NOVATOR
ŞAİR
(Əli Kərimin
seçilmiş əsərlərinin ikicildliyi çapdan
çıxmışdır)
Əli Kərim XX əsr poeziyasında özünəməxsus, orijinal və bənzərsiz bir sənətkar olmuşdur - bu fikri ustad Rəsul Rzadan tutmuş
bütün söz sərrafları da təsdiq edir. Azərbaycan şeirinin
altmışıncı illərdən başlayaraq dərininə-keyfiyyətə
doğru inkişafında, intellektual səviyyəsinin yüksəlməsində
Əli Kərimin müstəsna xidmətləri var.
Ancaq onun
bir şair kimi özünəməxsusluğu
sağlığında deyil, yalnız ölümündən
sonra qiymətləndirildi ki, bu da Azərbaycan ədəbi
mühiti üçün normal hal sayılmalıdır,
çünki Əli Kərim vaxtilə şeirlərinin birində
yazmışdı ki: "Bəzən haqq qazanır insan
öləndə". Doğrudan da, şairin
ölümündən sonra onun yaradıcılığı
ilə bağlı xeyli məqalələr yazıldı,
dissertasiya qələmə alındı, monoqrafik tədqiqatlarda
ona xüsusi fəsillər həsr olundu. Ancaq bu yazıların
yalnız az qismi Əli Kərim
yaradıcılığının özünəməxsus
xüsusiyyətlərini açıqlaya bildi. Məsələ
burasındadır ki, əksər məqalələrdə
yalnız bu suala cavab verilirdi: "Əli Kərim nə
yazmışdır?" Amma əslində,
"Əli Kərim necə yazmışdır?"
sualına cavab vermək lazım idi. Həmin
suala ilk cavabı da biz görkəmli tənqidçi Yaşar
Qarayevin "Həmişə səfərdə" məqaləsində
(1970) cavab tapdıq. Yaşar Qarayev yazırdı:
"Əli şeirimizdə "fərdi intellektual
üslub" deyilən bir istiqamətin nümayəndəsidir.
Məhz obrazlı, emosional, poetik bir intellekt bu əsərlərin
Əliyə məxsus fərdi bədii ədasını şərtləndirir.
Şairi ayrılıqda anın və dəqiqənin,
faktın təfərrüatı maraqlandırmır. O,
həmişə yalnız iti bir fikrin nüfuz edə bildiyi
gizli, daxili, həqiqi mahiyyətin kəşfi, icadı
üçün axtarışa çıxır, ən adi,
real həyati süjetə və fakta da simvolik bir məna
verir. Bu ikinci mənadan-simvolik mənadan məhrum obraz və
hadisələr bu poeziya üçün qeyri-səciyyəvidir" .
Əli Kərim şeirinin mövzu və məzmun dairəsi,
ideya dolğunluğu və genişliyi, rəngarəngliyi barədə
kifayət qədər söz açmaq olar. Yəni
yaşadığı qısa zaman müddətində
şair onu düşündürən bütün məsələlərə
biganə qalmamış, öz dövründən tarixin ən
uzaq çağlarınacan, yaşadığı məkandan
dünyanın ən uzaq qitəsinəcən "yol
getmişdir". Tədqiqatçılar
şairin fərdi poetik üslubundan söz açarkən onun
assosiativ poetik təfəkkürə malik olduğunu və bu
cəhətiylə başqalarından seçildiyini
xüsusilə vurğulamışlar. Arif Abdullazadə
yazırdı ki: "Əli Kərim şeirində
assosiativlik Rəsul Rza yaradıcılığında
olduğu qədər kəmiyyətcə zəngin sayıla
bilməz. Ancaq keyfiyyət və üslubi
müstəqillik baxımından isə Əli Kərim
şeiri heç kəsə bənzəmir".
Cavanşir
Yusifli Əli Kərimin Azərbaycan poeziyasında yeri və
mövqeyini belə müəyyənləşdirir:
"Şair kimi Əli Kərimin missiyası Azərbaycan
poeziyasında yeni mərhələ yaratmaqdan ibarət
idi". Tədqiqatçı Əli Kərim
poeziyasının özünəməxsusluğunu
açıqlamaq üçün ilk növbədə, bunu
şairin forma-sənətkarlıq axtarışlarında izləyir,
onun poetik sisteminin müəyyənedici cəhətlərini,
bədii dilinin obrazlılığını, poetik mətnlərinin
gizlinlərini aşkarlamağa çalışır.
