DÜŞMƏN QARŞISINDA QALADI TƏRTƏR

 

"Hər bir kənd təsərrüfatı əməkçisi, hər bir fermer, sahibkar, ümumiyyətlə kənd təsərrüfatı ilə məşğul olan bu sahəyə diqqət yetirmək məsuliyyəti daşıyan təşkilatlar, qurumlar birmənalı şəkildə zəruri olan bütün tədbirləri görməlidilər. Elə etməliyik ki, insanlarımız öz əməklərinin bəhrəsini görsünlər heç bir ərzaq problemi ilə qarşılaşmasınlar".

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

Ölkəmizin regionları içərisində özünəməxsus yeri olan Tərtər həm bugünkü prizmadan baxanda bir qala təsiri bağışlayır. Bir anlıq çox da uzaq olmayan tariximizə səyahət etsək, onda söylədiyimiz fikirlərin reallığına heç kimdə şübhə qalmaz.

1988-ci ilin fevralından başlayaraq zorən cəlb olunduğumuz müharibədə Tərtər rayonunun qarşılaşdığı çətin durumlar, ağır vəziyyətlər yəqin ki, heç kimə sirr deyil. Zaman-zaman düşmən qarşısında mərdanə dayanan Tərtər rayonu onun sakinləri Azərbaycan tarixinə bir qəhrəmanlıq səlnaməsi yazdılar. Demək olar ki, hər gün hücumlara məruz qalan hər gün düşməni yerində oturtmağı bacaran Tərtər rayonunun sakinləri bu müharibədə göstərdikləri qəhrəmanlıqları əmək meydanında da uğurla təkrarlayırlar.

Bu gün müstəqil Azərbaycanın qədim guşələrindən biri olan Tərtər rayonunun sosial-iqtisadi inkişafı bu inkişafın rəqəmlərdə ifadəsi bir daha göstərir ki, həqiqətən Tərtər şəhərində onun ətrafındakı kəndlərdə yeni dövrün sürətli inkişafının nəfəsi aydın bir şəkildə duyulur. Bu inkişaf özünü öncə tikinti-abadlıqda göstərir. Əgər yolunuz Tərtər rayonuna düşərsə, onda söylədiklərimizin siz canlı şahidi ola bilərsiniz. Həmin o real vəziyyəti daha yaxından müşahidə etmək, bu rayonda gerçəkləşən təmir-bərpanı, yenidənqurmanı regionların inkişafına dair dövlət proqramının təbliği sayəsində oxuculara çatdırmaq son dərəcə rahatdı. Çünki burada sözün həqiqi mənasında inkişafın, yeniliyin parametrləri heç bir təqdimatsız diqqəti özünə çəkir.

Bugünlərdə yolumuz Tərtər rayonuna düşmüşdü. Bərdədən keçib bu qədim bizim üçün alınmaz qala kimi möhtəşəm olan şəhərə doğru irəlilədikcə ətrafdakı yaşıllıq, çiçəkləmiş ağaclar, bütövlükdə isə gözəl təbiət mənzərələri xəyalımızı qanadlandırır. Hər tərəfdə sanki bir paklıq, bir könül xoşluğu hakimdi. Ancaq qarşımızdan gəlib keçən bəzi döyüş maşınlarının hərəkətləri bizə bu bölgənin cəbhə xətti olduğunu özü-özlüyündə söyləyir. Üstəlik tarixinə bələd olduğumuz bu yerlərin dünəni yaddaşımızda təzələndikcə biz həm qürur duyur, həm bu torpaq uğrunda qanından, canından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyirik.

Bu da Tərtər şəhəri. Çox da böyük olmayan, amma səliqə-səhmanı ilə diqqəti çəkən bu şəhərdəki insanların üz-gözündən işgüzarlıqla yanaşı, bir narahatçılıq da oxunur. Təbii ki, həmin narahatçılığın səbəbi məlumdur. Elə bir neçə saat bundan öncə (bunu həmsöhbət olduğumuz Tərtər sakini dedi - C.R) düşmən atəşkəsi pozaraq təxribat törətməyə çalışmışdı. Amma öz mövqelərində ayıq-sayıq dayanan əsgərlərimiz düşməni öz yerində oturtmuş hətta onların itki verdiklərini müşahidə etmişdilər. Təbii ki, bütün bunlar səngərlə nəfəs-nəfəsə yaşayan tərtərlilərin, Tərtər şəhər sakinlərinin daimi narahatçılığı nigarançılığıdı.

