"YARAT, SƏN KÖÇƏNDƏ
ELLƏR SÖYLƏSİN"
(Aprelin
20-də Xalq şairi M.Rahimin doğum günü idi)
Həmişə Məmməd Rahim
haqqında düşünəndə onun bu
dördlüyünü xatırlayıram:
Mən ağ sular
kimi axıb getmərəm,
Şimşəyəm,
havayı çaxıb getmərəm.
Dünyanı pəncərə
sandı babalar,
Mən ondan mənasız
baxıb getmərəm.
Niyə bu dördlüyü xatırladım? Birincisi, ona
görə ki, Məmməd Rahim Dövran şairi idi və bu
mənada sovet dövrünün şairi olduğu
üçün xoşbəxt idi və özünü
xoşbəxt də sayırdı. Ustad tənqidçi
Məmməd Arif yazır ki, Rahim otuz il bundan əvvəl Səməd
Vurğun, Süleyman Rüstəm, Mikayıl Müşfiq,
Osman Sarıvəlli, Rəsul Rza kimi şairlərlə bir
dövrdə ədəbiyyata gəlmiş və o zamandan bu cəbhədə
fəal çalışmaqdadır. O vaxt 17-18
yaşlarında olan bu gənc şairlərdə sənətkarlıq
hələ zəif olsa da, yeniliyi, müasirliyi duymaq
bacarığı qüvvətli idi. Hakimiyyəti
əllərinə almış fəhlə və kəndlilər
bu gənclərin simasında öz yeni müğənnilərini,
ürək sözlərini ifadə edən yeni ruhlu, yeni
zövqlü şairləri tapmışdılır.
Adları çəkilən o görkəmli sənətkarların
yaradıcılığı, onların nə dərəcədə
Dövran şairi olub-olmadıqları haqda heç nə
demirəm. XX əsr Azərbaycan poeziyasının bir çox
böyük uğurları onların adları ilə
bağlıdır. Və mən Məmməd
Rahimi də bu pleyadaya aid edirəm. Kimsə deyə bilər
ki, poetik istedadına görə Məmməd Rahim tutaq ki, Səməd
Vurğundan, Müşfiqdən, Rəsul Rzadan, Süleyman
Rüstəmdən zəif olmuşdur, bu fikrə qətiyyən
münasibət bildirmədən deyə bilərəm ki,
poetik istedadının dərəcəsindən asılı
olmayaraq onların hər biri bizim üçün əzizdir,
qiymətlidir. O çətin yükü (XX əsr Azərbaycan
poeziyasının yönünü, axarını müəyyənləşdirməkdə)
çəkib aparmaqda hər birinin öz payı var.
Məmməd Rahimi bu gün sırf sovet şairi, yaxud
sovet dövrünün şairi kimi təhlil edənlər
çoxdur. Burada həqiqət bundan ibarətdir ki, doğrudan da
Məmməd Rahim bir çox şeir və poemalarında sovet
quruluşunun tərənnümçüsü olmuşdur,
ilk şeirini yazdığı 1926-cı ildən
ömrünün sonuna qədər o öz məsləkindən
dönməmişdir. Buna görə isə
nə Məmməd Rahimi, nə də digər şairləri
qınamaq olmaz. Heç şübhəsiz, Məmməd
Rahimin vaxtilə partiyaya, Leninə, Stalinə, komsomola həsr
elədiyi şeirlərin, S.M.Kirova ithaf etdiyi "Ölməz
qəhrəman" poemasının indi heç üzünə
baxan da yoxdur, necə ki, o dövrdə yaşamış digər
şairlərin eyni mövzuda yazdıqları şeirləri,
poemaları kimi.
Ancaq bir həqiqət var ki, şairlərin
yaradıcılığını təhlil edərkən
ictimai-siyasi münasibəti və mövqeyi mütləqləşdirmək
olmaz. Vaxtilə
Səməd Vurğunun "Komsomol poeması"nı təhlil edəndə yazırdılar
ki, burada əsas mövzu komsomolçuların Sovet hakimiyyətinin
düşmənləri olan banditlərə və
qaçaqlara qarşı mübarizədən
götürülüb. Deyək ki, belədir.
Ancaq poemada bizi üz-üzə gələn
düşmən qüvvələri deyil, yüksək sənətkarlıqla
işlənən qüvvətli xarakterlər cəlb edir.
Kim deyə bilər ki, Gəray bəy obrazı
komsomolçu Bəxtiyardan zəif çıxıb? Və
hətta kim deyə bilər ki, Gəray bəy
özünə görə haqlı deyildi?
