"FƏXRİ KÜRSÜ"də
Rafael Ağayev : "Bir ayağımla da
olsa, Avropa Oyunlarının qalibi olacağıma söz verirəm"
"İlk məşqdə məşqçim
məni döymüşdü"
Rafael Mahir oğlu Ağayev 1985-ci ildə Azərbaycan respublikasının Sumqayıt şəhərində dünyaya gəlib. O, çıxış
etdiyi karate idman növündə dünyanın ən titullu
idmançılarından hesab olunur. Böyüklər
arasında dördqat dünya, səkkizqat Avropa çempionu
olan idmançımız 2013-cü ildə İslam
Oyunları turnirinin də baş mükafatına sahib
çıxıb. Bundan başqa, o, 6 dəfə qitə
çempionatının bürünc və 2 dəfə
mundialın gümüş mükafatçısı olub.
Adalet.az-ın "Fəxri
kürsü" rubrikasının növbəti qonağı
dünya karatesinin azərbaycanlı brilyantı Rafael
Ağayevdir.
"Avropa
çempionatı mənim üçün ikiqat əhəmiyyət
kəsb edirdi"
- Rafael bəy,
keçən ay Türkiyədə keçirilən Avropa
çempionatında fəxri kürsünün ən yüksək
pilləsinə qalxdınız. Turnir haqda təəssüratlarınızı
öyrənmək maraqlı olardı...
- Avropa
çempionatı mənim üçün ikiqat əhəmiyyət
kəsb edirdi. Çünki zədə səbəbindən
bir il idmandan kənar qalmışdım. Hamı düşünürdü ki, artıq Rafael
idmandan uzaqlaşıb, çətin qayıdar. Bu baxımdan üzərimdə böyük məsuliyyət
vardı. Düzdür, tam sağalmamışdım,
amma milli komandaya cəlb olunub, etimadı artıqlamasıyla
doğrultdum. Yarış çox çətin
keçdi. Mənimlə eyni qrupda qərarlaşan
idmançılar çox güclü idilər. İkinci döyüşdə məğlub etdiyim
italyan Luici Busa 75 kiloqram çəki dərəcəsində
dünya karatesinin liderlərindən hesab olunur.
İlk dəfə idi ki, bir xal belə, vermədən
Avropa çempionu oldum. Bununla da sübut etdim ki, azərbaycanlı
Rafael Ağayev var və hələ də formadadır. Nə qədər ki, canım suludur,
çalışacam ki, uğurlu çıxışımla
Azərbaycan bayrağını yüksəldim, himnimizi səsləndirim.
- Fəxri kürsüdə göz
yaşlarınızı saxlaya bilmədiniz. Sizi
belə duyğulandıran səbəb nə idi?
- Bu sevinc
və fərəh göz yaşları idi...Mən həmişə
himnimiz çalınarkən fəxri kürsüdə göz
yaşlarımı saxlaya bilmirəm.
- Sizin Avropa çempionluqlarınızın
sayı haqda birmənalı məlumat yoxdur. Dəqiq
neçədir?
- Bu
mövzuya yaxşı toxundunuz. Mənim qitə
çempionluqlarımın dördü yeniyetmə və gənclər
arasında olub. Bu, WKF-in rəsmi
saytında 12 olaraq vurğulanır. Əksər
mənbələrdə isə tək böyüklər
arasında qazandığım nəticələr qeydə
alınır. Böyüklər
arasında 8 dəfə Avropa çempionu olmuşam.
- Sonuncu
dünya çempionluğunuzdan artıq 5 il
keçir...
