HƏR SƏTRİNDƏN "TORPAQ ƏTRİ" GƏLƏN YAZIÇI

 

Ötən yüzilliyin 80-ci illəriydi. Görkəmli yazıçı, dramaturq, "Əməkdar incəsənət xadimi" Məmmədhüseyn Əliyevin "Torpağın ətri" adlı yeni romanı işıq üzü görmüşdü. Azərbaycan kəndinin o vaxtkı simasını əks etdirən, halal torpağın qulpundan yapışan kənd adamlarının obrazlarını özünəməxsus şəkildə canlandıran, eyni zamanda zamanın, mövcud quruluşun nöqsanlarından gah sətiraltı ibarələrlə, gah da açıq-saçıq təhkiyələrlə yazan ədibin irihəcmli əsəri cəmiyyətdə, oxucular arasında, ədəbi mühitdə birmənalı qarşılanmadı. Əlbəttə, dövrün əsas "mərəzi" sayılan sosializm realizmini əsas tutan bəzi tənqidçilərin "Torpağın ətri"ni "təftiş" eləmələri təbii və başadüşülən idi. Bununla bahəm, romanın həqiqi təhlilini aparan bir çox ədəbiyyatşünas alimlər, səriştəli qələm sahibləri onu dəyərləndirir, yazıçının yaradıcılığında yeni hadisə adlandırırdılar.

Məmmdhüseyn müəllimin isə onda əsər barədə öz qənaətləri vardı: "Mən ömrüm boyu kənddə yaşamış, iri şəhərlərdən gen qaçmışam. Yalnız tələbəlik illərində, universitetin filologiya fakültəsində oxuduğum zaman məcburən Bakı şəhərində qalmışam. O vaxt şəhərdə tab gətirə bilmirdim, bir ayağım kənddə idi. Mən şəhərlə kənd arasında vurnuxurdum. 40-50-ci illərin (ötən əsr - müəllif) çətinlikləri, Böyük Vətən müharibəsinin doğurduğu ab-hava nə qədər insanları sındırsa da, get-gedə ruh yüksəkliyi baş qaldırırdı. Yazıçılar mühiti qaynar idi. Süleyman Rəhimov, Mir Cəlal, Əli Vəliyev, Əbülhəsən, Sabit Rəhman, Süleyman Vəliyev, İlyas Əfəndiyev, Salam Qədirzadə, Ənvər Məmmədxanlı, Mehdi Hüseyn nəsr aləmində böyük nüfuz sahibləriydilər. Bu görkəmli yazıçılar mənim kənd mövzusunda yazdığım hekayələri bəyənir, təqdir edir, qəzet və jurnallarda çap etdirmək üçün tövsiyə verirdilər.

İlyas Əfəndiyevi heç vaxt unuda bilmərəm. Xeyirxah, və nəcib şəxsiyyət kimi yadımdadır. İlk hekayələrimi ona oxumuşam, o, Yazıçılar İttifaqında məsləhətçiydi. Elə birinci görüşümüzdən "Məmmədhüseyn, bundan sonra kim sənin əsərlərini bəyənmədi, deməli, sənin düşmənindi, dostun deyil. Çünki sən təpədən-dürnağa yazıçısan, sən mənim sözlərimin səmimiliyinə inan və elə bu şəikldə də yoluna davam elə. Sənin cümlələrində, sətirlərində torpaq ətri var. Kəndli psixologiyasına bələdsən və yaxşu süjet qura bilirsən. Çox oxu, çox da yaz ki, qələmin itilənsin, bərkisin" - dedi.

Bəlkə də qüdrətli İlyas Əfəndiyevin - ilk sənət müəllimimin təsiriydi: mən "Torpağın ətri" adlı romanımı yazdım. Bu əsəri ilk gənclik illərində qələmə ala bilməzdim. Çünki çox cavan idim, səriştəm də az, müəyyən vaxta ehtiyac vardı. Beləliklə, əlli yaşım ötəndən sonra özümü hazır bildim, oturdum hissə-hisə, parça-parça, fəsil-fəsil irihəcmli əsəri başa çatdırdım. Elə bilirdim, İlyas müəllim yanımda durub, mənə yazmaq üçün qol-qanad verir. "Torpağın ətri"nin ilk əlyazmasını da, qovluq variantını da ustadım oxudu, qeydlərini söylədi, rəy verdi, bəyəndi.

