Nur heykəli

 

Elə şəxsiyyətlər var ki, onların ömür yolu haqqında söhbət açarkən istər-istəməz hansısa tarixi dövrün, müəyyən ənənələrin formalaşması prosesinin də salnaməçisinə çevrilmiş olursan.

Əsas niyyətim Zərifə xanım Əliyeva haqqında düşüncələrimi qarşımdakı ağ vərəqlərə köçürməkdir.

Bu gün bu böyük insanın - azərbaycanlı xanımın əbədiyyətə qovuşmasından tam 30 il ötür...

Yazımın baş qəhrəmanı da odur...

Dünya oftalmologiya elminin parlaq simalarından olan Azərbaycan alimi, tibb elmləri doktoru, akademik...

Şəfalı əlləri ilə yüzlərlə xəstənin gözlərindəki zülməti qovub, onlara işıq bəxş etmiş loğman...

Azərbaycan tarixində adı hər zaman rəğbətlə xatırlanan bir kişinin - Əziz Əliyevin övladı...

Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı...

Dünyaya xeyirli övlad bəxş etmiş, dövlətinin və xalqının qüruruna çevrilən bir oğul yetişdirmiş fədakar, qayğıkeş ana...

Bütün bunlarla yanaşı, həm də Azərbaycanda qadın fəallığı ənənələrinin parlaq təmsilçisi, bu ənənəni formalaşdıran unudulmaz qadın liderlərimizdən biri...

***

Adətən, Azərbaycanda qadın fəallığı ənənələrindən söhbət düşərkən tarixin yaxın, uzaq dönəmlərinə nəzər salırıq. O dönəmlərdə qəhrəmanlıqları, sözü, ictimai-siyasi mövqeyi və yaradıcılığı ilə tarixdə özünə əbədi yer tutmuş zəriflərimizi xatırlayırıq.

Bu ənənələr bizim üçün Tomrisdən, Məhsəti Gəncəvidən, Sara xatundan, Tuti Bikədən, epos təfəkkürümüzün zərif çiçəkləri olan Banu Çiçəkdən, Nigardan, Həcərdən başlanır.

İbtidai dövrlərdən Azərbaycan ictimai düşüncəsində qadına olan münasibət Ana Kitabımız - “Kitabi-Dədə Qorqud” dastanlarından süzülüb gələn və dəyərli sənətkarımız Yalçın Rzazadənin azacıq improvizələrlə hər oxusunda qəlbimi riqqətlə dolduran sevgi, vəfa, inam ətirli misralardan boy göstərir:

“Bəri gəlgil, başım baxtı, evim taxtı,

Evdən çıxıb yürüyəndə səlvi boylum!

Topuğunda sarmaşanda qara saçlım!

Qurulu yaya bənzər çatma qaşlım!

Qoşa badam sığmayan dar ağızlım!

Küz almasına bənzər al yanaqlım!

Qadınım, dirəyim, döləyim!”

Qadının mənəvi dünyamızdakı ucalığı öz igid aşiqi üçün canını belə əsirgəməyən türk xatunlarının sevgi ucalığında qərarlaşır.

Bu motivlər epik təfəkkürümüzdə norma kimi sabitləşəndən hələ əsrlər keçəndən sonra da, indi inkişaf etmiş Qərb dünyası kimi qəbul etdiyimiz cəmiyyətlərə orta çağlarda on minlərlə qadın cadugərlik ittihamı ilə inkivizasiyanın tonqallarında yandırılırdı.

Amma gəlin bir reallığı da etiraf edək: cəmiyyətimizdə qadın fəallığı ənənələri nə qədər güclü, qadının ictimai təfəkkürdəki məqamı nə qədər uca idisə də, biz bu ənənələrin gücünü XX əsrin əvvəllərinə qədər qoruyub saxlaya bilməmişdik. Yaxud bu ənənələri daha da inkişaf etdirməyə müvəffəq olmamışdıq.

