ÜÇ DƏRGİNİN ÜZ
TUTDUĞU YARADICI
Bu, professor Qəzənfər
Paşayevdi
Öncədən qeyd edim ki, bugünkü Azərbaycan ədəbi-elmi ictimaiyyətinin nümayəndələri arasında elə
alimlərimiz var ki, onlar həm də şəxsiyyətdi.
Yəni, sözün bütün mənasında
özlərini həm
elmə, həm də insanlığa xidmətə həsr ediblər. Bu alimlərin
həyat qayələri
elmi fəaliyyətləri
ilə Azərbaycan elmini, ədəbiyyatını
dünyaya tanıtmaq,
insanlıq missiyaları
ilə hər kəsə böyük hərflərlə yazılan
əsl insan olmaq gerçəkliyini ortaya qoymaqdır. Deməli, onların əsas məqsədi alimliyin və insanlığın
vəhdətində dayanmaq,
ziyalılıqla vətəndaşlığı
qovuşdurmaq və
son nəticədə hər
kəsin qəbul edəcəyi, nümunə
götürəcəyi bir
kamilliyi həm tariximizin, həm də günümüzün
gerçəyi kimi sevdirib yaşatmaqdı.
Mən bu, bir az bəlağətli
görünən fikirləri
bilgisayara diktə edərkən daxilən çox rahat idim. Çünki söylədiklərimi qulağım da duyurdu və ona ürəyim də inanırdı.
Bilirdim ki, pafos sərgiləmirəm,
düşünüb, görüb
inandığımı yazıram.
Bu isə hər
kəsin razı qalacağı məqamdı.
Adamlar o vaxt razı qalırlar ki, yazdığın, dediyin ən azından yüzdə əlli birin fikri ilə
üst-üstə düşür.
İndiki məqamda da
mən fikirlərimin həmin o yüzdə əlli birlə üst-üstə düşəcəyinə
tam əminəm.
İndi
barəsində qısa
bilgi vermək istədiyim alim, həm də hər kəsin qəbul etdiyi şəxsiyyət olan Qəzənfər Paşayev
Azərbaycanın hüdudlarını
öz sözü ilə, xidməti ilə, eləcə də elmi araşdırmaları
ilə çoxdan aşıb və öz qələmi, imzası ilə bizi də tanıdıbdı.
Birmənalı şəkildə
qeyd etmək olar ki, professor
Qəzənfər Paşayev
bütün yaradıcılığını
Azərbaycanı, onun
folklorunu, bütövlükdə
ədəbiyyatını, türk
dünyasını, Türkmən
camiyəsini böyük
dünyaya tanıtmağı
qarşısına məqsəd
qoyub. Demək olar ki, hörmətli professorumuz hələ sovetlər dönəmindən başlayaraq
özünün həm
ədəbi-bədii yaradıcılığı,
həm də elmi yardıcılığ
ilə bu böyük məqsədə
doğru inamla addımlamışdı. Heç də təsadüfi deyil ki, şəxsən mən və mənim yaşıdlarım
məhz professor Qəzənfər
Paşayevin yaradıcılığı
sayəsində Kərkükü,
onun ədəbi mühitini, eləcə də Türkmən folklorunu, daha sonra isə Azərbaycan folklorunu və el sənətkarlarını,
bütövlükdə isə
böyük ədəbi
mühitə baxışı
özümüzdə formalaşdıra
bilmişik.
Təbii ki, dəyərli professorumuzun gərgin, həm də məhsuldar yaradıcılığı
ölkə daxilindən
kənarda da zaman-zaman maraqla izlənib. Elə bugünlərdə Azərbaycanın hüdudlarından
kənarda işıq
üzü görmüş
üç dərgi diqqətimi cəlb edib. Onların hər üçündə
professor Qəzənfər Paşayev
barəsində səmimi
və həm də konkret bilgilər verilməklə
bahəm professorun özünün də məqalələri işıq
üzü görüb.
Həmin
dərgilərdən biri
"Türkməneli edebiyyat
ve sanat" aylı ədəbiyyat, mədəniyyət və
sənət dərgisinin
84-cü sayıdır. Bu il işıq
üzü görən
həmin 84-cü sayda
çox hörmətli
Qəzənfər müəllim
barəsində professor, doktor
Subhi Saatçının
"Bir Türkmen sevdalısı - Gezenfer Paşayev" məqaləsi
dərc olunubdu. Həmin məqalədə Qəzənfər
müəllim barəsində
oxuculara qısa həm də tanıtım xarakteri daşıyan bilgilər verilibdi. Dərginin həmin sayında
hörmətli professorumuz
Qəzənfər Paşayevin
"İraq, Turkman tarixine ve dialektine
bir baxış" məqaləsi təqdim olunubdu.
"Kardaşlık" dərgisinin 64-cü sayında
da professor Qəzənfər
Paşayevlə bağlı
oxuculara məlumat verilir və burada Qəzənfər müəllimin yaradıcılığının
kitab görüntüləri
də oxucuların diqqətinə çatdırılır. Yəni dəyərli
alimimizin seçilmiş
əsərlərinin 7 cilidliyinin,
həmçinin son illərdə
çap olunmuş bir-birindən maraqlı digər nəşr əsərlərinin üz
qabıqlarının fotoları
da bu jurnalda
oxuculara tanıdılıb.
Zənnimcə, daha çox
tanışlıq və
tanıtma xarakteri daşıyan bu bilgilərdə dərgi sahibləri və yazarları Azərbaycan alimini öz oxucularına sevdirmək, onların maraq dünyasına təqdim etmək istəyini qarşılarına məqsəd
qoyublar və bu da öz
ifadəsini dərgilərdə
ayrılmış yerlərin
həcmində özünü
göstərir.
Sevimli alimimizin
yaradıcılığı barəsində oxuculara məlumat verən 3-cü
dərgi isə "Xudafərin" adlanır. Türkcə, farsca çap olunan bu jurnalda
da Qəzənfər müəllimin sevimli şairimiz "Hüseyn Kürdoğlunun poetik dünyası" adlı
böyük məqaləsi
də yer alıb. Bütün
bunlar bir daha göstərir ki, professor Qəzənfər
Paşayevin simasında
Azərbaycan ədəbiyyatı,
Azərbaycan elmi həm də onu böyük dünyaya tanıdan bir alimin, bir
vətəndaşın sayəsində
hüdudları aşır
və sevilir. Bunun üçün dəyərli
alimimizə və mənim şəxsiyyətinə
də sonsuz ehtiram bəslədiyim hörmətli professor Qəzənfər
Paşayevə təşəkkürlər
bildirib, uğurlar arzu etmək, zənnimcə, hər birimiz üçün içdən gələn
istək olmalıdır.
Necə deyərlər, daha böyük uğurlar,
hörmətli Qəzənfər müəllim!
Ədalət.-2015.-11 aprel.-S.10.