"TƏNHA LALƏ"

 

 (Hüseynbala Mirələmovun eyni adlı povesti haqqında)

Hüseynbala Mirələmovun "Tənha lalə" povesti çox maraqlı və birnəfəsə oxunan bir nəsr əsəridir və istərdim ki, oxucularla bu povest barədə öz fikirlərimi bölüşüm.

Nizami Cəfərovun fikrincə: "Bir sıra ideya-məzmun və struktkr-poetexnologiya xüsusiyyətlərinə görə roman keyfiyyətlərinə də malikdir. Hər şeydən əvvəl ona görə ki, üç müxtəlif ailənin (sevginin) taleyinin müqayisəli əsasında, "əsər içərisində əsər" prinsip-modeli ilə yazılmış povestdə hadisələrin epik çoxşaxəliliyi janrın (povestin) miqyasından müəyyən qədər kənara çıxır".

Əlbəttə, N.Cəfərovun bu mülahizəsinə haqq qazandırmaq olar, ancaq mənim fikrimcə, "Tənha lalə" daha çox povest janrının tələblərinə cavab verir. Hadisələr üç müxtəlif ailənin taleyi fonunda cərəyan etsə də, "epik çoxşaxəlilik" roman üçün mühüm əlamət sayılan "epik vüsətə" gətirib çıxarmır, əsasən oxşar talelər, hətta oxşar obrazlar diqqəti cəlb edir. Bundan başqa "Tənha lalə"də süjet yalnız sevgi, ailə-məişət çərçivəsindən kənara çıxmır. Elə Nizami Cəfərov da əsəri məhz povest kimi təhlil edir (Bax: Nizami Cəfərov. "Hüseynbala Mirələmovun yaradıcılığı və ya ədəbi tərcümeyi-halı", Bakı, 2014, səh.75-90).

Povestin süjet xətti bir neçə cütlüyün sevgi macərası üzərində qurulmuşdur. Xatirə-Dəniz, Əsmər-Samir, Əsmər-Zaur, Əsmər-Balaş, Zaur-Zərnigar. Bütün hadisələr, obrazların bir-birilə qarşılıqlı münasibətləri məhz sevgi xətti ilə davam etdirilir və bu xətt boyunca biz müəllifin başlıca məramını ("sevgi insan həyatının mənası və mahiyyətidir") izləyirik. Obrazların yaşantıları, sevgiləri ilə bağlı rast gəldikləri maneələr, keçirdikləri sarsıntılar müəyyən mənada oxşar talelərin həyat dramı kimi nəzərə çarpsa da, burada fərqli məqamlar da nəzərdən qaçmır.

Povest Tibb İnstitutunu yenicə bitirib həkimliyə başlayan Xatirənin dəniz sahilində düşüncələri ilə açılır və biz dənizin saflığı, təmizliyi fonunda bu qızın mənəvi aləmi ilə tanış oluruq. Müəllif dənizlə insan qəlbi arasında bir harmoniya, bir vəhdət axtarır: "Külək onun saçlarını dağıtmaqla, yaxasını dartmaqla uşaq olmadığını yadına salırdı... Əslində, qızın qəlbində dənizdəki kimi bir fırtına var idi. Bu tufan sanki onun bütün ruhunda çağlayırdı. Ayrı səmtlərdən əsən güclü külək gur saçlarını üzünə dağıdır, bir an keçməmiş geriyə atıb dalğalandırırdı. Xatirə sanki dəli xəzrinin acığına başını dik tutaraq irəliləyirdi".