-
Axırıncı dəfə 2012-ci ildə dünya
çempionatında iştirak etmişəm. Orda
da finaladək gəlmişdim. Bərabər
səviyyədə keçən həlledici
görüşün qalibi hakimlərin rəyi ilə bayaq bəhs
etdiyim italyan idmançı oldu. Bu nəticədə
də günahı hakimlərdə deyil, özümdə
gördüm, daha yaxşı çıxış etsəydim,
qələbə mənim olardı. 2014-cü
ildə zədə səbəbindən mundialdan kənar
qaldım. İnşallah, 2016-cı ildə
keçiriləcək dünya çempionatında əlimdən
gələni edəcəm ki, beşinci dəfə dünya
çempionu olum.
"Karyeramın zirvə
yarışı olaraq məhz Avropa Oyunlarını qəbul
edirəm"
-
Qarşıdan I Avropa Oyunları gəlir və siz bu
yarışda iştirak edəcəksiniz. Hər kəs də
sizdən yalnız qızıl medal gözləyir...
-
Karyeramın zirvə yarışı olaraq məhz
paytaxtımızda keçiriləcək Avropa
Oyunlarını qəbul edirəm. Hazırda
bütün diqqətimi bu mötəbər turnirə yönəltmişəm.
Açılış mərasimindən bir gün sonra -
iyunun 13-də karate yarışlarına start veriləcək. Azərbaycan yığma
komandası da bu yarışda kumite və kate
növlərində tam heyətlə - 6 kişi və 6
qadın idmançı ilə təmsil olunacaq.
Dekabr
ayından turnirə hazırlıq prosesinə start verilib. Ölkəmizin bir neçə regionunda təlim-məşq
toplanışı keçmişik, hazırlıq xarakterli
üç turnirdə - yanvarda Fransada, fevralda Hollandiyada
keçirilən beynəlxalq turnirlərdə və keçən
ay Türkiyədə Avropa çempionatında iştirak
etmişik. Bundan sonra bizi cəmi bir
yarış gözləyir ki, o da Lüksemburqda keçiriləcək
beynəlxalq turnirdir.
Biz Avropa oyunlarında çalışacağıq ki,
komanda hesabında da birinci olaraq Azərbaycan karatesinin qüdrətini
bütün dünyaya göstərək.
- Siz paralel olaraq həmçinin məşqçilik
fəaliyyəti ilə də məşğul olursunuz. Tələbələrinizdən bu turnirdə nə
gözləntiləriniz var?
- Mən
16-20 yaşlılara təlim keçirəm. Onların
arasında artıq milli komandada çıxış edən
idmançılar var. Açığı, onları sırf
mənim tələbələrim adlandırmaq düzgün
olmazdı, hər birinin ayrı-ayrılıqda öz şəxsi
məşqçiləri var.
Mənim yeniyetmələr üzrə məşqçisi
olduğum Ayxan Mamayev bu yarışda iştirak edəcək
ki, o, artıq qitə və dünya çempionatlarında
sözünü deməyi bacarıb.
Hazırlaşdırığım idmançılarla
bir zalda məşq edirik, bir oteldə qalırıq, onlar mənə
müəllim deyəndə buna etiraz edirəm. Belə olduqda
aramızda daha səmimi, xoş münasibət olur.
Avropa Oyunlarında sonra yenidən məşqçilik fəaliyyətinə
başlayacam.
Əlimdən gələni edəcəm ki, gənc
nəsilin formalaşmağına töhfə verim.
-Yığma komandanın üzvləri
arasında daha çox kimlərdən medal gözləyirsiniz?
-
Qızlar haqqında heç nə deməyəcəm. Çünki onların hazırlıq prosesindən
xəbərsizəm. Oğlanların isə
hər biri nəticə göstərmək
iqtidarındadır. 60 kiloqram çəki dərəcəsində
Firdovsi Fərzəliyev, 67-də Niyazi Əliyev, 75-də mən,
84 kiloqramadək olan çəki dərəcəsində
Ayxan Mamayev və ən ağır çəki dərəcəsində
kapitanımız Şahin Atamov ölkəmizin şərəfini
qoruyacaq. İçi mən qarışıq
onların hər biri bu yarışda qələbə qazanmaq
istəyi ilə alışıb-yanır. Çempionluq da olmasa, adını çəkdiyim
idmançıların mükafatçılar sırasına
düşəcəyinə inanıram.
