"Bakı bu imtahandan üzüağ çıxacaq"

 

AİJA prezidenti Eldar İsmayılov ölkəmizdə keçiriləcək I Avropa Oyunlarının idman mətbuatının inkişafına da böyük təkan verəcəyinə inanır

 

Azərbaycan paytaxtında keçiriləcək I Avropa Oyunlarının startına 50 gündən də az vaxt qalıb. Son illər beynəlxalq səviyyəli müxtəlif tədbirlərə ev sahibliyi edən Bakı daha böyük bir sınaq ərəfəsindədir.

İlk dəfə məhz bizim ölkədə keçiriləcək I Avropa Oyunlarına hazırlıq işləri yekunlaşmaq üzrədir. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti, Avropa İdman Mətbuatı İttifaqı (UEPS) İcraiyyə Komitəsinin üzvü, Əməkdar jurnalist Eldar İsmayılov bu mühüm tədbirin bütün dünyaya səs salacağına əmindir.

 

Boks rinqindəki

jurnalistlər

 

- Eldar müəllim, nüfuzlu beynəlxalq təşkilatın rəhbərliyində təmsil olunursunuz. Söhbətimizin əvvəlində bu qurum haqqında ətraflı bilgi verməniz məncə yerinə düşər...

- Beynəlxalq İdman Mətbuatı Assosiasiyası dünyanın ən qocaman qurumlarından biridir. AİPS-in əsası 1924-cü il iyulun 2-də Parisdə qoyulub. Həmin dövrdə Fransa paytaxtında - müasir olimpiya hərəkatının banısı baron Pyer de Kubertenin doğma şəhərində VIII Yay Olimpiya Oyunları keçirilirdi. O vaxt məşhur jurnalistlərindən sayılan Frans Reichelin təşəbbüsü rəhbərliyi ilə Fransa İdman Klubunun mənzil-qərarğahında, boks rinqində 29 ölkəni təmsil edən jurnalistlərin toplantısı təşkil olunur. Məhz bu toplantının yekununda Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) təsis edilir. Qurumun yaradıcısı Frans Reichel AİPS-in ilk prezidenti seçilir.

İlk Konqresdə iştirak edən ölkələrdən səkkizi - Fransa, Belçika, İsveç, İtaliya, Polşa, Macarıstan, Almaniya Avstriya AİPS nizamnaməsinə uyğun milli birliklər yaradaraq öz jurnalistlərini bu qurumlar ətrafında birləşdirdilər. Beləliklə, həmin ölkələrin milli idman yazarları assosiasiyaları AİPS-in təsisçiləri hesab edilirlər.

AİPS idmanın tərəqqisi, peşəkar mənafelərin qorunması naminə üzv assosiasiyalar arasında əməkdaşlığın genişləndirilməsinə, bütün ölkələrin idman jurnalistləri arasında dostluğun, həmrəyliyin ümumi maraqların möhkəmləndirilməsinə, onlara yüksək fəaliyyət şəraitinin yaradılmasına çalışır. Hazırda AİPS öz ətrafında 165 ölkənin milli idman jurnalistləri assosiasiyasını toplayıb. Qurumda ölkəmizi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) təmsil edir. AİPS-in hər il ali forumu - Konqresi keçirilir. Bu konqreslərin keçirildiyi şəhərlərinə diqqət yetirəndə qurumun coğrafiyasının bütün yer kürəsini əhatə etdiyini aydın görmək olur - Paris (Fransa), London (Böyük Britaniya), Berlin (Almaniya), Brüssel (Belçika), Bazel (İsveçrə), Mexiko (Meksika), San Paulo (Braziliya), Toronto (Kanada), Nyu York (ABŞ), Seul (Koreya), Kuala Lumpur (Malayziya), Montevideo (Uruqvay), Marrakeş (Morok), Doha (Qətər), Kinşasa (Zair)...

- Bu şəhərlərin sırasına Azərbaycan paytaxtı da əlavə olunub. Bakıda keçirilən 77-ci Konqres barədə danışmazdan öncə istərdim prezidenti olduğunuz Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının yaranma tarixi barədə danışaq...

- AİJA 1995-ci il yanvarın 10-da təsis olunub. Gənclər İdman Nazirliyində keçirilən təsis yığıncağında o zaman nazirliyə rəhbərlik edən Əbülfəs Qarayev, Milli Olimpiya Komitəsinin təmsilçiləri, tanınmış jurnalistlər iştirak edirdi. Fəaliyyətə başladığı gündən AİJA çox böyük işlər görüb keçirdiyimiz tədbirlər mətbuatda geniş işıqlandırılıb. Ötən bu illər ərzində Gənclər İdman Nazirliyi, Milli Olimpiya Komitəsi təşkilatımıza daim mənəvi dayaq durub, irəli sürdüyümüz təklifləri dəstəkləyib. Bu gün nazir Azad Rəhimov AİJA-nın fəaliyyəti problemləri ilə daim maraqlanır. Məhz belə bir diqqətdən ruhlanaraq mən AİPS-in 90 illik yubileyinə təsadüf edən 77-ci Konqresinin Bakıda keçirilməsi təşəbbüsünü irəli sürdüm. Bu təşəbbüs ölkə rəhbərliyi tərəfindən bəyənildikdən sonra 2012-ci ilin yanvarında Avstriyanın İnnsbrusk şəhərində keçirilən AİPS-in 75-ci Konqresində yekdil səslə qəbul edildi.

