Şeirə aid

 (Qəşəm Nəcəfzadə haqqında)

Zakir Məmməd

(əvvəli ötən sayımızda)

Neftə aid

"Elə bil neftimiz yerin altından çıxdıqca təpələr ölür, Neftimiz çıxdıqca hirsimiz soyuyur, ay gül oğlan, gül oğlan". Şeir yazmaq üçün nə lazımdır? Bir az müdriklik, bir az dəliqanlılıq, ya dəlisovluq, bir az dil, bir az da bilik və bacarıq. Siyahını bir qədər də genişləndirmək olar. Məsələn, "cəsarət" də yazmaq olar. "Dəli" ifadəsi onu əvəz edir. Şair poetik modellərə, modern layihələrə açıq olmalıdır. Bu layihələr ənənəvi və postmodern ola bilər, lakin şairin seçimi "ictimaisifarişə" hesablanmalıdır. Bu baxımdan, Qəşəm Nəcəfzadə qoşmanı da yazıb, hələ də şeir janrı üstündə dava-dalaş edənləri utandıra bilir... Neft yeni yüzillikdə də dünya əhalisinin diqqətini məşğul edən ən aktual xəbərlərdə yer tutur. Ötən əsrin hərəkətverici qüvvəsi neft olub və yenə dünyanın təkərini neftlə fırladırlar. Fəqət azərbaycanlının gözləntilərinə zidd olaraq "qara qızılın" əhvalatları alayı cür cərəyan etməkdədir. Hətta bu macəraları adi sözlə qələmə almaq mümkünsüzdür, necə deyərlər, adamın dilini də, qələmini də yandırar. Onda bəzi olayları şeirlə demək lazım gəlir. "Hirsimiz soyuduqca yamanca dincəlirik, Ay bal oğlan, bal oğlan". Qəşəmin, elə bil, özünə əziyyət vermədən, arın-arxayın bir durumda qələmə aldığı bu şeirini oxuyub inanmaq olur ki, sərvətimiz təkcə neft deyilmiş. Məsələn, hirsimiz də milli nailiyyətlərimizdən biridir. Söz seçimi edərkən müəllifin bilərəkdən "hirs" yazmasını fəhm etsək də, bu, Nəcəfzadənin qələmi üçün xarakterik hal kimi bir qədər də "təsadüfi" səciyyə daşıya bilər. Çünki nefti(yoxsa qanı?) axıb gedənlərin başqa "əzası" da soyuya bilər... Millətin təmkini kimi qəzəbi də yerində olmalıdır, yoxsa toplumsal balans pozular. Eyni zamanda "hirs"in qardaş Türkiyə ləhcəsində "hırs" şəklində ifadə olunan "əzm", "qeyrət" kimi mənaları da vardır. Deməli, geoloji bir hadisədən sosial bir gerçəkliyə körpü salınır. Belə ki, millətin başı neftə qarışıb, Topxanadakı armud ağacı yaddan çıxıbdır. Gedib torpaqları azad etmək üçün hərdən hirslənməyi və hırslanmayı bacarmaq gərək olur. "Başınıza dönüm, neft yataqları, Niyə unutdurduz bizim dağları?" Tək işğal altındakı torpaqları yox, üstündə gəzdiyimiz dağları, düzləri də unutmuşuq. Millətin bağrından hər şey qopub düşür, etiraz ruhu azalır, arxayınçılıq, heysizlik, taqətsizlik vətəndaşın vücudunda kök salmağa başlayır. Neft gəlirlərindən dəm vurub qürrələnənləri görəndə adam utanıb yerə girir. Qəşəm bəyin bu və ya digər şeirinin ictimai fəlsəfəsi yerli-yerindədir və şərhləri davam etdirmək mümkündür. Əsas məsələ şairin(şeirin) texniki uğurları ilə bağlıdır. "Bal oğlan", "xan oğlan", "bəy oğlan", "can oğlan" ibarələri həmin şeirin hərəkətverici mexanizminin elementləri kimi götürülməlidir. Bir xalqın oğul və qızının bu ifadələrin yaratdığı informativlə şifrələnməsi yaddaş üçün xüsusi əhəmiyyət daşıyır. Dünyanın bir yerində, indiki halda Azərbaycanda yaşayanlar üçün gerçək mənzərə belədir ki, neft yerin altından çıxır və yerin üstündə evlər yıxır. Şeir ona görə yazılıb ki, adamlar, yəni oxucu bu işləri neftin etmədiyini bilsin. Bir sözlə, dilinin ucunda zümzümə edə-edə şair neftə uğraşmış ölkənin dəhşətlərini və vəhşətlərini şeirə gətirə bilir. Qəşəm Nəcəfzadə misranı bəndə, bəndi misraya çevirərkən "yanacaqdan" bolluca istifadə edir. Görünür, o, enerji resurslarının zəngin olduğu bir ölkədə yaşadığının fərqindədir.

