AZƏRBAYCAN
YANĞINSÖNDÜRƏNLƏRİ 1941-1945-ci İLLƏR
BÖYÜK VƏTƏN MÜHARİBƏSİNDƏ
Azərbaycan xalqı
faşizm üzərində tarixi Qələbəyə sanballı
töhfə vermişdir. Bu
Qələbənin əldə olunmasında, SSRİ-nin bu
müharibədə qazandığı tarixi qələbədə
çox böyük payı olan Azərbaycan xalqı
özünün 600 mindən çox oğul və
qızını cəbhəyə yola salmışdı.
İkinci Dünya müharibəsində şərəfli
döyüş yolu keçmiş Azərbaycan
övladlarının tarixi şücaətləri heç
vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə vətənpərvərlik
nümunəsi olacaqdır.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Mayın
9-da faşizm üzərində tarixi qələbənin 70 ili tamam olur. Keçmiş Sovet
İttifaqının Böyük Vətən müharibəsi
illərində alman-faşist işğalçılarına
qarşı mübarizəsində digər xalqlarla
yanaşı Azərbaycan xalqı da ön və arxa cəbhədə
şücaət və igidliklər göstərmiş,
ümumbəşəri borcunu ləyaqətlə yerinə
yetirərək faşizm üzərindəki qələbəyə
öz dəyərli töhfələrini vermişdir. Azərbaycanın minlərlə oğul və
qızı İkinci Dünya müharibəsində faşist
cəlladlarına ağır itkilər vermiş,
xalqımızın çoxəsrlik qəhrəmanlıq
salnaməsinə şanlı səhifələr
yazmış, Qələbənin təmin olunmasında öz
sözlərini demişlər.
Faşizm üzərində qələbənin
qazanılmasında Azərbaycan yanğınsöndürənləri
də rəşadətlə mübarizə aparmışlar. 1941-1945-ci illərin
sovet-alman müharibəsi onlar üçün ciddi bir
sınaq dövrü oldu. O qanlı-qadalı illərdə
Azərbaycanın yanğın təhlükəsizliyi
qurumları çətin sınaqdan uğurla çıxaraq
öz vəzifələrinin öhdəsindən layiqincə gəldilər.
Hələ faşist Almaniyasının keçmiş
SSRİ-yə hücumundan əvvəl İttifaq miqyasında,
o cümlədən Azərbaycanda yanğın təhlükəsizliyi
ilə bağlı ciddi tədbirlər həyata
keçirilmişdi. Azərbaycan K(b)P MK-nın və Azərbaycan
SSR Xalq Komissarları Sovetinin 1941-ci il 5 may tarixli xüsusi qərarı
ilə yanğından mühafizə orqanlarının üzərinə
təxirəsalınmaz vəzifələr qoyuldu. Həmin qərarla müharibə təhlükəsinin
gerçəkləşdiyi bir vaxtda hərbiləşdirilmiş
yanğın komandalarının rəislərinə hərbi
komissarlar və ictimai təşkilatlarla əlaqə
saxlayıb komandalarda olan boş vəzifələrə təcili
olaraq namizədlər tapılması, onların mənzil
problemlərinin həll edilməsi
tapşırılırdı. Qərar yanğın təhlükəsizliyinin
təmin edilməsi üçün evlərin və müəssisələrin
damlarının, pilləkənlərinin, girişlərin,
dalanlarının təcili olaraq təmizlənməsini,
artıq əşyalardan azad olunmasını, evlərin və
müəssisələrin zəruri yanğın-texniki
avadanlıqlarla, su, qum ehtiyatı ilə təmin edilməsini,
yaşayış yerlərində, təsərrüfatlarda
yanğından mühafizə özəklərinin
yaradılmasını, yanğın komandalarının xidməti
ərazilərində yaşayan sakinlərin ən azı 15
faizinin könüllü yanğın cəmiyyətinin
üzvlüyünə cəlb edilməsini, elektrik xətlərinin
və bütün qızdırıcı sistemlərin
sazlığının, tezalışan maddələrin
saxlanma qaydalarının, su mənbələrinin vəziyyətinin
yoxlanılmasını, ən qısa müddətdə ərazilərin
məişət və sənaye tullantılarından təmizlənməsini
tələb edirdi. Qərarda qeyd olunurdu ki,
adamların çox toplaşdığı yerlərə
bombalar atılarkən baş verə biləcək
yanğınların söndürülməsi haqda təbliğat
xarakterli məruzələr oxunsun, izahat işləri
aparılsın. Prokurorluq orqanlarından
yanğın təhlükəsizliyi qaydalarını pozanlar
haqda ciddi tədbirlər görülməsi tələb edilirdi.