Bax belə bir bəlli muhitdə yaşayan bölgə sakinləri bir an da olsun əllərini işdən soyutmurlar.

Fikir diqqətlərinin müəyyən hissəsi səngərdə, düşmənin törədəcəyi təxribatlarda olan rayon sakinləri həyat səviyyələrini yüksəltmək, ailə büdcələrini daha imkanlı etmək üçün işdən, torpaqdan səmərəli istifadə etməyə bir anı da olsa boş keçirməməyə çalışırlar.

Biz rayonda olarkən öyrəndik ki, həmin gün Tərtər rayon icra hakimiyyətinin başçısı 2015-ci ilin birinci rübünün sosial-iqtsiadi inkişafının yekunları qarşıda duran vəziflərlə bağlı hesabat yığıncağı keçiribdi. Həmin yığıncaqda səslənən fikirlərin real görüntülərini biz Tərtərdə olarkən elə yerindəcə müşahidə edə bildik.

Xatırlatmaq istərdik ki, rayon mərkəzində ucaldılmış ümummilli liderimiz Heydər Əliyevin abidəsi çox möhtəşəmdi. Ətrafı tər çiçəklərlə bəzədilən bu abidənin yerləşdiyi ərazi demək olar ki, ən yüksək səviyyədə abadlaşdırılıb. Həmin meydanda gəzən cavanlar burada yaradılmış şəraitə görə Azərbaycan prezidenti İlham Əliyev cənablarına, eləcə rayon rəhbərliyinə minnətdarlıqlarını dilə gətirdilər. Onlar vurğuladılar ki, rayonda istifadəyə verilmiş gənclər mərkəzi məhz Ulu Öndərimizin layiqli davamçısı, onun iqtisadi, siyasi kursunu uğurla davam etdirən cənab prezidentimizin tərtərlilərə hədiyyəsidir.

Məhz həmin gənclər mərkəzində keçirilən hesabat yığıncağında çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov vurğulamışdı ki, cari iliniz cənab prezident tərəfindən "Kənd təsərrüfatı ili" elan olunmuşdu. Deməli, bu il kənd təsərrüfatının inkişafına, ərzaq bolluğu yaradılmasına ötən illərdən daha artıq diqqət yetirilməlidi.

Yəni cənab prezidentin söylədiyi kimi, "Hər bir kənd təsərrüfatı əməkçisi, hər bir fermer, sahibkar, ümumiyyətlə kənd təsərrüfatı ilə məşğul olan bu sahəyə diqqət yetirmək məsuliyyəti daşıyan təşkilatlar, qurumlar birmənalı şəkildə zəruri olan bütün tədbirləri görməlidilər. Elə etməliyik ki, insanlarımız öz əməklərinin bəhrəsini görsünlər heç bir ərzaq problemi ilə qarşılaşmasınlar".

Bəli, əgər rayon icra hakimiyyəti başçısının yığıncaq iştirakçılarına təqdim etdiyi hesabata diqqət yetirsək, onda məlum olar ki, bu gün respublikamızda olduğu kimi, Tərtərdə ərzaq təhlükəsizliyinin bütünlüklə təmin edilməsi məsələsi gündəmdə ilk yeri tutur. Bu da təbii ki, görülən işin həm məsuliyyətini, həm mahiyyətini artırır. Deməli, cari ilin birinci rübünün yekunlarına görə, Tərtər rayonunda kənd təsərrüfatının ümumi məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz artmışdı. Təbii ki, bu da Tərtər sakinlərinin torpaqdan daha səmərəli istifadə etməsinin nəticəsidir.

 

(Ardı var)

 

Ceyhun RÜSTƏMOV

Ədalət.-2015.-22 aprel.-S.7.