Bu sözləri Məmmədhüseyn Əliyev Yazıçılar İttifaqının Lənkəran zona bölməsinin sədri olarkən düz 27-28 il öncə mənə söyləyib. Bəlkə də hanısasa qiymətli fikrini unutmuşam, nəyisə kiçicik təhrif eləmişəm, amma indi haqq dünyasında uyuyan tanınmış sənət fədaisinin ruhu məni bağışlayar. Ona isə tam əminəm ki, yazdıqlarım, yaddaşıma köçürtdüklərim həqiqətdir və söylənən fikirlər doğrudan da yazıçımıza məxsusdur.

"Bütün böyük söz sərraflarını kiçicik obalar, kəndlər yetişdirib. Əlbəttə, yazıçıları iki qismə ayırmaq doğru deyil: Şəhər yazıçıları və kənd yazıçıları. Ancaq etiraf etmək lazımdır ki, bəzən şəhərdən qırağa çıxa bilməyən, müxtəlif səbəblər üzündən kəndən gen düşən qələm adamlarının əsərlərində kəndli ruhu, kənd koloriti, kənd təbiətinin inikası çatışmır. Bəzi ədiblərimiz bunu süni surətdə əsərlərinə hopdurmaq istəyirlər. Bu, alınmır. Mən bütün məhəbbətimi kiçik əyalət şəhərinə bağlamışam, burdan isə ətrafa çıxmaq asandır. Tez-tez Lerikin, Yardımlının, Lənkəranın, Astaranın, Masallının cənət guşələrinə gedir, günlərlə qəhrəmanlarımın evlərində qalır, onlarla ünsiyyətdə oluram. Nə üçün? Obrazlarımı hərtərəfli öyrənmək, könül dünyalarını kəşf eləmək məqsədi ilə. Sözümdən belə çıxmasın, yalnız cənub bölgəsini gəzir-dolaşır, öyrənirəm. Yolumu Naxçıvana da, Qarabağa da, Gəncəbasara da, Şəkiyə də, Quba-Xaçmaz bölgəsinə də, aran zonasına da salıram. Kəndi-kəsəyi daha real dərk eləmək, adamların görünməyən iç üzlərini görmək naminə. Onda əsər daha bitkin və təbii alınır".

Etirfa edim ki, mən Məmmədhüsyen Əliyevin əsərlərini sevə-sevə, oxuya-oxuya böyüyüb boy atmışam. Hələ ötən əsrin 60-cı illərində onun "Dağlar oğlu" romanı hamı tərəfindən rəğbətlə oxunur, əl-əl gəzirdi. Günlərin bir günü bu kitab mənim də əlimə keçdi. Onda 12-13 yaşım olardı. Məktəb kitabxanasından aldığım "Dağlar oğlu" romanını uzun müddət evdə saxladım, kitabxanaya qaytarmadım. Dönə-dönə romanı mütaliə edir, yaşca böyük, orta məktəbin yuxarı siniflərində təhsil alan bacılarıma da oxumağı məsləhət görürdüm. Bizim evdə hamı əsərdən xəbərdar idi. Çünki romanın bədii sirləri, yazıçı ustalığı, sənətkarlıq məsələsi, təsvir vasitələri bir yana, əks olunan hadisələrin, yer adlarının, toponimlərin çoxu tanış və doğma gəlirdi. Romanın əsas baş qəhrəmanı Mahmud Eyvazov bizim qonşu Pirasora kəndinin yetirməsiydi, planetin ən qocaman sakini kimi tarixə düşmüşdü. Haqqında sənədli film çəkilmişdi, adı mərkəzi mətbuatda tez-tez müsbət mənada hallanırdı.

