QIFILLI QAPI

(hekayəvari)

 

 

O, yolunu ot-alaq basmış, üzü yollara baxan, yetimsəmiş evi birinci dəfə görürmüş kimi maşınını saxlayıb iri gözlü dəmir setqadan toxunmuş əydəş-üydəş qapıya yaxınlaşdı. Mal-heyvan girməsin deyə düzəlmiş, darvazanı əvəz edən bu qapı, ayda-ildə bir dəfə maşın gələndə sürütdənib yanlara açılar, bağlananda isə yerə yıxılmasın deyə bir-birinə mətəris edib məftillə sarınardı.

"Bu ev anadan kasıb doğuldu, elə kasıbca da qaldı" - deyib köks ötürdü. Yol kənarında olan bu ev yoldan bir az yeksək olan yastı təpənin üstündə yoxsul bir dilənçini xatırladırdı. Evə qalxan enli yolu ot-ələf basmışdı. Buradan nəinki maşın, uzun zamandı heç adam da keçməmişdı. Çöl üzdən suvağı olmayan bu yoxsul evin künc bağlamaları qənd kimi ağ kubiklə, qalan hissəsi isə Güryəllidən çıxarılmış yastı, kələ-körür daşlarla hörülmüşdü. Aşağıdan nəm çəkdiyindən divarların ayaq hissələri quzulayaraq ovulub tökülürdü. Cəmisi iki otağı olan bu evin eyvanı şüşəbənd idi. İllər öncə çəkilmiş göy rəng cadar-cadar olub qabıqlamışdı. Giriş qapının zirəzəmisindən iri qıfıl asılmışdı. Yan-yörəsindəki hörümçək torundan anlamaq olurdu ki, digər yetim evlər kimi bu evin də sakinləri yoxdur.

Qapısı bağlı qalan bu evə diqqətlə və hüznlə tamaşa edən yolçu, ağır addımlarla maşınına yaxınlaşdı. Sükan arxacına oturarkən sanki qulağına səslər gəldi. Maşını işə sala bilmədi. Əllərini sükanın üstündə çarpazlayıb başını əllərinin üstünə qoydu...

 

***

Bu odu, özüdü. Sevincinin həddi-hüdudu olmayan Səid alüminium məftildən düzəltdiyi 4 təkərli arabasını sürətlə həyətin o baş-bu başına teyləyirdi. Ağzı ilə "qığınn-qığınn" edərək gücə düşən maşının səsini çıxarır, arada "dü - düüüd" - eyləyib siqnal verməyi də unutmurdu. Ona elə gəlirdi ki, dünyanın ən yaraşıqlı maşını onunkudu. Bir az qalın məftildən düzəltdiyi rolun üstünə göy izolenta dolamışdı. Bu isə o demək idi ki, onun maşını hamınınkından yaraşıqlıdı.

-Ay Səid, Ay Səid - deyə qışqıran anasının səsini eşidən kimi dayandı. Anası çox mehriban olsa da günahı üstündə sərt cəzalandırardı onu. Odur ki, səsini içinə salıb-"höööyyy" - deyə anasına cavab verdi.

- Ədə beynimiz-başımız getdi səsindən. Apar o maşınını xırman yerində sür, - deyən anası bütün günü kürd toyuq yumurta üstündə oturan kimi, xana dəzgahının arxasında oturub, eltisi Baharla xalça toxuyurdular.

Çox kasıb idilər. Səidin atası kolxozun cütcüsü idi. Bütün günü Kirkitdidə, Cüryəllidə, Göyvəllidə yer şumlayardı. Aldığı əməkgünü heç balalarının çörəkpulu eləmirdi. Odur ki, anası, əmisi arvad Baharla xana toxuyub Qazağa təhvil verirdilər. Əvəzində aldıqları qəpik-quruşla ayda bir dəfə Qazaxdan evə bazarlıq edərdilər.

Əmisi Vəli çox soyuq və sərt adam idi. Donqar burnu bir-birinə yapışmış dodaqları kimi nazik idi. Elə bığlarını da burnu və dodaqları kimi nazik saxlayırdı. Kəndçi olmasına baxmayaraq üzünü tez-tez qırxar, hətta arada ətir də vurardı. Nədənsə Səiddən heç xoşu gəlməzdi. Amma 6 yaşlı qızı Pərini və 4 yaşlı oğlu Zakiri dünyalarca çevirdi. Kolxozun bağında bağ-bağat işləri ilə məşğul olur, eyni zamanda gözətçi işləyirdi. Evlərinin qənşərindəki Qarollun qaşında hündür bir çala tikmişdi. Çalaya yöndəmsiz ağaclardan nərdivan da düzəltmişdi. Içinə saman döşənmiş çalanın üstünü şax-şellə örtüb, kölgəlik etmişdi. Həmin çalaya çıxanda Tək cöyüzdən tutmuş, Dar qandağın qaşına kimi hər yer aydınca görünürdü.

