Təzə Ağdamlı
Sərvər
Əliyev kollektivdə belə qarşılanacağını
gözləmirmiş
Sərvər Əliyev 1966-cı ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək kəndində doğulub. Mədəniyyət və İncəsənət
Universitetində tanınmış
pedaqoq Nəsir Sadıqzadənin kursunda təhsil alıb.
İstedadlı rejissor Hüseynağa
Atakişiyevin yaratdığı
Dövlət Gənclər
Teatrına dəvət
alan Sərvər
Əliyev bu teatrın səhnəsində
Pristav, Şeyx Əhməd (C. Məmmədquluzadə
"Qurbanəli bəy"
və "Ölülər"),
Klavdi (V. Şekspir
"Hamlet"), Şah İsmayıl
(K. Abdulla "Şah İsmayıl")
obrazlarını oynayıb.
Ustadı Hüseynağa Atakişiyevin
xeyir-duası ilə rejissorluğa başlayan Sərvər Əliyev Dövlət Gənclər
Teatrı da daxil olmaqla ölkənin
müxtəlif teatrlarında
tamaşalara quruluş
verib. Quruluşçu
rejissor kimi hazırladığı Üzeyir
Hacıbəylinin "Ər
və arvad", Stefan
Sveyqin "Yad qadının məktubları",
Elçin Hüseynbəylinin
"İmperator" tamaşaları
maraqla qarşılanıb.
Ötən ilin noyabrından Ağdan Dövlət Dram Teatrının baş rejissoru təyin olunub.
- Sərvər bəy, söhbətə Ağdama
getdiyiniz ilk gündən
başlamaq istəyirəm.
Maraqlıdır, yol boyu nələri fikirləşirdiz?
- İlk dəfə
Ağdama qatarla getdim, bütün yolu görəcəyim işlər, üzərimə
götürdüyüm məsuliyyət
barədə düşünürdüm. Çünki Mədəniyyət və
Turizm Nazirliyinin rəhbərliyi qarşıma
ciddi vəzifələr
qoymuşdu. İlk ciddi
tapşırıqlardan biri
də bu idi ki, Ağdama
çatan kimi teatrın repertuar planını hazırlayıb
nazirliyə təqdim etməli idim. İlk baxışdan bu bəlkə də asan görünə bilər, lakin məsələ onda idi ki, mən
birgə çalışacağım
kollektivi tanımırdım.
Ölkənin müxtəlif
teatrları ilə yaradıcılıq əlaqələrim
olsa da, iş elə
gətirmişdi ki, Ağdam Dövlət Dram Teatrı ilə yollarım kəsişməmişdi.
Burada çalışan aktyor və aktrisaların yaradıcılıq potensialını,
teatrın texniki imkanlarını görüb-bilmədən
repertuar planını
hazırlamalı idim.
Yol boyu nələr çəkdiyimi bir mən bildim, bir də Allahım.
- Atalarımız deyib ki, yüz fikir
bir borcu ödəmir...
- Düz də deyiblər, hər hansı bir problemi çözmək istəyərkən gərək
əməli addım da atmağı bacarasan. Mən də qatarda
düşündüklərimi konkretləşdirdim və
4 əsərdən ibarət
repertuar planını
hazırladım. Üzeyir
Hacıbəylinin "Ər
və arvad", Əbdürrəhim bəy
Haqverdiyevin "Kimdir müqəssir?", Miroslav Mitroviçin "Gecə yarısı soyğunçuluq" və
Şarl Pero "Sehrbaz qadın" əsərlərini repertuar
planına daxil etdim. Onu da deyim ki, "Sehrbaz qadın"ı kiçik
yaşlı tamaşaçılarımız
üçün nəzərdə
tutdum.
- Kollektivlə ilk görüşünüz
necə keçdi, yeni baş rejissoru
necə qarşıladılar?
- Çox isti və mehriban. Sözün açığı, mən
belə gözləmirdim.