Faşist Almaniyasının SSRİ-yə hücumunun elə
ilk günlərindən Azərbaycanın yanğından
mühafizə qurumlarında yüksək döyüş
hazırlığı ilə müharibə
dövrünün qaydalarına uyğun xidmət təşkil
olundu. Yanğın təhlükəsizliyi ilə
bağlı təbliğat işi gücləndirildi.
Müharibə illərində neft və neftayırma sənayesinin
yanğın təhlükəsizliyini təmin etmək Azərbaycanın
yanğından mühafizə orqanları qarşısında
duran ən mühüm vəzifə idi. Müharibəyə
məruz qalmış SSRİ-nin duru yanacağa böyük
ehtiyacı olduğundan bu məsələ dövlətin
müvafiq hökumət qurumları tərəfindən ciddi nəzarət
altına götürülürdü. İttifaq
qurumları tərəfindən neft mədənlərinin,
neftayırma zavodlarının yanğın təhlükəsizliyini
təmin etmək məqsədilə təlimatlar
hazırlandı. Neft və neftayırma sənayesi müəssisələrinin
yanğın təhlükəsizliyini təmin etmək
üçün yanğından mühafizə orqanları bir
sıra məsul vəzifələri icra etməli oldular .
Hərbi əməliyyatları müvəffəqiyyətlə
həyata keçirmək üçün neft hasilatında və
neftayırma sənayesində istehsal planlarının yerinə
yetirilməsi son dərəcə vacib idi. Bunun
üçün isə texnoloji rejimi gözləmək və
xüsusilə, yanğın təhlükəsizliyi
qaydalarına ciddi əməl etmək tələb olunurdu.
Müharibə
dövründə neft və neftayırma sənayesi müəssisələrinin
yanğın təhlükəsizliyini təmin etmək məqsədilə
əsasən prioritet olaraq iki mühüm vəzifə müəyyənləşdirildi:
1.
Heç bir yanğına yol verməmək.
2.
Düşmən aviasiyasının hücumu nəticəsində
baş verən yanğınları ən qısa müddətdə
və ən az itki ilə söndürmək .
Müharibə dövrü üçün son dərəcə
əhəmiyyət kəsb edən bu vəzifələri həyata
keçirmək məqsədi ilə neft və neftayırma sənayesi
müəssisələrində yanğın təhlükəsizliyi
qaydalarına riayət olunmasına nəzarət gücləndirildi. Yanğın
yaya bilən və yanğın zamanı işləməyə
mane olan bütün lüzumsuz əşyalar zavod və mədənlərin
ərazisindən çıxarıldı. Yanğınlar zamanı adamların təxliyə
olunması üçün ehtiyat yollar hazırlandı.
Mədən və zavodların
yanğınsöndürmə vasitələri ilə təchizatı
gücləndirildi və yanğından mühafizə orqanları
əməkdaşları tərəfindən zavod və mədənlərdə
yanğın təhlükəsizliyi ilə bağlı
geniş izahat işləri aparıldı.
Müharibənin elə ilk günlərindən Azərbaycan
yanğınsöndürənləri gecə-gündüz
bilmədən mədənlərdə, zavodlarda texnoloji
qaydalara əməl olunmasını ciddi nəzarətdə
saxlayırdılar. Yanğından mühafizə xidməti tərəfindən
yolların neft tullantıları ilə çirkləndirilməsinə,
neftin mədənlərin ərazilərinə
dağıdılmasına və neft gölməçələrinin
əmələ gəlməsinə qarşı ciddi
mübarizə aparılırdı.
