"Ədalət"in vaxtı:
Cığatel İsaqızı ilə
Zamandan
özümə pay ala bilmədim
Zamana bütün yaraları sağaldan loğman, hər şeyi yoluna qoyan hökmran deyirlər. İnsan zamanı təsvir, tərənnüm, hətta giley-güzar etmək üçün ona nə adlar verməyib ki! Amma həmişə zamanın böyüklüyünü hiss edir. Özünü onun bir hissəsi, axınında bir damlası sanır. Onu da dərk edir ki, zaman aldıqlarının mütləq əvəzini qazandırır, sadəcə səbr edib zamanın ona gülümsəməsini gözləmək lazımdır. Elə həmsöhbətimin dediyi kimi, "Zaman da, tale də Allahın əlindədir, dolanıb, gəzib yenə son nöqtəmizdə ona qayıdacağıq”. Qonağımızı tanıyaq:
Şairə Cığatel İsaqızı - 1965-ci ildə Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub. Yaradıcılığa 1988-ci ildən başlayıb, 1998-ci ildən etibarən dövri mətbuatda çap olunur. "Könüllərə yol gedək”, "Deyirlər bəxtimi görənlər olub”, "Yaxşı ki, xəyallar gözə görünmür”, "Sevmək beləmi olur”, "Seçilmişlər” adlı kitabları işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bundan başqa, bir çox ədəbi məclislərin üzvüdür. Şeirlərinə mahnılar bəstələnib, tanınmış müğənnilər tərəfindən oxunur.
Bir çox mediya mükafatlarının, o cümlədən "Qızıl qələm” mükafatının laureatıdır.
...Və Cığatel İsaqızının zaman anlayışı:
– Zaman nədir və sizin üçün nə əhəmiyyət kəsb edir?
– Zaman
insan ömrünün paralel yaşam tərzidir. Zaman insan doğulandan ölümünə qədər
onun əhatə edən prosesdir. Bizim həyatımızın,
nəfəsimizin başqa şəklidir və ya bir hissəsidir.
– Bizi əhatə
edən zamandan başqa, hər bir insanın özünəməxsus
daxili bir zamanı da olur...
– Bəli,
nə yaxşı ki, insanın öz daxili zamanı var:
öz dünyasını, öz qayda-qanununu qurduğu,
özünün idarə etdiyi zaman. Daxili
zamanımızda hər şey başqa cür dövr edir, bəzən
xarici zamanla heç uzlaşmır. Zahiri
zamanda yaşaya bilmədiklərimizi, başa çatdıra
bilmədiklərimizi, heç olmasa, öz zamanımızda
yaşayırıq.
– Biri var
zamana uyğunlaşmaq, biri də var zaman axınının tərsinə
getmək. Bunlardan hansı sizə daha çox
uyğundur?
"Zamana
tabe olub, amma o zamanın ümumi axınından fərqlənirəm”
– Mən
zamanın axarına qoşulsaydım, onda Cığatel
olmazdım, ümumi axının bir damlası olardım. Başqalarına qoşulub, onların zaman çərçivəsində
nə etdiklərini qətiyyən edə bilmərəm.
Nə də zamanı durdura və ya geri də
qaytara bilərəm. Dolayısı ilə
zamana tabe olub, amma o zamanın ümumi axınından fərqlənən
insanam. Demək olar ki, ortaq məxrəcdəyəm.
–
Ümumiyyətlə belə fikir formalaşıb ki,
yaradıcı insanlar zamana tərs gedən insanlardır, elə
onları fərqləndirən də budur...
