Könül istər ki...
Tanınmış
teleaparıcı: "Bu, bir
az riskli işdir"
"Özüm Murad Dadaşovdan xahiş etdim ki, ifaya bir az duz-istiot qatsın"
Bir həftədən
də çox çəkən Novruz tətili telekanallarımızı
təftiş etmək
üçün əlverişli
şərait yaratdı. Sonda rastlaşdığımız
mənzərə əvvəlkilərdən
heç nə ilə fərqlənmədi.
Telekanallar "O olmasın,
bu olsun", "Arşın mal alan",
"Görüş", "Ulduz", "Yol əhvalatı", "Bəxt
üzüyü", "Bəyin
oğurlanması", "Papaq" kimi milli filmlərimizi təkrar-təkrar göstərməklə
bu bayramı da belə yola
verdilər. Uzun illər öncə
hazırlanmış uğurlu
televiziya tamaşalarına
baxmaqdan özgə əlacımız olmadı.
Efirimiz yenə "Evləri köndələn
yar"ın, "Yaşıl
eynəkli adam"ın
ümidə qaldı.
Tamaşaçıları təəccübləndirən, maraq oyada bilən
verilişlər isə
nadir halda rastımıza
çıxdı. Onlar barədə söhbət
açası olsaq, İctimai Televiziyada Könül Arifqızının
"Ötən əsrin
nəğmələri"ni
qeyd etməliyik. "Bir mahnının
tarixçəsi", "Ötən əsrin nəğmələri" layihəsi
ilə tamaşaçı
rəğbətini qazanan
Könül xanım bayram günlərində etdiyi daha bir
yeniliklə efir məkanında fərqləndi.
Bu dəfə populyar estrada aktyorları
xalq və bəstəkar mahnılarını
"Ötən əsrin
nəğmələri"ndə təqdim etdilər. Üstəlik aktyorların milli
geyimləri, dekorlar verilişdə əsl bahar və bayram
ovqatı yaratdı.
Könül istər ki,
belə verilişlər
daha çox olsun.
Baxımlı telelayihələrin müəllifi
kimi tanınan Könül Arifqızı
"Ötən əsrin
nəğmələri"ndə etdiyi yenilik barədə danışır.
- Könül xanım, müəllifi və aparıcısı olduğunuz
"Bir mahnının
tarixçəsi" telelayihəsi
barədə düşüncələrinizi,
gələcək işlərinizlə
bağlı planları
bir neçə il öncə "Ədalət"in oxucuları
ilə bölüşmüşdüz.
İndi isə istərdim "Ötən
əsrin nəğmələri"ndən
danışaq...
- "Bir mahnının
tarixçəsi" bizim
efir məkanında böyük maraqla qarşılandı. Qazanılan uğur məni
layihənin müəllifi
kimi məni hədsiz sevindirir. Deməli, çəkilən zəhmət,
bu işdə mənə güvənən
insanların dəstəyi
boşuna getmədi.
Yaradıcı iş zaman-zaman yenilik istəyir, televiziyanın dinamikliyi bunu daha çox zəruri edir. "Bir mahnının tarixçəsi"nin də belə bir yeniliyə ehtiyacı var idi. 3 il
öncə layihənin
formatında dəyişiklik
etmək qərarına
gəldim. Çünki
"Bir mahnının
tarixçəsi"nin
hər bir buraxılışı bir
sənədli film kimi
hazırlanırdı və
bu çox ağır zəhmət tələb edən bir iş idi.
Etiraf edək ki, araşdırma,
tədqiqat xarakterli verilişlərin tamaşaçıları
bu gün bizdə o qədər də çox deyil. Bu üzdən
də sadə, tamaşaçının daha
asan qavraya biləcəyi bir formata üstünlük vermək istədim.
"Ötən əsrin
nəğmələri" belə yarandı. İzləyicilərin də gördüyü kimi, indi verilişdə
haqqında söhbət
açdığım mahnını
bu gün üzdə olan şou-biznes nümayəndələrindən
biri ifa edir.
- "Ötən əsrin nəğmələri"nin
bayram buraxılışları
da maraqla qarşılanır...
- Müğənnilərlə teleaparıcıların
retro mahnılardan ibarət
duetləri uğurlu alınırdı. Bu Novruz
bayramı ilə bağlı buraxılışda
isə duetləri trio
ilə əvəz etmək qərarına gəldim və həm xalq, həm də bəstəkar mahnılarını
gənc nəslə mənsub, lakin tanınmış estrada aktyorlarının
ifasında, peşəkar
tarzən və kaman ustasının müşayiəti ilə
lentə aldırdım.
Layihənin daimi izləyiciləri
bu gün yetərincə populyarlıq
qazanmış aktyorları
xanəndə kimi də tanıdılar.
- Aktyorların seçimi necə aparıldı?
- Müəllifi olduğum layihələrdə həmişə
işin ən yaxşısını görməyə,
imkanlar çərçivəsində
maksimum effekt yaratmağa çalışmışam.
İctimai Televiziyanın rəhbərliyi
zövqümə və
bacarığıma bələd
olduqlarından seçim
məsələsini mənim
ixtiyarıma buraxır.
Sağ olsunlar, bu dəfə də mənə inandılar, mən də onların etibarını doğrultmağa
çalışdım.
- Və layihənin daimi tamaşaçıları
Tahir və Cabir İmanov qardaşlarını, Murad
Dadaşovu, Tünzalə
Əliyevanı, Əkbər
Əlizadəni, Ülviyə
Əliyevanı, Müşfiq
Şahverdiyevi və Fərda Xudaverdiyevi xanəndə kimi də gördülər...
