Nizaminin
ŞƏXSİYYƏTİ VƏ
ƏDƏBİ-NƏZƏRİ GÖRÜŞLƏRİ
Rafiq Əliyev,
Azərbaycan
Respublikasının Əməkdar mədəniyyət
işçisi, filologiya elmləri doktoru, professor
Nizami Gəncəvi dünya şöhrətli bir qələm
sahibi olmuşdur. Elə buna görə də onun
yaradıcılıq nümunələri bütün dünya
alimlərinin, sənət adamlarının diqqətini cəlb
etmiş, onun şəxsiyyəti, əsərləri
haqqında çox müsbət fikirlər söylənilmişdir.
Bu baxımdan görkəmliə alman şairi və
filosofu İ.V.Hötenin fikir və mülahizələri
çox maraqlıdır. Höte Nizami
yaradıcılığına çox yüksək qiymət
verir, onun qəhrəmanlıq rəvayətlərini
özünəməxsus bir dahiliklə qələmə
aldığını vurğulayırdı. Mütəfəkkir
Nizaminin poemalarını nəzərdə tutaraq
yazırdı:
"O
(Nizami - R.Y.) Məcnun ilə Leylini, Xosrov ilə Şirini -
sevgililəri təsvir edir; bunlar bir-birinin vəslinə,
hissiyyat, tale, təbiət, adət, meyl, ehtiras içərisindən
keçərək çata bilərlər; onları bir-birindən
ayıran şıltaqlıq, inadcıllıq, təsadüf,
məcburiyyət və təcavüzdür; onlar yenə də
gözəl bir halda birləşdirilirlər və son nəticələr
bu və ya başqa yol ilə yenidən bir-birindən
ayrılır, uzaqlaşdırılırlar. Bu
məzmundan və onun təsvirindən, heç bir şeylə
təmin olunmayan yüksək bir səy qarşıya
çıxır. Poemalar olduqca gözəldir,
son dərəcə çoxcəhətlidir. Onun bilavasitə əxlaq vasitəsinə həsr
edilmiş başqa şeirlərində də eyni cəzbedici
aydınlıq özünü göstərir. İnsana iki mənalı görünə bilən hər
şeyi o hər dəfə yenə də praktiki nöqtəyə
gətirib çıxarır və bütün sirlərin ən
yaxşı həllini əxlaqi fəaliyyətində
tapır". Höte Nizamini böyük
alman şərqşünası Hammer vasitəsi ilə
tanımışdı. O Hammer ki, "Sirlər xəzinəsi"nin iki yüz, "Xosrov və Şirin"in
qırx səkkiz, "Leyli və Məcnun"un yüz səkkiz
beytini alman dilinə tərcümə eləmişdi. Bu tərcümələri heyranlıqla oxuyan
Hötedə Nizaminin şəxsiyyəti, elmi-nəzəri səviyyəsi
haqqında dolğun təsəvvür yaranmışdı.
Hammerin tərcüməsində "Sirlər xəzinəsi"ndəki
ölmüş itlə bağlı rəvayəti oxuyan
Höte çox heyrətlənmiş və
yazmışdı: "Nizami çürüyən itin cəmdəyindən
elə əxlaq müşahidəsi çıxara bilir ki, bu
bizi heyran edir və öyrədir".
Məlumdur ki, öz əsərlərinin süjetini
Firdovsinin əsərlərindən götürdüyü
üçün Nizami yaradıcılığını
aşağılamaq cəhdi göstərənlər də
olmuşdur. Belələrinə vaxtında və layiqli cavablar
verilmişdir. Məsələn, K.Yakobun "İsgəndərnamə"dən
etdiyi tərcüməyə yazdığı giriş
sözündəki bu cümlələr çox
maraqlıdır: "O (Nizami - R.Y) bir şair kimi Firdovsidən
çox böyükdür". Hindistan ədəbiyyatşünası
Şibli Nemaninin bu məsələ ilə bağlı
mülahizələri də maraqlıdır. Firdovsini
bulaq suyuna, Nizamini isə destillə edilmiş suya bənzədən
tədqiqatçı Nizami şeirlərini büllurdan
yonulmuş məmulat, Firdovsinin poeziyasını isə şəffaf
dağ çeşməsi adlandırandan sonra hər şairin
sənətdə, ədəbiyyatda öz yeri olduğunu
göstərmək məqsədilə yazır: "Firdovsi
Firdovsidir, Nizami isə Nizami".