Bir dəfə qəribə hadisə baş verdi. Mən vərəqləri əzilmiş kitaba nəzər salarkən atam Hüseyn başımın düz üstünü kəsdirdi.. "A bala, o nə kitabdır elə gecə-gündüz əlindən yerə qoymursan? Dərsliyə oxşamır. Ver, baxım" dedi. Mən əlüstü kitabı açdım, içrəidə yazıçı Məmmədhüseyn Rüstəm oğlu Əliyevin şəkli vurulmuş, haqqında qısa məlumat verilmişdi. Atam baxan kimi ciddi sifəti yumuşaldı, təbəssümlə "bizim həmyerlimizdir, mənimlə də yaxınlığı olub, yaxşı edib oxuyursan, daha kitabı niyə bu hala salmısan?" söylədi və onu mənə uzatdı. O vaxt mən atamı nə qədər sorğu-suala tutsam da, heç nə öyrənə bilmədim. Bircə dedi ki, indi sənə nə desəm də yaddan çıxararsan. Çünki o hadisələr sənin yaşına uyğun deyil, dərk edəsən. Yaxşı oxu, böyü, vaxt gələr, deyərəm.

"Dağlar oğlu" isə sevimli stolüstü kitabım idi. Əsərdə demək olar bütün insan və yer adları, atalar sözləri, müdrik kəlamlar, epizodlar, əhvalatlar yaddaşıma hopmuşdu: Pirasora, Barzavu, Qılqılov, Qoşmalian, Sədəfli, Divəğəş, Qışlaq, Zuvand, Nəmin, Ərdəbil, Bərnəsə, Talıbqışlaq, Kələxan, Paşahal, Çaxmaqlı, Morayurd, Gədik, Təblayağ, Kələxan, Tülü, Conu, Nanəbulaq, Saxtabərə, Çiçəkli, Burulğan, Qarabulaq, Şanaşin, Sarıbulaq, Talış dağları, Qızyurdu, Kömürgöy, Xan bulağı, Qoşabulaq, Yarpaqlı, Savalan, Mistan, Tatoni,Dəmirçi, Hamarat, Rəzgöv, Dəmirçilər, Bədirbad, Cəngəmiran, Dirig, Çayrud, Seyidlər, Dilimbulaq, Yovşanbulaq, Nəlbəkibulaq, Oğlanqala, Alaşar, Mastayıl, Lerik, Yamaclı. Roman qəhrəmanları: Mahmud Eyvazov, Gülsabah, Qurban, Yasəmən, Ağabanu, İmaməli bəy, Mirzə Qulam xan, Sərxan, Məşədi Sərdar, Mirzə Fərəc, Mirzə Kazım xan, Mirzə Yusif bəy, Mustafa xan, Heydər, Aləmxanım, Kəblə Həsrət, Araz, Elxan, Hətəmbanu, Mariya, Xəlil, Ağamir, Güllü, Abdulla, Nemətulla xan, Tərlan, Elçin, Qəyyum, Cavanşir, Şahsuvar, Tahir, Balaməmməd, Mürsəl kişi, İntiqam, Səlimə, Atəş, Şahbala, Sarışoğlu, Suğra, Xatirə, Nuru, Qılmanzadə, Məcid, Zeynəb, Güleyşə, Gövhər, Şiraz, Mirzə Qiyas, Manaf, Xeyri, Şəfi, Mələk, Namaz bəy, Bənövşə, Teymur, Şəmsi Canizadə, Xədicə və sair və ilaxır. Həm qədim yurd yerləri, toponimlər, həm də insan adaları xəyalımı uzaq-uzaq yerlərə aparıb çıxarırdı. Axı, romanda rəsvir və tərənnüm olunan insan məskənləri, coğrafi adlar mənə tanış və doğma idi. O kəndləri görmüş, o bulaqlardan əyilib ovuc-ovuc su içmiş,, dağları, qayaları seyrə dalmış, gədiklərdən, yamaclardan aşmışdım. Yazıçı isə həmin yerləri bir daha mənə sevdirmişdi.