Həmin bu düşüncələr zamanı Xatirənin xarakterini müəyyənləşdirən bir detal diqqəti cəlb edir: "İndi bu tufanda, nəhəng gəmiləri beşik kimi yırğalayan, sahilə qayıtmaq istəyən balıqçı qayıqlarını qamqalaq kimi atıb-tutan dəlisov havada bapbalaca quşcuğazın nədən özünə yer tapa bilmədiyi, sığınacağa çəkilib daldalanmadığı Xatirəni təəccübləndirdi. Quşcuğaz kolun üstündə dayanıb-durmadan cik-cik cikkildəyirdi. Qanadlarını küləyin istiqamətinə gərir, küləyin onu quru bir yarpaq kimi aparıb harasa çırpacağını hiss etdiyindən budaqdan-budağa atlanırdı".

Bu detal çox yerində işlənib və quşcuğazın dənizin fırtınası önündə, dəli küləklər qarşısında müvazinətini itirməməsi Xatirənin taleyi ilə assosiasiya edilir. Xatirə də o quşcuğaz kimi həyatın sərt, amansız dalğaları ilə üzləşir, ancaq özünü itirmir. Bundan sonra müəllif onun Xəzər adlı bir gənclə tanışlığını, görüşlərini və bu gənclərin bir-birinə mehr-məhəbbətini təsvir edir. Xəzərin saf təbiəti, Xatirəyə ürəkdən bağlanması qıza xoş gəlir və onun qəlbində ilk sevgi qığılcımları şölələnir. Sonra bu qığılcımlar alova çevrilir və sönmək bilmir. Xatirənin anası da bundan xəbər tutur və mümkün qədər qızını bu məsələdən yayındırmaq istəyir. Çünki Xatirə onun yeganə övladıdır, onu min bir əziyyətlə böyüdüb, əri evdən çıxıb gedəndən sonra çox əziyyətlər, məşəqqətlər çəkib.

Oxucu gözləyir ki, bu gənclər arasında sevgi macərası necə bitəcək, onlar istəklərinə çatacaqlarmı - ancaq müəllif süjetə gözlənilməz bir situasiya-intizar motivi daxil edir. Xatirənin ürəkdən bağlandığı Xəzər birdən-birə yoxa çıxır. "Xatirəni məngənə kimi sıxan gümanlar bezdirmişdi. Fikirlər, yozumlar beynində bir-birinə qarışmışdı. Bəlkə başında bir qəza var? Bəlkə anam Xəzərin mobil telefonuna zəng edib onun qəlbinə toxunan bir söz deyib? gAradan neçə ay keçib. Mən Xəzərə öz münasibətimi bildirməmişəm. Bəlkə Xəzər çəkinib bir söz deməyib. Axı o, mənim hər bir hərəkətimdən, danışığımdan, gülüşümdən hər şeyi başa düşürdü. İşə gələndə, işdən çıxanda yolboyu onun daxili aləmində nələrin baş verdiyini, hansı həyəcanları yaşadığını hiss edirdim".

Əsərin finalına qədər Xatirənin intizarı tükənmir və anasının təkidlərinə baxmayaraq o, Xəzərə inamını itirmir.

Bundan sonra müəllif povestə ikinci, daha maraqlı və əsərin sevgi xəttini gücləndirəcək, bir çox mətləblərə aydınlıq gətirəcək yeni əhvalatlar daxil edir.

Povestdə müvəqqəti olaraq Xatirə-Xəzər xəttini Əsmər-Samir, Əsmər-Zaur, Əsmər-Balaş xətləri ilə əvəz edir. Məqsəd nədir? Niyə müəllif başladığı bir sevgi macərasını sona çatdırmır?.. Oxucunu intizarda saxlayır? Fikrimizcə, əsas məqsəd həyatda bir-birinə oxşar, amma həm də fərqli talelərin də olmasını təsdiq etmək, əsaslandırmaqdır.

Xatirə öz dərdini Əsmər Sultanlıya - kifayət qədər tanınmış, xəstələrin pənah gətirdiyi bu məşhur həkimə açır. O, institut illərində Xatirənin müəllimi olub və indi onun xəstəxanasında işə düzəlib. Əsmər xanım gənc həmkarına deyir ki: "Bilirsən, qızım, insan həyatda yoxsul yaşamağa da, illərlə kirayələrdə əzab-əziyyətlər çəkməyə də, hər cür çətinliyə dözməyə də güc tapar. Ancaq sevgisiz, sevdiyin adamdan aralı yaşamaq çətindir, böyük dərddir".