Müharibə illərində yanğından mühafizə
orqanlarının təklifləri ilə taxta buruqlar tədricən
dəmir buruqlarla əvəz edilir, neft gölməçələrinin
əmələ gəlməməsi üçün
kanalizasiya sistemindəki qüsurlar aradan
götürülür, fontanlar zamanı ətrafa
dağılmış gilli məhlulun gediş-gəlişə
mane olmaması üçün onlar mədən ərazisindən
təmizlənirdi.
Müharibə dövründə neft məhsullarının
nəql olunduğu boru kəmərlərinin də
yanğın təhlükəsizliyi diqqət mərkəzində
idi. Neft kəmərlərində qəza baş verərkən
neftin mədənlərə və digər ərazilərə
axmasının və bununla yanğın təhlükəsinin
artdığını nəzərə alaraq bu sahələrə
baxan yanğın mühafizə orqanları bir sıra
profilaktik xarakterli tədbirlər həyata keçirdilər.
Yanğından mühafizə işçiləri mədənlərdə
vəzifəsindən asılı olmayaraq, hər bir kəsin
yalnız xüsusi ayrılmış yerlərdə siqaret
çəkmələrinə, açıq alovdan istifadə
olunmamasına, fişəng atılmamasına, tonqal
qalanmamasına, qaynaq işlərində yanğın təhlükəsizliyi
qaydalarına əməl olunmasına nəzarət edirdilər.
Yanğından mühafizə orqanlarının təklifləri
əsasında buruqlara, habelə yanğınların
söndürülməsi üçün nəzərdə
tutulmuş su anbarlarına və çənlərinə gedən
yollarda maneələr ləğv edilir,
yanğınsöndürmə vasitələrindən təsərrüfat
işlərində istifadə olunması qadağan olunurdu.
Müharibə
illərində neft və neftayırma sənayesi müəssisələrini
düşmən aviasiyası tərəfindən atıla biləcək
bombaların təhlükəsi də gözləyirdi Bu
bombalar kütləvi yanğınlar əmələ gətirməklə
yanaşı, baş vermiş yanğınların
düşmənin bombardmançı aviasiyasının
sonrakı döyüş əməliyyatlarına istiqamət
verdiyinə, hədəfin müəyyənləşdirilməsinə
kömək göstərdiyinə görə bu təhlükəyə
yanğından mühafizə orqanları xüsusi diqqət
yetirirdilər.
Neft və neft məhsulları saxlanılan yeraltı
anbarların daha etibarlı qorunması və ora düşmən
ünsürlərin müdaxilə edə bilməməsi də
diqqət mərkəzində idi. Azərbaycan K(b)P
MK-nın və Azərbaycan Xalq Komissarları Sovetinin 1942-ci il
24 mart tarixli qərarı da məhz bu zərurətdən irəli
gəlmişdi. Qərar yanğından mühafizə
orqanları qarşısında konkret vəzifələr qoyurdu .
Müharibə illərində yanğınsöndürənlər
strateji əhəmiyyət kəsb edən pambığın
yanğından qorunmasında öz səylərini
artırdılar. Buna görə də Azərbaycanın
rayonlarında da yanğın təhlükəsizliyi diqqət
mərkəzində idi. Respublika rəhbərliyi
tərəfindən yanğın təhlükəsizliyi kimi
vacib bir məsələnin təminatı tək yanğın
komandalarının deyil, bilavasitə rayon icraiyyə komitələrinin
üzərinə qoyulurdu. Azərbaycan Xalq Komissarları
Soveti sədrinin bütün rayonların icraiyyə komitələrinin
sədrlərinə ünvanlandığı 1942-ci il 20 iyun tarixli göstəriş məktubunda qəti
olaraq tələb olunurdu ki, "bir yanğına belə yol
verilməməlidir".
Həmin
məktubda həmçinin rayon icraiyyə komitələrinin
sədrlərindən tələb olunurdu ki, kənd təsərrüfatı
məhsullarının yanğından qorunması
üçün bütün yaşayış məntəqələrinin
yanğın təhlükəsizliyi vəziyyəti
yoxlanılsın, mövcud nöqsanlar ən qısa müddətdə
aradan qaldırılsın, kənd təsərrüfatı məhsullarının
qorunması üçün yalnız inanılmış
kolxozçular yanğından mühafizə işinə cəlb
olunsunlar və texniki cəhətdən nasaz olan texnikanın
istismara buraxılması qadağan edilsin.