Səmimi və işgüzar
şəraitdə keçən
həmin görüşdən
sonra bir daha əmin oldum ki, nəzərdə
tutduğum işləri
kollektivlə birgə
həyata keçirə
biləcəyik. Ağdam Dövlət
Dram Teatrında çalışan
aktyorlar da, texniki işçilər də buna kökləniblər.
İşə belə münasibət
baş rejissor kimi məni hədsiz sevindirir. Artıq müəyyən
işlər görməyə
də nail olmuşuq.
M. Mitroviçin "Gecə
yarısı soyğunçuluq"
əsəri əsasında
hazırladığım tamaşanı
təhvil verdik və bu kollektivlə
ilk birgə işim maraqla qarşılandı.
Bu tamaşanı təkcə Ağdamda deyil, qonşu rayonlarda da oynamışıq,
daha bir neçə rayona da qastrolumuz nərədə tutulub.
İlk gündən yaxaladığımız
tempi davam etdirmək istəyirik, aprelin 15-dən
növbəti əsərin
- Ə.Haqverdiyevin qələmindən
çıxan "Kimdir
müqəssir?"in məşqləri başlayacaq.
Plandankənar bir tamaşanı
da hazırlamaq fikrimiz var. Arif Mədətovun "Xasayın
toyu" əsərinə
quruluş vermək istəyirəm, yəqin ki, yaxın günlərdə məşqlərə
start verə biləcəyik.
Teatrda studiya yaratmaqla da bağlı planlarımız var, artıq bununla bağlı müəyyən
işləri görməyə
başlamışıq. Gənc istedadları kollektivə cəlb etmək istəyirik. Yaradıcı heyətdə gənclərin
azlıq təşkil
etməsi gələcək
işlərimizdə bizə
müəyyən problemlər
yarada bilər. Bir məsələni də qeyd edim ki,
Ağdam teatrının
bəzi aktyorları qonşu rayonlarda- Yevlaxda, Bərdədə məskunlaşıblar. Onların hər
gün bu qədər məsafə qət edib işə
gəlib-getmələri təbii
ki, çətinlik yaradır. Bu problem barədə Mədəniyyət
və Turizm Nazirliyinə də məlumat vermişəm.
- Müxtəlif teatrlarda tamaşalar hazırlasanız
da ilk dəfədir ki, konkret bir
kollektivə baş rejissor təyin olunmusuz. Ustadınız Hüseynağa Atakişiyevdən
öyrəndiklərinizi həyata
keçirməyə yaxşı
imkan əldə etmisiz...
- Həqiqətən də rejissorluq sənətində
Hüseynağa müəllimi
özümə ustad sayıram. O, həmişə
repertuar planı quranda, teatr üçün əsər
seçəndə kollektivin
imkanlarını nəzərə
alırdı. Hüseynağa müəllim istedadlı gənclərə güvənirdi,
onlarda özünəinam
hissi aşılamağı
bacarırdı. Mən də
bu məsələdə
və ümumiyyətlə
kollektivlə gündəlik
işdə ustadımdan
öyrəndiklərimi həyata
keçirməyə çalışıram.
- Ağdam teatrı bu gün düşmənlə
üz-üzə qalan,
bir hissəsi işğal olunan bir rayonu təmsil
edir. Özəlliyinə
görə bu teatra təbii ki, fərqli bir yanaşma olmalıdır...
- Doğulduğum Sədərək
rayonuna, Naxçıvanın
ayrı-ayrı yaşayış
məntəqələrinə ermənilərin hücumları
başlayanda əlimə
silah alıb döyüşmüşəm, ailəmin, qohumlarımın
hansı çətinliklər
yaşadığını görmüşəm. Ağdam camaatının,
bu teatrın kollektivinin yaşantıları
mənə tanışdır.
Ona görə də bu vəzifə mənə təklif olunanda düşünmədən
razılıq verdim.