– Təbii
ki, bəlkə də, elə onların daha çox yadda
qalması məhz bu cəsarətləri ilə
bağlıdır. Axına tərs getməyi mən belə
anlayıram: tutaq ki, zamanın özüylə gətirdiyi
ümumi, amma xoşagəlməz qaydalara,
haqsızlığa, ədalətsizliyə mütləq etiraz
edirsən. Ən azından yaradıcılıq
yolu ilə. Elə axına etiraz etdiyimiz zamanda, qələm
işə düşür: əsərlər, şeirlər
yaranır. Əlbəttə ki, yeni zamanın gətirdiyi
müasirlik, tərəqqi gözəldir. Dünya
inkişaf edir və bu inkişafdan, yeni texnologiyadan geri qalmaq
mümkün olmur. Ulu öndərimizin gözəl bir
sözü var: "Keçmişi qoru, gələcəyini
qur”. Keçmişimizdə qazanıb adət-ənənə
kimi qoruduqlarımızı tapdalamaq olmaz. Mən
öz gələnəklərimizi yaşadılmasının,
gələcəyə ötürülməsinin bir qələm
adamı olaraq həmişə müdafiəçisi
olmuşam.
– Bəs
zamana uyğunlaşmaq necə, asandırmı? Kimlər
bunu bacarır?
–
Yaşadığı zamana uyğunlaşan insanlar, əlbəttə
ki, bacarıqlı, ağıllı insanlardır. Amma hər kəsin, necə deyərlər, öz
zamanı olur. Zamanın nəbzindən
anlayır ki, bu, onun baş çıxaracağı bir
dövrandır.
– Hər
kəsin öz zamanı demişkən: elə adamlar da var ki,
onlar yaşadıqları zamandan uzaq olurlar. Başqa
bir zamanın insanı olduqlarını deyirlər. Bəzən
biz özümüz də bunu açıq-aydın hiss edirik.
Bu, sizcə nədən qaynaqlanır?
– İnsan öz zamanı ilə razılaşmayanda
özünə başqa zaman arzulayır. Fikirləşir
ki, başqa zamanda doğulsaydı başqa cür olardı.
Hər bir zamanda, hər dövranda insanın
razılaşmadığı məqamlar olur. Bizim arzuladığımız o keçmiş
zamanlarda da insanlar "eh zəmanə pisləşib, adamlar
korlanıb” deyə gileylənirdilər. Bu
həmişə belə olacaq. Amma
insanın öz dövranında işi yaxşı gedəndə,
rast gətirəndə deyir, elə mənim zəmanəmdi.
Eyni anda biri zamandan narazı, digəri razı ola
bilər. Ona görə düşünürəm
ki bu fərdi yanaşmadır.
– Amma əksər
insanın ürəyindən keçir ki, zaman
maşını mövcud olsaydı başqa bir zamana səyahət
edərdi. Şairə Cığatel hansı
zamanı görmək istərdi?
– Niyə
məhz keçmiş? Elə adamlar var ki, gələcəyi
arzulayır...
– Əlbəttə,
elə də olur...
"Gələcəyin
yenilikləri gözəldir, amma mütləq fəsadları
olur”
– Amma
sırf məndən söhbət gedirsə, heç vaxt gələcəyi
görmək arzusunda olmamışam. Gələcəkdən
qorxuram. Vaxtilə gələcəyi
gözləyə-gözləyə çox peşman
olmuşam, qəribə xoşagəlməzliklərlə
rastlaşmışam. Bəlkə də, gələcəkdə
insanların daha da cılızlaşmasından, dəyərlərin
itməsindən ehtiyat etdiyim üçün qorxuram! Gələcəyin yenilikləri gözəldir, amma
bütün yeniliklərin mütləq fəsadları da olur.
Amma keçmişi çox sevirəm. Hətta onu gözümün önündə
canlandırmağı da bacarıram. Bunu ilk dəfə
olaraq sizə deyirəm: dəfələrlə bölgələrimizdə
qədim abidə və ya komplekslərdə olmuşam. Dərhal həmin dövr kino lenti kimi
gözümün önündən keçir. Hətta nəinki
tarixi bina, bəzən çoxdan qalmış mebellər,
30-40 il bundan öncə dəbdə olan pərdələr
görürəm, həmin illərə qayıdıram. Muzeyləri çox sevirəm. Məsələn,
Səməd Vurğunun
ev muzeyinə getmişdim. Onun geydiyi
paltosuna, papağına, ayaqqabısına, bəlkə bir saat
tamaşa elədim. Təsəvvür
edirdim ki, onu necə geyinib, necə istifadə edib, sanki o anlara
qayıtmışdım.