Fikrimizcə, Əli Kərim şeiri Azərbaycan
poeziyasında SÖZÜN DİRİLMƏSİ, EHYA OLUNMASI,
SÖZÜN POEZİYAYA ÇEVRİLMƏSİ kimi
böyük bir missiyanı həyata keçirdi. Heç
şübhəsiz, bu missiyanın həyata keçirilməsində
Əli Kərimlə yanaşı digər şairlərin də
rolunu unutmaq olmaz. Sovet poeziyası
Sözün gizlinlərdə qalan potensialının tam
qüvvətlə üzə çıxmasına
böyük maneə yaradırdı. Səməd
Vurğunun poetik ustalığı sayəsində şeir
lisanımız xəlqiləşdi, amma dilin bədii təçvir
arsenalı, obrazlar, metaforalar, məcazlar qatı tam
açılmadı. "Bu dildə varlığın hər
sədası var" - bu, Əli Kərimin misrasıdır və
həmin misra-dərk edilmiş zərurət tam
reallığı ilə ilk dəfə Əli Kərim
poeziyasında öz bəhrəsini verdi.
Elə
bil köksündən çəkib çıxarır
Titrək kəmanəni bir xəncər kimi.
Ondakı
ağrını,
qanı,
kəlamı
Töküb,
titrədirdi hər gümüş simi.
Sözlü
ürəyinə yəib başını,
Hər
bir adiliyə yumub gözünü
Çalır,
yırğalanır səs dəryasında.
O
çalmır elə bilg
Unutmuş
bizi,
Dərin bir yuxuya yuvarlanıbdır.
Hansı əsrdəsə
ilişib qalıb,
Neçə əsrdir ki, xumarlanıbdır.
Mahir kaman ustası Habilə həsr olunan bu şeir
sözlərin, söz birləşmələrinin,
misraların necə ahəngdar bir şəkildə birləşib
poetik vəhdət yaratmasının əyani sübutudur. Hələlik
şeirin iki bəndini təqdim elədik, amma bu iki bənddə
elə buradaca bitə, sona vara biləcək bir tamlıq var.
Şair həm Habilin zahiri görünüşündə
üzə çıxan daxili dünyasını əks
etdirir, həm də əsrləri dilə gətirir. Habil həm bu dünyanın-bu əsrin
adamıdır, həm də ötən əsrlərin.
Davam edək:
Əli-kəmanədir,
kəmanə-əli.
Çalır
kamançanı
kəmanə özü.
Gözümdə
ilk məna dəyişir,
dönür,
Dünya düşəcəkmi sahmana özü?
Elə bil unudub segahı Habil.
Qırılsa musiqi o neyləyəcək?
Habil ilan
dili çıxarır, nədir,
Arzu qızmarında ilantutantək.
Bu iki bənddə isə Habil kamanının sehri
canlandırılır. Habilin kamana, kamanın Habilə
çevrilməsi "prosesi" sözlərin
yaratdığı çoxçalarlı məcazların
bir-birini əvəz etməsində üzə
çıxır. Misralar arasından Habil
kamanının yanıqlı səsini də eşidirsən.
Əli Kərimə məxsus bənzərsiz məcazlar
heyrətə gətirir səni - "Habil ilan dili
çıxarır nədir, Arzu qızmarında ilantutantək".
Bu müqayisə hansı şairin ağlına
gələ bilərdi? Yenə davam edək:
Habilin
gözünə qonun damlalar, -
Eşqilə simlərə qonur damcılvar.
Qonur,
Habil isə yumur gözünü,
Qorxur ki,
damlalar,
düşər,
dağılar.
Segah gah
uzanır bir ağrı kimi,
Onu üfüqlərə sancır kəmanə.
Düşüb
Yer kürəsi gah bir guşəyə,
Gah sakit fırlanır, gah yana-yana.
Sonuncu iki bənd iki mənaya xidmət edir-həm
tamamlayıcı funksiyanı yerinə yetirir, musiqidən
yaranan ağrı, məhəbbət təbiəti sahmana
salır, dünyada bir harmoniya, ahəngdarlıq yaradır. Damcılı
bulaq Habil əllərinin qüvvətinə təslim olur.