Arada uzun illər ötəndən sonra, yəni 1983-cü ilin fevralında Məmmədhüseyn müəllimlə Lənkərandakı iş otağında - Yazıçılar İttifaqının zona bölməsində söhbətləşərkən hisslərimi cilovlaya bilmədim. Ötən zamanların şirinli-acılı xatirələrini, "Dağlar oğlu" ikihissəli romanı haqda düşündüklərimi nəfəs dərmədən danışdım. Xeyli kövrəldi. "Çətin, ancaq yaşamalı, mübarizə aparmalı dövran idi" - dedi. Masanın üstündən məşhur romanın Moskvanın "Sovetskiy pisatel" nəşriyyatında 1982-ci ildə nəfis şəkildə çıxmış rus variantını götürdü. "Sın qor" ("Dağlar oğlu") adı altında nəşr olunmuş kitabın ilk səhifəsinə bu sözləri yazdı: "Poeziyasına böyük ümid bəslədiyim istedadlı şairimiz Ağacəfər Həsənliyə xatirə üçün M.Əliyev, 1983".

Bu görüşəcən yazıçı-dramatruqla tanış idim. Bakıda, Lənkəranda rastlaşmış, maraqlı söhbətlərimiz olmuşdu. Ancaq heç vaxt məndən kimliyimi, Lerikin hansı kəndində doğulduğumu, hansı nəslə-kökə mənsubluğumu soruşmamışdı. Birdən ayağa durub fikirli-fikirli soruşdu:

- Ağacəfər, hər şairin, yazıçının bir şəxsi tərcümeyi-halı olur, o məlumdur, bir də ədəbi aftobioqrafiyası. Şeirlərini az-çox jurnallarda, qəzetlərdə oxumuşam, yəni yaradıcılığınla tanışam. Bəs onu indiyə qədər deməmisən, hansı kənddənsən, kimin oğlusan?

- Məmmədhüseyn müəllim, siz bu haqda məndən heç nə soruşmamısınız, mən də məlumat verməmişəm.

- Həə, mən çox dar mənada yerliçiliyə əhəmiyyət vermirəm, istedadlı adam, bütöv, təmiz insan hardan olursa-olsun gözümün işığıdı, bəsit, köntöy, özündənrazı, talantsız xudbinin birisi isə gözümün düşmənidig

- Mən Lerikin Rvarud kəndindənəm, Hüseyn Həsənovun oğlu - deyə yazısının sözünü kəsdim, onu intizarda qoymadım.

- Bildim, bildim, İsgəndərov Şamilin qaynı Hüseyn. Kənddə ferma müdiriydig Allah rəhmət eləsin!

- Yox, Məmmədhüseyn müəllim, səhv saldın, mənim atam ferma müdiri olmayıb, iyirmi ildən yuxarı kolxoz sədri işləyib. Sizi yaxşı tanıyır. Dediyiniz Salayev Hüseyndi, Şamil müəlldimin bibisi oğlu və qaynı, o da anamın yaxın qohumudu.

- Hə, indi tanıdım. Atan mərd, xeyirxah, çörəkverən, vətənpərvər, əliaçıq, namuslu kişiydi. Nə vaxt dünyasını dəyişib?

- Atam sağdı, hərdənbir sizi məndən soruşur. Gərək iki köhnə kişini görüşdürüm. Özü da lap bu yaxın günlərdə.

- Nə danışırsan? Çox gözəl fikirdi, mən hazır, otuz ildən yuxarıdır Hüseyn kişini görmürəm. Konkret surətdə deyim, bir dəfə mənə yaxşılığı da dəyib.

- Nə yaxşılıqdı elə?