Yad mədəniyyətlərin təsiri ilə din, islam ehkamları altında, əslində cəhalətin, nadanlığın diktəsi ilə Azərbaycan qadınının həyatı başındakı qara çarşabın rənginə bürünmüşdü. Qızlarımız təhsildən uzaq düşmüşdülər, xurafatın, geriliyin əsirinə çevrilmişdilər.

Dastanlarımızın qəhrəman səviyyəsinə yüksəltdiyi, kişilərlə birgə döyüş meydanlarında cəngə girişib at çapan, qılınc vuran Azərbaycan qadını XX əsrin əvvəllərində böyük Sabirin əsərlərindəki Fatma, Tükəzban obrazlarının səviyyəsinə, əslində isə həyatın dibinə enmişdi.

Ona görə də cəmiyyətin düşünən insanları Azərbaycan qadınını bu ictimai bataqlıqdan çıxarmaq üçün yollar axtarırdılar. Azərbaycanın mərkəzi şəhərlərində qız məktəbləri açılırdı. Hacı Zeynalabdin Tağıyev kimi vətənpərvər mesenatlarımız bu cür təşəbbüslərin uğur qazanması, qız balalarımızın oxumaları üçün maddi və mənəvi dəstəklərini əsirgəmirdilər. Əli qələmli müsəlman ziyalıları qəzetlərdə dərc etdirdikləri yazılarda ictimai diqqəti qadınlarımızın vəziyyətinə yönəldirdilər. Onların ictimai fəallığının artırılmasından ötrü qeyrət göstərirdilər.

Elə Azərbaycan Xalq Cümhuriyyəti dövründə müsəlman Şərqində ilk dəfə olaraq qadınlara səsvermə hüququnun verilməsi də o cümhuriyyəti qurub yaratmış mütəfəkkir kişilərimizin narahat vicdanının diktəsi, uzun illər ərzində bu yolda göstərilən çabaların nəticəsi idi.

Qarşıya qoyulmuş məqsəd bütün bunlardan sonra cəmi bir neçə gün və ya ay, il içində əldə edilməyəcəkdi. Bunun üçün bir neçə onilin tamamını gözləmək lazım gələcəkdi.

Və bir neçə onildən sonra Azərbaycan ictimai mühitində Zərifə xanım Əliyeva kimi qadın liderlərimizin görünməsi xalqın düşünən zəka sahiblərinin o illərdəki nəcib əməllərinin xoş bəhrəsi idi.

***

Həmişə bi fikirdə olmuşam ki, istənilən bir insanın həyat uğurlarında onun aldığı ilk tərbiyə ən mühüm amildir.

Azərbaycanın görkəmli yazıçı və maarifpərvəri Məhəmməd Tağı Sidqinin bir fikrini müxtəlif çevrələrdə tez-tez yada salmaqdan usanmıram. Düşünürəm ki, bu məqamda xatırlamağımda da fayda var. O yazırdı ki, bir insanın xoşbəxtliyi dörd əsasdan ibarətdir: təmiz nəsil, saf ürək, təmiz əllər və niyyətin dürüstlüyü.

Məncə, digər üç keyfiyyət də elə təmiz nəsildən gəlir. İnsanın mənəvi kökləri sağlam olanda, onun qəlbi saf, əlləri təmiz, niyyəti dürüst olur.

Bu mənada Zərifə xanım Əliyeva əslində çox xoşbəxt bir insan idi...

O, Əziz Əbdülkərim oğlu Əliyevin ailəsində dünyaya gəlmişdi. Daxili azadlığı, Azərbaycan sevdası, ləyaqəti, comərdliyi, nəcibliyi ilə Cümhuriyyətdən sonrakı milli ziyalılığımızın zirvəsində qərar tutan bir kişinin qızı idi.

Əziz Əliyev öz sələfləri N.Nərimanov, S.Əfəndiyev, T.Musabəyov, T.İsrafilbəyov, T.Şahbazi, T.Vəkilov və başqaları kimi fədakar mücahid və maarifçilərin şanlı ənənələrini davam etdirən ziyalılarımızdan sayılırdı. O, Azərbaycanda ilk səhiyyə ocağının qurucularından idi.