Müharibə illərində neçə-neçə
yanğın komandaları yaradıldı. Nəinki
müəssisələrin bütün sexlərində,
emalatxanalarında, həmçinin yaşayış evləri
də yanğından mühafizə vasitələri ilə təmin
olunurdu. Təsadüfi deyil ki, hərbi
şəraitdə yanğınların sayı dinc vaxtla
müqayisədə demək olar ki, iki dəfə
azalmışdı.
...1942-ci
ilin sentyabrında, cəbhə Qroznıdan 30 km məsafədə
olarkən düşmən aviasiyası şəhərdə
yerləşmiş neftayırma zavodlarına və neft saxlama
məntəqələrinə hücum etdi. Güclü
yanğınlar baş verdi. Ən çətin
söndürülən yanğınlardan biri 1942-ci il sentyabrın 10-da Qroznı neftayırma
zavodlarında başlanan yanğın idi. Həmin
yanğında içərisində neft məhsulları olan
139 rezervuar və 40-a yaxın zavod qurğusu yanırdı.
Zədələnmiş rezervuarlardan
tökülən yanan neft neftçilərin qəsəbəsinə
doğru axmağa başlamış, bütün sənaye
rayonu və yaşayış massivləri üzərində təhlükə
yaranmışdı. İki gündən
sonra düşmən aviasiyası şəhərə və
şəhərin neft sənayesi yerləşən rayonuna
ikinci zərbəni vurdu. Çox da böyük olmayan ərazidə
212 yanğın baş verdi. İçərisində 100 min ton mazut saxlanılan
açıq çuxur alışdı. Bu
çətin günlərdə Qroznı şəhərinin
yanğın mühafizə işçilərinə Azərbaycanın
yanğın-söndürənləri qardaşlıq
yardımı göstərdilər. Azərbaycan
yanğınsöndürənlərinin Qroznının
odlu-alovlu yerlərində yanğınların
söndürülməsi zamanı göstərdikləri xidmət
böyük bir qəhrəmanlıq nümunəsi idi. Azərbaycan yanğınsöndürənlərinin
Qroznıdakı qəhrəmanlıqları SSRİ rəhbərliyi
tərəfindən yüksək qiymətləndirildi.
Müharibə
illərində hökumət və partiya orqanları
yanğın təhlükəsizliyi ilə bağlı zəruri
tədbirləri təxirəsalınmadan həyata keçirirdilər .
AK(b)P MK
və Azərbaycan SSR XKS -nin 1942-ci il 24 mart tarixli qərarına
əsasən əlaqədar təşkilatlar
qarşısında torpaq anbarlarda neft və neft məhsullarının
saxlanılmasını yaxşılaşdırmaq
üçün bir sıra tədbirlər həyata
keçirmək vəzifəsi qoyuldu. Azərbaycan
yanğınsöndürənləri bu işə də
yaxından köməklik göstərdi.
Şəxsi heyətin peşəkar
hazırlığını yüksəltmək məqsədi
ilə YMİ rəhbərliyi bütün imkanlardan istifadə
edirdi. O
dövrdə komsomol, həmkarlar və s. təşkilatların
keçirdikləri müxtəlif kütləvi tədbirlərin
iştirakçılarının sıralarında Azərbaycan
yanğınsöndürənləri öncül yerləri
tuturdular. Respublika yanğından mühafizə
sisteminin qurumlarında şəxsi heyətin
hazırlığının yüksəldilməsi üzrə
mütamadi olaraq məqsədyönlü işlər
görülürdü.
Faşist Almaniyası ilə mübarizə illərində
yüzlərlə Azərbaycan yanğınsöndürəni
könüllü olaraq silaha sarılıb cəbhəyə
getdi. Onlar
müharibənin ən qızğın yerlərində
düşmənlə mübarizədə doğma Azərbaycanın
adına şöhrət gətirdilər.