- Atan qabaqcıl kolxoz sədri kimi Lerikdə raykomun bürosunun üzvü idi, mən kənd məktəbində direktor işləyirdim. Məndən tez-tez mərkəzi komitəyə yalan məlumatlar yazır, istəməyənlər işdən çıxamağıma hər vəchlə cəhd edirdilər. Atam Rüstəm böyük axund idi, ateist sovet hökumətinə etiraz əlaməti kimi İrana keçmişdi. Çox zaman ağzıgöyçəklər bu faktın qulpundan yapışırdılar, mənə "düşmən oğlu" damğasını yapışdırır, ləkələmək üçün dəridən-qabıqdan çıxırdılar. Müharibədən sonrakı illərdə Qasımov soyadlı bir katibin məndən qətiyyən xoşu gəlmirdi, məni hətta həbs etdirmək üçün inzibati orqanlara xəlvəti göstəriş vermişdi. Büro bu barədə qərar qəbul eləyərkən Hüseyn kişi də orada imiş. O, raykomun binasından çıxarkən qəfildən rastlaşdıq. Yüyürə-yüyürə mənə tərəf gəldi: "Qasımov prokurora sənin tutulmağın barədə məxfi göstəriş verdi. Nə durmusan, burada? Qaç get, Lənkərana, orda partiya uçotunda dur. Mən səni heç görməmişəm". Beləliklə, Lerikdən gizlin surətdə Lənkərana baş götürüb getdim, Qasımovun hiyləsindən canım qurtardı. Bax, o kişinin bu alicənablığını, mərdliyini necə yerə vura bilərəm, necə unudaram? Ona əziyyət vermə, məndən yaşlıdı. Haçan bu yanlara yolunu salsa, xəbər elə, görüşünə özüm gedərəm, həvəslə, böyük ehtramla. Bəs nə üçün mən onun vəfat etdiyini düşünürdüm?

 

- Bizim kənddə iki Hüseyn vardı. Biri atamdır, digərinin adını çəkdiniz. Yəqin siz atamı Salayev Hüseynlə qarıqşdırırsız? Axı, o, dünyasını erkən dəyişib.

- Olar. Hər şey mümkündü. Lənkərana köçəndən sonra iş-güc, ailə-uşaq başımı elə qatdı, göz açmağa macalım olmadı.

g Aradan bir neçə həftə ötdü. Çiskinli-yağışlı günlərin birində yolum həmişəbahar Lənkərana düşmüşdü. Atam da Lerikdən gəlmişdi. Biz bacım Bənövşəgildə görüşdük. Yaxşı fürsət idi, itirmək olmazdı. Mən axşama hazırlıq məsələsini tapşırıb, Məmmədhüseyn müəllimi axtarmağa getdim. Böyük Bazarın lap girəcəyində sürücüsü ilə rastlaşdım. O, yazıçının iş kabinetində olduğunu bildirdi. Tələsə-tələsə özümü ora çatdırdım. Əhvalatı Məmmədhüseyn müəllimə danışdım. "Kişi o boyda yolu gəlib, belə çıxır qonaqlığı onun boynuna qoyduq, ayıbdı, mənim hər cür imkanım var, yaxşısı budu, bizə gedək" - dedi. Bacımgilin artıq hazırlıq gördüyünü söylədim. Beləliklə, bir-birini tanıyan iki şəxsiyyəti görüşdürdüm, onlar xeyli xoşhal olub, mənən, ruhən zənginləşdilər.

 

***

Bu il görkəmli yazıçı-dramaturq , publisist şair Məmmədhüseyn Əliyevin 90 yaşı tamam olur. Ədəbiyyatımızda "Dağlar oğlu", "Dağda bahar", "Qulplu qızıllar", "Torpağın ətri", "Ana fəryadı", "Prokuror" kimi qiymətli nəsr və dram əsərlərinin, çoxlu sayda hekayə və şeirlərin müəllifi kimi tanınan ədibi xatırlamağa, haqqında söz açmağa dəyər. Axı, unutsaq, unudularıq, - deyiblər. Bir də həqiqətən Məmmədhüseyn müəllim tapındığı, təskinlik tapdığı sözə bacardığı qədər xidmət edib, xəyanət etməyib.

P.S. Təəssüf ki, vaxtilə Azərbaycan, rus və bir sıra dünya xalqlarının dillərində əsərləri çap olunan yazıçı-dramaturqun yeni əlifba ilə indi kiçicik bir hekayəsi də əlimzdə yoxdur. Məncə, bu biganəliyə son qoymağın vaxtı çatıb. Çünki yazıçının buna mənəvi haqqı var.

 

Ədalət.-2015.-16 aprel.-S.6.