Ömrünün müxtəlif dönəmlərində üzləşdiyi məhrumiyyətlərə, təzyiq və təhdidlərə rəğmən Əziz Əliyev həm insanlara şəfa bəxş edən tanınmış həkim, həm də görkəmli ictimai-siyasi xadim kimi həyatda çox uğurlar qazanmışdı.

Və onun həyatı boyu əldə etdiyi ən böyük uğurlardan biri də nümunəvi ailəsi, ömür-gün yoldaşı Leyla xanımla birgə ailəsində böyütdüyü övladlar Ləzifə, Zərifə, Dilarə, Gülarə, Tamerlan və Cəmil idi.

Həkimlik sənətinə könül vermiş iki qardaşı və bir bacısı kimi Zərifə xanım Əliyeva da atasının yolunu davam etdirməyi qərara almışdı.

***

Valideynlərinin mənəvi dünyasından, böyüyüb boya-başa çatdıqları ailə ocağından gələn nəciblik, kübarlıq, insanlara sevgi, şəfqət hissi bu ocaqdan çıxmış övladları bir ömür boyu müşayiət edən ali keyfiyyətlər idi.

“Sizlərdən yaxşılıq edənlər, saleh əməl sahibi olanlar və günahlardan çəkinənlər həqiqətən nicat tapanlardır” - bu, müqəddəs Qurani-Kərimin təlqinidir.

Zərifə xanım Əliyeva da aid olduğu bütün sahələrdə - həm praktik həkimlik fəaliyyətində, həm elmdə, həm də ictimai fəaliyyətində, insanlarla münasibətlərində öz şəxsiyyəti ilə saleh əməllər sahibinin gerçək portretini yaradırdı.

***

Həyat onun qismətinə xalqının milli dövlətçilik tarixində müstəsna xidmətləri olan tarixi şəxsiyyətin - ümummilli lider Heydər Əlirza oğlu Əliyevin ömür-gün yoldaşı olmaq taleyini yazacaqdı...

Öz parlaq həyatını bölüşdüyü şəxsin uğurlarında onun da əməyinin, istedadının, ürək atəşinin bir zərrəsi, qığılcımı parlayacaqdı.

Heydər Əliyev kimi tarixi şəxsiyyətin həyat yoldaşı timsalında tale yolları boyunca onunla birgə addımlamaq, ulu öndərin yüksəlişinə mənəvi dəstək vermək bəlkə də Zərifə xanım üçün həyatın o qədər də asan olmayan bir sınağı idi.

Heydər Əliyevlə Zərifə xanım Əliyevanın qurduqları ailə ocağı saf sevgiyə, sarsılmaz sədaqətə əsaslanırdı. Bu sevgi taleyin və tarixin sərt imtahanlarından keçmişdi.

Müasir gəncliyə də örnək olası bu məhəbbətin maraqlı tarixçəsi haqqında çox mənbələrdən oxumuşuq. Heydər Əliyevin ömrünün gənclik çağlarına həsr olunmuş “Əsl məhəbbət haqqında” sənədli filmində ulu öndərin riqqətli etirafını da eşitmişik: “Mən onu həqiqətən sevirdim. Onun da məni sevdiyini hiss edirdim. Belə fikirləşirəm ki, bizim bir-birimizə məhəbbətimizin köklərinin nə qədər dərin olduğunu sübut etməyə ehtiyac yoxdur”.

Repressiya rejiminin qüdrətli və nüfuzlu əlaltılarından olan Mir Cəfər Bağırovun Əziz Əliyev şəxsiyyətinə qısqanc münasibətini və bu üzdən müxtəlif illərdə ona qarşı bitmək bilməyən təzyiqləri nəzərə alaraq xüsusi xidmət orqanlarının perspektivli gənc zabitini bu sevdadan çəkindirməyə çalışanlar da tapılacaqdı...