 

Vətənə aid

 

Onun bir "yanıqlı" şeiri də adamı lap çox düşündürür və mütəəssir edir. Şeir "Sənin sağlığına yanıram, vətən" adlanır. Neft və benzin bu yanıqlı hekayətin də qələmə alınmasında "enerji mənbəyinə çevrilir". Dağılmış vətən, para-para olmuş ərazilər, o yerlərdə vaxtilə yaşayan, indi cəlayi-vətən olmuş yurddaşların ağrı və kədərini millətin duyğusuna, yaddaşına, düşüncəsinə nəql etmək lazım gəlir. "Hamı baxa-baxa yandırdı özünü, Anası ölmüş oynadı öz alovuyla, Öz tüstüsüylə". Göründüyü kimi, mövzu aktualdır. Son dövr Azərbaycan cəmiyyətində tez-tez baş verən ürəkağrıdıcı, tükürpərdici olayları hamı eşidir və bilir. Şeirdə nəzəri dillə desək, başdan-başa dərin sarkazmdan istifadə olunub. Şəhərin içində özünü yandıran adama dövlət məmurlarının necə amansızcasına yanaşdığını kim bilmir ki!? "Şəhəri yanıq iyi bürüyər deyə Polislər yüyürdü bu adamı söndürməyə".Özünü yandırıb, ya yandırmayıb intihar edənlərə dəhşətli bir nifrət bəsləndiyini "milli" televiziyalarımızın hazırladıqları xəbər lentlərindən görmək olur. Necə deyərlər, çarəsiz insanın son intihar şansını da ona "qıymırlar". "Kimdi bu adamın sahibi, çıxsın irəli? Heç kim. Elə yerindəcə donur adamlar. Deyəsən, qürbətə gedibdi vətən, Vətən həsrətilə yanır adamlar... Sən niyə yandırdın özünü vətəni ölmüş.." Çox ustalıqla "yanmağın müxtəlif variantlarından" istifadə olunur. İlk baxışda adi məişət dili təsəvvürü yaradan nitq misradan misraya yeni məna çaları kəsb edərək mətnin hissələri arasından kəskin və dərin mənalı frazeoloji libasa bürünmüş halda boy verməyə başlayır. Şəhərin tən ortasında yanan adama yaxın duran yoxdusa, güvənə biləcəyin heç nə yoxdu, vətən də yoxdu. Yəni adam yoxdu, əvəzində vətən adlandıra biləcəyimiz bu torpağın ağacı, buludu, küləyi..., nəhayət, quş lələyi var. Tükü(lələyi) yandırıb, bəlkə, vətəni xəbərdar etmək olar, insandan dışarıda olan vətəni. Şeirdə canına qürbət havası çökmüş ölkə və ölkə vətəndaşı ilə birgə hazırda insan ayağı dəyməyən torpaqlarımız da simvolizə olunur. "Yox, söndürməyin onu, əliniz yanar, Qoy onunla bir quş lələyi yansın". Dünya dağılsa da,hər kəs özünü qorumağa, necə deyərlər, özünü sığortalamağa çalışır. "Əliniz yanar" həm də bu mənanı ifadə edir. "Vətən qürbətdən gəlincə yansın..." İnsana sahib çıxan tapılana qədər "yanmaq" qaçılmaz reallıq olaraq qəbul edilməlidir. "Anası ölmüş"dən "vətəni ölmüş"ə, sonra da "yurdu dağılmış"acan işarələnmiş ölkə vətəndaşının halı yamandır. Vətənin sağlığına hələ də badə qaldıranların nəzərinə həmin sağlığa yanmağın daha sərfəli olduğu çatdırılır. "Benzininiz varsa, bir az da tökün" yazırkən də ustad sənətkar hansı marka "benzindən" istifadə ediləcəyini oxucunun ixtiyarına buraxır. Daha sonra "yanğınların söndürülməsində" pulun rolundan danışılır. "Tez düşündülər, onu pul söndürər ancaq. Gedib pul gətirdilər söndürməyə... Gərək pulu o cür verməyəydilər, Gərək pulu o cür saymayaydılar." Məsələ aydındır, bu yerdə hər iki mənada sayılan puldur. Pulu sayırlar, adamı saymırlar. PUL bütün eybəcər haləti ilə bu şeirdə təsvir edilibdir. Nəhayət, "sonra da şəklini çəkməyəydilər". Pulu verib, "kağıza qol çəkdirmək" və şəklini çəkmək namərd hərəkətdir. Bu şəkil əhvalatındakı yalan və saxtakarlıq özünü yandırıb alovlananların və tüstülənənlərin fonunda daha aydın görünür. Q. Nəcəfzadə şəkil çəkdirməyin başqa məziyyətlərindən də ustalıqla bəhrələnir. Onun yazı stilistikasında mütləq üslub və forma olmadığı kimi, mütləq ideya və məzmun da yoxdur.