Kollektivlə birgə əl-ələ
verib Ağdam Dövlət Dram Teatrının
əvvəlki şöhrətini
özünə qaytaracaq,
bu rayonun qəhrəman insanlarına,
teatra böyük maraq göstərən camaatına xidmət edəcəyik. Təxminən
bir ildən sonra tamaşaçılarımız,
ölkənin teatr ictimaiyyəti gördüyümüz
işlərin bəhrəsi
ilə tanış
olacaq. Bəxtim gətirib ki,
Məhəmməd Hüseynov
kimi teatrı sevən, ürəklə
çalışan bir
insan bu kollektivə direktor təyin olunub. Demək istəyirəm ki, bayaqdan əminliklə danışmağım səbəbsiz
deyil.
Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi
də həmişə
kollektivin yanındadır,
daim bizə diqqət və qayğı ilə yanaşırlar. Təsadüfi deyil ki, artıq bizə dövlət sifarişi verilib, dahi Üzeyir
bəyin "Ər və arvad" komediyasını nazirliyin
maliyyə dəstəyi
ilə hazırlayacağıq.
Fürsətdən istifadə edib bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Bu da Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub
Məmmədovun teatra,
kollektivimizə olan maddi və mənəvi
dəstəyidir. Səmimi deyim
ki, bu baxımdan
təkcə özümü
yox, kollektivimizi, bütün Ağdamı şanslı sayıram.
Noyabrdan bu günə kimi icra başçısı
6 dəfə teatrımıza
gəlib, premyerada, tamaşalarda iştirak edib. İstər direktorumuz, istərsə
də mən nə zaman müraciət
etmişiksə Raqub müəllim dərhal bizimlə görüşüb,
problemlərlə maraqlanıb
və qayğısını
əsirgəməyib. Həmişə də deyib ki, nə vaxt
istəsəniz tanınmış
rejissorları, aktyorları
dəvət edin.
- Siz də yəqin
götür-qoy edirsiz...
- Artıq müəyyən
addımlar atılıb.
"Gecə yarısı
soyğunçuluq" tamaşasında
tanınmış aktyor
Natiq Fərzəliyevə
rol verdik və tamaşaçılar
onun ifasını maraqla qarşıladı.
Dövlət Gənc Tamaşaçılar
Teatrının baş
rejissoru, Əməkdar
incəsənət xadimi
Bəhram Osmanov bizim teatrda Əbdürrəhim
bəy Haqverdiyevin
"Kimdir müqəssir?"
əsərinə quruluş
verəcək. Bayaq dediyim
kimi, bir neçə gündən
sonra artıq bu tamaşanın məşqlərinə başlanacaq.
Tamaşaçılarımız yaxın zamanlarda
digər tanınmış
rejissor və aktyorları da Ağdam teatrında görə biləcəklər.
- "Qarabağ" futbol
klubu Avropa miqyaslı turnirlərdə
çıxış etməklə
Ağdamla bağlı
həqiqətlərin dünyaya
çatdırılmasına kömək etdi. Teatrınızın
xarici ölkələrə
qastrolları da məncə bu işə öz töhfəsini verə bilər...
- Sözsüz ki, bu belədir. Hər bir baş rejissor istər ki, onun çalışdığı teatr xarici ölkələrə qastrola çıxsın, festivallarda iştirak etsin, tanınsın. Ortada Ağdam adı varsa bu istək ikiqat artır. Amma burada bir vacib məsələ var, əgər ölkədən xaricə çıxırıqsa gərək sanballı bir iş ortaya qoyaq. Öncədən qeyd etdiyim kimi, bunun üçün bizə bir az zaman lazımdır. Növbəti mövsümdən başlayaraq beynəlxalq festivallar üçün məxsusi tamaşa hazırlamaq fikrindəyik. Bu gün hansısa xarici ölkəyə qastrol səfəri barədə danışmaq hələ tezdir. Tələsməyə dəyməz, hər şeyin öz vaxtı, zamanı var.