Və Əziz Əliyevin öz ailə üzvləri ilə birgə Azərbaycandan sürgün edilməsinin an məsələsi olduğu 1953-cü ilin lap əvvəlində hətta Heydər Əliyevin bu münasibətlərə görə xüsusi xidmət orqanlarında qalıb işləməsi sual altına düşəcəkdi...

Amma nə olursa-olsun, Heydər Əliyev gələcək həyatını Zərifəsiz təsəvvür etmirdi və öz sevgisi uğrunda ən təhlükəli sınaqlara belə hazır idi.

İllər sonra ulu öndər xatırlayacaqdı: “Bilirsiniz necə fikirləşirdim. Mən DTK-da işləyirdim, bilirdim ki, onun atasının ətrafında nələr baş verir, onu necə izləyirlər. Mən bilirdim, eşitmişdim ki, onların ailəsini Qazaxıstana sürgün etmək istəyirlər. Mən fikirləşirdim ki, əgər onları sürgün etsələr, mən də Zərifənin ardınca Qazaxıstana gedəcəyəm. Orada iş tapmaq bəlkə buradan da asan oldu”.

Amma onların qovuşmağı, birgə həyatı taleyin qədəri idi və tarixin təlatümləri, insanların təshih cəhdləri bu qədəri dəyişə bilməzdi.

***

Peşə, elmi fəaliyyət, insani münasibətlər, ailə...

Ayrı-ayrılıqda bunların hər birində böyük uğurlara çatmış insanlar var. Amma bir insanın bunların hər birinə eyni dərəcədə nail olması yalnız taleyin xoş bir bəxşişidir. Etiraf edin ki, bu, çox az adama nəsib olan bir səadətdir.

Öz sənətində qibtəediləsi uğurlara çatmış, amma xarakterindəki naqisliklər, ziddiyyətlər haqqında tez-tez eşitdiyimiz nə qədər insan tanıyırıq?!

Yaxud da bunun əksi, öz şəxsi keyfiyyətləri ilə hamının rəğbətini qazanan, amma peşəsində, sənətində, lap elə yaradıcılığında da yarımçıq olan nə qədər adamlar var.

Bunların hər ikisinə nail olmuş, lakin ailə həyatında uğursuzluqla üzləşmiş insanlar da, əfsus ki, az deyil. Görünür, həyat belə məsələlərdə insanlarla çox xəsis davranır.

Amma həyat, tale ilahəsi Zərifə xanım Əliyevadan öz səxavətini əsirgəməmişdi. O, çox az şəxsiyyətlərdən idi ki, insanlarla münasibətləri də, ailə ocağının hərarəti də, elmdə, həkimlik fəaliyyətindəki uğurları da harmoniya təşkil edirdi, tam idi.

Və bu tamlığı təmin edən Zərifə xanım Əliyevanın özünün bütöv şəxsiyyəti idi.

Tanrı Zərifə xanım Əliyevaya misilsiz nəciblik, zəriflik bəxş etmişdi. Ünsiyyətdə olduğu hər bir xəstənin, onun şəfalı əllərinə ehtiyacı olan hər bir şəxsin ürəyinə yol tapa bilirdi.

Xarakterindəki yüksək ali keyfiyyətlər, ətrafındakılara mənəvi təsir gücü ona insanların böyük rəğbətini qazandırmışdı. Ona hamı böyük rəğbətlə yanaşır, sözünə, mövqeyinə böyük dəyər verirdi. Zərifə xanım bundan heç zaman sui-istifadə etməzdi, təkəbbürü, qeyri-təvazökarlığı özünə yaxın buraxmazdı, ətrafdakı hər kəsin şəxsiyyətinə, mövqeyinə böyük hörmətlə yanaşardı.

Zərifə xanım üçün ən böyük dəyər, həyatın mənası başqalarına lazım olduğunu, insanların onun köməyinə ehtiyac duyduqlarını hiss etdiyi məqamlar idi. O həmişə deyərdi ki, xəstələr həkimin yanına ümidlə gəlib ondan yardım istəyəndə hiss edirsən ki, sən insanlara nə qədər lazımsan.