Çalaya çıxmaq, oradan bağı gözətçi kimi seyr etmək həvəsi ona həmişə ağır başa gələrdi. Əmisi tuta bilsəydi bir-iki şapalaq payı var idi. Tuta bilməyəndə də anasına şikayət edərdi. Anası isə həmişə olduğu kimi qəzəbdən çoşub-qaynayar, oxlovla enini, uzunu bir edərdi. Səid sonralar anlamışdı anasının əzazilliyini. Onu amansızcasına döyməklə sanki əmisinə demək istəyirdi ki, ürəyin soyudumu? Nə olacaq o çalaya çıxanda. Ətinimi yeyəcək?

Amma bunları qaynının üzünə deyəmi bilərdi. Arvadın ağzı nəydi kişi xeylaqına bir söz desin. İçindəcə çəkirdi qaynına deyə bilmədikləri sözlərin əzabını.

Çox dəcəliydi Səid. Həm də başı bəlalı idi. Haranın xatası-balası vardı onun başında çatlamalı idi. İki dəfə it yemişdı. Üc dəfə əməllicə yanmışdı. İki dəfə də qolu sınmışdı. Anası nə qədər cəzalandırıdısa dəcəlliyindən qalmırdı. Bir az da üstünə qoyurdu.

Bu gün kefi kök idi. Dayısı Rustavidən ona xeyli alüminium məftil gətirmişdi. O da özündən böyük qonşu uşaqların məftil maşınına bənzər bir maşın düzəldib, özünə həkk gəlirdi. Səsi-küyü aləmi başına götürmüşdü.

Anası Gövhər, axşam olanda uşaqları içəri salırdı ki, qaynı Vəli uşaqlarına verdiyi mer-meyvəni Səiddən iki yaş böyük qızı Xalidə və Səid görməsin. Bilirdi ki, uşaqlar ağlayıb özünü öldürsə də qaynı uşaqlara heç meyvənin qabıqlarını da verən deyil. Odur ki, şər qarışan kimi uşaqları evə doldururdu.

Qəribə xislətli insanlar varmış. Hecə ola bilər ki, doğmaca qardaşın uşaqlarına bu qədər laqeyid və qəddar olasan.

Bu axşam nüyvər üçün bağdan xiyar, pomidor dərib gətirmişdi evlərinə Vəli. Həmişə olduğu kimi qabağı açıq eyvanda (onda şüşəbənd deyildi) süfrə açmışdılar. İkiotaqlı evin birində onlar, birində Səidgil olurdular. Bu evi əslində onlar tikməmişdilər. Onlardan yaşca xeyli böyük olan qardaşları Cahangir kişi tikmişdi. Qardaşları evlənəndə hər otağı birinə bağışlayıb, özünə qanşuda satılan məhləni almışdı. Ata yurdu sayılan bu balaca məhlədə iki qardaş - Vəli ilə Əhməd olurdular. Vəlidən yaşca böyük olan Əhməd isə çox fağır və sakit adam idi. Bütün günü çöllərdə yer şumlayar, əkin əkərdi, evə gləndə isə çayını- çörəyini yeyən kimi yuxu aparardı.

Vəli xiyar - pomidoru iri podnosa doğrayanda ətri aləmi başına götürür. Səid hiss etmişdi ki, Vəli əmisi heybəsində nəsə gətirmişdi. Amma nə olduğunu bilmirdi. Pomidorun, xiyarın meyxoş ətri burunu qıcıqlandırdı. Anasından oğurlanıb çölə çıxdı. Əmisi uşaqları xarta-xartla xiyarı, pomidoru yedikcə Səidə qıjıt verirdilər. Ağzının suyu axan Səid içəri cumaraq ağlamağa başladı:

- Ay ciji, mənə də xiyar ver. Tez ol, mənə də xiyar ver deyib, ayaqlarını yerə döyə-döyə hönkürməyə başladı. Səidə qoşulan bacısı da özünü saxlaya bilməyib ağlamağa, xiyar-pomidor istəməyə başladı. İçindən qovrulan Gövhər xanımın həm balalarına yazığı gəlir, həm də qaynının belə daşürək olmasına baxıb qəzəbdən içində göynəyirdi.

-Ölmüşlər, hardan alem xiyar-pomidoru? Bağımız, bostanımızmı var? Kəsin səsinizi! - deyib uşaqların üstünə bozardı. Səidgilin kirimədiyini, getdikcə daha da şiddətli ağlamalarını görən Gövhər uşaqları oxlavla, təpiklə, şapalaqla döyməyə, özü də onlara qoşulub zülüm-zülüm ağlamağa başladı. Uşaqların hayı-harayı aşağı məhləni başına götürmüşdü. Vəli isə heç nə olmamış kimi heybədən çıxardığı meyvələri başqa qabın içinə boşaldırdı.