Görkəmli şərqşünas alim Bertelsin Nizami
haqqında tədqiqatları son dərəcə elmi əhəmiyyət
kəsb edir və dahi şairin yaradıcılıq sirlərinin
açılmasına, onun sənətkarlıq üslubunun
açılmasına kömək edir. Bu baxımdan
onun "Nizami və Firdovsi" adlı məqaləsi son dərəcə
mühüm əhəmiyyət kəsb edir. Bertelsin tədqiqatları, Nizami ilə Firdovsinin
yaradıcılıq nümunələrini müqayisəli
şəkildə təhlil etməsi çox böyük həqiqətlərin
üzə çıxmasına səbəb olmuşdur.
Alimin tədqiqatında oxuyuruq: "Firdovsi öz qəhrəmanlarının
psixolojisi üstündə düşünməmişdir. O,
özünə məlum olan əfsanələri vicdanla ifadə
etmişdir. Lakin bu ifadələr ştapm
halına gəlmiş adi sözlərə müraciət
etmişdir ki, bu da şairin ziddiyyətlərə düşməsinə
səbəb olmuşdur. Nizami isə öz
qəhrəmanlarının qəlbinə girir, onunla birgə
düşünür, ona görə də onun əsərində
ən xırda cizgilər belə hər zaman qəhrəmanlıq
xarakterinin ümumi quruluşuna müvəffəq olur".
Tədqiqatçı bədii faktlara istinadən Nizami əsərlərinin
dilinin daha gözəl, daha orijinal olduğunu nəzərə
çarpdırır və xüsusi vurğulayır ki,
Firdovsinin əsərlərini digər dillərə tərcümə
etmək asandır, lakin Nizaminin əsərlərini tərcümə
etmək çox çətindir və tərcüməçidən
çox böyük ustalıq tələb edir. Bertelsin demək olar ki, bütün müqayisələri
faktlara söykəndiyi üçün böyük maraq
doğurur. Onun məqaləsinin bir yerindəki bu cümlələrə
fikir versək çox şey aydınlaşar: "Əgər
Firdovsi keçmişə yekun vurmuşdusa, Nizami əksinə
olaraq ədəbiyyat tarixində yeni bir səhifə
açmışdır. Onun nəzəri
keçmişə ancaq gələcəyin yolunu
işıqlandırmaq üçün, həmişəlik
olaraq zülmət hakimiyyətindən xilas olmağa imkan verən
bir yol axtarmaq üçün çevrilir. Firdovsi öz parlaq və ahəngdar lövhələriylə
adamı heyran edir; Nizami isə düşündürür, həyəcanlandırır,
çün ki o, bəşəriyyətin böyük bir hissəsinin
qarşısında indi belə növbədə duran problemlərə
toxunur".
Əlbəttə, bizim məqsədimiz Nizami
yaradıcılığının tədqiqat tarixini öyrənməkdən
ibarət deyildir. Sadəcə bunları ona görə
xatırlatdıq ki, bu qədər şöhrətli
şairin bədii yaradıcılıq haqqında mülahizələrini
öyrənməyə də xüsusi ehtiyac duyulur. Yüksək fəlsəfi, ədəbi-nəzəri
düşüncəyə malik olmayan bir sənətkar bu qədər
ədəbi uğur, dünya səviyyəsində
şöhrət qazana bilməzdi.