***

Tanıyanlar öz xatirələrində onu dünyanın ən təvazökar qadını kimi yada salırlar. Geniş qəlbi, sadəliyi, insanlara sevgi dolu şəfqətli baxışları onun ən böyük zinəti idi.

Şəfa üçün ona pənah gətirən xəstələrin çoxu Zərifə xanım Əliyevanın Azərbaycanın birinci şəxsinin həyat yoldaşı olduğunu bilmirdi. Özü də heç zaman bunu nəzərə çarpdırmazdı. Bütün insanlar onu hər şeydən əvvəl bir şəxsiyyət kimi sevir, hörmətini tuturdular. O, son dərəcə alicənab bir qadın idi. Tərifdən zəhləsi gedər, kiməsə boşboğazlıq, yaltaqlıq fürsəti verməzdi. Bir çoxları onun nəzakətli davranışlarından nümunə götürərdilər.

Zərifə xanımın kabineti həm xəstələrin, həm də hər hansı problemin həllində onun şəxsi nüfuzuna güvənən insanların ümid ünvanı idi. Zərifə xanım ziyarətçilərinin heç birini ümidsiz və yardımsız yola salmazdı, adamlar arasında sosial status fərqi qoymazdı. Bu böyük şəxsiyyətin kabinetinin qapısı hər kəsin üzünə açıq idi.

Onun insanlara çox böyük məhəbbəti vardı. Bu, qəlbin genişliyindən, səxavətindən, müdrikliyindən irəli gəlirdi.

***

Zəmanəsinin görkəmli oftalmoloq-alimlərindən biri kimi Zərifə xanım Əliyeva öz tədqiqat sahəsində fundamental əsərlərin müəllifi idi. Onun elmi irsi, nailiyyətləri, pedaqoji təcrübəsi bu gün də tədqiqatçılar üçün böyük maraq doğurur və müasir tibdə tətbiq olunur.

Zərifə xanım Əliyeva üçün elm də, praktik həkimlik də bir könül işi idi. O öz peşəsini ürəkdən sevirdi. Elmi axtarışlardan, tədqiqatçıların nəzər-diqqətini nisbətən az cəlb etmiş, daha doğrusu, çətinliyinə görə onları yayındırmış müxtəlif istiqamətlər üzrə elmi araşdırmaların aparılmasından böyük mənəvi zövq alırdı.

O, oftalmologiyada yeni, çətin və az tədqiq olunmuş bir sahəni seçmişdi və bu sahənin inkişafına öz töhfələrini vermişdi. Həyatda da, elmdə də Zərifə xanım öz yolu ilə addımlamağı sevərdi və yaşadığı ömür nümunəsi, həyat və fəaliyyəti ilə təlqin etdiyi dəyərlər bu yolda Zərifə xanımın ardıcıllarını yetişdirirdi.

Respublika Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri vəzifəsində çalışarkən o öz tələbələrinə böyük məhəbbətlə elmin incəliklərini öyrədir, gənc oftalmoloq-alimlərin yetişməsinə ömür sərf edirdi. Tələbələrinin mehriban, qayğıkeş hamisi idi Zərifə xanım. Yetirməsi olan gənclər onu ana gözündə görürdülər.

Onun öz mənəvi övladlarına ən mühüm tövsiyəsi isə harada olurlarsa-olsunlar, səmimiyyət hissini qorumaqları, həyatda da, elmi fəaliyyətdə də səmimi olmaları, çətinliklərdən, həyatın sınaqlarından çəkinməmələri idi.

***

Zərifə xanım Əliyevanın elmi fəaliyyəti bütün sovet məkanında yüksək qiymətləndirilirdi. Təsadüfi deyil ki, o dövr üçün oftalmologiya sahəsində T.İ.Averbax adına ən yüksək mükafat məhz Zərifə Əliyevaya verilmişdi.