Gövhər çəkənləri əri Əhməd də çəkirdi. Qardaşının belə daş ürəkli olmasına baxmayaraq, üzünə gülər, xoş rəftar edərdi həmişə. "Bunu da Allah belə yaradıb, nə edəsən?"- deyərək arvadının da üstünə bozarardı ki, nəbadə Vəlinin üzünə qayıdasan. Varıdı yedirdir. İnsafı olsaydı uşaqları elə umsundurmazdı.

Anasını əzazil hesab edən Səid anasının nələr çəkdiyini hardan biləydi. Gövhər qədər uşağını sevən anamı vardı? O uşaqları elə amansızcasına döyürdü ki, bəlkə Vəlinin ürəyinə insaf enə, bağdan gətirdiyi mer-meyvədən onun da balalarına verə. Heç arvadı Bahar da özündən geri qalmazdı. Onlarda hər şeyin bol, eltisigildə heç nəyin olması ilə qürrələnirdi sanki. Belə hallarda ağzına aldığı yemşəyin altında qımaşardı.

Bu gün isə daha dəhşətli bir hadisə baş verdi. Səid yaşayacağı həyatının ilk oğurluğunu etmişdi.

Əmisi qızı Pəriylə Zakirin xırta-xırtla yedikləri şirni, bacı-qardaş hər ikisini ovsunlamışdı. Şirni deyəndə ki, əmisi arvadı Bahar pesoqu bişirərək nəlbəkinin içinə tökmüş, soyuyanan sonra qəndqıranla xırda-xırda doğrayıb qənd qabına doldurmuşdu. Bəzilərinə rəng də qatdığından şirnilər ala-bəzək idi. Pəri Səidə qıjıt verirmiş kimi onlara baxa-baxa şirniləri bir az da bərkdən xırtıldadırdı. Səid anlamışdı ki, Ağlamağın xeyri yoxdur. Ağlasa anası yenə oxlov dərsi verəcək. Odur ki, fürsət gözləməyə başladı. Bacısı Xalidəyə dedi ki, uşaqlar oynamağa gedəndə pusquda dursun. Qapı qıfıllı olsa da pəncərə açıq idi. Ürəyi gup-gup edirdi. Balaca, nazik ayaqları əsim-əsim əsirdi. Zamanı gəlmişdi. Pişik çevikliyi ilə pəncərədən içəri sıçrayaraq, şirniləri tələsik pəçəvənd keçirməli tumanının ciblərinə doldurdu. Eyni çeviklə pəncərədən eyvana, oradan da evin arxasındakı samanlığa cumdu. İşin uğurlu alındığını görən Xalidə də onun arxasınca samanlığa yüvürdü. Səidin bu qədər xoşbəxt olduğu anlar olmamışdı ömründə. Şirniləri ağzına doldurur başını yelləyə yelləyə xırtıldadırdı.

Amma bu sevincin arxasında ağır bir cəza varmış. Səid bunu ağlına da gətirməzdi. Axı onları görən olmamışdı. Amma unutmuşdu ki, izlər buraxmış, cibinin dinindəki şirninin qırıntıları oğurluğun sübutudur. Çox çəkmədi. Yenə Gövhər ananın səsi aləmi başına götürdü.

-Hardadı o qara vurğun vurmuş Tezcə tutun onu mənə verin. Ətinə dağ basacam, barmaqlarını dibindən kəsəcəm, - deyib havalanmış Gövhər ana o yan-bu yana töyüyərək Səidi axtardı.

İşin nə yerdə olduğunu anlayan Səid özünü qonşuları Sirəc kişi gilin evinə saldı. Yarıqaranlıq otağın bir küncündə enli taxt vardı. O zamanlar tək-tük evlərin döşəməsi taxtadan olardı. Qalan evlərin döşəmələri adicə tapdalanmış torpaqdan olardı.

Səid tələsik taxtın altına girib topraq döşəmənin arxa tərəfinə sinərək nələrin baş verəcəyini gözlədi.

Eltisi Bahar: - İndi də oğlun evimizdən oğurluq edib, - deyəndə Gövhərin elə bil başından bir qazan qaynar su tökdülər. Pəncərədəki ayaq izlərini, boşalmış qənddanı, yerə tökülmüş şirniləri görən Gövhərin, Baharın sözlərinə inanmaqdan başqa çarəsi qalmadı. Yaxşı ki, Səid qaçıb gizlənmişdi. O halda oğlunu boğub öldürməyə hazır olan Gövhərin əlindən xata da çıxa bilərdi.