"Xəmsə",
ona daxil olan mükəmməl bədii strukturlu beş möhtəşəm
poema ("Sirlər xəzinəsi", "Xosrov və
Şirin", "Leyli və Məcnun", "İsgəndərnamə")
Nizaminin elmi-nəzəri görüşləri, onun ədəbi
meyarları haqqında ilkin dolğun təsəvvür
yaradır. Bu əsərləri oxuyanda hiss olunur ki, Nizami nəinki
Şərq, eləcə də ümumdünya
poetikasının bütün qanunauyğunluqlarını
mükəmməl şəkildə bilən, eləcə də
sənətdə daim orijinallığa, bənzərsizliyə
can atan qüdrətli bir söz ustadıdıdır. Nizaminin əsərləri təkcə mövzu və
problematikası ilə deyil, eyni zamanda bədii sənətkarlıq
xüsusiyyətləri ilə də diqqəti cəlb edir.
Bu haqda dünyanın görkəmli şərqşünas
alimləri, filosoflar, ədəbiyyatşünaslar zaman-zaman
öz fikir və mülahizələrini söyləmiş,
Nizami sənətinin ecası qarşısında öz heyrətlərini,
heyranlıqlarını gizlədə bilməmişlər.
İlk
böyük əsəri "Sirlər xəzinəsi"ni oxuyanda diqqəti cəlb edən məqamlardan
biri də Nizaminin sözə verdiyi qiymətlə
bağlıdır. Poemanın "Bu kitabın tərtibi
haqqında" adlanan bölməsində görkəmli sənətkarın
bədii söz haqqında qiymətli fikir və mülahizələri
ilə tanış oluruq. Sözü
qızılla, bayraqla, qılıncla müqayisə edən
Nizami üstünlüyü ona verir, ürəklər,
ölkələr fəth etməkdə, zəfərlər
çalmaqda, "xarabazar dünyanı abad eləməkdə"
sözün misli-bərabəri olmadığını
vurğulayan sənətkarın dediklərindən belə
aydın olur ki, bütün uğurlar, hörmət,
yaranış və əbədiyyət birbaşa sözlə
bağlıdır. Nizami birmənalı şəkildə hər
sözü yox, yeni, deyilməmiş, "bakirə"
sözü sənətkarlığın ən əsas
meyarı hesab edir və iftixarla "təptəzə bir qəlibdən
təzə bir heykəl tökməsindən" söhbət
açır, təzə, yeni mövzunu yeni bədii vasitələrlə
əks etdirməyin vacibliyini nəzərə
çarpdırır.
Əsərin "Söz haqqında" adlanan bölməsində
sözü "bu cahanda cilvələnən ilk gözəl"
adlandırılır. "Dünyanın gözlərinin ilk dəfə
sözlə açılmasından", "kainatın
sözlə şöhrət qazanmasından", dünyada
sözdən kəskin və sözdən incə bir şey
olmadığından söhbət açan şair
"Köhnə qızılmı, təzə sözmü
yaxşıdır?" sualına belə cavab verir:
Sordu: -
Köhnə qızılmı, təzə sözmü
yaxşıdır?
Söz sərafı
söylədi: - Söz dünyanın naxşıdır.
Söz qasidi
hər yolu hey özbaşına gedər,
Sözün gördüyü işi kimsə görməz
bu qədər.
Sözün
yanında gümüş torpaqdır, yalnız torpaq,
Qızıl nə itdir?! Qızıl onun
adıdır ancaq.
Sözdən
başqa yuxarı başda oturan yoxdur,
Mülkün dövləti yalnız onundur, danan yoxdur.
Bədii inikasla bağlı Nizaminin fikir və mülahizələri
də çox maraqlıdır. Bu məsələdə görkəmli
sənətkar realist üsluba, canlı sözə daha
çox üstünlük verir, bədii təsvir zamanı
sözün düzünü yazmağın vacibliyini
xüsusi vurğulayır:
Söz
canlı olanda abi-həyat tək,
Hər bir mümkün şeyi caizdir demək.
Doğru
yazmağa var madam ki, imkan,
Neçün gəlməlidir ortaya yalan?
Qiymətdən
salmışdır sözü yalanlar,
Doğrunu danışan möhtəşəm olar.
