqla
olsa belə, məhəbbətimizi göstərək!
- Bu yaş bir sənətkar
üçün nə
deməkdir?
- Sənətkar üçün
bilmirəm, amma bir insan üçün
yəqin yetkinlik deməkdir. Konkret mənim üçünsə
40-50 nə idisə,
60 da elə odur – bir az
da ağıllanmaq, bir az da
savadlanmaq, bir az da məhəbbət-nifrət
qazanmaq, bir az da yaşayıb-yaşatmaq
və bir də yarımçıq
işlərini bitirmək,
valideyn borcunu hər iki istiqamətdə
ödəmək imkanıdır.
Xaliqimə eşq olsun ki, mənə
də bu imkanı yaratdı…
- Hazırda Nazirlər
Kabineti yanında Tərcümə Mərkəzində
məsul vəzifədə
çalışırsınız. Mərkəzin
gələcək iş
perspektivləri barədə
danışardınız...
- Bizim Mərkəzdə
direktorumuz Afaq Məsud başda olmaqla, hamımız dilimizin, ədəbiyyatımızın
cəfakeşiyik və
bundan, həzzini nə qələmin, nə də klaviaturanın ifadə edə bilməyəcəyi
bir qürur duyuruq. Mərkəzin perspektivləri haqda
nə söyləyə
bilərəm? Yaxşısı budur, niyyətimizdən, arzularımızdan deyim.
Bizim can atdığımız
milli kimliyimizin əsas şərti olan dilimizə nazirliklərdə, dövlət
idarələrində, təhsil
ocaqlarında, kütləvi
informasiya vasitələrində,
hökumət və qeyri-hökumət qurumlarında,
biznes strukturlarında
böyük sayğı
ilə yanaşılmasına
nail olmaqdır. Bu yoldayıq
və bu yolda yardımçımız
ola biləcək
kimlər varsa, hamısı ilə əməkdaşlığa hazırıq.
Məncə çox vacib
funksiyalarımızdan biri
də maarifçilikdir.
Cəmiyyətin ehtiyac duyduğu,
amma dilimizdə tapa bilmədiyi nələrisə ortaya qoymaqdır. Bədii,
elmi, tarixi, ensiklopedik, məlumat xarakterli kitablar, terminoloji lüğətlər
və s. üzərində
intensiv iş gedir.
- Tərcümə
Mərkəzi Azərbaycan
müəlliflərinin xarici
ölkə dillərinə
tərcümə olunması
ilə bağlı hansı işləri görür?
-Bu sahədə də qəbul olunmuş konkret planımız var və həmin
plan üzrə işlər
davam edir.
- Nobel mükafatı laureatı
Per Lagerkvistdən etdiyiniz
tərcümələr istər
mütəxəssislər, istərsə də sıravi oxucular tərəfindən çox
yüksək qarşılandı.
Azərbaycan oxucusu üçün bir o qədər də tanış olmayan bu yazıçıda
sizin diqqətinizi cəlb edən nə olmuşdu?
- Per
Lagerkvist yetkin yaşın
yazıçısıdır. Yəni onu tam anlamaq elə 50-60 yaşlarında
mümkün olur.
Düzünü desəm, onun
yaradıcılığı ilə "Varavva” (yaxud "Barabba”) povestindən tanış idim. Ədəbiyyatda əksini çox
tapmış İsa Məsih mövzusunda məni təəccübləndirən
bir yazıçı
idi Lagerkvist. Və çox
istəyirdim ki, onun əsərlərini tərcümə etmək
elə mənim qismətimə düşsün.
Həmin
kitaba bir ön söz də yazmışdım və adını "Tanrısını axtaran adam” qoymuşdum.
Mənim
aləmində insanın
dəyəri Tanrısını
axtarmaq mərtəbəsinə
nə qədər yaxınlaşdığıyla ölçülür, çünki
növbəti mərhələ
Tanrını tanımaqdır.
- Azərbaycan ədəbi tərcümə sənətinin
hazırkı vəziyyəti
hansı səviyyədədir?
- Qənaətbəxş saymaq
olmaz məncə. Müxtəlif qurumların
hazırlayıb, oxucuya
təqdim etdiyi nümunələrin arasında
həm əsər, həm də tərcümənin keyfiyyəti
baxımından çox
ciddi fərqlər
var. Bir də koordinasiyanın olmamasından
dolayı, böyük
sistemsizlik göz qabağındadır və
bu, faydalı iş əmsalını çox aşağı salır.
- Hazırda hansı əsərlərin tərcüməsi
üzərində çalışırsınız?
- Hazırda mənim tərcüməmdə Brext
dramaturgiyasının seçilmiş
nümunələri, Tomas Mannın
kiçik həcmli əsərlərindən ibarət
toplu Mərkəz tərəfindən nəşrə
hazırlanır. Bundan
başqa Amerika politoloqu Frensis Fukuyamanın, zənnimizcə
bizə bu gün müstəsna dərəcədə lazım
olan "Amerika yol ayrıcında” və "Güclü dövlət” əsərlərinin
tərcüməsini Bəhlul
Seyfəddinoğlu ilə
birlikdə başa çatdırmışıq. Bu topluda Fukuyumanın toxunduğu nəzəri mövzuların illüstrativ
davamı kimi memuar janrında yazılan daha bir əsər, Üçüncü Dünya
ölkələrində uzun
müddət çalışmış,
sırf iqtisadi proqnozlaşdırma ilə
məşğul olmuş
Con Perkinsin "İqtisadi
qatilin etirafları” əsəri də olacaq. Onun da tərcüməsini
artıq başa çatdırmışam. İndi isə yeniyetmələr üçün
nəzərdə tutulmuş,
şərti adı
"Bütün suallara
cavab” olan beş cildlik
ensiklopedik nəşr
üzərində kollektiv
iş gedir.
- Bir tərcüməçi
olaraq sizi digərlərindən fərqləndirən
əsas xüsusiyyət
nədir?
- Bu suala oxucular cavab versəydi, elə özüm üçün də çox maraqlı olardı – bilərdim ki, qarşıma qoyduğum, hədəf kimi müəyyən etdiyim nəsnələrə
nə dərəcədə
yaxınlaşa bilirəm.
Amma hədəfimi söyləyə bilərəm:
orijinalın diliylə
öz dilimiz arasındakı "Qıl
körpü”də müvazinətimi
saxlamaq, birini digərinə qurban verməmək və bir də tərcümə
etdiyin müəllifin
mənafeyini öz mənafeyindən üstün
tutmaq, onun bəzən bizə tam yad olan təfəkkür
tərzini və obrazlar sistemini maksimum dərəcədə
qorumaq.
- Dünya ədəbiyyatından tərcümə
olunmayan hansı müəlliflərin çevirimi
mütləqdir?
- Məncə, bütün yanaşmalarda öz mənafeyimiz üstün tutulmalıdır. Bütün
dünya ədəbiyyatını
dilimizə çevirmək
kimi qeyri-real bir hədəfə can atmaq faydasızdır. Amma indi, yaxud öz
zamanında sözünü
demiş müxtəlif
ədəbi cərəyan
nümayəndələrinin ədəbiyyatda hadisə
sayılan nümunələri
bu gün faydalana biləcəyimiz mənbələr olduğundan
mütləq dilimizə
çevrilməlidir. Yuxarıda adını
çəkdiyim Tomas Mannın
əsərləri də
elə bu qəbildəndir.
Sahib ƏSƏDBƏYLİ
ƏDALƏT.-2015.-3 APREL.-s.8.