- Komandanın kapitanı nə əcəb
siz deyilsiniz?
- Bir
neçə il mən olmuşam. Sonradan komanda olaraq belə qərara gəldik ki,
Şahin Atamov kapitan olsun. Biz belə məsələlərə
o qədər də fikir vermirik. Qarşımızda
duran əsas məqsəd nəticə qazanmaqdır. Onsuz da nəticə qazanan idmançı simvolik
olaraq komandanın kapitanı hesab olunur (gülür).
"18-20
yaşda çətinliklə qalib gəlirdimsə, 30
yaşımda bir xal belə, vermədən çempion
oluram"
- Artıq 30 yaşınız var. Bu
yaş da idmançı karyerasının qürub
çağı anlamına gəlir. Karyeranızı
bitirməyi haçana planlaşdırmısınız?
- İdmançıların əksəriyyyəti 28-30
yaşında karyerasına son qoyur. Mən isə bu yaşda
özümü qətiyyən qoca hiss etmirəm. Əksinə, 18-20 yaşda çətinliklə
qalib gəlirdimsə, 30 yaşımda bir xal belə, vermədən
çempion oluram. Özünü tərifləmək
kimi çıxmasın, rəqiblərim üç ciddi rəqib
sırasında məni görürlərsə, çəkinirlərsə,
deməli, mən varam.
Hələlik idmandan uzaqlaşmaq fikrim yoxdur.2017-ci ildə
paytaxtımızda təşkil olunacaq İslam Oyunlarına da
qatılacam.
Zədələr və sağlamlığım imkan versə,
2020-ci-ildə paytaxtımızda keçiriləcək qitə
çempionatında da iştirak etmək fikrim var. Həmin il ola bilsin, karate olimpiya oyunlarının
proqramına daxil edildi.
- Olimpiya oyunlarında iştirak istəyi
sizdə nə dərəcədə güclüdür?
-
Çoxları deyir ki, olimpiadada iştirak elə qalib olmaq
kimi bir şeydir. Amma mən bu fikirlə qətiyyən
razılaşmıram. Professional
idmançı hər turnirdə iştirak edə bilər,
amma qalib gələ bilməz. Mən
çox istərdim ki, dördiliyin zirvə
yarışında iştirak edərək vətənimizin
bayrağını yüksəldim, himnini səsləndirim.
Qismət olsa, nə xoş mənə...
- Haçansa karateyə yaxın olan
olimpiya idman növlərində çıxış etmək
fikriniz olub?
- Xeyr. Mən realist insanam.
- Bəs bununla bağlı sizə təklif
gəlib?
- Təkliflər
olub, qəbul etməmişəm. Düşünürəm
ki, hər bir idman növünün öz peşəkarı
var. Məsələn, cüdoçu gəlib məni karatedə
məğlub edə bilməz. Eləcə
də mən onu.
- Bir
çox məşhur idmançılarımız qeyri-olimpiya
növündən olimpiya növünə keçərək
uğurlu nəticələrini orda da təkrarlamağı
bacarıb. Məsələn, olimpiya
mükafatçımız Mövlud Mirəliyev cüdoya məhz
sambodan gəlmişdi...
- Dərindən
bələd olmasam da, cüdo ilə sambo ilk baxışdan
çox yaxın idman növləri təsiri
bağışlayır.
- İlk
baxışdan taekvondo ilə karate də bir-birinə yaxın
təəssürat oyadır...
-
Qıraqdan elə görünür.
Mən karatedə birinci olduğum halda gedib taekvondoda
dördüncü, beşinci olmağı heç cür qəbul
edə bilmərəm. Qeyri-olimpiya növü olsa da, karate
üzrə Azərbaycanı dünya arenasında layiqincə
təmsil edirəmsə, bu mənə bəsdir.