"Doğru, düzgün təsvirləri" ilə
özü də dünya ədəbiyyatı tarixində
möhtəşəm bir şairə, mütəfəkkirə
çevrilən Nizami bu və ya buna bənzər fikirlərləri
ilə hələ XI əsrdə realizmin nəzəri-estetik
prinsiplərinin təməl daşını qoyanda həmin ədəbi
metodunun yaradıcıları hələ heç dünyaya da
gəlməmişdilər.
Nizami Gəncəvi
bədii yaradıcılıqda az sözlə
dərin mənalar ifadə etmək prinsipini də ilkin irəli
sürənlər sırasındadır. "Xosrov və
Şirin" poemasındakı bu misralar dediyimizə əyani
sübutdur:
Sözündə
çoxluğa qoyma yer olsun,
Birin yüz olmasın, yüzün bir olsun.
Bu fikir
Nizami yaradıcılığında ötəri olmamış,
yeri gəldikcə o, digər əsərlərində də
lakonizmdən, az sözlə dərin məna
ifadə etməyin vacibliyindən söhbət
açmışdır. "Leyli və Məcnun" əsərində
oxuyuruq:
Sözün
də su kimi lətafəti var,
Hər
sözü az demək daha xoş olar.
Bir inci
saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da.
İnci tək
sözlər seç, az danış, az
din,
Qoy az sözlərinlə dünya bəzənsin.
Az
sözün inci tək mənası solmaz,
Çox sözün kərpic tək qiyməti olmaz.
Daha sonra şair ürəyi oxşayan bir dəstə
çiçəyin yüz xırman otundan yaxşı,
günəşin yüzlərlə ulduzdan daha çox şəfəq
saçmasından söhbət açmaqla lakonik, yerində,
məqamında deyilən bir mənalı sözün dəyərinin
nə qədər böyük olmasını nəzərə
çarpdırmağa çalışır.
Nizaminin nəzm və nəsr, qafiyə haqqında fikirləri
də maraqlıdır. "Sirlər xəzinəsi" əsərində bu məsələ
ilə bağlı məxsusi bir bölmə də var: "Nəzmin
nəsrdən yüksəkliyi haqqında". Elə
bu sərlövhənin özündə Nizaminin şeirə,
poetik sözə necə yüksək qiymət verdiyi
aydınlaşır. Ancaq şair heç
də nəsri inkar etmir, onun da vacibliyini məntiqi şəkildə
xatırladır, ancaq müqayisədə
üstünlüyü nəzmə verir.
O
başı pozuq sözlər, o qafiyəsiz sözlər,
Sərrafların
yanında qiymət almışsa əgər
Onda
gör qafiyəli sözlərin qüdrətini,
Aləmi heyran edən tükənməz şöhrətini.
Böyük ustad şeirin şeir olması
üçün vəznlə, ritmlə bərabər ona
xüsusi ahəngdarlıq verən, mənanın daha dərindən
qavranılması üçün yardımçı olan
qafiyələrə də böyük əhəmiyyət
verirdi.
Bədii sözə çox böyük dəyər verən
Nizami şairliyi bütün sənətlərdən uca hesab
edir, şairləri ərşin bülbülləri, mələklərin
qohumu adlandırır.
Şairlər
olduğuyçün bütün sirlərə pərdə,
Onlar peyğəmbərliyin kölgəsidir hər yerdə.
Səfin
önü, arxası o zaman ki, düzəldi,
Qabaqca peyğəmbərlər, sonra şairlər gəldi.
Nizami
ilhamı, istedadı şairliyin ən əsas şərti
sayırdı:
İlham
bir atadır ki, o çalan zaman qanad,
Yaratdığı hər əsər sayılar doğma
övlad.
Şair bu qənaətə gəlirdi ki,
yalnız ilhamlı adamın sözü dillərdə əzbər
ola bilər. İlham, istedad bədii yaradıcılıqda
çox vacib məsələdi.
Ədalət.-2015.-7 aprel.-S.6.