Ötən əsrin 70-80-ci illərində Zərifə Əliyevanın təşəbbüsü ilə bir sıra sənaye müəssisələrində elmi-tədqiqat laboratoriyaları yaradılmışdı. Bu laboratoriyaların təşkilində əsas məqsəd zərərli istehsal prosesinin insanların görmə qabiliyyətinə təsirinin tədqiqi idi.

Həmin sənaye müəssisələrində çalışan insanlar bu laboratoriyalarda peşəkar tibbi yardım alır, Zərifə xanımın təməlini qoyduğu bu nəcib iş minlərlə insanın gözünə işıq verirdi.

***

O, əsas fəaliyyət istiqaməti olan oftalmologiya ilə yanaşı, həkim etikası, kadrların təkcə professional baxımdan yox, mənəvi baxımdan da tərbiyə edilməsi məsələlərinə ciddi diqqət yetirirdi.

Elmi dünyagörüşlərini mümkün qədər genişləndirmək Zərifə xanımın gənc həkimlərə, öz tələbələrinə ən mühüm tövsiyələrindən idi. O, gənclərə peşə maraqları dairəsində qapanıb qalmamağı, dar bir çərçivənin mütəxəssisi olmamağı təlqin edirdi. İnsanların həyat və sağlamlığı uğrunda mübarizə aparmaqdan ötrü hər bir insana sevgi göstərmək, onları başa düşmək qəhrəmanımızın gənc nəslə daimi nəsihəti idi.

Həkim və xəstə münasibətlərində ortaya çıxan problemlər onu həmişə narahat edirdi.

Bu narahatlıqlar günümüz üçün xüsusilə aktualdır.

Tibb sahəsində də informasiya texnologiyalarının fantastik inkişafı, səhiyyə sahəsində tətbiq olunan innovasiyalar, yeni aparat və cihazların ixtirası müxtəlif profilli həkim, texnik və laborantlar mühitini formalaşdırır.

Bütün bunlar çox yaxşıdır, tibb sahəsində texniki yeniliklər müayinənin, diaqnozun dəqiqliyinə, müalicənin düzgün təyin olunmasına çox kömək göstərir. Amma bunun təəssüf doğuran məqamlarını da izləməkdəyik. Texnologiyalar inkişaf etdikcə insanın peşəkarlığı geriləyir. Texnikanın gücünə arxayınlıq insanın peşəkar vərdişlərini korşaldır.

Bir zamanlar xəstənin çöhrəsinin rənginə, gözlərinin ifadəsinə, əllərinin hərəkətinə baxan kimi onun canındakı mərəzi üzə çıxaran, ibtidai alətlərlə ən çətin cərrahiyyə əməliyyatlarını mükəmməl həyata keçirən həkimlərin sayı indi bütün dünyada azalmaqdadır.

Çünki texnologiya xəstə ilə həkimin arasına girir, onların canlı təmasına müəyyən qədər xələl gətirir və həkimdə peşəkar qabiliyyətlərin formalaşmasına mane olur.

Zərifə xanım Əliyeva isə tibdə yeni texnologiyaların tətbiqini, müasir müalicə üsullarını təqdir etsə də, xəstə ilə həkimin birbaşa canlı təmasını müayinə və müalicə prosesinin ən vacib halqası hesab edirdi. Bildirirdi ki, bu cür ünsiyyət xəstənin psixi qüvvələrinin və imkanlarının, xəstəliklə mübarizə üçün iradəsinin səfərbər edilməsinə, onda nikbinlik ruhunun oyanmasına təkan verir.

Vəzifəsindən, sosial statusundan, məqamından, maddi vəziyyətindən asılı olmayaraq, xəstəyə mənəvi dayaq olmağı, onun həyat iradəsini ayaqda saxlamağı Zərifə xanım hər bir həkimin əsas vəzifə borcu kimi önə çəkirdi. İnsanın ruhi-mənəvi sağlamlığını fiziki sağlamlığının əsası hesab edirdi.