Belə mübariz döyüşçülərdən
biri İsmayıl Quliyev idi. Yanğın
sahəsi üzrə orta ixtisas təhsili olan İsmayıl
müharibənin ilk günlərində Bakıda bir çox
çətin və mürəkkəb yanğınların
söndürülməsində yaxından iştirak etmiş
və xalqın sərvətini oddan qorumuşdu. 1942-ci
ildə faşist Almaniyasının işğalçı
orduları Qafqaza tərəf irəliləyəndə, neft
Bakısına can atanda İsmayıl Quliyev
yanğınsöndürən formasını hərbi forma ilə
əvəz etdi. Onun döyüş yolu Qafqazdan
başladı. Azərbaycanlılardan ibarət
qəhrəman 416-cı diviziyanın tərkibində dəfələrlə
yaralansa da, ölümə baş əyməyib müharibənin
son gününədək silahını yerə qoymadı.
416-cı milli diviziyamızın bütün zəfərli
yürüşlərində İsmayıl da iştirak etdi.
Müharibənin ağır günlərində onun sevimli
peşəsi dəfələrlə karına
gəldi. Reyxstaqın monolit sütunlarına həkk
olunmuş "Mən Bakıdanam. Quliyev.
May. 1945-ci il". sözlərinin müəllifi məhz azərbaycanlı
yanğınsöndürən İsmayıl Quliyev idi.
Azərbaycan yanğınsöndürənləri
SSRİ-nin faşist işğalından azad edilmiş bölgələrində
bərpa işlərində də yaxından iştirak
etmişlər.
Azərbaycan yanğınsöndürənlərinin fəaliyyəti
Sovet İttifaqı miqyasında yüksək qiymətləndirilirdi. SSRİ XDİK üzrə
1944-cü ilin yekunları ilə əlaqədar SSRİ xalq
daxili işlər komissarının imzaladığı əmrlə
həmin ilin 4-cü rübü üzrə də
Ümumittifaq sosializm yarışında qalib gəldiyi
üçün SSRİ XDİK YMİ-nin Keçici
Qırmızı bayrağı yenidən Azərbaycan SSR
YMİ-də saxlanılmış, ayrı-ayrı bölmələr
və döyüşçüləri mükafatlandırmaq
üçün isə əlavə olaraq 5 min rubl məbləğində
pul ayrılmışdı.
Qanlı-qadalı müharibə illərində arxada
çalışan Azərbaycan yanğınsöndürənləri
mənfur düşmənin tezliklə məğlub edilməsi
naminə müdafiə fonduna xeyli vəsait
toplamışdılar. 1941-1945-ci illər müharibəsində
Azərbaycanın yanğından mühafizə sisteminin 1018 əməkdaşı
SSRİ-nin müxtəlif orden və medalları ilə təltif
olunmuşdu. Azərbaycan
yanğınsöndürənləri SSRİ Silahı
Qüvvələrinin Ali Baş Komandanı İ. V. Stalindən
dörd dəfə təşəkkür almışdı.
Azərbaycanın
yanğın təhlükəsizliyi qurumlarında uzun illər
şərəflə xidmət etmiş Mircabbar Qafarov, Baba
Bayramov, Allahverdi Hümbətov, Allahqulu Qasımov, Semyon
Marduxayev, Aleksandra Jerdyeva, Ağacan Musayev, Pavel Şirinov,
Nikolay Somakin, Nikolay Sergeyev, Həsən Əhmədov, Xosrov
Əliyev, Abdulsalam Həsənov, İsmayıl
Baxşıyev, Əhməd Eyvazov, Musa Nəsirov, Ələkbər
Fərəcullayev, Ağabala Hüseynov, İbadulla Həşimov,
Həsən Həsənov, İvan Qorbellə, Yusif Əhmədov,
İlya Xarçenko, Sədrəddin Musayev, Anna Surikova, Ağahüseyn
Əbdulov, Kamal Salıkov, Andrey Qonçarov, Ramazan Qurbanov,
Aleksandr Zamçalov və s. 1941-1945-ci illər Böyük Vətən
müharibəsinin odlu-alovlu cəbhələrində qəhrəmanlıqlar
nümayiş etdirmişlər.
Hikmət Xudiyev,
Dövlət Yanğından Mühafizə Xidmətinin
İctimaiyyətlə əlaqələr və təbliğat
sektorunun rəisi, daxili xidmət polkovniki, əməkdar
jurnalist
Ədalət.-2015.-21 aprel.-S.6.