Məmməd Rahimin yaradıcılığına da biz
eyni mövqedən yanaşmalıyıq.
Böyük Vətən müharibəsinin
qızğın çağlarında Səməd Vurğun
"Məmməd Rahimin yaradıcılığı
haqqında" adlı bir məqalə yazmışdı. Məqalə bu cümlələrlə
başlayırdı: "Məmməd Rahimin poeziyası
xalqımız arasında böyük şöhrət
qazanmışdır". Bu, doğrudan da belə
idi. Otuzuncu illərdə onun şeirləri
xalq arasında geniş yayılmışdı. Bu şeirlər ilk növbədə, öz lirik səciyyəsi
ilə seçilirdi.
Əgər Məmməd Rahimin poeziyasını bircə
sözlə səciyyələndirməli olsaq, "lirika"
sözünün üzərində dayanmış olarıq. Onun
bütün yaradıcılığı lirik hisslər
üzərində köklənmişdi. Bu
lirikada nikbinlik, gələcəyə inam hissi çox
güclü idi.O, yeni insanın, onun fikrincə,
azadlığa çıxmış insanın xoş günlərini
tərənnüm edirdi. "Dövrümüzün
adamlarına xas olan zəngin mənəvi aləmi, müxtəlif
duyğuları, arzu və həyəcanları özündə
əks etdirən bu lirika mənaca rəngarəng olduğu
kimi, şəkilcə də müxtəlifdir, oynaqdır"
(M.Arif).
Mən
istərəm şeirimin təravəti duyulsun,
Ağacların, bağların çiçəyində,
gülündə.
Gecələr
çıraq kimi alışsın misralarım
Kolxozçu qardaşımın aynabənd mənzilində.
Bu misralar həmin dövrün-otuzuncu illərin poetik əhval-ruhiyyəsini
əks etdirirdi.
Məmməd Rahimin bir şair kimi daha çox məşhurlaşması
1941-1945-ci illərə düşür. Bu illərdə
M.Rahimin poeziyası sərt və döyüşkən
xarakter aldı. Onun "Üç qardaş",
"Müqəddəs kədər", "İkiqat cinayət",
"Onu Don qucaqladı", "Aslanım partizandır",
"Tək məzar", "Sənsiz" və bir çox
başqa şeirləri oxucular tərəfindən böyük
rəğbətlə qarşılandı. Elə
bil, xalq kimi M.Rahimin şeiri imtahan qarşısında idi.
Məmməd Rahimin şeiri də bu imtahandan
çox şərəflə çıxdı.
Şairin bu illərdəki lirikası öz həzinliyi,
kövrəkliyi ilə diqqəti cəlb edir. Şair yol
gözləyən anaların, bacıların, nişanlı
qızların hiss və həyəcanlarını çox təbii
təsvir edirdi, hər bir şeirində oxucuya inam hissi
aşılayırdı, onu bədbinlikdən, ümidsizlikdən
xilas olmağa səsləyirdi.
Budur,
şair körpə bir qızın ölümünü belə
təsvir edir:
Birdən
güllə açılır, cəllad olur amansız
-Ah -deyərək
sərilir o körpə quş torpağa.
Dönür
ana ürəyi əsən titrək yarpağa
Cumur
çölə
Nataşa vurulmuş gicgahından.
Buludlara girir ay bu körpənin ahından.
...Bir
gövhər tapşırmağa ana torpaq altına
Qollarında balası, gəlir qovaq altına.
Müharibə illərində rus şairi Konstantin Simonov
"Açıq məktub" şeirini yazmışdı. Bu şeir
müharibədə həlak olan bir
döyüşçünün həyat yoldaşına
ünvanlanmışdı. Həmin
qadın döyüşçü ərinin
qayıtmasını gözləməyib ona xəyanət
etmişdi. Məmməd Rahim də elə
bu mövzuda "İkiqat cinayət" şeirini yazdı.
Ancaq Məmməd Rahimin şeirində Simonovdvn
heç bir təsir yoxdur.Bəlkə də bu şeirlər
bir-birindən xəbərsiz yazılmışdır.