- Bayaq qeyd etdiyim
kimi, bəzən ənənəni pozmaq, yenilik etmək lazım gəlir. Müğənni və teleaparıcılarla
hazırladığım duetlərin
pis oxşarı artıq qonşu kanallarda da görünməyə
başlamışdı və
sözün açığı,
bu mənim heç xoşuma gəlmirdi. Ona görə də estrada aktyorları
ilə variantı seçdim, sevinərəm
ki, bu dəfə
də uğur əldə etmək mümkün oldu. Seçdiyim aktyorlar da sağ
olsunlar ki, təklifimi qəbul edib bu layihədə
canla-başla iştirak
etdilər. Peşəkar musiqiçilərlə əl-ələ
verib tamaşaçılara
bayram sevinci yaşatdılar.
- Aktyorlardan təklifinizi geri çevirən oldumu?
- ATV kanalında yayımlanan
"Bozbaş Pictures" və
"Şirin çay"dan
tanınan gənc aktyor Nicat Rəhimovu
da trioda görmək istəyirdim,
lakin alınmadı.
- Ciddi bir səbəb
oldu, yoxsa...
- Nicat razılıq vermişdi və həvəslə gəlib
çəkilmək istəyirdi,
sadəcə rol aldığı yeni filmin Naxçıvanda keçirilən təqdimat
mərasimində iştirak
etdiyi üçün
bizimlə birgə ola bilmədi.
- Verilişdə səsyazma
prosesindən də görüntülər yayımlandı
və belə məlum oldu ki, iş prosesində aktyorlar həm gərgin, həm də məzəli anlar yaşayıblar...
- Səsyazma özü çox ciddi bir prosesdir, orada zarafat eləmək
mümkün deyil. Mən pultun arxasında oturan mütəxəssislərin
və dəvət etdiyim aktyorları müşayiət edən
peşəkar musiqiçilərin
vaxtına dəyər
verdiyimdən məsələyə
olduqca ciddi və həssas yanaşırdım. Sadəcə,
"Ötən əsrin
nəğmələri"nin
əvvəlki bayram buraxılışlarında olduğu
kimi, bu dəfə də səsyazma bitəndən sonra operatorların içəri girməsinə
icazə verdim və tamaşaçıların
da gördüyü həmin epizodları quraşdırdıq. Əslində layihənin mətbəxinə
aid sirlər olduğu
üçün bütün
bu detalları açıqlamamaq da olardı. "Ədalət"in
oxucularına istisna etmək olar...
- Sadə tamaşaçı
kimi bir detalla bağlı fikrimi bildirə bilərəm?
- Əlbəttə, buyurun.
- Layihənin budəfəki
bayram buraxılışını
izləyənlər bilirdi
ki, trio ilə mahı ifa edənlər
aktyorlardı, onlardan peşəkar xanəndələrə
məxsus səviyyəni
tələb etmək də mümkün deyil. Amma mənə
elə gəldi ki, istedadlı şoumen Murad Dadaşovun aktyorluq bacarığı "Meyvələrdən
üç meyvə var..." xalq mahnısını ifa etməyə bir balaca mane oldu.
- Amma mən tam əksini düşünürəm,
əslində Murad bəydən mən özüm xahiş elədim ki, ifaya bir az necə deyərlər, duz-istiot qatsın. Çünki layihəm özü
bunu tələb edirdi, iştirakçı
aktyorlar xanəndəliyi
oynamalı idilər.
Murad Dadaşov da istedadlı bir aktyor kimi bunu
gözəl bacardı.
Zövqlər müxtəlif olduğu
üçün bu məsələdə mübahisə
etməmək də olar.
Layihədə Tahir İmanov babası Süleyman Ələsgərovun "Sevimli
Şuşam", Cabir
İmanov Ələkbər
Tağıyevin "Sənsən",
Murad Dadaşov "Meyvələrdən üç
meyvə var...", Tünzalə Əliyeva
"Qoy yarım gəlsin, ay nənə",
Fərda Xudaverdiyev
"Aman Tello" xalq mahnılarını, Müşfiq Şahverdiyev
Qulu Əsgərovun
"Dolanaram başına",
Əkbər Əlizadə
Qara Qarayevin "Səni arzularam", Ülviyyə Əliyeva isə üç xalq mahnısının popurisini oxudular. Bir daha onların hər birinə təşəkkür edirəm.
- Belə bir telelayihəni
qəzetlərdə və
elektron mediada çalışan jurnalistlərlə
də reallaşdırmaq
istəyiniz varmı?
- Belə bir planım
yoxdur. Çünki bayram buraxılışları
ildə cəmi bir-iki dəfə olur, onları da daha çox
televiziya aparıcılarının
iştirakı ilə
hazırlamağa çalışıram.
Qəzetdə çalışan jurnalistlərlə belə
bir layihə eləmək çox riskli işdir.
- Niyə?
- Çünki qəzet jurnalistlərini geniş tamaşaçı kütləsi
o qədər də yaxşı tanımır,
amma televiziyada çalışanlar, aparıcılar
onlara nisbətən daha populyardı. Ola bilsin ki, bu fikirlərim qəzetlərdə, portallarda
çalışan həmkarlarımın
xoşuna gəlməsin
və məndən incisinlər.
- Bütün həmkarlarımın əvəzinə danışa bilmərəm, amma şəxsən mən bu sözlərdən incimirəm. Layihəyə dəvət etsəniz də gəlmərəm.
- Niyə?
- Səsim yoxdur axı...
Ədalət.-2015.-4 aprel.-S.11.