DÜNYA BOYDA ÜRƏK
Deyirlər ki, filankəsin çox böyük ürəyi var. Ona görə ki, onun ürəyi dəniz qədər tükənməzdir. O ürəkdə heç vaxt paxıllıq, xəbislik, kin-küdurət olmur. Çünki kin-küdurət olsa ürək dünya boyda olmaz. Belə insanlar həmişə başqalarından fərqlənir və seçilirlər. Ən azından ona görə ki, istənilən adamın sevincinə fərəhlənir, istənilən insanın da dərdinə kədərlənir. Başqa sözlə demiş olsaq, onun sevincini, kədərini özününkü bilir...
Elə adam haqqında söhbət açmaq istəyirəm ki, onu Azərbaycan xalqı çox yaxşı tanıyır. Yaxşı tanıyır ki, bu insan sadə və səmimi bir insandır. Cəlaləddin Ruminin belə bir kəlamı var: "Ya göründüyün kimi ol, ya da olduğun kimi görün". O, həmişə olduğu kimi görünüb. Belə ki harda görünübsə, kiminlə ünsiyyətdə olubsa və kiminlə bir stəkan çay içibsə axıra qədər ona sədaqətli olub. Başqaları kimi şöhrətin zirvəsinə çatanda özünü çəkməyib və köhnə dostlarına, tanışlarına yuxarıdan-aşağı baxmayıb. Əksinə, bir qədər də sadə və səmimi olub.
Mən onun sənəti haqqında, böyük aktyorluq məharəti barəsində söhbət açmaq istəmirəm. Ən azından ona görə ki, xalq artisti Arif Quliyevi çoxları yaxşı tanıyır. Öz istedadı, zəhmətkeşliyi ilə o gəlib bu sənətin zirvəsinə çıxıb. Və həmişə də özündən əvvəlki ustad sənətkarlara böyük hörmətlə yanaşıb. Söz düşəndə deyib ki, mən aktyorluq sənətində nə qazanmışamsa, ustad sənətkarlara və o cümlədən xalq artisti Nəsibə Zeynalovaya minnətdaram. Sirr deyil ki, Arif Quliyev uzun müddət Musiqili Komediya Teatrında çalışıb və orda Nəsibə xanımın məktəbindən bəhrələnib.
Bu yazımda heç də Arif Quliyevin aktyorluq sənətindən danışmaq istəmirəm. Çünki bu barədə çox danışılıb, çox deyilib. Hər halda reallıq ondan ibarətdir ki, Arif Quliyev bir aktyor kimi özünü təsdiq edib və teatr sənətində əbədi bir iz qoyub. Bunlar hamısı çox gözəl. Mən Arif Quliyevin bir insan, bir azərbaycanlı, bir ziyalı kimi gördüyüm cizgilərini, xarakterini bu yazımda qələmə almaq istəyirəm.
Ötən əsrin 70-ci illərinin axırlarında Arif Quliyevlə indiki "Tarqovı" küçəsində rastlaşdıq. Gördüm ki, çox narahatdı, bir-bir apteklərə baxır, nəsə axtarır. Soruşdum ki, qardaş, bu təlaş içində nə axtarırsan? O mənə bir söz demədən növbəti apteklərə baş çəkirdi. Düşündüm ki, yəqin ya özü, ya da ailəsi üçün hansısa dərmanı axtarır. Nə az, nə çox, küçələri ələk-vələk elədikdən sonra ondan çox aptekə baş çəkdik, on birinci aptekdə axtardığını tapdı. Sən demə, "Gənclər" qəzetində bir oxucu kömək istəyirmiş. O da o məktubu oxuyub ona əl tutmağa çalışıb. Bu adam ayaqları xəstə olduğundan qoltuq ağacı üçün bir cüt rezin istəyirmiş. Onu da Arif Quliyev tapdı, poçta aparıb səliqə ilə bükdürdü və Zaqatala rayonuna göndərdi. Bundan sonra o, rahat nəfəs aldı.
Bir dəfə də yenə ikimiz bir yerdə harasa tələsirdik. Çox güman ki, Musiqili Komediya Teatrında Arif növbəti tamaşada oynamağa gedirdi. Elə bu vaxt iki qadın ona yaxınlaşdı. Yalan-gerçək dedilər ki, oğlumu urologiyaya xəstəxanasında əməliyyat etdirmişəm, dərman pulum yoxdur. Elə bil Allah-Təala səni bizim qabağımıza çıxardı. Arif day onlardan soruşmadı ki, sizə nə qədər kömək lazımdır. Əlini cibinə salıb 200 manatı çıxarıb onlara verdi. Bəlkə də elə onun cibində bu qədər pul vardı. Ancaq heç bir şey demədən böyük həvəslə onlardan ayrıldı. Sonra da dilləndi:
- Elə bil çiynimdən ağır yük götürüldü. O qədər belə adamlar yanıma gəlir. Şükür Allaha, Allah da mənim ruzumu yetirir. Əgər Allah mənim ruzumu yetirirsə, deməli, mən də kiməsə kömək etməliyəm.