Həm də ikinci məna - şeir sanki bitmir,
çünki musiqi davam edir. Şair Habil
kamanının sehri ilə oxucuda dünyanın sahmana
düşəcəyinə bir inam oyadır. Şeiri oxuduqca sözlərin necə
DİRİLDİYİNİN, CANLANDIĞININ şahidi olursan.
Habilin əlləri, Habilin gözü,
damcılar, damlalar...gbu sözlər və söz birləşmələri
sanki şeirdə ilk dəfə işlədilirmiş kimi bir
təsəvvür yaradır.
Əli Kərim poeziyasından söz açan müəlliflər
iki mühüm cəhəti də xüsusilə qeyd edirlər. Bunlardan
birincisi Əli Kərimin bir şair kimi mövzu məhdudluğu
ilə üzləşməməsidir. Professor
Tofiq Hacıyev qeyd edir ki, Əli Kərimin
"mövzuları ən azı əsərlərinin sayı
qədərdir. Düzdür, bəzi
mövzularda bir neçə əsər yazdığı da
olub, ancaq, əvvələn, hər dəfə həmin
mövzuya bir tərəfdən yanaşıb-predmeti poetik
lövhəyə köçürərkən hər dəfə
baxım mərkəzini dəyişib, hər dəfə bir əlaməti
"qəhrəman" götürüb". Deyə bilərik ki, Əli Kərimin hər bir
şeiri mövzusundan asılı olmayaraq öz müstəqil
"həyatını" yaşayır. Azərbaycan şeirində (xüsusilə müharibədən
sonrakı dövrdə-V.Y.) eyni bir mövzunun işlənməsində
şablonlar, steotiplər istənilən qədərdir. Məsələn, müharibə mövzusunu
götürək. Bu mövzuda minlərlə
şeir, yüzlərlə poema qələmə
alınıb, amma bu kəmiyyət heç də keyfiyyət
göstəricisinə çevrilməmişdir, poeziya tarixində
müharibə mövzusu ilə bağlı yalnız bəzi
nümunələr xatırlanmaqdadır. Əli
Kərimin müharibə mövzusunda yazdığı
şeirlərin hər biri indinin özündə də bədii
təravətini itirməmişdir. Səbəbi
isə budur ki, Əli Kərim istənilən bir şeirini
mövzu xatirinə qələmə almırdı, əsas məqsəd
şeirə xas olan obrazlılığı, bədii təsvir
vasitələrinin rəngarəngliyini yaratmaq idi.
"Alman əsir", "Bomba üstündə ev",
"Analar ağlar", "№ 3702", "Gül və
çörək" şeirləri, həmçinin
"Heykəl və heykəlin qardaşı" poeması
müharibənin doğurduğu ağrı və
acıları təsvir edir. Ancaq bunlar adi təsvir
deyil, obrazlılıq üzərində qurulan təsvirlərdir.
Məsələn, "Alman əsir"
şeirini götürək. Şair burada
Göyçaydan keçib Mingəçevirə gedən əsirləri
bir uşağın gözləriylə seyr edir. Əsirin biri birdən bir uşaq gördü, durdu,
Əsirə nə oldu bəs? Bir
ildırımmı vurdu? Dünən bu uzundraz cəllad
olmuşdu çox da: xəfəli göy gözləri
qalmışdı bu uşaqda. Əsir durub
baxırdı diqqətlə, yaxşı-yaxşı. Tökülürdü o cəllad gözdən insan
baxışı, mehribanlıq yağışı. Fikrə getmişdi hamı...gGözətçi hey
səsləyir toz içində uzaqdan. Əsir
ayrıla bilmir gözləri mavi kinli, bu qalib, doğma və
yad, bu sevimli uşaqdan".
