"HƏLƏ DEYİLƏSİ ÇOXLU SÖZÜM VAR"

 

 (Gənc şair İltimas Səmiminin şeirləri haqqında)

 

İltimas Səmimi son illərdə ədəbiyyata gələn elə ilk şeirlərindən deməyə sözü olan cavan şairlərdən biridir. Çox utancaqdır, böyüklərə, xüsusən yaşlı şairlərə həmişə ehtiramla yanaşır. "Natəvan" klubunda keçirilən bütün tədbirlərdə arxa sırada əyləşib deyilənlərə diqqətlə qulaq asır. Bu utancaq cavan artıq iki şeir kitabının müəllifidir utana-utana iki tanınmış tənqidçinin (Nizami Cəfərovun bu sətirlərin müəllifinin) etimadını qazanıb, hər iki kitabda həmin tənqidçilərin ön sözü ilə qarşılaşırıq.

Birinci kitabla ("Bir əlçim ümid") ikinci kitab ("O kənd") arasında cəmi bir il zaman məsafəsi var, amma insafən, bu bir ildə onun axtarışlarının şahidi oluruq. Birinci kitabındakı şeirlər heca vəznində, ikincidə isə sərbəstdədir. Müqayisə eləyəndə görürük ki, ikinci kitabda İltimas, necə deyərlər, daha səmimidir, yəni öz yolunu, şeirdə hansı səmtə üz tuta biləcəyini müəyyənləşdirməyə çalışıb. Əlbəttə, şeirin hansı vəzndə yazılması deyil, necə yazılması əsas şərtdir, amma yolun düzgün seçilməsi mühüm məsələdir.

Hər bir şair ədəbiyyata gəlirkən ilk növbədə, ona nail olmaq istəyir ki, təzə söz desin. Amma təbii ki, bu, o qədər asan məsələ deyil. Siftə-siftə həmin cavan şair hansı şairinsə ya şairlərinsə təsiri altına düşür, amma istedadı axtarış həvəsi varsa, gec-tez bu təsirdən ayrılır, öz yolunu tapır. İltimasın birinci kitabında bu təsir hiss olunur. Belə ki, o, bir çox şeirlərində məlum mövzulara müraciət edir məlum bədii priyomlardan istifadə edir. Amma o şeirlərdə nəzərə çarpan məziyyət budur ki, hissləri səmimidir biz bu hisslərlə yaşaya bilirik:

Gözəl Qarabağım müqəddəs anam,

Gör necə sızlayır ürəyim kimi.

Sükut içindədir, baharı qışdır,

Həsrəti əlimdən alıb səbrimi.

 

Bu acı kədərdən gülərmi gözüm,

Ümidin yoluna çöküb çən, duman.

Axır göz yaşlarım, islanır sözüm,

Hanı Şuşa, Laçın, hanı Zəngilan?

 

Qurban məzarına Dədə şəmşirin,

Uyuya bilmirsən sən orda rahat.

Yenə misra-misra ağlayır şeirim,

Ya Rəbbim, bu dərdə yoxdurmu nicat?

 

Səmimidir, təbiidir bu hisslər. Amma istəməzdim ki, İltimas bundan sonra Qarabağ həsrəti çəkəndə göz yaşlarından sözləri islansın. Doğrudur, şeirin son bəndində İltimas "Qələbə eşqiylə qəlbim döyünür" deyir, amma arzulardıq ki, bu cavan şair həmişə qələbə barədə fikirləşsin, bu anlarda sərhədlərimizin keşiyini qoruyan Azərbaycan əsgərlərinin duyğu düşüncələrini qələmə alsın.

İltimas Səmimi Lerik rayonunun Veri kəndində dünyaya göz açıb. O kənd dağlar qoynunda yerləşir gözəl təbiət mənzərələri ilə onu görənləri valeh edir.

 

Tanrım,

mən sənin bəndənəm.

Göy üzünün yamacında

görünən

o qarşı kənddənəm.

 

Bu ilk misralardan elə görünür ki, qarşımızda o kəndin poetik tablosu canlandırılacaq. Amma:

 

Tanrım,

mələklər ətəyini çırpır,

soyuq-soyuq, bəyaz-bəyaz,

tənhalıq tökülür

o kəndin üstünə.

Deməli, niyyət başqadır. həmkarım Nizami Cəfərov doğru buyurur ki: "İltimas "O kənd"dən daha çox "bu dünya"dan bəhs edir, daha doğrusu, "taleyi bir tükdən asılı" bu dünyanın gələcəyi üçün ilahi bir məsuliyyət daşımaq istəyir". Çox maraqlı səslənir - "Ağaclar, otlar baş götürüb, qaçmaq istəyir o kənddən" - bu artıq kənd haqqında düşüncələrin dünya ilə assosiasiyasına gətirib çıxarır.

Deyirlər ki, şair özünü yazır, öz taleyini qələmə alır. Bu fikri İltimasın şeirləri barədə söyləmək olar. Həm onun öz taleyini yazması təkcə özünə aid olmur, mənsub olduğu gəncliyin o cür düşünən kəslərinə aid olur.

 

Biz taleyimizdən əvvəl,

ya da sonra doğulanlarıq.

Biz ömrünün ayları, illəri

bir ovuc buğda kimi

ehtiyac yollarına dağılanlarıq.

 

Dünyanın bu qarışıq zamanında bu sayaq pessimist düşünənlər var. Amma bunu da təbii qəbul etmək lazımdır.Çünki sovet dönəmindəki "nikbinlik pafosu" artıq iflasa uğramaqdadır.

Müstəqilliyin verdiyi bu mənəvi azadlıqlar çox gözəldir, amma eyni zamanda sıxıntılar da, iztirablar da gəncliyin qapısını döyür hamı nikbin ola bilməz. İltimas Səmiminin şeirlərində o sıxıntılara, həyati qayğılara qarşı daxili etirazlar nəzərə çarpır.

 

Bir şam işığının ətəyində

titrəyən qaranlıqlar,

Misra-misra ağaran tənhalıqlar

Üstünüzdən bu şam işığını çırpın

Çırpın ömrünüzü bu şam işığından.

 

Təbii iki, hər bir qaranlığın sonu yoxdur, çünki ardınca işıqlı səhərlər gəlir İltimas kimi duyğulu gənclərin bu "şam işığının ətəyində titrəyən" qaranlıqdan xilas olacağına heç bir şəkk-şübhə yoxdur.

İltimasın şeirlərində axtarış həvəsi duyulur. Deyir ki: "Canımdakı Od, Qanımdakı Su, nəfəsimdəki Hava, Bədənimdəki Torpaq misra-misra daşır" - buna inanmaq olar ki, o, bədənindəki, canındakı bu enerjini sözlərin ehya edilməsinə, obrazlı ifadəsinə sərf edəcək. Bax, bu şeirdə olduğu kimi:

 

Çiçəkləri sevirəm,

Xanım çiçəkləri.

Bir körpənin təbəssümündə çimən

anam çiçəkləri sevirəm.

 

Gözümdə

yaylıq kimi yellənən

bir alın yazısı,

ruhumda

bir körpə çığırtısı...

...Çiçəkləri sevirəm...

 

Qoy bu sevgin bol olsun, dünyaya sığmasın

 

 İltimas Səmimi!

Ədalət.-2015.-17 aprel.-S.6.