MAQSUD İBRAHİMBƏYOVUN 80 yaşı

 

QƏDİM SFİNKSİN MÜƏMMALI TƏBƏSSÜMÜ

 

Onu Azərbaycanda tanıyır, sevir və görkəmli bir yazıçı kimi yüksək qiymətləndirirlər. Böyük sevginin qaynağı isə oxucular və tamaşaçılardır. Maqsud İbrahimbəyovun oxucu və tamaşaçılarının sayı milyonlardır. Özü də bu rəqəm həmişə artır. Nə qədər ki, "Bizim Cəbiş müəllim" var və nə qədər ki, "Uşaqlığın son gecəsi" davam edir, bu rəqəm saat əqrəbi kimi həmişə irəliyə şığıyacaq.

Onu keçmiş SSRİ məkanında da tanıyır, sevir və yüksək qiymətləndirirdilər. İndiki müstəqil respublikalarda da bu ənənə - bu sevgi davam edir.

Onlar - azərbaycanlı olmayan oxucular Maqsud İbrahimbəyovun povest, hekayə və ssenariləri əsasında çəkilmiş filmlərdə Azərbaycana məxsus olan milli xüsusiyyətləri, adət-ənənələri, xüsusilə Bakının müharibə dövrü və müharibədən sonrakı koloritli təsvirini reallıq kimi qəbul etmişlər və edirlər. Əgər belə demək mümkünsə, Maqsud İbrahimbəyov Azərbaycan nəsrində Bakı obrazını (Bakının özünəməxsus etnoqrafik mənzərəsini, küçə, məhəllə, ümumişəhər psixologiyasını, çeşid-çeşid insanlarını) yaradan tək-tük yazıçılardandır.

Onu dünya miqyasında da tanıyırlar. Əsərləri Azərbaycan hüdudlarını çoxdan aşıb keçmişdir. Maqsud İbrahimbəyovun bir sıra əsərləri istisnasız olaraq "Dünya ədəbiyyatı kitabxanası"nda özünə yer tapa bilər.

Və nəhayət, Maqsud İbrahimbəyovun təkcə yazıçı kimi deyil, bir ictimai xadim kimi də tanınmasını qeyd etməyə bilmərəm. Ancaq mən Maqsud İbrahimbəyovdan ictimai xadim kimi yox, yazıçı kimi söz açmaq istəyirəm.

 

* * *

Maqsud İbrahimbəyovla "tanışlığım" onun "Bağçada rahat guşə" hekayəsiylə başlayıb. Etiraf edirəm ki, 50 il öncə yazılmasına baxmayaraq o hekayənin təsirindən hələ də ayrıla bilməmişəm.

Dəllək Ağasəf öz peşəsinə görə Bakıda tanınan adamdır. Və həmişə də öz məşhurluğu ilə fəxr edir, ailəsi, ev-eşiyi barədə qürur hissi keçirir, xüsusilə, oğlunun gələcəkdə böyük adam olacağına inanır. Amma evdə, ailədə Ağasəfə münasibət tamam başqa cürdür: arvadı və oğlu onun dəllək olmasından xəcalət çəkirlər. Oğluna ad günü keçirəndə Ağasəf evdən çıxıb gedir ki, qoy oğlunun günü xoş keçsin, oğlu atasının dəllək olduğunu öz yaşıdları yanında hiss eləməsin. Və Ağasəf bağçada, rahat bir guşədə oturub gələcək ailə səadəti barədə xoş xəyallara dalır.

Bu hekayədən çoxlu suallar doğur: niyə arvadı və oğlu Ağasəfi bəyənmir? Və Ağasəf bunu bilə-bilə niyə bu qədər ailəsinə bağlıdır? Ümumiyyətlə, bu yadlığa, biganəliyə səbəb nədir? Bu suallara elə hekayənin özündə cavab tapırıq. Zəmanə, dövr dəyişib və bu dəyişilən dövrün ritmi, mənəvi-psixoloji amilləri insanların şüuruna da təsir etməkdədir. "Müasir işgüzar, həmişə tələsən, ora-bura vurnuxan qəhrəmanın öz "qoca" valideynlərinin hisslərinə qarşı "həssaslığı" təkcə Azərbaycan ədəbiyyatı üçün xarakterik mövzu deyil, lakin bu mövzunun məhz bizim ədəbiyyatımızda daha kəskin şəkildə öz əksini tapması, görünür, müəyyən milli xüsusiyyətlər, milli psixoloji çalarlarla bağlıdır" (Anar).

