Dərdləşdiyim kitablardan biri
Onlar məni təklənməyə qoymur
Xeyli vaxtdı ki, masamın üzərindəki bir kitab mənimlə üz-üzə dayanıb. Və hər dəfə də mən bu kitabı götürüb onun içərisindəki hekayələrdən birini oxuyub sonra da əvvəlki yerinə, yəni gözümün önünə qaytarıb qoyuram. Bilmirəm, bu yaxşı cəhətdi, yoxsa yox, amma etiraf edim ki, həmişə məndə maraq doğuran kitabları gözümün önündə saxlamağa üstünlük vermişəm. Söz üçün acanda, fikrim dolaşanda, ya da bu dünyanı unutmaq istəyəndə əlimi uzadıb həmin kitablardan birin götürmüşəm və başlamışam oxumağa. O kitab da mənim üçün həm aclığı təmin edən qida olub, həm məni vəziyyətdən çıxarıb özümə qaytarıb, həm də əhvalımı dəyişib kökləyib məni özünə. Oxuduğum kitabın qəhrəmanı ilə, müəllifi ilə həmsöhbət olmuşam. Yenə də etiraf edim ki, bəzən həmin o qəhrəmanın və yaxud müəllifin hansısa bir sözü, bir fikri əlimdən tutub, ilhamlandırıb məni...
Bax, beləcə bir az qarmaqarışıq, amma əslində mənim istəyimi tam şəkildə ödəyən bir yanaşmam var mənim yeni kitablara. Ona görə də bəzən kimlərsə yazı stolumun üzərindəki bir neçə kitabı, dəftəri, kitabı, qarmaqarışıqlığı görəndə hardasa məni pinti sayır. Olsun. Əsas odur ki, mənim ürəyim istəyəndə əlim məhz gözümün önündəki kitaba doğru uzanır və mən o kitabı götürürəm. Bu gün də məhz elə etdim. Nə vaxtdan bəri dəyərli ziyalımız, şəxsiyyətinə, xüsusilə əxlaqına böyük sayğı ilə yanaşdığım, önəm verdiyim dostum Kamran Nəzirlinin mənə avtoqrafla bağışladığı kitabı, yəni "Miras"ı gözümün önündəydi. Demək olar ki, bu kitabın içərisindəki hekayələrin hamısını oxumuşam. Üstəlik, Kamran müəllimin bu kitabda yer almış 3 pyesi ilə də tanış olmuşam. Tam səmimiyyətlə etiraf edim ki, dram əsərlərini oxumaq mənə o qədər də zövq verməsə də, amma Kamranın dili, yazı üslubu və bir də seçdiyi mövzuların orijinallığı, mənə yaxınlığı bu pyesləri də oxumağıma bir növü ipucu oldu. Lap çılpaq desək, məni maqnit kimi özünə çəkdi və pyesləri də oxudum. Amma əsas fikrim, əsas diqqətim kitabın böyük hissəsini təşkil edən hekayələrin yanında idi.
Bugünün oxucusu kimi bir məqama diqqət çəkmək istəyirəm. Gəlin etiraf edək ki, indi yazan da çoxdu, kitab da çoxdu. Və ən dəhşətlisi odur ki, həmin o kitab kimi, əsər kimi ortaya qoyulanların müəyyən bir faizi sadəcə bir yazıdı və yazılıb. Özü də yazarın, yazanın istedadına və qabiliyyətinə uyğun bir şəkildə. Ona görə də bəzən yazını əsərdən, əsəri yazıdan seçmək müəyyən çətinlik yaradıor. Amma o da var ki, çoxluğun içərisindən yaxşını seçmək böyük zəhmət və vaxt tələb etsə də, sonda həqiqətən yaxşını ortaya qoymaq mümkün olur. Bax, bu mənada mən demək olar ki, hər gün yeni kitabla və yeni yazlarla qarşılaşıram. Onların içərisindən kitabı seçmək bir az vaxtımı alsa da, mənə həmişə könül rahatlığı gətirir. Çünki seçdiyim kitab, qəbul etdiyim müəllif və onun əsəri mənim üçün bir növü doğma bir adama, ruhumun ilhamçısına çevrilir. İstənilən vaxt ona qayıtmaq, onunla pıçıldaşmaq haqqı əldə etmiş oluram. Deməli, bütün bu xırdaladığım məqamların fonunda Kamran Nəzrilinin yaradıcılığı mənim üçün çox doğmadı, çox yaxındı. Hətta onun şeirlərini də mən sevə-sevə oxumuşam. O ki, qaldı "Miras"a?..