– Bir ədəbiyyat
adamı olaraq, zamanı öz şeirlərinizdə necə əks
etdirmisiniz?
–
Çox toxunmuşam:
Saat-saat
zaman gedir ömürdən
Və ya:
Zaman-zaman
ağlamaqdan usandım
Bircə kərə görən gülsəm, olarmı?
Qalaq-qalaq
sinəm üstə dağ olan
Kədəri sevincə bölsəm, olarmı?
– Zamanla bağlı
şeirlərinizdə, giley-güzar üstünlük təşkil
edir...
– Giley, əlbəttə
ki, şeirlərdən, ümumilikdə insan ömründən
əksik olmur:
Bu
şair ömrüdür yaşayıram mən,
Hələ öz ömrümü yaşamamışam.
Şair
yükünü daşıyıram mən,
Hələ öz ömrümü yaşamamışam.
Bu kimin ruhudu hopub canıma?
Bu kimi qanıdı çöküb qanıma?
Bu kimin haqqıdı düşüb boynuma?
Hələ öz ömrümü yaşamamışam.
Həqiqətən
özüm üçün yaşamamışam, övlad
üçün, ailə üçün,
yaradıcılıq üçün, hətta zaman
üçün yaşamışam, özümdən
başqa... Zamandan ona görə gileyliyəm ki,
özümə ondan pay ala bilmədim.
–
Doğrudanmı, zaman qadının ən böyük
düşmənidir?
– Yaş
üstünə yaş gəlir, əlbəttə ki, bu
qadınları qorxudur. Qadın zamana qalib gəlmək
istəyir. Amma mən heç vaxt
yaşımı gizlətməmişəm. Həmişə yaşımı da demişəm və
bu yaşa görə də cavan qalmağımla fəxr
etmişəm. Düzdür, yaşı
düşündükcə, istər-istəməz kövrəlirəm,
ancaq ötən günlərdə yaşamadıqlarıma
görə, edə bilmədiklərimə görə kədərlənirəm.
Bəlkə də, nəticə olaraq elə gəlib
qorxuya söykənir. Əslində,
yaşlandıqca insan müdrikliyə doğru gedir. O da
var ki, bəzi insanlar doğulandan necədirsə, ölənə
qədər də o cür qalır. Necə deyərlər,
quyuya su tökməklə sulu olmur. Yəni, zaman belə insanları cilalaya bilmir, onlar elə
yonulmamış da qalırlar.
"Heç
vaxt zamana qalib gələ bilməmişəm”
–
Zamanın sizdən qopardıqları çox olub, yoxsa verdikləri?
– Mən
çox qəribə tale yaşamışam və heç
vaxt zamana qalib gələ bilməmişəm və ya
obrazlı desək, ona sözümü keçirə bilməmişəm.
Yəni ömrüm də ipə-sapa yatan
ömür deyil.
Şairdən soruşursan, işin-sənətin nədi?
Hansı məktəb oxudun, indi niyyətin nədi?
Oxudum, oxuyuram, deyim hikmətim nədi?
Süleymandan başladım, hələ Şeyx Sənandayam
Mən həyat məktəbində, hər gün imtahandayam.
– Bu
imtahan prosesində özünüzü necə hiss edirsiniz?
–
Artıq hər şeyə alışmışam. Hazıram. Şıltaq taleyə,
amansız zamana boyun əymişəm. Zaman mənə
bu 50 ildə 150 ili yaşadıb. Vaxtilə çox etiraz etmişəm, indi də bəzən
çırpınıram, amma zaman öhdəsindən gələ
biləcəyin bir güc deyil. O öz bildiyini mütləq
edəcək. Ona görə də cox vaxt
heç nəyi planlaşdırmıram, zamana buraxıram,
çünki vaxtı gələndə, yetişəndə hər
şey özü yoluna düşəcək. İmtahansa, davam edir.