 

* * *

Milli xarakter anlayışına müxtəlif baxışlar mövcuddur. Azərbaycan ədəbiyyatında milli xarakteri ənənəvi atributlarla (papaq, at və s.), yaxud mənəvi keyfiyyətlərlə (mərdlik, dosta sədaqət, namus təəssübkeşliyi, ağsaqqala hörmət və s.) dəyərləndirənlər olmuş... Hər halda, burada meyar əsərlərdən bəri xalqın mənəvi həyatına, psixologiyasına hopmuş yaşantılardır. Ədəbi təcrübə göstərir ki, hər bir milli ədəbiyyat məhz xalq xarakterinin bədii təcəssümü ilə qiymətlidir. Bu mənada Azərbaycan koloriti hiss olunmayan (hətta ən bəşəri mövzularda belə) əsərlər heç cür geniş oxucu auditoriyasının diqqətini cəlb edə bilməz. Milli xarakter isə hər bir ədəbiyyatın özünəməxsusluğunu təyin edən amillərdəndir. "Hər bir milli ədəbiyyat sözün geniş mənasında milli xarakterin təcəssümündən ibarətdir və buna görə də milli gerçəkliyin vacib problemlərinə toxunan əsərlər adətən milli xarakter haqqında, başqa sözlə desək, xalqın mənəvi-əxlaqi simasının, psixologiyasının, təsəvvürlərinin tarixən təşəkkülü, keçdiyi mürəkkəb inkişaf yolu haqqında geniş, qayğılı düşüncə kimi ümumiləşir" (Akif Hüseynov). Bizim ədəbiyyatda milli xarakterin Vaqif ("Vaqif" - S.Vurğun), Cahandar ağa ("Dəli kür" - İ.Şıxlı), Kərbalayı İsmayıl ("Qarlı aşırım" - F.Kərimzadə), Rüstəm kişi ("Böyük dayaq" - M.İbrahimov) kimi klassik nümunələri vardır.

Lakin milli xarakter anlayışı da sabit və dəyişməz deyil. Yeni ictimai və mənəvi münasibətlərin yaranmasıyla əlaqədar milli xarakter anlayışı da müəyyən dəyişikliyə məruz qala bilər. Unutmayaq ki, burada əsas meyar xarakterin nə dərəcədə milli olması, öz fərdi taleyində bu milliliyi necə yaşatmasındadır. "Yeni Azərbaycan nəsri"nin bir çox nümunələrində (Anarın, Elçinin, Ə.Əylislinin, İ.Məlikzadənin, M.İbrahimbəyovun) milli xarakter kimi təqdim edilən obrazlar əslində, millilik anlayışının yeni tarixi şəraitdə müəyyən dəyişikliyə uğramasıyla bağlıdır. Tutaq ki, Anarın Zauru, Təhminəsi, Elçinin Baladadaşı, Ə.Əylislinin, İ.Məlikzadənin, M.Süleymanlının bir çox qəhrəmanlarının ilk baxışda milli xarakter kimi qavranılması məhz bu amillə bağlıdır. Lakin zaman keçdikcə milli xarakterin bu yeni keyfiyyətləri bədii ədəbiyyatda özünəməxsusluq qazanır. Əslində, "əsl yazıçı üçün milli xarakter əhatəli obrazda - konkret taleyi, konkret siması, fərdi, təkrarolunmaz bioqrafik xüsusiyyətləri, düşüncə tərzi, emosional davranışı, vərdişi, meyli, aludəçiliyi və nöqsanları olan insan obrazında meydana çıxır" (Anar).