Saatlar ötüşdü, Səidi gördüm deyən olmadı. Qəzəbi soyuyan Gövhər, içəri geçərək hönkürtü ilə ağlamağa başladı. "Uşaq ilim-ilim itdi, pələsəng oldu. Allah məni öldürsün, əllərim qurusun. Yəqin qaçıb çöllüyə, biyabanlığa. Qurda-quşa yem olacaq balam", - deyərək saçlarnı yolmağa başladı.

Qonum-qonşular da məsələdən halı oldular. Baharı məzəmmət etməyə başladılar ki, nolmuşdu, bir ovuc şirni nəydi ki, bu uşağı evindən-eşiyindən pələsəng elədin.

Hətta Vəlinin və Baharın qarasınca qarğış edənlər də oldu.

Səid baş verən hadisələri anşırır, söhbətlərin çoxunu eşidirdi. Taxtın lap küncünə elə sığınmışdı ki, hətta balaca bir deşik olsaydı, özünü ora dürtərdi. Təki anasının əlinə keçməsin. Aclıq susuzluq da yadından çıxmışdı. Vaxt ötmüş, hamı yatmağa hazırlaşırdı. İşdən yorğun gəlmiş Əhməd oğlunun yoxa çıxmağından çox təlaşlandı. "Uşağı qurd-quş yeyəcək" - deyib Lel dərəsinə tərəf teyləndi. "Səid, Səid! "- deyərək oğlunu çağırır, üstünə çuman itlərdən özünü zorla qoruyurdu.

Anası isə gah kənd yuxarı, gah kənd aşağı qaçıb, qabağına çıxandan oğlunu soruşurdu. Səidi gördüm deyən olmadı.

Səidi taxtın altında yuxu aparmışdı. Amma səhəri diri tutan atası, anası Səid deyib ağlaşırdılar...

 

***

Gözlərində yaş gilələnmiş Səid başını sükan üstündə çarpazlaşmış qollarının üstündən qaldırıb qapıları bağlı qalmış evlərinə bir də tamaşa etdi.

Yaş gözlərində qurumuşdu. Maşını hərəkətə gətirdi. Böyük əmisi Cahangirin evinin qənşərində yenidən saxladı. Bulud kimi dolmuş xatirələr şıdırğa leysan kimi başından tökməyə başladı...

Atasının cənazəsini qaldırmaq üçün uzun yolları bir göz qırpımında gəldiyi, bu enişlə aşağı şığıdığı günlər dip-diri görüntüləriylə gözünün önünə gəldi. Atası dünyasını dəyişəndə Səid Almata şəhərində işi ilə bağlı səfərdə idi. Bilirdi ki, onsuz atasını dəfn etməyəcəklər. Odur ki, yubanmadan birbaşa Tbilisiyə, oradanda taksi ilə özünü vaxtında kəndə yetirmişdi. Bax bu enişlə tələsik aşağı düşəndə el-oba ağsaqqaları, kənd camaatı ona əhsən söyləmişdilər ki, bu qədər qısa müddətə özünü necə çatdırmışdı. El adətinə görə, Səidi saat 12-yə qədər gözləyə bilərdilər. Özünü çatdırmasaydı atasını onsuz dəfn edəcəkdilər. O isə saat 11- də özünü çatdırmışdı. Səid, əmisi Vəlidən, onun ailəsindən başqa hamının orada olduğunu görüb, əmisinin gəlməməsinə pərişan oldu. Elə bu zaman gözləri yol ilə yuxarı gedən adama sataşdı. Bu əmisi Vəli idi. Qardaşının cənazəsi başına yığılmış camaata da məhəl qoymadan başını sallayıb ortalığa tərəf gedirdi. Səidin qanı az qala damarlarında donsun. Doğmaca qardaşının cənazəsi yerdən qalxmağa başladığı bir zamanda heç dönüb mərəkə tərəfə də baxmadı. Hamı heyrət içində idi. Özünü saxlaya bilməyən el ağsaqqalarından biri uca səslə:

-Ay Vəli, Ay Vəli, ayə a başın batsın, buradakı cənazə sənin doğmaca qardaşın Əhmədin cənazəsidi. Başını sallayıb hara gedirsən? Gəl cənazənin bir tərəfindən də sən qaldır...

Yenə gözləri yaşla silələnmiş Səid dodaq altı pıçıldadı. "Heç məhəldə qoymadı, heç vecinə də almadı", - deyib qohumlarının hamısından çox sevdiyi Böyük əmisinin oğlu Şahmərdanın qapısını döyməyə başladı.

 

Ədalət.-2015.-25 aprel.-S.10.