"QISA QAPANMA"

ƏDƏBİ HƏYAT

 

 (MƏMMƏD ORUCUN YENİ ROMANI HAQQINDA)

Ondan artıq povestin, artıq iki romanın, neçə-neçə hekayənin, ruscadan tərcümələrin, sayını-hesabını itirdiyi yüzlərlə publisistik məqalənin, radio verilişlərinin müəllifidir O.

Ağlı kəsəndən qələm əlindədir, özü demişkən, başqa heç nəyi bacarmır. Bu, istedadlı nasirimiz Məmməd Orucdur...g

Ədəbiyyata yetmişinci illərdə, kimsənin himayəsi olmadan gəlib. Təbii təhkiyə tərzi, təsvir etdiyi obrazların dolğunluğu ilə dərhal oxucu rəğbətini qazanıb. Ədəbi tənqid xəsisliklə də olsa, onun yaradıcılığı haqqında söz deyib.

Məmməd Oruc reklam aşiqi deyil. Özünü təbliğlə məşğul olmur. Amma ondan yaşlı qələm yoldaşları (Elçin, Bayram Bayramov, İsi Məlikzadə, Əkrəm Əylisli) vaxtilə Məmməd haqqında ürək sözlərini deyiblər. Rus dilində - T.Kalyaginanın tərcüməsində kitabı çıxıb. Məmməd Orucun "Göz dağı", "Leylək körfəzi", "Murad quşu", "Sarıköynək" povestləri, "Köçürülmə" romanı və bir sıra hekayələri müasir nəsrimizin seçimli nümunələrindəndir və Azərbaycan nəsrini bir sərgi kimi xarici ölkələrin birində "nümayiş" etdirsələr, heç şübhəsiz, onun da hansısa əsəri orada uğur qazana bilər. Bu uğura səbəb o ola bilər ki, Məmməd Orucun nəsri öz "təhkiyeyi-kəlamı", dilinin sadəliyi və saflığı, təsvir etdiyi obrazların milliliyi, istifadə etdiyi bədii təsvir vasitələrinin özünəməxsusluğu və əlbəttə, yazıçı səmimiyyəti ilə diqqəti cəlb edir. Məmməd həyatdan elə lövhələr seçir ki, bunlar bizə tanışdır, amma bədii sözün qüdrətilə o lövhələri, canlı insan surətlərini bizim gözlərimiz qarşısında ustalıqla canlandırır.

Budur, "Azərbaycan" jurnalının 2015-ci ilin ilk saylarında (№ 1-2) onun "Qısa qapanma" romanı dərc edilib. Çox böyük həvəslə romanı oxumağa başladım və isti-isti bu yazını qələmə aldım.

Oxucular yaxşı bilir ki, qısa qapanma elektrik dövrəsi naqillərinin kiçik müqavimət vasitəsilə qeyri-normal iş rejimində birləşməsi zamanı əmələ gəlir və bu zaman cərəyan şiddəti kəskin artdığı üçün dövrədəki naqil və aparatlar hədsiz qızır, hətta yanğın baş verir. Məmməd Orucun romanında da insan taleyi belə bir "qısa qapanmaya", "cərəyan şiddətinə" məruz qalır, insanların həyatında doğrudan da yanğın baş verir. Fiziki anlayışların mənəvi prizmalardan izlənilməsi birinci hadisə deyil və insan həyatındakı o "qısa qapanma" da tədricən, hiss olunmadan baş verir, qarşısını almasan, sonra yanğına çevrilir. Keçək mətləbə.

Azərbaycanlılarla ermənilərin "dostluğu, qardaşlığı" barədə sovet dönəmində çox təbliğat aparılıb. Şairlər bu "dostluğu" tərənnüm eləyən şeirlər yazıblar, "Kür, Araz, Ararat, qardaş olub Hayıstan-Azərbaycan" mahnısı bəstələnib, inqilabi-tarixi romanlarımızda Azərbaycan və erməni bolşeviklərinin birgə mübarizəsindən söz açılıb. Azəri oğlanlarımızın erməni qızlarına sevgisi də bir çox əsərlərin mövzusuna çevrilib. Azərbaycan-erməni ədəbi əlaqələrindən söz açan tədqiqat əsərləri yazılıb. Və bir yazıda oxumuşam ki, ermənilərin Varpeti Avetik İsahakyan bizim böyük şairimiz Səməd Vurğun vəfat edəndə demişdi ki, "kaş mən öləydim, Səməd Vurğun yaşayaydı". Bunlar məlum. Amma dünyada böyük Puşkinin "sən köləsən, azğınsan" deyə haqqına söylədiyi bir erməni xisləti var ki, o xislət əsrlər boyu türk qanını içməyə amadə olub, erməni uşağı doğulan kimi "türk sənin düşmənindir" deyib. Şaumyanlar, Androniklər, Nicdelər, indiki Ermənistan rəhbərləri məhz bu amalla yaşayıblar, yaşayırlar.