 

* * *

Maqsud İbrahimbəyovun "Ondan yaxşı qardaş yox idi" povestindəki Cəmil müəllim milli xarakterdir. Bu obrazdakı konservatizmə, öz sərt həyati prinsiplərinə sədaqət hissi güclüdür və bütün ömrü boyu Cəlil müəllim bu prinsiplərdən nəinki uzaqlaşır, hətta onları öz həyatının dəyişilməz və ədəbi qanunları kimi qəbul edir. O, yaxşı insandır, yaxşı qardaşdır, yaxşı ailə başçısıdır. Bütün ömrü boyu çalışır ki, bu təsəvvür dəyişilməsin və ətraf mühit onu belə qəbul etsin. Vaxtilə, bu povest haqqında söz açan bir tənqidçi (Cəlal Məmmədov) yazıçını povest qəhrəmanı ilə həmrəylikdə, onun konservatizminə haqq qazandırmaqda təqsirləndirirdi. Ancaq məlumdur ki, müəllif bu və ya digər hərəkəti üçün Cəlil müəllimə heç də bəraət qazandırmır, onun patriarxal düşüncə tərzini qətiyyən müdafiə etmir. Hətta povestdə M.İbrahimbəyova məxsus yumor və ironiya da var. Cəlil müəllim sadəcə öz həyat tərzinə fanatikcəsinə əməl edir, bu həyat tərzini qeydsiz-şərtsiz yeganə və mümkün sayır. Həm də çalışır ki, onu və ailəsini tanıyanların təsəvvüründə bu fikir dəyişməsin. Bu əxlaqi təsəvvürlər dəyişiləndə, həyat tərzinin sabitliyi və sakitliyi pozulanda isə Cəlil müəllimin faciəsi başlayır. Cəlil müəllim görür ki, özünün boya-başa çatdırdığı, atalıq elədiyi Simurq get-gedə bu əxlaqi prinsiplərdən uzaqlaşır. Xüsusilə ordu həyatından sonra Simurqun institut barədə fikirləşməməsi, sürücülük etməsi, evlənmək haqqında qəti qərara gəlməməsi Cəlil müəllimi narahat edir. Ancaq Simurq böyük qardaşına qarşı heç bir hörmətsizlik göstərmir, sadəcə olaraq, həyatdan zövq almaq istəyir. Cəlil müəllimdən fərqli olaraq Simurq həyatın dəyişən tələblərinə tez uyğunlaşır, hətta qardaşının bəyənmədiyi, ikrahla baxdığı ailənin qızıyla evlənir. Nəticədə, Cəmil müəllimin mühafizəkar əxlaqi prinsipləri sarsılmış olur. Cəlil müəllim artıq əvvəlcədən mövcud olan ailə ənənələrinin pozulduğunu hiss edir və bundan çıxış yolu tapmayaraq ölümcül vəziyyətə düşür. Onun ölümü də rəmzi məna daşıyır. Beləliklə, Cəlil müəllim özü ilə bərabər keçmişi də dəfn edir. Ancaq o, ölüm ayağında da inadından əl çəkmir: "Bir azacıq keçmiş o, Simurqu onun üstünə əyilmiş gördü. Cəlil müəllim güc-bəla çarpayıdan qalxdı, Simurqa qapını göstərdi.

- Rədd ol, - xırıldaya-xırıldaya dedi. - Bu dəqiqə rədd ol! Mən sənə bu tərəfə keçməyi qadağan eləmişəm!"

Doğrudur, Cəlil müəllimdə son anda qardaşına qarşı bir rəhmdillik hissi baş qaldırır ("O, təəccüblə Simurqdan soruşurdu: nəyə görə onlar bu qədər vaxtı bir-birinə belə insafsızcasına əziyyət verirdilər?"), ancaq gecdir, şüurun son bəlirtisi olan bu sözləri heç kəs eşitmir.

Cəlil müəllim çox mürəkkəb obrazdır və elə yazıçının təsvirində bu mürəkkəblik - bir insan daxilində gedən bu proseslər real və canlıdır. Çox uğursuz bir talenin dahıyıcısı olan Cəlil müəllim təmin olunmamış, istəkləri reallaşmamış, iddiası ilə imkanları arasında çırpınan insan kimi yadda qalır.

Köhnəlmiş ailə ənənələrinin üstündən adlayıb keçə bilməmək sevmədiyi bir qadınla evlənmək qardaşının hərəkətlərinin qarşısını ala bilməmək... özünü cəmiyyətdə yaxşı bir adam kimi göstərib əslində, cəmiyyətdən təcrid olunmaq... bütün bunlar və digər səbəblər Cəlil müəllimin faciəsini dərinləşdirir. Amma bu yaxşı insanın faciəsidir və ona görə də onun ölümü təəssüf doğurur.

