Cavid Çələbiyev :
"Böyük məmnuniyyətlə Taysonla rinqə
çıxaram"
"Mən
böyük ürəyə malik idmançıyam"
Cavid Çələbiyev 1992-ci ildə Bakı şəhərində dünyaya gəlib. İdmanın boks növündə
mübarizə aparan Çələbiyev bir sıra
uğurlara imza atıb. O, Azərbaycan çempionatının
və kubokunun qalibi olub. Gənclər
arasında Avropa çempionatının və Kazan
Universiadasının mükafatçısı olan gənc əlcək
ustası neft ölkələrinin Dünya Kuboku turnirində fəxri
kürsünün ən yüksək pilləsinə
qalxıb. C. Çələbiyev karyerasının ən
böyük uğuruna Qazaxıstanın paytaxtı Almatıda
keçirilən böyüklər arasında dünya
çempionatında imza atıb. Tacikistan, Monqolustan, Keniya,
Qazaxıstan və Rusiya təmsilçilərini məğlub
edən idmançımız adını Azərbaycan boksu
tarixinə üçüncü dünya çempionu kimi
yazdırıb.
Adalet.az-ın "Fəxri
kürsü" rubrikasının növbəti qonağı
dünya çempionu, boks üzrə Azərbaycan
yığmasının liderlərindən biri Cavid Çələbiyevdir
"Məsuliyyətli
olmağım məni dünya çempionatının qalibi
etdi"
- Cavid,
heç kimin gözləmədiyi halda dünya
çempionatının qalibi oldunuz. Bu nəticənizin
doğurduğu rezonans dünya boks aləmində
hələ də səngimir. İnişilə qayıdaq...
-
Dünya çempionatından öncə 23 yaşadək
boksçular arasında keçirilən Avropa
çempionatında üçüncü, Rusiyanın Surqut
şəhərind təşkil olunan neft ölkələrinin
Dünya Kubokunun qalibi olmuşdum. Bu nəticələrimi
nəzərə alaraq məşqçilər korpusu məni
dünya çempionatında iştirak edəcək
komandanın heyətinə cəlb etdi. Mundial
öncəsi qarşıma məqsəd qoyub gərgin məşq
prosesi keçmişdim. Nəticəmin belə uğurlu
alınmasında da məhz hazırlığımın
yüksək olması öz sözünü dedi.
- Turnir
öncəsi çempion olacağınıza
inanınrdınız?
-
Özümə inanırdım. Niyə? Çünki məşqçilərin mənə
verdiyi məşq proqramını artıqlamasıyla yerinə
yetirirdim. Onlar mənə beş deyəndə
on, on deyəndə iyirmi edirdim. İşimə
qarşı məsuliyyətli olmağım məni dünya
çempionatının qalibi etdi. Şükürlər
olsun ki, bu xarakter məndə hələ də var. Nə qədər
ki, idmançı karyeramı davam etdirirəm,
düşünürəm, bu həmişə belə olacaq.
- Rəqibləriniz
də çox təcrübəli, dünya boks
aləmində kifayət qədər sözünü
demiş idmançılar idi. Onların arasında olimpiya və
dünya mükafatçısı Tuqsurqot Nayambayar və ev sahibi Kayrat Yeraliyevin adlarını çəkmək
kifayətdir...
- Təbii,
titullu idmançılarla görüşmək gənc biri
üçün asan deyil, amma dünya çempionatında mənim
psixolojim durumum da yüksək səviyyədə idi. Özümə təlqin etmişdim ki, rəqibim
çempiondursa, o demək deyil ki, məndən
güclüdür, mən ondan daha yaxşı
hazırlaşmışam, bir növ qələbəyə məhkumam.
Dünya çempionatında hər döyüşə
final olaraq yanaşırdım. Bu təlqinlə də
bütün döyüşləri eyni səviyyədə
keçirərək birinci oldum.
- Yerli boks ictimaiyyətinin rəyinə görə,
sizin dünya çempionluğunuzda fiziki və texniki göstəriciləriniz
yox, sırf ürəyiniz- daxilinizdəki qələbə
yanğısı əsas rol oynadı. Düzdür?
-
Razıyam. Mən böyük ürəyə
malik idmançıyam. Digər
idmançılardan məni fərqləndirən əsas
xüsusiyyətlərdən biri, bəlkə də birincisi məhz
budur.
Çoxlarına gülməli gələr, amma mənə
desələr ki, Taysonla döyüş, çəkinmədən,
böyük məmnuniyyətlə onunla rinqə
çıxaram.
-
Qarşıdan I Avropa Oyunları gəlir və siz bu turnirdə
iştirak edəcəksiniz. Avropa Oyunlarında
sizdən nə gözləyək?