Əli Kərim poeziyasına xas olan ikinci mühüm bir
cəhət onun poema yaradıcılığı ilə
bağlıdır. Tədqiqatçılar onun
poemalarından da xüsusi məhəbbətlə söz
açmışlar, amma şeirlərinin təhlilində
olduğu kimi genişliyə, əhatəliliyə
varmamışlar. Şairin poemaları onun
şeirlərinə xas olan bir çox xüsusiyyətləri
tam halda özündə əks etdirir. Şeirlərinə
xas olan obrazlılıq, fikirlə hissin vəhdəti, bədii
təsvir vasitələrinin əlvanlığı, assosiativ
ifadə üsulu, bir sözlə, sözlərin poeziyaya
çevrilməsi poemalarında da hifz olunur. Ancaq Əli Kərimin poemalarının məziyyətini
təkcə şeirlərinin gözəlliyi ilə müqayisə
eləmək doğru olmazdı. Bu poemalar
ilk növbədə, janrın poetikasını zənginləşdirən
əsərlərdir. "İlk simfoniya"
və "Üçüncü atlı" poemaları
lirik-epik səpgili poemalar kimi təqdim olunmuşlar. Ancaq hər iki poemada bunların sərhədini
müəyyənləşdirmək çətindir,
çünki hadisələrin, təfərrüatların təsvirində
lirika ilə epiklik bir-birinin daxilindədir, vəhdət
halındadır. Ona görə də Əli Kərimin
"İlk simfoniya" və "Üçüncü
atlı" poemalarını lirik hisslər, duyğular,
"düşüncələr romanı" kimi də səciyyələndirmək
olar. Bu mənada "İlk simfoniya"
poeması xüsusilə diqqətəlayiqdir. Bu poema ilə
Əli Kərim ilk dəfə "Motsart və Salyeri"
mövzusunun Azərbaycan ədəbiyyatında bədii həllinə
nail oldu, sənətdə dahiliyin, bənzərsizliyin
nadanlıq, cahillik, biganəlik, riyakarlıq və
paxıllıqla üzləşdiyini İlhamla Azadın
qarşılıqlı münasibətlərində
canlandırdı.
Əli Kərimin bu iki poemasında sanki ayrı-ayrı
parçalar bir ana çaydan ayrılıb şaxələnən,
sonra yenə o çaya qovuşan kiçik qolları
xatırladır. Bu da Ə.Kərimin təkcə poema
janrına deyil, həm də nəsrə bələdliyini
sübut edirdi. Sonralar o, "Pillələr"
romanını yazacaqdı, bu romanda da o, obrazların psixoloji
halətini, hiss və həyəcanlarını
bədii lövhələrə çevirəcəkdi.
Əli Kərimin Azərbaycan poeziyasında özünəməxsus
şair fərdiyyəti təkcə bu deyilənlərlə məhdudlaşmır. Onun obraz
yaratmaq məharəti sözün əsl mənasında
adamı heyrətə gətirir. "Van-Qoqun günəşi",
"Xirosimada məktəbsiz uşaq", "Salyeri",
"Şəhidliyin zirvəsi", "Atamın xatirəsi",
"Poçtalyon", "Qonşuda bir qız ağlar",
"Füzuli", "Babəkin qolları" şeirləri
Azərbaycan poeziyasında sözlə portret yaratmağın ən
parlaq nümunələridir. Şeirimizdə Ata itkisindən
çox yazıblar, amma Əli Kərimin Ata obrazı 22
misralıq şeirdə bu itkini bizə unutdurur, Atanın sadə
ömür yolunun cizgi-cizgi mənalandığını və
nəticədə, adiliyin qeyri-adi mənzərəsi ilə
qarşılaşırıq: bu Ata sərtdir, qəlbindəkindən
bircə dəfə söz açmaz, "övladına bircə
kərə "can" söyləməkdən, övlad
üçün can verməyi "asandı ona". "sevgisi də soyuq idi-təzə əkini hər
bəladan hifz eləyən qalın qar kimi".
Dahi
Van-Qoqun Günəş tablosunu yaradarkən keçirdiyi sənət
yanğısı və Günəşi çəkə-çəkə
Günəşə dönməsi, Nəsiminin şəhidlik
anındakı dəhşətli mənzərənin tarixləri
"qızartdığını" Əli Kərim təkcə
şair kimi deyil, rəssam məharəti ilə
canlandırır.
Əli Kərimin "Pillələr" romanı,
"Mavi nəğmənin sahilində" povesti nəsr dililə
yazılan poetik əsərlərdir, - desək, səhv etmərik. O. nəsrində
də şair idi, təhkiyeyi-kəlamı şeirə məxsus
obrazlılıq, poetik təsvir vasitələri ilə zəngin
idi.
Şairin "İnsan dünyaya bənzər - Səfərdədir
əbədi" misralarını xatırlayıram. Məncə,
Əli Kərimin səfəri də əbədidir,
çünki hər yeni nəsil üçün o, təzədən
doğulur.
Ədalət.-2015.-14 aprel.-S.7.