Bəli, "Miras"dakı hekayələrin dili və mövzusu həqiqətən çox maraqlıdı. Və bu hekayələrin qəhrəmanı mənim düşüncəmə görə, mənim təxminimə görə elə müəllifin özüdü. Çünki o, hadisələri o qədər ustalıqla çatdırır ki, oxuyanda elə bilirsən ki, sən bu hadisələri gözünlə görürsən, izləyirsən. Və bəzən də elə bilirsən ki, həmin o qəhrəman elə Kamran Nəzirlidi. Sənin müşahidən altında məhz hekayə qəhrəmanının fikirlərini, hərəkətlərini, jestlərini sənə çatdırır. Düşüməyin ki, burda hansısa bir aktyorluqdan söhbət gedir. Xeyr. Kamran Nəzirli kiminsə rolunu oynamır. O, bir müəllif kimi, bir yaradıcı insan kimi öz rolunu, öz yerini, öz içini başqa bir ad altında oxucunun gözləri qarşısına çıxarır. Həyat səhnəsində ona başqa ad altında özünü təqdim edir. Mən bu hekayələrin qəhrəmanlarının həm yaşını, həm necə deyərlər, onların təkcə Azərbaycanın yox, həm də müasir bir insan kimi bütöv obrazını izləyə bildim. Və əmin oldum ki, Kamran Nəzirlinin qəhrəmanları fantaziyanın məhsulu deyil, nə də göydən zənbillə düşməyibdi. Onlar bugünkü mühitin yetirmələridi. Həm də bu yetirmələrin damarında dünənin qanı axır. Yəni onlar kökdən üzülməyiblər, əksinə kökün üzərində pöhrəyə çevriliblər.
Bəli, dəyərli Kamran Nəzirlinin iki hissəli "Miras"ı barəsində yazdığım bu qısa fikirlər mənim həm Kamranın yaradıcılığına, həm də bu "Miras"a olan sevgimin, yanaşmamın yığcam ifadəsidi. Düşünürəm ki, bu əsər, daha doğrusu, bu kitabda toplanmış əsərlər öz adını bütünlüklə ifadə edə bilir. Bu fikrimi bir az da çılpaqlamaq, bir az da geniş şərh etmək istəyirəm. Yəqin ki, dəyərli oxucular miras sözünün nəyə işarə olduğunu təxmin edib. Bax, bu mənada mən bu kitabdakı əsərlərin sözün böyük və yaxşı mənasında ədəbiyyatımız üçün dəyərli bir miras kimi qalacağına şübhə etmirəm. Hər halda Kamran Nəzirli kitabına ad seçəndə yəqin ki, bu əsərlərin taleyini öncədən düşünüb götür-qoy edib.
Təbii ki, bu mənim bir oxucu düşüncəmin məhsuludu və mən öz düşüncəmə və ümumiyyətlə "Miras"la bağlı dediklərimdə yanılmadığıma əminəm. O ki, qaldı dəyərli dostuma deyəcəyim sözə:
- Kamran müəllim,
"Miras"ın mübarək! Və yeni-yeni
əsərlərini səbirsizliklə gözləyirəm.
Ədalət.-2015.-8 aprel.-S.7.