Ramiz Rövşən

 

"Yağış yuyur, gün qurudur"

 

Bu yerləri bu göyləri

Yağış yuyur, gün qurudur.

Bu dünyada çox şeyləri

Yağış yuyur, gün qurudur.

Gözümüzün yaşını da,

Bağrımızın başını da

Qəbrimizin daşını da

Yağış yuyur, gün qurudur.

Gələn nədi, gedən nədi?

Bələk nədi, kəfən nədi?

Bu dünya öz kefindədi

Yağış yuyur, gün qurudur.

 

İçindən yıxılır adam

 

Təkcə gücsüzlüyündən

yıxılmır, atam balası,

Arabir gücündən yıxılır adam.

Başını dik tutub gəzdiyi yerdə

içindən yıxılır adam.

İllər boyu neçə dərdə

dözüb dayanır,

Qəfil sevincindən yıxılır adam.

Dünya qaçır ayağının altından -

yıxılmır,

Bu dünyanın ən dəlisov atından

yıxılmır,

Amma bir kəpənəyin qanadından,

bir otun ucundan yıxılır adam.

gGülmə hər yıxılana,

atam balası, gülmə, -

Elə bilmə

bu dünyada təkcə gücsüzlüyündən

ya da ki, acından yıxılır adam.g

 

Bağışla

 

Bir ötən sevgini unuda bilsəm,

Könlümü sevginlə ovuda bilsəm,

Bir axşam yanına, qayıda bilsəm

Bağışla, bağışla, məni bağışla.g

Dərd

 

Dərd dərdi əridir, udur,

Dərd dərdin dibinə çökür

Dərd dərdin əlindən tutur,

Dərd dərdin ipini çəkir.

 

uzundur dərdin ipi

Dolanır dörd bir tərəfi.

Dünyanın dərdli tərəfi

Dərdsiz tərəfini çəkir.

 

Dünyadan bezmir yenə ,

Şükür deyib bu günə ,

Adam lap öz dərdini

Sevinə-sevinə çəkir.

 

Bu ağac

 

Bu ağac öləcək,

Üzündən gözündən tökülür ölüm.

Bu ağac öləcək, bu gün, ya sabah.

 

Bu ağaca qonan o quş öləcək,

Üzündən gözündən tökülür ölüm.

O quş da öləcək, bu gün, ya sabah.

 

O quşa dən səpən o qız öləcək,

Üzündən gözündən tökülür ölüm.

O qız da öləcək, bu gün, ya sabah.

 

Analar aldatdı bizi

 

Şirin-şirin yuxudaydıq,

Bir zalım oyatdı bizi.

Anaların gucağından

Bu dünyaya atdı bizi.

 

Düşdük yolların ağına,

Baxtımızın sorağına,

Qatdı bizi qabağına,

Əlində oynatdı bizi.

 

Biz ki yol nədi bilməzdik,

Biz ki öl nədi bilməzdik,

Bilsək dünyaya gəlməzdik,

Analar aldatdı bizi.g

 

Bu güzgüyə bir vaxt qoşa baxardıq

 

Bu güzgüyə bir vaxt qoşa baxardıq,-

bu güzgüdə yerin indi boş qalıb.

Bəlkə səndən bu güzgünün canında

dodaq qalıb, kirpik qalıb, qaş qalıb?

Göz yaşların canındadı, bəlkə

damla-damla əriyəcək bu güzgü.

Bir gün sənin ayağınla dünyada

ayaq açıb yeriyəcək bu güzgü.

Bəlkə, səni axtaracaq, gəzəcək

milyon-milyon adamların içində.

Görən kimi tanıyacaq üzünü

ən qaranlıq axşamların içində.

Qaçacaqsan bu güzgünün əlindən,

Dönəcəksən o döngəyə, bu tinə.

Adamları, maşınları, evləri

Atacaqsan bu güzgünün cənginə.

 

Gedək biz olmayan yerə

 

Gəl əl-ələ tutub gedək

Gedək biz olmayan yerə.

Hər dərdi unudub gedək,

Dərdimiz olmayan yerə.

Burda qoyaq özümüzü,

Bu qırışan üzümüzü

Bu köhnəlmiş sözümüzü,

Gedək söz olmayan yerə.

Bir kimsə tutmasın xəbər,

Gəl çıxıb gedək birtəhər.

Bu ev, bu küçə, bu şəhər,

Bu dəniz olmayan yerə.

...Atam oğlu, az çapala

Sən deyən çətin tapıla.

Bu Ramizi kim aparar,

Bu Ramiz olmayan yerə?!

 

DÜNYA QƏFİL İŞIQLANSA

 

Qəfil gün doğsa bir gecə,

Dünya düm işıqlansa;

Şəhər-şəhər, küçə-küçə,

Otaq-otaq işıqlansa,

Görərik kimlərin əli

kimlərin cibindən çıxır.

Kimlər əyilə-əyilə

kimlərin evindən çıxır.

Qəfil gün doğsa bir gecə,

Min-min gizli günah görsək,

Üstünü örtə bilməsə,

Bu dünyanı çılpaq görsək,

Başımıza hava gələr,

ağlımız çaşar bəlkə .

Hamı birdən baş götürüb

dünyadan qaçar bəlkə .

Bu dünyada bəs kim qalar,

Kim böyüdər, uşaqları?!.

yaxşı ki, bu dünyamız

Yavaş-yavaş işıqlanır.

 

 

Ədalət.-2015.-11 aprel.-S.12.