Deməli, məqsəd sevginin necə böyük bir qüvvə olduğunu, həyatın, gözəlliyin mahiyyətini təşkil etdiyini nəzərə çarpdırmaqdır. Bəlkə də Əsmər xanımın sevgi hekayətlərini eşitməsəydi, Xatirə öz sevgisinə bu qədər möhkəm bağlanmazdı.

Əsmər Sultanlı üç həyat yaşamalı olur, bunlardan ikisi həqiqi sevginin yaşantıları kimi diqqəti cəlb edir. Orta məktəbin son sinfində oxuyarkən o, Samir adlı bir oğlanı sevir. Əsmər kübar nəslindəndir, anası türk sultanının nəticəsidir. Ona görə də qızının belə bir kasıb oğlana ərə getməsinə razı deyil və onu bu sevdadan yayındırmaq istəyir. Diqqət yetirin: Xatirənin anası da eynən bu cür hərəkət etmişdi. Ancaq fərq burasındadır ki, Xatirənin sevdiyi oğlan birdən-birə yoxa çıxmışdı (bu məsələ əsərin sonunda aydınlaşacaq), Əsmərin sevdiyi oğlan isə ailəlikcə xaricə köçür.

Əsmər Tibb İnstitutuna daxil olur. Oranı müvəffəqiyyətlə bitirir. Bu zaman onun həyat yolunda Balaş adlı bir gənc peyda olur. Onun mədəni hərəkətləri, təmkinli davranışı, qadınlara qarşı səmimi münasibəti Əsmərdə ilk baxışda xoş təəssürat oyadır. Çox keçmədən onlar evlənirlər və məlum olur ki, Balaşın o rəftarı, o münasibəti tamamilə saxta imiş. Müəllif Balaşın peşəkarlıq fəaliyyətini belə səciyyələndirir: "Balaş istehsalatda bişmişdi. Bizneslə məşğul olur, sahibkarlıq fəaliyyəti göstərirdi. Balaş biznes müqavilələrində həmişə özünəməxsus ustalıqla insanların daxili dünyalarında gizlənmiş fikir və məqsədlərini öyrənməyə çalışırdı. Buna görə əli çox vaxt gətirirdi".

Müasir dövrün iş adamı üçün bu keyfiyyətlər lazımdır, bunlar Balaşda var. Bəs onun mənəvi aləmi?

Əsmər Balaşla ilk görüşlərindən hiss edir ki, onda bu adama qarşı heç bir sevgi duyğusu yoxdur. "Mənim gözlərimdə o işıq yanmır" deyir.

Nəhayət, Əsmər qərara alır ki, Balaşa ərə getsin. Samir bir daha geri qayıtmayacaq və əlbəttə, Əsmər onu bəyənən, onunla ailə həyatı qurmaq istəyən kiməsə yox deməməlidir.

Beləliklə, nikah baş tutur, təbdəbəli bir toy olur. Amma elə ilk gündən aralarında incikliklər başlanır, get-gedə bu incikliklər ciddi narazılığa çevrilir. Balaş Əsmərin aspiranturada oxumasına etiraz edir, puluna, var-dövlətinə arxalanıb Əsmərinə qəfəs bülbülünə çevirmək istəyir. Amma o, Əsmərin müqaviməti ilə üzləşir. Beləliklə, maraqlar, istəklər toqquşur, ailənin gələcək taleyi sual altında qalır. Əsmər Balaşın eyiblərini çəkinmədən onun üzünə deyir, getdiyi xarici ölkələrdə bir neçə məşuqəsinin olduğunu və ona tam laqeyd və biganə yanaşmasını Balaşa bildirir. Balaş isə heç utanıb çəkinmədən "Hər halda mən kişiyəm" deyib özünə haqq qazandırır. Beləliklə, ailədə ağır və üzücü münasibət davam edir. Əsmərin həyəcan keçirməsi ona baha başa gəlir, uşağı tələf olur. "Balaşla bir yerdə yaşamaq Əsmər üçün nə qədər əzablı olsa da, dözür, həyatın sonrakı gedişatını, taleyin ona nələr verəcəyini gözləyirdi".

