TANIŞ OLMAQ İSTƏYİRƏM
Əl uzanır: - Tanış olaq!
Əl uzanır: - Salamat qal!
Əl uzanır dosta, yada,
əl - hələlik,
əl - əlvida.
Tanış olmaq istəyirəm,
doğma olmaq istəyirəm
sahildəki qızıl qumla,
arxivdəki keçmişimlə,
bağçadakı tər çiçəklə,
sinəmdəki tər ümidlə,
tər arzumla.
Tanış olmaq istəyirəm,
doğma olmaq istəyirəm.
Cib dəftərim telefonla,
adla dolu olsa belə,
əl açıram -
təzə insan istəyirəm,
təzə ünvan
istəyirəm.
Qaldırıcı, endirici kranlarla,
ağ ulduzla, ağ buludla,
qəbirləri qucaqlayan
mərmər rəngli,
torpaq rəngli lal sükutla,
tanış olmaq istəyirəm,
doğma olmaq istəyirəm.
Təyyarənin qanadının,
qatarların fit səsinin
arxasınca
əllərimiz dalğalanır
ağ yaylıq tək,
əllərimiz dalğalanır
ayrılıq tək.
Əl açılır üzümüzə
qapı kimi,
Əl açılır
üzümüzdə güllə
kimi.
Barmaqlarla
pillə-pillə
dırmaşırıq harasa.
Mən əllərlə tanış olmaq istəyirəm,
doğma olmaq istəyirəm -
əlcək geyən,
qabar döyən,
çəlik döyən,
kətmən döyən
əllərlə.
Hərdən məndən küssə
də,
bir əlin ömrünü uzatmalıyam
oxşaya-oxşaya
isidə-isidə.
Mənim
əlim havadadır,
mənim əlim
yollardadır.
Qarşıma kim çıxasıdır,
Qarşıma nə çıxasıdır
-
Əlimi
kim sıxasıdır,
əlimi nə sıxasıdır -
sıxsın görək!
***
Mənim
doğulduğum il
naməlum bir əsgərin
adı, ünvanı oldu.
Mənim
doğulduğum il -
səngərlər də doğuldu,
tüstülər də doğuldu.
Səngərlərdə doğuldu,
tüstülərdə doğuldu,
mənim doğulduğum
il.
Mənim
təvəllüdümü
torpağın sinəsinə
xəncər yarası
kimi.
Yer kürəsisdən keçən
döyüş səngəri
yazdı.
Uzunboğaz çəkmənin
nallı dabanı
ilə
Vətən əsgəri yazdı,
Göylərin sinəsinə
topun lüləsi yazdı,
Ulduzları isidən
fişəng şöləsi
yazdı.
Yazdı
təvəllüdümü
balınca göz yaşları,
yollara - anaların
ümidli baxışları.
Mən təvəllüd günümü
keçirmək istəmirəm.
Badələrin səsilə
oyatmaq istəmirəm.
Xatirə
beşiyində
uyuşmuş həsrətləri,
Küsəyən qardaşımın
qabda qalan payı tək
soyumuş həsrətləri
oyatmaq istəmirəm.
Doğulduğum tarixə
Hamıdan çox yanıram,
Qara həşyə geyinmiş
şəkildən utanıram.
YAĞIŞ
GÖLMƏÇƏSİ
Damcılar göylərdən əlini
üzdü,
Buludlar
özünə boylanmaq
üçün -
bulanıq güzgütək
gölməçələri
torpağa düzdü.
Yağdı, tala-tala gölməçə
yağdı,
göylərin dəlisov
ilhamı yağdı,
sərçələrin soyuq
"hamamı" yağdı.
Yağış gölməçəsi buludla doldu,
Günəşlə,
payızla,
sükutla doldu.
Göyə yuxarıdan aşağı
baxdım -
bir vaxt Avropanın salonlarından
Bodenşted bizə baxdığı
kimi,
Daş atıb, göylərin evini yıxdım,
Bir dərviş
Parisi yıxdığı
kimi.
"Atını" göylərdə
sürdü çoxusu
ayağı çırmalı
uşaqların da.
Çİlik-çilik oldu gölün yuxusu
çubuq köhlənlərin
dırnaqlarında.
Uşaqlar yollandı yuxu dalınca.
Onların doluxmuş izi soğuldu,
Göy göyə çəkildi,
payız - ağaca,
Gölməçə kor oldu -
elə bil, torpağın gözü
soğuldu.
Arabir göylərə boylanmaq üçün,
gəlinlər kimi,
özünə daha çox inanmaq üçün
torpağa güzgü
də,
köz də gərəkdir.
HƏSRƏT
Sən qanadlı xəbər kimi,
yad qapını açan gündən -
Həsrətinlə yaşayıram bir otaqda,
həsrətinlə yaşayıram
bir torpaqda,
bir dünyada.