Həkimləri insanın təkcə konkret xəstəliyini deyil, həm də ruhunun sağalması qeydinə qalmağa çağırırdı və bunun düsturunu təklif edirdi. Onun insanlara ünvanladığı bu fikirlər bütün zamanlarda, tarixin bütün dövrlərində ruhun sağlamlığını qorumağın yeganə yoludur. “Milli xarakterin ən yaxşı xüsusiyyətlərini, sadəliyi, ürək genişliyini qoruyun, - deyirdi Zərifə xanım. - Axı ruhun sağlamlığı fiziki sağlamlığın rəhnidir”.

O, həmişə qeyd edirdi ki, peşə həvəsi ilə yanaşı, həkim həm də yüksək mədəniyyətli bir insan olmalı, incəsənət, musiqi, ədəbiyyat dünyasını anlamalıdır...

***

Zərifə xanım özü bu dünyaların adamı idi...

O, peşəkar musiqi təhsili almışdı. Bu nəcib insanın, böyük qəlb sahibinin ifasına qulaq asmaq fürsəti dinləyicilər üçün hər dəfə böyük bir zövq idi. Royalda ifa edərkən onun şirmayı dillər üzərində gəzişən barmaqları ən zərif hisslərin tərcümanına çevrilir, insanları duyğular aləminə aparırdı.

Bir zamanlar o ifaları dinləmiş insanlar xatırlayırlar ki, Zərifə xanımın ifalarında qəribə bir duyumluluq vardı. Musiqi əsərini o özündən, öz duyğularından keçirə bilirdi. Yaxından tanıyanlar onun təkcə ifalarını deyil, musiqi dinləməsini də böyük rəğbət hissi ilə yada salırlar. Zərifə xanım musiqinin ecazına elə dərindən qapılardı ki, onun işıq saçan aydın çöhrəsində sanki musiqinin özü görünərdi, səsin surəti canlanardı.

İstənilən musiqi əsərini dinlədikcə bu musiqinin onun qəlbindəki əks-sədasını Zərifə xanımın gözlərindən oxumaq mümkün idi. Akkordlar bir-birini əvəzləyər, əvəzlədikcə də onun gözləri heyranlıq nümayiş etdirər, razılıqla gülümsünər, bəzən isə qəti etiraz ifadə edərdi.

Amma o gözlərdən heç zaman laqeydlik, biganəlik oxumazdın.

Danışan gözləri vardı Zərifə xanımın və o gözlər hər baxışında dünyaya, insanlara bir ömürlük sevgisini çatdırırdı.

***

Zərifə xanım qayğıkeş, fədakar bir ana idi...

Ömür-gün yoldaşının vaxtının böyük hissəsi dövlət işlərinə sərf olunduğundan, bir çox analar kimi, övladlarının təhsilini-tərbiyəsini ana öz üzərinə götürmüşdü.

Əslində vaxt Zərifə xanım üçün də həyatın ən çox arzulanan neməti idi.

Bununla belə, o, övladlarının tərbiyəsinə daim vaxt tapırdı.

Tanrının əta etdiyi qısa ömrün övladlara, həyat yoldaşına, ailəsinə aid hissəsini gərgin zəhmət tələb edən elmi işlərinə, sənətinə həsr etməyi özünə rəva görməzdi.

Bu məqam məni həmişə düşündürüb. Nədənsə qadının çalışmağı məsələsi bizim cəmiyyətdə hər zaman diskussiya mövzusu olur. Öz qazancı ilə evin firavanlığını tam təmin etməyi bacaran bir çox kişilərimiz bəzən qadının çalışmasına qarşı çıxırlar. Onlara elə gəlir ki, nə qədər yüksək təhsil alır-alsın, öz sənətində nə qədər böyük perspektivlərə malik olursa-olsun, qadının yeganə vəzifəsi evə-ailəyə baxmaqdır. Həyat yoldaşının, övladlarının qulluğunda durmaqdır.

Əfsus ki, bu məsələdə hələ də Səməd Vurğunun “Aygün” poemasının qəhrəmanı Əmirxanın düşüncələrindən çox da uzağa gedə bilməmişik.