- Karatenin olimpiya oyunlarının
proqramına salınmasına mane olan əsas səbəb nədir?
- Tam məlumatlı
deyiləm. Sonuncu dəfə seçim ediləndə
cəmi 3 səsimiz çatmadı. 2020-ci il
üçün əsas namizədlər sumo və karatedir. İnşallah, karate seçilər.
- Sumoyla
mübarizədə karate daha şanslı
görünür...
- Mən
də elə düşünürəm.
"Bir
çox ölkələrdən mənə təklif gəlib"
- Sizə
digər yığma komandalardan təklif gəlməmiş
olmaz...
- Bir
çox ölkələrdən təklif gəlib. Mən hamısını rədd etmişəm.
- Təkliflər indi şərtlərdən
daha cəlbedici idi yoxsa əksinə?
- Maddi cəhətdən,
bəli. Amma pul həyatda çox şeyi həll
edir, hər şeyi yox. Mənim ailəm, dostlarım
burdadırsa, başqa yerdə heç cür xoşbəxt ola bilmərəm. Qərarlarıma
görə də heç peşman deyiləm.
- Keçək söhbətin ikinci
hissəsinə...Maraqlıdır, bir idmançı olaraq əsas
silahınız nədir?
-
Bütün rəqiblərimdən çox məşq edirəm.
Bunun da nəticəsidir ki, illərdir stabil
çıxış edirəm.
-
İdmana gəlişinizin əsas səbəbkarı kim olub?
- Uşaq
olarkən Brus Linin filmlərinə baxaraq əlbəyaxa
döyüş növlərini sevmişəm. Tez-tez
onun döyüş filmlərinə baxardım. Çox da davakar olmuşam. Bir
gün atama bildirdim ki, mən karateyə getmək istəyirəm.
O da istəyimə qarşı çıxmadı. İlk müəllimim Rafael Məmmədov olub.
O, ilk məşqdə hətta məni döymüşdü.
Buna görə də indinin özündə ona
minnətdaram. O vaxt döyülməsəydim, indi bu səviyyəyə
çatmazdım. Rafael müəllimin əllərindən
öpür, qarşısında baş əyirəm.
Füzuli Musayev və Rəhman Hətəmova da həmişə
duaçıyam.
Karyeramın belə uğurlu alınmasında həmçinin
ailəmin də böyük rolu olub. Valideynlərim hər
zaman mənim rejimimə diqqət edib, kənar işlərə
meyl etməyimə mane olublar.
-
Heç olub ki, siz də tələbənizi döyəsiniz?
-
Emosiyalarımı cilovalaya bilmədiyim hallar olub. Elə olub ki, şillə vurmuşam.
Indiki uşaqlara əsəbləşəndə,
yüngülvari şillə vuranda gedib valideynin gətirir. Biz
özümüz də uşaq olarkən fikirləşirdik
ki, müəllim bizi niyə döyür axı, daha məşqlərə
getməyəcəyik. Amma idmançı
nəticə verdikdən sonra bunlar onun üçün
şirin xatirəyə dönür, istər-istəməz belə
hallara şükür edir.
- Uzun illərdir
ki, idman aləmindəsiniz, dostlarınız çox olar...
- Dost
seçimində kənar amilləri - onun məşhurluğunu,
titullarını, maddi vəziyyətini nəzərə alan insan deyiləm. Yaxın
dostlarım əsasən idman aləmində çox da
tanınmayan insanlardır. Ən yaxın
dostlarım keçmiş komanda yoldaşım Amal Atayev və
veteran boksçu Elvin Əmrahovdur. Uşu-sanda
yığmamızdan Ramin və Fəridlə, həmçinin
Kamran Ağayev, Şahin
İmranov, İlham Zəkiyev, Niyaməddin Paşayev və Rəşad
Əhmədovla da sıx ünsiyyətim var.