Akademik Bəkir Nəbiyev Məmməd Rahimin həmin şeiri
barədə yazır: "Müharibə dövrünün ən
yaxşı əsərlərindən ibarət bir antologiya tərtib
edilərsə, lirikanın o zaman geniş yayılmış
maraqlı nümunələrindən biri kimi M.Rahimin
"İki qat cinayət" əsərini də mütləq
həmin kitaba salmaq lazım gələrdi. Cəmi
on altı beytdən ibarət bu şeirdə çox sadə
bir süjet vargYenicə aldığı məktub əsgəri
sevindirməmiş, onu daha da kədərləndirmişdirgBirdən
döyüş qızışır. Səhər
açılarkən görürlər ki, həmin əsgər
sinəsindən aldığı ağır bir yaradan həlak
olmuşdur. Yanına düşmüş
məktubu oxuyanlara məlum olur ki, arvadı əsgəri
ataraq, başqa birisinə ərə getmişdir. Bu sətirlərin müəllifilə söhbətində
M.Rahim etiraf etmişdir ki, buna oxşar, olmuş bir hadisəni
ona danışmışlar". Müharibə
dövrü üçün belə bir hadisə xarakterik idi.
Dedim: o
kişilər ki, alır əsgər qadını,
Qoy
yaxşıca qorusun öz təzə arvadını,
Səngərdəki
əscərə göstərməyən sədaqət,
Onun da sevgisinə bir gün eylər xəyanət.
Müharibə dövründə yazdığı
şeirlərində M.Rahim də digər şair dostları
kimi oxuculara gələcəyə inam, nikbinlik
aşılayırdı.
Müharibə
mövzusu Məmməd Rahimin yaradıcılığında
müharibədən sonra da davam etdi, müharibədən az sonra şair "Leninqrad göylərində"
poemasını yazdı. Poema təkcə
M.Rahimin deyil, həm də Azərbaycan poeziyasının
uğuruna çevrildi. Həmin əsər
Dövlət Mükafatına layiq görüldü.
"Leninqrad göylərində" poeması Rahimin ən
gözəl və ən uğurlu əsəridir desək, qətiyyən
yanılmarıq. Çünki bu poemada Rahimin poetik
istedadı bütün dolğunluğu ilə üzə
çıxır, Hüseynbala Əliyevin döyüş yolu
və onun qəhrəmanlığı vətənpərvərliyin
poeziyada əbədi dəyər qazanması deməkdir. Vətəni necə sevmək dərsini öyrədir
bu poema. Dəxli yoxdur, o zaman Vətən
deyəndə nəyi düşünürdük.
Poemada elə təsirli səhnələr var ki, indi də
unuda bilmirsən. Ömrümdə bircə dəfə Leninqradda (indi
Sankt-Peterburq) olmuşam və o şəhəri gəzəndə
istər-istəməz Rahimin poemasını və onun qəhrəmanını
xatırladım
Poemada Rahim Hüseynbalanın ölüm səhnəsini
çox böyük ustalıqla təsvir edir, sanki qəhrəmanın
ölümüylə sən də ölürsən. Hüseynbala o
son anlarında Azərbaycanı, Xəzəri, öz kədərli,
ağsaçlı anasını, sevgilisi Nəzakəti
düşünürdü. Mən isə
Sankt-Peterburqda Hüseynbalanı düşünürdüm.
Dünyanın ən gözəl şəhərlərinin
birində həmyerlim Hüseynbalanın harada vurulduğunu
düşünürdüm, xəyalımda o yeri
axtarırdım.Elə bilirdim Hüseynbala yenə göylərdədir,
yenə vuruşdadır:
Üzüldü
əlləri sükandan, aman,
Qapadı
hər şeyi qatı bir dumang
Gedir
çarpışaraq göy üzündə tək,
Rahim sücjetli lirika ustası idi. O, həyatda, cəmiyyətdə
müşahidə etdiyi və yaxud xəbər tutduğu hər
hansı bir hadisədən təsirlənib onu şeirinin
mövzusuna çevirə bilirdi. "Alapalazoğlu"
şeirində məşhur Azərbaycan xanəndəsinin həyatından
kiçik bir epizod təqdim edilir. İranda şahın
məclisinə dəvət olunan xanəndə buradakı
cah-cəlalı görür, insanların qanı-canı
hesabına ucalan bu saray elə bil onun içindəki sənət
ehtirasını söndürür, şah və onun ətrafındakı
yaltaq əyanlar nə qədər təkid edirsə, ona pul təklif
olunursa, Alapalazoğlu oxumur və beləliklə, şahın
qəzəbinə düçar olur. Amma elə
ki, o, saraydan çıxır, dünyanın gözəlliklərini
görür, oxumağa başlayır. Şah bunun səbəbini
soruşanda Alapalazoğlu deyir:
Sən əmr
eyləyəndə yoxdu həvəsim,
Sandım ki, heç zaman olmayıb səsim.