Əsmər aspiranturanı bitirir, tibb elmlər namizədi olur, kafedrada ona iş verirlər. Balaş isə öz kef-damağında, yenə əvvəlki xasiyyət, yenə qadınına qarşı tam soyuqluq, laqeydlik. Oxucu düşünür ki, görəsən Əsmərin taleyi necə olacaq? Elə bu zaman Əsmərin həyatında yeni bir işıq yanır. O, klinikadan evə qayıdarkən "Jiquli" avtomobilinə yaxınlaşır, sürücüdən xahiş edir ki, onu Badamdar qəsəbəsinə aparsın. Sürücünün adı Zahirdir. Əsmər onu Samirə oxşadır və bəlkə bu bənzəyiş onun Zahirlə ünsiyyətinə yol açır".

"Bəlkə də Samirdən sonra ilk dəfə idi, onda kişiyə belə bir hiss, maraq oyanmışdı. Əvvəllər ona elə gəlirdi ki, Samirdən sonra ürəyində dəfn etdiyi o qəribə, kövrək duyğuları bir daha yaşaya bilməyəcək. Tənhalıq onun bütün mənəvi aləmini bürümüş, ruhuna hakim kəsilmişdi. Bəlkə də həyatın ona bəxş etdiyi bu daxili əzağların, iztirabların ağrısından əzildiyinə görə, bəxtinə, taleyinə etirazını bu yolla bildirirdi".

Əsmər çox istəyir ki, Balaş ona nəvaziş göstərsin, işi ilə maraqlansın, amma Balaş dəyişmir. Beləliklə, sevgidən, adi ünsiyyətdən məhrum olmuş bir qadının başqa bir insana vurulması çox təbiidir. Bəlkə də, buna görə kimsə Əsməri öz ərinə xəyanətdə təqsirləndirə bilər, amma insan qəlbinin də öz qanunları var. Hüseynbala Mirələmov qadın qəlbinin incəliklərinə, psixologiyasına yaxşı bələd olduğunu bu povestdə də nümayiş etdirir.

Zahirlə Əsmərin yaxınlığında (əvvəlcə dostluq, sonra sevgi) əsas rolu təbii hisslər oynayır. Əsmər hiss edir ki, bu gənc kasıb olsa da, mənəviyyatca saf və təmiz bir insandır, ondan heç nəyi gizlətmir. Amma Zahirin də öz həyat faciəsi var. O, texniki Universitetdə oxuyan zaman Zərnigar adlı nişanlı bir qızla rastlaşır, onu sevir və ata-anasının istəklərinin ziddinə gedərək Zahirlə ailə həyatı qurur. Amma bu ailə həyatı çox sürmür, Zərnigar bir qəza nəticəsində ağır yaralanır, uşağı da həlak olur. Və həm də ana olmaq qabiliyyətini itirir. Beləliklə, əsərdə yeni bir tragik əhvalatın başlanğıcı qoyulur. Bunu Zahir Əsmərdən gizlətmir.

Zahirlə Əsmər arasında isə sevgi münasibəti davam edir və bu münasibət artıq gizli də olsa, ciddi hal alır. Əsmər bu haqda belə düşünür: "Zahirin timsalında mən çox alicənab, fədakar bir insan görürdüm. ...Doğrusu, Zahirlə münasibətlərimizin belə dərinləşəcəyini təsəvvür etmirdim. Yalnız həmin gün, o ad günündə mən ilk dəfə hiss etdim ki, qadın olmaq nə deməkdir. Həyatın şirinliyi üçün nələrdən keçməli olduğumu yaxşı başa düşürdüm. Hər gün Zahiri görmək, bir yerdə olmaq, onun nəfəsini duymaq, ona nəvaziş göstərmək istəyirdim".