77-ci Konqres ötən il aprelin 26-dan mayın 1-dək Bakıda beşulduzlu "JW Marriott Absheron Baku" otelində keçirildi. Beş gün davam edən yüksək səviyyədə yekunlaşan mötəbər tədbirdə dünyanın 112 ölkəsini təmsil edən 265 nümayəndə - tanınmış qələm, söz fikir adamı iştirak etdi. Konqresin iclasında AİJA-nın prezidenti kimi artıq ikinci dəfə Avropa İdman Mətbuatı İttifaqı (UEPS) İcraiyyə Komitəsinə üzv seçildim. Bu mötəbər qurumun 12 nəfərlik tərkibində Azərbaycanı təmsil etmək imkanı qazandığım üçün qürur duyuram.

Azərbaycanın bütün sahələrinə, o cümlədən mətbuatın idmanın inkişafına böyük diqqət göstərən Prezident İlham Əliyevin Bakıda keçirilən Konqresin işinə təbrik məktubu göndərməsi, qonaqların şərəfinə verilən ziyafətdə şəxsən iştirak etməsi Azərbaycana gələn nümayəndələrlə mehriban görüşməsi tədbirimizi daha da şərəfləndirdi.

Tarixi hadisə

ərəfəsində

 

- Bakı I Avropa Oyunlarına ev sahibliyi edəcək. Belə bir nəhəng idman yarışının ilk dəfə məhz Azərbaycanda keçirilməsinə münasibətiniz necədir?

- Həqiqətən tarixi bir hadisə ərəfəsindəyik. I Avropa Oyunlarının gündən-günə gözəlləşən Bakımızda keçirilməsini şərtləndirən səbəblər var. Azərbaycan son illər əldə etdiyi iqtisadi qüdrəti ilə bütün dünyanın diqqətini özünə cəlb edib. Qədim zəngin mədəniyyətimiz, idman sahəsində qazandığımız nailiyyətlər ölkəmizi hər yanda tanıdır. İndi Azərbaycanın nüfuzu ilə hesablaşır, beynəlxalq aləmdə bizə daha çox etimad göstərirlər. I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi məhz bu etimadın göstəricisidir.

Prezident İlham Əliyev, ölkəmizin birinci xanımı, I Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyeva qitədə ilk dəfə keçirilən bu yarışın yüksək səviyyədə təşkil olunacağını dəfələrlə vurğulayıblar. Qısa müddət ərzində görülən işlər, müasir səviyyədə tikilən stadionlar, idman qurğuları sübut edir ki, ölkəmiz I Avropa Oyunları kimi nəhəng idman yarışını layiqincə keçirəcək, qitənin idman tarixinə yeni bir səhifə yazılacaq. Bu gün dünyanın nəzərləri Bakıya yönəlib. Sürətlə gözəlləşən paytaxtımız növbəti dəfə ciddi imtahan verir. Hamımız kimi mən inanıram ki, Bakı bu imtahandan üzüağ çıxacaq.

- Rəhbəri olduğunuz qurum bu yarışa necə hazırlaşır?

- AİJA I Avropa Oyunları ilə bağlı müəyyən tədbirlər həyata keçirib. Yarışları işıqlandıracaq jurnalistlər üçün treninqlər təşkil etmişik bu treninqlərdə dünyanın müxtəlif ölkələrindən gələn idman yazarları iştirak ediblər. Mən AİJA-nın I vitse-prezidenti, AİPS üzvü Nərgiz Mahmudzadə bu günlərdə Bakı Avropa Oyunları Komitəsinin (BAOƏK) Mətbuat Əməliyyatları Şöbəsinin direktoru xanım Ceyn Pirslə, Mətbuat Əməliyyatları rəhbəri xanım Loreyn Rolstonla görüşdük. Çox faydalı bir görüş oldu, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik. Son məlumata görə, I Avropa Oyunlarını işıqlandırmaq üçün yerli mətbuat nümayəndələri daxil olmaqla 800-dən çox jurnalist akkreditə olunub. Onların rahat çalışmaları üçün hər cür şərait yaradılıb. Jurnalistlərə paylanacaq xüsusi kitablar, broşuralar Azərbaycan ingilis dillərində çap olunub.

- Belə bir mötəbər yarış ölkəmizdə idman jurnalistikasının inkişafına da töhfəsini verə bilər...

- Sözsüz ki, I Avropa Oyunları bizim idman mətbuatının inkişafına təsir göstərəcək. Jurnalistlərimiz bu yarışı işıqlandırmaq üçün Bakıya gələcək təcrübəli əcnəbi həmkarları ilə fikir mübadiləsi apara biləcəklər. Çox istərdim ki, Azərbaycanı peşəkar, idman mətbuatında sözünü deyə bilmiş jurnalistlər təmsil etsin.

- Eldar müəllim, qarşıdan daha bir əlamətdar hadisə gəlir. AİJA-nın 20 yaşı tamam olur...

- Həqiqətən də bu il təşkilatımız üçün əlamətdar bir ildir. Noyabrda yubiley mərasimi təşkil etmək fikrimiz var. AİPS prezidenti Canni Merlo bununla bağlı dövlət başçısı İlham Əliyevə məktub göndərib. İnanıram ki, Prezident həmişə olduğu kimi, bu dəfə də AİJA-ya diqqət və qayğı göstərəcək. Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin yaxından iştirakı ilə möhtəşəm yubiley tədbiri keçirə biləcəyik.

 

Ədalət.-2015.-25 aprel.-S.12.