Ancaq bu dünyada millətindən asılı olmayaraq bir müqəddəs İNSAN kəlməsi var... Məmməd Oruc "Qısa qapanma" romanında məhz belə bir İNSANI-erməni Edqar Lalayanı bizə tanıdır. Romanı oxuyub başa çatdırandan sonra doğrudan da inanırsan ki, ermənilərin içində İNSAN da olurmuş. Əslində, Məmməd Orucun yazıçı məramı da elə bu məsələ ilə bağlıdır - Edqarı-millətçi olmayan, yaşadığı məkanı öz Vətəni bilən bu ermənini nümunə göstərir ki, baxın, ibrət götürün, O - İnsandır, sizin kimi cəllad deyil, "böyük Ermənistan" xülyasıyla yaşamır.

Romanın iki əsas personajı var - qoca aktyor, bir vaxt məşhur olub tamaşaçıların alqışlarını qazanan, indi isə tək-tənha yaşayan Sərxan Səmədzadə, bir də jurnalist Edqar Lalayan. Onlar həqiqi dost olublar və məlum hadisələr zamanı Sərxan Edqarı yeddi gün evində gizlədir ki, onu öldürməsinlər. Sonra onu gəmi ilə Krasnovodskiyə yola salır. Edqar Peterburqda yaşayır və bu iki dost müntəzəm olmasa da, bir-birilərindən xəbər tuturlar, hətta Sərxan bir dəfə Peterburqa da onu yoluxmağa gedir.

Aradan illər keçib. Sərxanın həyat yoldaşı-rus qadını ölüb, oğlu da yoxdu - Qarabağ uğrunda döyüşlərdə həlak olub və gəlini oğlu Seryocaynan bərabər başqa bir şəhərdə yaşayır. Edqar da təkdir və özünün dediyinə görə illər boyu yaşadığı Bakı üçün darıxır.

Və gözlənilmədən günlərin bir günü Sərxanın qapısı döyülür. Gələn Edqardır. Üç günlüyə, Peterburqda yaşayan bir azərbaycanlının - Namazov Cahangir Əli oğlunun pasportuyla gəlib. Bu üç gün ərzində ermənini öz evində gizlətdiyi üçün Sərxan təbii ki, onu qorumalıdır, kimsə bunu bilməməlidir.

Bəs onları nə birləşdirir? Hansı duyğu, hansı insani hisslər müasir Allahverdi ilə İmamverdini bir araya gətirir? M.Oruc bu hissləri çox inandırıcı təsvir edir. Əvvəla, Edqarda ermənilik-türkə qarşı nifrət hissi yoxdur, o, Universitetdə-rus bölməsində azərbaycanlılarla bir yerdə təhsil alıb, bizim folkloru yaxşı mənimsəyib, Sərxanın evində həmişə əziz bir dost kimi qarşılanıb. Buna görə də o, erməni kimi yox, İNSAN kimi düşünür.

"-Mənə elə gəlir mən Bakının üzünə baxmağa utanıram.

-Niyə?

-Çünki bu məsələlərdə mənim mənsub olduğum millət daha çox günahkardı.

Sərxan sərt cavab verdi:

-Biz əvvəl insanıq, sonra millət".

İkincisi, o, məlum hadisələr zamanı, həyatının bir tükdən asılı olduğu o yeddi gündə dost evinə sığınıb və başqa nankor soydaşlarından fərqli olaraq bu yaxşılığı unutmur. Üçüncüsü, Bakı onun üçün Yerevandan daha doğma və əzizdir. Və nəhayət, İnsan və Millət məsələsində Sərxanla Edqarın fikir ayrılığı yoxdur.

Romanda bu iki dostun üç insanı ziyarət etməsi (hər ikisinin anasının qəbirlərinə baş çəkməsi, dənizdə boğulan Vitaliki yad etmələri) təsirli səhnələrdir.

M.Oruc istər povestlərində, istərsə də "Köçürülmə" və "Qısa qapanma" romanlarında retrospektiv təsvirlərə xüsusi aludəçilik göstərir və bu üsul obrazların keçmişi ilə bu günü arasında canlı bir körpü yaradır. O, hər iki obrazın həyatındakı enişləri, yoxuşları, ən sarsıntılı anları təsvir edir və bu prosesdə obrazlar daha dolğun, təbii ki, "boyaların qatışığında" - bütün müsbət və mənfi xüsusiyyətləri ilə əks olunurlar. Sərxanın gündəliyindəki həyəcanlı sətirlər, Bakının 90-cı il günləri, rus qadınından olan oğlunun Qarabağ uğrunda döyüşlərdə həlak olmasından doğan ata iztirabı, Edqarın anasının daşnakçı xisləti, oğluna zorla qədim erməni əlifbasını öyrətmək istəməsi və bəzi erməni qadınlarına xas olan müsəlman aşnasının olması, Sərxanın ateizmə meyli, bir erməni qızının ona vurulması, latış qadını Zintra ilə sevgi macarası (ondan bir oğlu da olur), Edqarın Bakı yeməkxanalarında kamança çalması...bütün bu olayları, rəssam dililə desək, cizgiləri M.Oruc bircə-bircə obrazların "rəsmlərinə" köçürür.