Bəs Balaşın taleyi necə olur? Onun Əsmərə münasibəti "müasir adam" sxeminə uyğundur. O, əvvəlcə Əsməri ev qadını kimi görmək istəyir, lakin buna nail olmadıqda, başqa bir yol seçir. Öz qadınına qətiyyən qısqanmır, hətta Zahirlə Əsmərin qarşılıqlı münasibətini də soyuqqanlı qarşılayır. Uşağın ondan yox, Zahirdən olmasının da fərqinə varmır. Guya "müasir" adamdır, halbuki, bu, mənəvi pozğunluğun ifrat həddidir. Amma xaricdə tutulduğu və bir daha sağalacağına ümid yeri qoymayan AİDS (spid) xəstəliyi onda insani hissləri oyadır, son dəfə Əsmərlə görüşür və gözlərini əbədi yumur. Amma son nəfəsdə ona bildirir ki, mənim seyfimdə bir sənəd və iki məktub var.

Burada belə bir sual doğur? Balaşın bu cür dəyişməyi məntiqi baxımdan doğrudurmu?

Əlbəttə, həyatda hər cür gözlənilməzlik ola bilər və Balaşın ölüm anında belə dəyişməyi də yazıçı məntiqinə görə doğru hesab edilə bilər.

Seyf açılır və məlum olur ki, orada saxlanılan sənəddə Balaşın bütün varidatı Samirə (Əsmərin Zahirdən olan oğluna) vəsiyyət olunur. Əsmərə yazdığı məktubda isə yenə Samiri ona tapşırır.

Bundan sonra daha bir faciə baş verir. Zahirin həyat yoldaşı Zərnigar dünyasını dəyişir.

Müəllif məhz bundan sonra yenə Xatirəyə, onun Xəzərlə yarımçıq qalmış sevgi macərasına qayıdır. Əsmərin köməkliyilə Xəzərin axtarışı başlanır. Məlum olur ki, Xəzər bir təsadüf nəticəsində həbs olunub, bir neçə narkomanın əhatəsində ikən onun cibinə bir neçə qara qutu qoyurlar. Polislər onun da qolunu qandallayır və maşına mindirib aparırlar. Beləliklə, günahı olmaya-olmaya o da həbs olunur. Xəzər çox əzəb keçirir, həbsdən qurtaracağını bilsə də, daha Xatirə ilə bir daha qovuşmayacağını güman edir. Polkovnikə deyir ki, sizin işçilərinizin səhvi nəticəsində mən məhəbbətimi itirmişəm. Polkovnik isə ona belə deyir: "Məhəbbət ürəkdə olur, oğlum, ürəkdən isə asanlıqla heç nə düşüb itmir!.."

Müəllif Xatirə ilə Xəzərin görüş səhnəsini belə təsvir edir: "Xəzər heç nəyə məhəl qoymadan "Xatirə!" - deyə ucadan qışqırdı. Gözlərinə inanmayan Xatirə də "Xəzər!" - deyə onun səsinə səs verdi. Məhəbbət dolu ürəklərin harayı ilə qovuşmağa tələsən gənclərin qarşısını daha heç bir qüvvə ala bilməyəcəkdi..."

Beləliklə "Tənha lalə" povesti xoşbəxt vüsal səhnələri ilə bitir. Amma müəllif öz qəhrəmanlarını bu vüsala qədər ağır, çətin həyat imtahanlarından keçirir. Demək istəyir ki, xoşbəxtliyə nail olmaq üçün sınaqlardan keçməlisən, mübarizə aparmalısan.

 

 ədalət.-2015.-15 aprel.-S.7.