 

Qeyri-səlis məntiq

 

Postmodernizmin yaranma tarixindən danışarkən ədəbi təhlilçilər dünyada baş vermiş ictimai hadisələri, kəşf və ixtiraları da səbəb kimi göstərirlər.

Məsələn, neft erasının başlanğıcını əfkari-ümumiyyənin modernist hala gəlməsi üçün ciddi faktor kimi dəyərləndirmək olar. Zənnimcə, azərbaycanlı alim Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin kəşfi bu baxımdan daha böyük əhəmiyyətə malikdir. Elmdə baş verən bu fundamental yenilik də bədii yazı mədəniyyətinin tərəqqisində baza sayıla bilər. Bu boyda texnogen mobilizasiyadan sonra yarana biləcək yeni şəraitdə yazardan "söz xiridarı olmaq" da tələb olunmur. Yetər ki, qafiyənin, ya nəyinsə xatirinə sözün başına ip salıb ucuzluğa getməyəsən.

Məsələ burasındadır ki, qeyri-səlis məntiq barədəki elmi bilik ədəbi üslublar arasında gedən mübahisələrə birdəfəlik son qoya bilir. Ədəbiyyatda mövzu planlaşdırılması (sovet ədəbiyyatı belə işləyirdi), şablon və stereotip, forma, janr qayğıları və s. köhnəliyin əlaməti kimi indi daha qabarıq görsənir. Kibernetikanın indiki səviyyədə inkişafı, çoxqiymətli məntiqlə işləməyin reallıqları cəmiyyətin bütün sferalarında öz devrimçi missiyasını yerinə yetirməkdədir. Fikrimi qoy ədəbi çevrədə, Qəşəm bəyin misraları ilə təsdiq edim. "Adam başqasını gedib sevər də, Adam sevdiyini ata bilər də". İki misrasını yazdığım bu şeirin qəhrəmanı birmənalı obraz deyil, aləmin özü kimi çox yönlü, çoxqütblüdür. Klassik poeziyada adam sevdiyini atmamalıdır, gedib başqasını sevməməlidir. İndiki durumda vəziyyət tam fərqlidir. Yeni metodoloji konsepsiya şairdən mütəmadi artan, azalan cizgilərlə işləməyi tələb edir. "Təzə iş deyil ki, başıma gələn, Başına dönüm". Həyatireallıq gözlənilmədən ağlabatan bir formada "əsaslandırılır". Məna və yozum hər zaman Qəşəm bəyin istinad etdiyi əsas məqamlardan biridir. Başqa bir şeirindən misal gətirək. "Kişilik"dən danışmağın adama xeyri və zərəri barədə nəsə düşünüb-düşünməməyimizdən asılı olmayaraq, onun əks qütbündə "nakişilik" dayanır. Qəşəm bu "ağır" problemi belə çözür: "Mən kişi deyiləm, insanam", yaxud "Mən həqiqət deyiləm, səhvəm". Deməli, "kişi"dən "nakişi"yəcən olan müsbət çoxluqlardan söhbət gedir. "Həqiqət"dən "yalan"a birbaşa sıçrayış qəbuledilməzdir. Həqiqəti səhv əvəz edir. Şairin yazdığına görə həqiqət deyiləmsə, yalan da deyiləm, səhvəm.

Yaxud kişi deyiləmsə, nakişi də deyiləm, insanam. Şairin mütləq təfəkkürlə işləmədiyini görməmək sadəlövhlük olardı. Yazdığı mətni, sonda, elə bil ki, həmin mətnin onlarla variantından biri kimi oxumağı bacaranlara təqdim etməli olur. Bəzən də adam elə zənn edir ki, şair ilk ağlına gələn cümləni kağıza köçürübdür. "Bu bağ evimizdən yaxşıdı, arvaddan irəlidi bu ağac.

Min oğula dəyər quşlar, min gəlindən yaxşıdır çiçəklərin ağır-ağır tərpənməyi; Sular televizordu, damcılar rəqqasələr". Cəmiyyətin halı ilə təbiətin "halı" arasındakı volyuntarist sərhədlər götürülür, təkmənalı, mütləq semantikadan imtina edilir, qeyri-səlis xətlər və illüstrasiyalardan istifadə edilir. Hər söz özündən sonrakı və ya əvvəlki ifadə üçün semasioloji keçid rolunu oynayır.

(ardı var)

Ədalət.-2015.-7 aprel.-S.6.