"Qısa qapanma" isə sonda baş verir. Anasının qəbrini ziyarət edəndən sonra Edqar dərk edir ki, Vətən sandığı Bakıya heç vaxt qovuşa bilməyəcək, çünki o, İnsan kimi insan olsa da, milliyyətcə ermənidir, onu tanıyacaqlar (hərçənd ki, Bakı başqa adla yaşayan nə qədər erməni qadını var). Doğrudur, onu bir neçə adam tanıyır, amma humanist Azərbaycan xarakteri yol vermir ki, bu İnsan ermənini ələ versinlər. Və Edqar elə Bakıdaca ölür.

Romanda Edqarın taleyi ilə paralel başqa bir hadisənin də şahidi oluruq. Ermənistandan, ata-baba yurdundan qaçqın düşən Sərməstin anadangəlmə lal oğlu Nalə də Yerevana gedib çıxır. Gürcüstandan keçib, tanış olduğu yollardan adlayıb uşaqlıq dostu Arakeli tapır. Eyni, oxşar situasiya ilə qarşılaşırıq: "Arakel onu, həmişə olduğu kimi, gülərüzlə qarşıladı; həmişə olduğu kimi, kövrəlib ağladı. Ondan fərqli olaraq, dostu Arakel asanlıqla ağlaya bilirdi və gözlərindən gildir-gildir yaş gəlirdi. Yenə Arakelin gözlərinin gildir-gildir yaşı onun sifətini islatdı. Arakelin atası Hovasap da, anası Məryəm də, hələ ərə getməmiş bacısı Açul da gülərüzlə onun qarşısına çıxdılar. Açul da onun kimi anadangəlmə lal-kar doğulmuşdu və o, hiss eləyirdi ki, onun bu evə ayaq basmasına Arakel qədər də Açul sevinir". Nalənin məqsədi budur ki, İrəvana gəlməkdə fikri anasının nəşini Azərbaycana aparsın. Qəbri tapırlar və Nalə anasının nəşini dostu Arakellə qəbirdən çıxardıb, səliqə ilə yığcam çamadana dolduranda yaxalanır. Onu dəli hesab edirlər.

Bu paralel səhnə də göstərir ki, Arakel-Nalə dostluğu və Arakelin ailəsinin də Naləyə səmimi münasibəti İnsan, yoxsa erməni dilemmasını ortaya qoyur. Görünür, ermənilər arasında Edqar kimi düşünənlər varmış.

M.Oruc mükəmməl yazı texnikasına yiyələnən, Azərbaycan dilinin incəliklərinə yaxşı bələd olan nasirlərimizdəndir. Onun təkcə orijinal nəsr əsərləri deyil, rus dilindən tərcümə elədiyi əsərlərdə də dil canlıdır, şəhdli-şirəlidir... Tərif olmasın, elə bir cümlə tapammazsan ki, orada bir pintilik, səliqəsizlik, üslub səhvi meydana çıxsın. Amma təkcə rəvan yazmaq, dilin gözəlliyini qorumaq azdır. "Bu dildə varlığın hər sədası var, bir neçə sait də düşməmiş kənar. Bu dil təmizlikdə-uşaq nəfəsi Gözəllik utanar bu incə dildən" (Əli Kərim) - dilin gözəlliyi həm də obrazların danışıq tərzini, xəlqi və intellektual səviyyəsini, təsvir olunan məkanın dəqiq cizgilərini canlandırmaq məharətini özündə ehtiva edir. Digər tərəfdən, müasir romanlara xas olan psixoloji məqamları, yəni obrazın daxili dünyasını əks etdirmək də ustalıq tələb edir. İlk baxışda elə görünür ki, romanda ciddi bir konflikt, qarşıdurma yoxdur, amma əslində, roman iki insanın taleyində baş verən mənəvi sarsıntıların, gərgin, son dərəcə dramatik kolliziyalarını əks etdirir. Hadisələrin dramatizmi, birinin ardınca digərinin daha gərgin bir tonda baş verməsi sonadək davam edir. Romanda 90-cı illərin ictimai - siyasi mənzərələri, Bakıda və Dağlıq Qarabağda baş verən hadisələr yeri gəldikcə xatırlanır və bu da təsvir olunan dövrün reallıqlarını göz önünə gətirir.

"Qısa qapanma" ateist Sərxanın son anda (Məmməd onun öləcəyini düşünərək bu səhnəni təqdim edir-V.Y.) Allaha üz tutması, ondan imdad diləməsi ilə başa çatır: "Mənzilində gözlədiyi qısa qapanma sanki ürəyində başlayırdı. Hələ ölüm havası heç zaman onu bu qədər yaxından vurmamışdı. Birdən-birə titrəməyə başlayanda, astadan, dodaqlarının ucunda:

-Allahım, aman ver, - dedi, - sənnən bircə günlük möhlət istəyirəm.

Ömründə ilk dəfə idi ki, Allahın adını tutub, Allahın adını dilinə gətirib kömək istəyirdi".

Və beləliklə, sırf humanizm mövqeyindən yazılan roman sona yetir. Yazıçı Məmməd Orucun bu uğuruna sevinirik.

 

 

Ədalət.-2015.-11 aprel.-S.15.