Qatarlarda,
təyyarələrdə, gəmilərdə
sənəd kimi öz yanımla
gəzdirirəm həsrətini.
Ora-bura sürüməkdən
bezdirirəm həsrətini.
İstəyirəm, azdıram mən
həsrətini
alqış dolu salonlarda -
bacarmıram.
İstəyirəm, azdıram mən
həsrətini
dalanlarda,
döngələrdə,
izdihamlı küçələrdə
-
bacarmıram.
Həsrətinə gücüm çatmır,
sənə - əlim,
İstəyirəm, həsrətini
Meşələrə, dənizlərə
atıb gəlim -
Bacarmıram.
Həsrətinə gücüm çatmır,
sənə - əlim
Süfrəmdəki çörək
deyil, həsrətindir,
sinəmdəki ürək
deyil, həsrətindir,
-
hey döyünən
Ürəyimin başını mən
ovuduram bir uşaq tək.
Səndən qalan xatirələri,
olub-qopan həsrətini
ürəyimin qabağına
atıram mən
oyuncaq tək,
öz başımı
qatıram mən
bir uşaq tək.
Həsrətini içirəm mən,
həsrətini çəkirəm
mən.
Nə yaxşı ki, həsrətin var!..
Həsrətinlə yaşayıram bir otaqda,
həsrətinlə yaşayıram
bir torpaqda,
bir dünyada,
Yaşayıram,
yaşayıram,
yaşadıram həsrətini.
ADSIZ ŞEİR
Saxlayım saatımı,
söndürüm işığımı
-
Heyfim gəlir saata da,
işığa da,
özümə də,
qaranlığa da.
Əl çəkin,
dodaqlarım bağlı
qalsın
nənəmin qapısı
kimi.
Gözlərim durulsun,
əllərim fikrə
gestin.
Susum, susum
bir namərdin qəsdi kimi.
Sahildə qumları,
göydə ulduzları,
yerdə adamları,
nadanları
saymaq istəyirəm.
Canınız yanırsa mənə,
əl çəkin yaxamdan, əl çəkin:
bir mühasib çağırın,
ya da ağıllı bir maşın -
hesablasın görək
nə qədər yalan udmuşam,
nə qədər qəzəb,
neçə arzuma başsağlığı verilməyib,
nələr keçib
könlümdən,
yuxumdan...
OYUNCAQSIZ UŞAQLIĞIM
Mənim
oyuncağım
olmayıb heç
vaxt.
Hərdən kövrələndə,
uşaqlaşanda,
yaşımdan, təmkindən...
nə bilim, nədən
beşcə addımlığa
uzaqlaşanda,
özümə oyuncaq almağım gəlir.
Yapışıb əlindən körpəliyimin
"Uşaq aləmi"nə
çəkmək istərəm
-
Günlərin bir günündə
balaca İsaya mağazalardan
bir qucaq sevinc alam.
Ciblərinə, papağına, qoynuna
qonşudan oğurlanan
alma əvəzinə, armud yerinə
sevinc dolduram.
Bir papaq sevinc,
iki cib fərəh
bəs eylər ona.
Sonra uşaq xəyalım,
uçub gedə
kəndimizə.
Plasmas sevincindən
plastilin fərəhindən,
bir də rezin şadlığından
paylaya uşaqlara.
"ZİM
balası" ilişib,
tozlu yolda qalanda,
"təyyarə"nin qanadını
dəcəl əllər,
sərt budaqlar qıranda -
gərək məndən
inciməsin
görməmiş uşaqlığım.
Mənim
oyuncağım
olmayıb heç
vaxt,
Oyuncaq yollara asfalt çəkilib.
Oyuncaq arxlar da çoxdan
quruyub,
Oyuncaq ağaclar çoxdan qarıyıb,
yandırılıb sobalarda
Sevinc oyuncağım
olmayıb heç
vaxt.
İndisə hərdən
mənə qonaq gəlir
oyuncaq sevinc -
bir ürək,
bir otaq,
bir qucaq sevincg
ETİRAF
MAHNISI
Mənim
boyum - yüz altmış dörd,
mənim sinəm
- əlli beş.
Ürəyim də lap balaca.
Mən böyük sevincə alışmamışam,
Mən böyük sevincdə alışmamışam,
Sevinc küləyindən, fərəh
mehindən
Köksüm körük kimi
genişlənəndə -
divar sinəmin çatlamasından,
qumbara ürəyimin partlamasından,
bir az qorxuram.
Ürəyimin də
sevinc tutumu
arzumdakından
min dəfə kiçik.
Daha doğrusu -
sən dəfə kiçik.
Nəyimə gərək "sevincmetr"lər?
ürəyim varsa,
"Sevincmetr"siz də
yola gedərəm.
Mən böyük sevincə alışmamışam,
Mən böyük sevincdə
alışmamışam.
Ədalət.-2015.-25 aprel.-S.13.