"Rusiya
və Fransada daha çox tanınıram, nəinki Azərbaycanda"
- Yerli
medianın diqqəti sizi qane edir?
- Avropa
çempionatından sonra canlı efirə çağırılmamışam.
Efir, media xəstəsi də deyiləm. Həsəd aparmıram ki, niyə filankəsi önə
çəkdilər, məni yox.
Sizə və sizin kollektivə çox təşəkkür
edirəm ki, daim bizim uğurlarımızı
işıqlandırır, geniş ictimaiyyətə
çatdırırsınız.
- Amma
dünya mediasının, məsələn, Fransa və Rusiya
mətbuatının sizə qarşı yüksək diqqəti
var...
- Elədir. Deyim ki, Rusiya və Fransada daha çox tanınıram, nəinki Azərbaycanda. Fransadakı məşhurluğumun əsas səbəbi 19 yaşım olarkən dünya şöhrətli fransız karateçisini məğlub etməyimdir. Mənimlə görüşə qədər qarşısıalınmaz olan həmin idmançı demişdi ki, karate dünyası azərbaycanlı yeni ulduzunu qarşılamağa hazırlaşsın...
Həm də orda karate futboldan sonra ən çox sevilən idman növüdür.
- Sizi necə bir insan olaraq xarakterizə
etmək olar?
- Bir qədər
əsəbiyəm. Əvvəllər çox səbrsiz
idim, indi bu məsələ qaydasına düşüb.
Tez küsüb, tez barışanam. Çox da kövrək insanam. İndi
müsahibəni oxuyanlar deyəcək, bu lap qızdır ki(gülür). Deyirlər, kişi ağlamaz ,özünə qapanmaz, amma mən
bu fikirlə qətiyyən razı deyiləm. Kişini
də, qadını da Allah yaradıb.
Ümumiyyətlə, xarakter etibarilə
pis insan olsaydım, ətrafımda heç kim
olmazdı.
-
Əlinizdəki zədə sizə mane olmayacaq ki?(Bu vaxt Rafael bəy zaldakı şəxslərdən
biri ilə salamlaşarkən əlində şiddətli
ağrı hiss edir)
- Xeyr. Bu gün məşq zamanı əlimdən bir balaca
zədə almışam. Elə də
ciddi deyil, keçib gedər.
- Hobbiniz
nədir?
- Futbola
baxmağı və oynamağı çox sevirəm. Karateçi olmasam mütləq futbolu seçərdim.
Çünki uşaqlıqdakı həvəsim
hələ də qalır. İtaliyanın
"Yuventus" klubuna azarkeşlik edirəm. Orda oynamaq uşaqlıq arzum olub. Roberto Bacco ən çox sevdiyim futbolçu idi.
Del Pyero və Ronaldinyonun da oyununu sevmişəm.
Hazırda Pirlo
və Poqbanın oyunu üslubunu çox bəyənirəm.
Geyimə və maşına da çox önəm verirəm.
- Sizinlə Pirlo arasında zahirən xeyli oxşarlıq
var.
- Bunu
çoxları deyir (gülür).
- Azərbaycan klublarından
hansına azarkeşlik edirsiniz?
-
"Neftçi", "Qarabağ", "İnter",
"Xəzər-Lənkəran" və "Qəbələ"nin oyunlarını diqqətdə saxlayıram.
- Hələlik
son sözünüz?
- Avropa
Oyunlarına çox az vaxt qalıb, həmvətənlərimizdən
xahiş edirəm ki, bizim üçün dua etsinlər. Kimin də imkanı var, gəlib bizi arenada dəstəkləsin.
Əlimizdən gələni edəcəyik ki,
onları başıaşağı etməyək.
Düzdür, hazırda ayağımda zədə var.
Amma bir ayağımla da olsa, Avropa Oyunlarının qalibi
olacağıma söz verirəm.
Sahib ƏSƏDBƏYLİ
Ədalət.-2015.-22 aprel.-S.6.