-
Hazırda 56 kiloqram çəki dərəcəsində
dünya boks reytinqində ikinci, Avropa
reytinqində isə birinciyəm. Avropanın ən
yaxşısı sayılıram. Gərgin
məşq prosesi keçirəm, gecə-gündüz
yalnız Avropa Oyunları haqqında düşünürəm.
Gözəl bilirəm ki, mən hansı əhəmiyyəti
kəsb edən yarışa qatılacam. Hazırda
yalnız bir arzum var; Avropa Oyunlarının qalibi olmaq! Əminəm ki, belə də olacaq.
- Qələbə
yolunda əsas rəqibləriniz fransalı olimpiya
mükafatçısı Xedafi Celkir, ukraynalı Busenko və
dünya çempionatının finalında məğlub
etdiyiniz - hazırda revanş hissi ilə alışıb yanan
rus Nikitin olmalıdır...
- Ola
bilsin ki, Fransa, Ukrayna və Rusiya yığmaları turnirə
digər idmançıları ilə qatılsınlar. Amma böyük ehtimalla siz adını çəkdiyiniz
idmançılar Avropa Oyunlarında iştirak edəcəklər.
Sadəcə, onu deyim ki, mən nə Nikitindən,nə
Busenkodan, nə də Celkirdən çəkinmirəm, əksinə,
onlar məndən çəkinirlər. Çəkinməlidirlər
də.
- Avropa Oyunlarında komanda yoldaşlarınızdan kimləri
qələbəyə əsas namizəd hesab edirsiniz?
- Teymur Məmmədov və Məhəmmədrəsul Məcidovun
şansları daha çoxdur. Elvin Məmişzadəni
də xüsusi qeyd edərdim. Hazırda
Elvin yaxşı formadadır.
- Elvin
İsayev və Heybətulla Hacıəliyevi necə?
- 50-50-yə.
Adını çəkdiyim
idmançıları qələbəyə daha potensiallı
görürəm.
"Yerli
idmançılardan hər hansı birini kumir seçməmişəm"
- Azərbaycanda
ən populyar idman növlərindən biri də boksdur. Bu növdə Avropa və dünya
çempionatlarında, olimpiya oyunlarında nəzərəçarpacaq
uğurlar qazanmışıq. Sizdən əvvəl
Rövşən Hüseynov, Vüqar Ələkbərov,
Ağası Məmmədov, Fuad Aslanov, Şahin İmranov kimi
tanınmış boksçularımız olub. Onlardan hansınısa özünüzə kumir
seçmisiniz?
- Mənim
boksa gəlməyimdə əsas rolu atam oynayıb. Gözümü açandan onu rinqdə, məşq
zallarında görmüşəm. İlk məşqçim
də elə o olub.Yadımdadır, ilk dəfə boks zalına məşqə gedəndə
atamın əlcəklərini özümlə
götürmüşdüm.
-
Uşaqlıqda adını çəkdiyim
idmançılardan hər hansı birinin
çıxışlarını izləmirdiniz?
-
Açığı, o qədər də yox. Atam
o vaxt mənə boksla bağlı kasetlər alıb gətirərdi.
Məhəmməd Əli, Mayk Tayson, Evander
Hollifild və Lennoks Luisin döyüşlərini sevə-sevə
izləmişəm. Yerli
idmançılardan hər hansı birinin
çıxışlarını yaxından izlədiyimi və
yaxud kumir seçdiyimi söyləyə bilmərəm.
- Veteran
boksçularımızdan sizə kimlər mənəvi dəstək
olur, tövsiyə verirlər?
- Fariz Məmmədov və Şahin İmranovu xüsusi
qeyd edərdim.
Düzdür, Fariz Məmmədov hazırda
vuruşur, amma hər halda yaşca məndən xeyli
böyükdür, tövsiyələri dəyərlidir.
- Əzəldən aşağı çəkilərdə
yığma komandada güclü daxili rəqabət olub. Hazırda 56
kiloqram çəki dərəcəsində kimi bu baxımdan
ciddi rəqib olaraq qəbul edirsiniz?
- 56
kiloqram çəki dərəcəsində yerli
idmançılar arasında heç kimi ciddi rəqib olaraq qəbul
etmirəm. Hazırda məni heyətdən
sıxışdırmaq iqtidarında olan boksçu yoxdur.
- Rəqabətin
olmaması necə hissdir? Bu sizi
arxayınlaşdırmır ki?
- Mənim
üçün heç bir fərqi yoxdur. Mən
dünya çempionu olmamışdan əvvəl necə məşq
edirdimsə, elə də davam edirəm. Məndə
heç vaxt arxayınlıq hissi olmayıb. Yığmanın məşqçilərindən də
soruşsanız, bunu təsdiqləyərlər.