Arif Quliyev yetimliyin, ata-anasızlığın və aclığın nə olduğunu yaxşı bilir. Çünki o, ən çətin anlarında, imkansız məqamlarda belə ümidsizliyə qapılmayıb. Arxası olmaya-olmaya, əmisi, dayısı və imkanlı qohumu olmadığı halda öz gücüylə və alın təriylə bu zirvəyə gəlib çatıb. Kimlərsə fikirləşə bilər ki, yəqin o, imic qazanmaq, kimlərinsə yanında xətir-hörmətə yiyələnmək üçün bu addımları atıb. Tam səmimiyyəti ilə deyə bilərəm ki, onun heç vaxt reklama, ucuz şan-şöhrətə ehtiyacı olmayıb.
Sovet dönəmində rayonlara gedib qayıdanda maşının yük yerində ailəyə pay-pürüş, alma-armud, qoz-fındıq gətirərdi. Onun ən azından yarısını kasıb-kusublara, qonum-qonşulara paylayardı və bir az da özünə saxlayardı. Allah onu gör nə qədər çox istəyibsə, özü qəlbdə və özü ürəkdə bir xanım da qismət eləyib. O xanım heç vaxt Arifin qonum-qonşulara payladığı pay-pürüşə görə qaş-qabağını yığmaz və əksinə, deyərdi ki, çox yaxşı eləyib insanlara əl tutursan.
Bir dəfə də indi tanınan və çox
məşhur olan şairin
toyu idi. O da atadan yetim qalmışdı.
Toydan bir gün əvvəl
Arif onu tapdı, ona bəy kostyumu aldı, ayaqqabı aldı və başdan-ayağa bəy kimi geyindirdi. Həmin şair də indi ötən günləri yaddan çıxarmır. Deyir ki,
Arif Quliyev ağır günün dostudur. Çörək kəsdiyi, dostluq
elədiyi və get-gəli olduğu bir adamın belə xeyir-şərindən
qalmaz. Bir də görərsən ki, Arif Quliyev
heç kimin xəbəri olmadan o toya gəldi, o toya çıxıb ürək sözlərini
dedi və gözəl bir tamaşa göstərdi.
Düzdür, indi sənət adamlarına bir o qədər də cəmiyyət tərəfindən
diqqət yetirilmir. Amma Arif
Quliyev yeganə aktyorlardandır ki, onu həmişə həm tamaşaçılar,
həm də müəyyən təbəqənin
adamları böyük
hörmət göstərib.
Çünki Arif Quliyev təpədən-dırnağa bulaq suyu kimi
təmiz, göy üzü qədər aydın və səmimi bir ziyalıdır. Ziyalı sözünü
ona görə deyirəm ki, o, həmişə ətrafındakılara
nur və işıq paylayıb.
Məni bu yazını qələmə almağa
bir neçə gün bundan əvvəl "Azərbaycan"
nəşriyyatının qarşısında
baş vermiş bir hadisə oldu. Arif Quliyevlə nəşriyyatın
qarşısındakı dayanacaqda
görüşdük. Əvvəlki səmimiyyətlə bir-birimizi bağrımıza
basdıq. Sonra necə
oldusa ətrafına boylandı. Gördü ki, geyim-geçimi
bərbad vəziyyətdə
olan yaşlı bir qadın nəzərlərini ona zilləyib və məsum baxışla ona baxır. Yəni bu baxışdan
ehtiyac və kömək göstərmək
hiss olunurdu. Arif bir anlıq
ona yaxınlaşdı
və cibindən çıxardığı pulu
onun ovcuna basdı. Qadın isə iki əlini
göyə qaldırıb
dua elədi:
- Allah, bu günə min şükür, yeməyə
çörəyim yox
idi. Nə yaxşı Arifi
yetirdin. O harda məni görür, cibimə pul basır. Belə insanları Allah qorusun!
Arif Quliyev isə yenidən mənimlə xudahafizləşib
öpüşüb-görüşdü. Dedi ki, hara istəyirsən
əyləş, maşınımız
aparsın. Mən isə heç nəyə ehtiyacım olmadığını dedim.
O, maşının arxa
salonuna əyləşdi
və maşın gözdən itdi.
Ötən əsrin 70-ci illərində
Arif Quliyevi necə tanımışdımsa,
bu gün də elə tanıdım: təmiz, saf və bulaq
suyu kimi duru. Allah səni qorusun, Arif qardaşım!
Dünya boyda ürəyin sahibi də elə belə olmalıdır...
Ədalət.-2015.-28
aprel.-S.5.