Evin, ailənin qayğıları, bəli, əsasən qadının üzərinə düşür. Qadının ev təsərrüfatını idarə etməsi, uşaqların təhsil-tərbiyəsi ilə daha ardıcıl və sistemli şəkildə məşğul olması, məişət məsələlərinin həllində həyat yoldaşına fədakarcasına dəstək verməsi bizim milli mentalitetimizin xoş, gələcək nəsillərə ötürülməli olan cəhətlərindəndir. Amma cəmiyyətin inkişafı, qadınların ictimai fəallığı, iqtisadi azadlığı, sosiallaşması üçün onların çalışması çox mühümdür.

Bu mənada Heydər Əliyevin ailəsi hələ o illərdən cəmiyyət üçün bir nümunə sayılırdı. O illər Sovet İttifaqında yüksək vəzifə tutan şəxslərin, baş katib də daxil olmaqla Mərkəzi Komitə katiblərinin və ittifaq respublikalarının partiya katiblərinin, nazirlərin, hətta aşağı rütbəli məmurların həyat yoldaşları ümumiyyətlə heç yerdə işləməsə də, Zərifə xanım Əliyeva istisna təşkil edirdi.

Onun öz elmi işlərini, həkimlik fəaliyyətini davam etdirməsi peşəsini qəlbən sevən Zərifə xanım qədər Heydər Əliyevin də arzusu idi və ulu öndər bu məsələdə həyat yoldaşına mənəvi köməyini heç zaman əsirgəmirdi.

Ömür-gün yoldaşına, övladlarına fədakarlıqla qulluq etməyi həkimlik borcu ilə, elmi fəaliyyəti ilə ahəngdar şəkildə birləşdirməyə müvəffəq olmuş Zərifə xanım bununla da bir həyat örnəyi yaradırdı.

***

Uşaq tərbiyəsi məsələlərinə onun özünəməxsus yanaşması vardı.

Övladlarını nə qədər sevsə belə, onlara nə qədər böyük məhəbbət göstərsə də, bir çox məqamlarda əsla güzəştə getməzdi.

Ana tərbiyəsi ilə övladlarına çox dəyərlər ötürmüşdü Zərifə xanım. Atası Əziz Əliyevin, həyat yoldaşı Heydər Əliyevin ailə ocağından gələn halallığı, nəcabəti, comərdliyi, kübarlığı, ziyalılığı, intellekti, insanlara məhəbbəti...

Amma Azərbaycan sevgisi, torpağa, yurda, onun dəyərlərinə bağlılıq bütün bunların başında gəlirdi.

...Onun unudulmaz obrazı bu gün də mənim üçün çox əzizdir, doğmadır, - böyük alimin 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyirdi: - Zərifə xanım yüksək davranış meyarlarına malik idi. İnsanlara münasibətdə səmimiyyət, xeyirxahlıq, eyni zamanda yüksək mədəniyyət, alicənablıq - bütün bu gözəl amillər onda birləşmişdi. Zərifə xanım əsl ziyalı idi, Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirmişdi, onları təcəssüm etdirirdi.

...Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”.

Öz valideynlərinə bağlılıq, ata-anaya sevgi dünyanın ən saf, ən səmimi və doğma hissləridir.

Zərifə xanımın, Heydər Əliyevin verdiyi tərbiyə isə bu ocağın övladları üçün ata-ana sevgisi ilə Vətən sevgisini bərabərləşdirmişdi, eyniləşdirmişdi.

Və bu gün İlham Əliyevin Azərbaycan naminə, Azərbaycan adına gördüyü işlər, etdiyi tarixi fədakarlıqlar əslində bu sevginin izharıdır.

İlham Əliyevin Azərbaycana olan sevgisi bir övladın anaya olan sevgisidir.

Necə ki, bir zamanlar Zərifə xanım öz sevimli oğluna Vətənə də Ana kimi sevgi bəsləməyi öyrətmişdi...

 

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı

Ədalət.-2015.-  16 aprel.- S.4.