Qubarlıydım azca, susdum bir qədər.
Yaltaqlar,
ilhamı dərk etməyənlər
Qızdırdılar
səni, durub yanında,
Demədilər
axı, oxuyanın da
Qəlbi var, hissi var, möhnəti də var.
Rahimin bir
silsilə "Cənub şeirləri" də var və həmin
şeirlər də süjetli lirikanın gözəl
nümunələridir: "Şatır", "Qara
daşın həsrəti", "Arazın həsrəti",
"Xalçaçı qız", "Mən nə gətirmişəm".
Ümumiyyətlə, bir çox sovet şairləri kimi
Rahimin yaradıcılığında da beynəlxalq
mövzuda yazılmış onlarla şeirlərə rast gəlirik:
"Allah satıcısına", "İlanoynadan",
"Nazim Hikmət azaddırmı", "çılpaq
şəkil çəkdirmiş fransız gözəlinə",
"Pol Robsona məktub", "Kapri
balıqçıları", "Bağdad gecələri",
"Kərbəla", "Yeddi zənci", "Hindli
qardaşıma" və s.
Bu yazıda mən Məmməd Rahimin gözəl sevgi
şeirləri yazdığını da qeyd etməliyəm. Bu şeirlərin
bir çoxunun indi də xanəndələr tərəfindən
şövq ilə oxunduğunu görürəm.
Gözəlim,
başına dönür fələklər,
Sevgi dünyasında soltansan, nəsən?
Ətrin
məst eləyir aşiqlərini
Yoxsa qızıl gülsən, reyhansan, nəsən?
Yaxud:
Saldı
qara gözlərin neçə aşiqi bəndə,
Qız, xaliqin öləydi sənm xəlq eləyəndə.
...Məmməd Rahimdən söz açanda onun tərcüməçilik
fəaliyyətindən də yan keçmək olmaz. Onun tərcüməçilik
fəaliyyəti orijinal yaradıcılığı qədər
dəyərlidir. Çünki Rahim tərcümə
işinə barmaqarası baxmırdı, poetik
istedadının gücü ilə Şərq və Qərb
şairlərinin əsərlərini dilimizdə məharətlə
səsləndirə bilirdi. O, dahi Nizami Gəncəvinin
"Yeddi gözəl" poemasını farscadan dilimizə
çevirmişdi, hələlik bu əsərin ən
yaxşı və uğurlu tərcüməsi Rahimə məxsusdur.
Böyük gürcü klassiki Şota
Rustavelinin "Pələng dərisi geymiş pəhləvan"
əsərinin bir hissəsinin tərcüməsi də Rahimin
qələmindən çıxıb. Puşkinin
"Ruslan və Lyudmila" poeması və bir sıra digər
şeirləri, Lermontovun bir çox şeir və
poemaları, Blokun "On ikilər" poeması da Rahim tərcüməsində
Azərbaycan oxucularına çatdırılıb. Bu tərcümələrin hər biri haqqında
filoloci araşdırmalar aparmaq olar-deyə bilərik ki,
onların bir çoxu indi də öz poetik gözəlliyini
saxlayır. Ancaq buna vaxt yoxdur və mən Məmməd
Rahimin M.Y. Lermontovdan elədiyi "Qafqaz" şeirini misal
çəkəcəyəm:
Gəncliyim
şölə saçarkən necə bir nurlu çıraq,
Ey cənub
dağları, düşdümsə əgər sizdən iraq,
Yenə
dalsam sizə, xoş xatirələr canlanacaq,
Vətənin
dadlı, şirin nəğməsitək hey qəlbən
Sevirəm
Qafqazı mən!
Sizdə
xoşbəxtdim, a dağlar, kahalar, gen düzlər!
Keçdi
beş il, yenə könlüm sizi həsrət
izlər.
İki
göz gördüm o yerlərdə, ilahi gözlər
Yada
düşdükcə pıçıldar ürəyim min
yerdən
Sevirəm
Qafqazı mən!
...Məmməd Rahimin doğum günü münasibətilə yazdığım bu məqaləni şainin iki misrası ilə bitirmək istəyirəm. Bu iki misra gözəl əməllər yadigar qoyub dünyadan köçənlərə aiddir. Məmməd Rahimə də.
Yarat, sən köçəndə ellər söyləsin:
Dünyadan nə gözəl bir insan gedir.
Ədalət.-2015.-22
aprel.-S.7.