"Bu
çəkidən yalnız olimpiya çempionu kimi gedə
bilərəm"
- 56
kiloqram kimi yüngül çəkini qoruyub saxlamaq bir
idmançı üçün çox çətin hesab
olunur. Buna necə nail olursunuz?
- Bu,
idmançının öz əlindədir. Qidalanmaya
və digər amillərə düzgün raiyət etdikdə
heç bir çətinlik törətmir.
Digər, daha yuxarı çəki dərəcələrində
də mübarizə apararam, amma qarşıma məqsəd
qoymuşam ki, bu çəkidən yalnız olimpiya
çempionu kimi gedə bilərəm.
- Avropa Oyunlarından sonra qarşıdan Qətərin
paytaxtında keçiriləcək Rio de Janeyro
olimpiadasında lisenziya xarakterli dünya çempionatı gəlir. Bu turnir
üçün nə vədləriniz var?
-
Hazırda məni daha çox qayğılandıran Avropa
Oyunlarıdır. Dünya çempionatı mənim
üçün indiki halda ikinci plandadır.
- Həvəskar
boksla paralel olaraq həmçinin AİBA Pro Boxing
seriyasından olan peşəkar boks turnirlərində
də iştirak edirsiniz...
- Bu seriyadan
olan turnirlərdə görüş müddəti daha
çoxdur. Orda uğurlu iştirak
üçün idmançıdan son dərəcə
güclü xarakter, əzmkarlıq tələb olunur. Bu xüsusiyyətlər də məndə
olduğundan orda mübarizə aparmaq çətinlik törətmir.
- Gələcəkdə
sizi sırf peşəkar boksda görə bilərik?
- Hələlik
bütün planlarım olimpiya boksu ilə bağlıdır.
Bir idmançı olaraq da bütün həmkarlarım
kimi əsas arzum olimpiya çemponu olmaqdır. Bilirsiniz ki, Azərbaycan boksunun olimpiya çempionu
yoxdur, bu səbəbdən adımı tarixə ilk olimpiya
çempionu kimi yazdırmaq fürsətim var.
Çalışacam ki, bundan Rio olimpiadasında maksimum
yararlanım.
- Bir ara yarışlarda iştirak etmədiniz, deyəsən,
əlinizdən zədə almışdınız...
- Şükürlər olsun ki, zədəm tamamilə
sağalıb.
Bu zədə AİBA Pro Boxing turnirində
Venesuela boksçusu ilə görüşdə
yaranmışdı. Mən onun
qaşının üstünə qüvvətli zərbə
endirdikdən sonra əlim çartlamışdı.
-
Baxmayaraq ki, dünya çempionusunuz, sizi nəinki cəmiyyət,
hətta idman ictimaiyyəti belə, çox az
tanıyır. Televiziya və media qurumlarının
sizə qarşı diqqətsizliyinin səbəbi nədir?
-
Özüm deyiləm (gülür). Dəvət
etsələr, böyük məmnuniyyətlə qəbul edərəm.
Açığı, o qədər də
marağında deyiləm. İdmançıyam,
məşqimi edib yarışlarda iştirak edirəm, digər
məsələlər mənim üçün o qədər
də əhəmiyyətli deyil.
- İdmançılar arasında daha çox kimlərlə
yaxınsınız?
- Daim
oturub-durduğumuzu deyə bilmərəm, amma bir çoxu ilə
ünsiyyət saxlayıram. İlham Zəkiyevlə
tez-tez zəngləşir, hal-əhval tuturuq. Fərid Mansurovla da bayram və digər əlamətdar
günlərdə zəngləşirik. Komanda
yoldaşlarıma gəldikdə isə, hamısı ilə
çox sıx ünsiyyətim var.
"Dostlarım
utancaqlığımı mənə irad tuturlar"
- Sizi necə
bir insan olaraq xarakterizə etmək olar?
- Nə
deyim vallah...
- Mən
birini deyim; Həddən artıq utancaq (gülərək).
-
Çox düzgün qeyd etdiniz(gülür).
Dostlarım da utancaqlığımı mənə
irad tuturlar.
- Son
sözünüz?
-
Federasiya rəhbərliyinə, başda prezident Kəmaləddin
Heydərov olmaqla, vitse prezidentlər Süleyman Mikayılov və
Ağacan Əbiyevə, məşqçilər korpusuna,
xüsusilə də Nəriman Abdullayevə bizə göstərdiyi
diqqət və qayğıya görə öz minnətdarlığımı
bildirirəm.
Qarşıdan gələn Avropa Oyunlarında bütün idmançılarımıza uğurlar arzu edirəm. Ümid edirəm ki, qazandığımız nəticələrlə xalqımızı sevindirəcəyik.
Sahib ƏSƏDBƏYLİ
Ədalət.-2015.-29 aprel.-S.6.