Və Cəlil müəllim obrazı bütün çalarları ilə sırf azərbaycanlı obrazıdır, Bakı məhəllələrinin birində yaşayan və yaşadığı məhəllənin mənəvi-əxlaqi ölçülərinə tam uyğun gələn bir obrazdır.

 

* * *

Maqsud İbrahimbəyovun nəsr kitablarından biri "Böyük şəhərin nağılları" adlanır. Doğrudan da "Böyük şəhərin nağılları" adlandırdığı povestlərində biz Azərbaycan nağıllarına, dastanlarına xas olan cazibədarlığı, təhkiyə şirinliyini, novellavari üslubu hiss edirik. Məsələn, "Kərgədan buynuzu" povestində hadisələr şərti-oyunvari üslubda qurulmuşdur. "Povest sonacan dəyişilməyən cazibə və maraqla oxunur, bütünlükdə bədii təhkiyyənin özündə hardasa gözünə kədər və zəhər də damcılamış məzəli və şux yumorun iksiri var" (Yaşar Qarayev).

"Bütün yaxşılıqlara ölüm" povestini isə hətta realist nağıl adlandırmaq mümkündür. "Bayquş gəlmişdi" povestindəki mətləb isə xalqın mifoloji inancına söykənir. Ancaq bu povestlər real Azərbaycan həyatını əks etdirir və hər şeyin sonu nağıllardakı kimi heç də xoşbəxt finalla bitmir. Povestlərin qəhrəmanları da nağıl qəhrəmanlarına az oxşayır - onlar fövqəladə insanlar deyillər ("Bütün yaxşılıqlara ölüm" bu baxımdan bir qədər istisnalıq təşkil edir), "ağ atlı oğlan" missiyasını daşımaqdan uzaqdırlar, onlar adi insanlardır. "Kərgədən buynuzu"ndakı Raufun ən böyük arzusu cavanlaşmaqdır, ancaq onun bu niyyətlə hazırladığı dərman özünə qismət olmur. Çünki bu niyyətin özündə saf və təmiz bir məram yox, dələduzluq gizlənir. Və buna görə də ümidi daşa dəyir, arzusu, əməli puç olur. "Bayquş gəlmişdi" povestində bir neçə ailə təsvir olunur və bu ailələrin heç biri xoşbəxt deyil. Zahiri görünüş arxasındakı daxili miskinlik, cazibədarlıq arxasındakı mənəvi puçluq hər iki ailənin gələcək süqutuna yol açır.

 

* * *

Maqsud İbrahimbəyovun dramaturji yaradıcılığı ayrıca bir söhbətin mövzusudur və təkcə elə bunu demək kifayətdir ki, onun "Mezezoy əhvalatı" pyesi keçmiş SSRİ teatrlarında çox böyük müvəffəqiyyətlə tamaşaya qoyulurdu. Bu pyes Mədəniyyət Nazirliyinin keçirdiyi ən yaxşı pyeslər müsabiqəsində birinci yeri tutmuşdu. Kino sənətindəki xidmətləri də yenə ayrıca bir söhbətin mövzusu ola bilər. Hər iki halda - həm dramaturgiyasında, həm də kino yaradıcılığında Maqsud İbrahimbəyov kifayət qədər professionaldır. Bu professionallıq ilk növbədə, onun bədii sənətkarlığının bəhrəsidir - onun pyeslərindəki mükəmməl, dolğun obrazlar, real həyat həqiqətlərinin dramatik janrın tələblərinə uyğun olaraq səsləndirilməsi elə ilk baxışda diqqəti cəlb edir. Bu məziyyəti biz onun lap sonuncu - "Qədim sfinks gülümsəyir" pyesində də görürük. Maqsud İbrahimbəyov bu pyesdə Azərbaycanın Şura inqilabından əvvəlki Bakı həyatını təsvir edir. Neft və milyonlar səltənətinin - Bakının və Azərbaycanın gələcək faciəsinin proloqudur və əsər...

...Həmin əsərdə qədim Misirdəki sfinksdən də söz açılır. Sfinks yunan və Misir mifoloji dünyasında müqəddəs obrazdır və daha çox müəmma anlayışına uyğun gəlir. Müəmma isə həqiqət axtarışına sövq edir insanı, sənətkarı. Və Maqsud İbrahimbəyovun hər bir əsəri mənə sanki qədim sfinksin müəmmalı təbəssümünü xatırladır.

 

Ədalət.-2015.-29 aprel.-S.7