– Vaxt
itkisi ilə bağlı təəssüfləriniz,
"kaş ki”ləriniz olubmu?
– Əvvəllər çox olub, indi artıq fikir verməməyə
çalışıram. Nə olacaqsa olacaq.
Və ya keçmişdə olub bitib, indi təəssüflənməklə
nəyi geri qaytarmaq olur ki? İndi bu
günümlə yaşayıram. Evdən
çıxanda deyirəm ki, ilahi, ağlımı
başımdan alma, nə göstərəcəksənsə
yaxşı göstər.
"Zamandan
umacağım yoxdur”
– Zamandan ən
çox nə gözləyirsiniz? Bundan
sonrakı həyatınızda zamanın hansı hədiyyəsi,
sürprizi ürəyinizcə olar?
– Ehh, əvvəllər
o qədər gözləmişəm ki! İndi
zamandan umacağım yoxdur. Bircə
ömrümü-günümü həsr etdiyim
övladlarımdan, ailəmdən yalnız və yalnız məhəbbət
gözləyirəm. İndi də, gələcəkdə
də. Taleyim məni o qədər
dağlara-daşlara çırpıb ki, nələrin
olacağını da bilmək olmur. Kənardan
baxan bəxtəvər deyir.
Çoxları
bəxtəvər söyləyir sənə
Kim bilir
çəkirsən nələr, Cığatel,
Ormanında
min ovçu var silahlı,
Köksündə ahular mələr, Cığatel.
Amma bu o demək deyil ki, mən ancaq zamandan giley edirəm. Belə baxanda
elə mən də özümü bəxtəvər
sayıram. Heç bir arxam olmadan qələmim
tanındı, şeirlərim sevildi, xalq hörmət edir.
Bir qələm adamı üçün bundan gözəl nə
ola bilər ki!
– Kimi dilləndirirsən,
vaxtın uçmağından gileylənir. Siz
necə, vaxtın tempini tuta bilirsiniz?
– Vaxt
doğurdan da uçur, göz açıb-yumunca sanki hər
şey geridə qalır. Belə götürəndə
özüm kimi qaçaraq, hər şeyə tələsib,
işləri yoluna qoymaq istəyən adam
tanımıram. Çox
tələskən, eyni zamanda qoçaq adamam. Amma yenə də vaxt tapmıram. Hər şeyə yetişə bimirəm.
– Ən çox nəyə vaxt
ayırırsınız?
– Son
zamanlar tədbirlərə, müsahibələrə,
verilişlərə daha çox vaxt ayırıram. Belə getsə şeir məndən küsəcək.
İşlərin çoxluğundan şeirə
vaxt ayıra bilmirəm. Ona görə
çox vaxt bütün işlərimi bitirəndən sonra,
gecələr yazıram.
– Vaxtla
bağlı insanlara nə tövsiyə edərdiniz?
– Ən böyük tövsiyəm: qiraətə, təhsil
almağa çox vaxt ayırsınlar. Belə olanda
insan keçmişini də unutmaz, gələcəyini də
doğru, istiqamətlənmiş, savadlı şəkildə
qavrayar, gələcəkdən düzgün olanı mənimsəyər.
Böyük sözü dinləsinlər.
Şair demiş: "Ey cavanlar, qocaların xətrinə dəyməyin,
ay qocalar cavanlara yol açın”. Təbii ki, nəsillərarası
münasibət qarşılıqlı olmalıdır.
Zaman da, tale də
Allahın əlindədir, dolanıb-gəzib yenə
son nöqtəmizdə ona qayıdacağıq. Nə zamandan, nə Allahdan küsün. Paxıllıq etməyin. Allahdan
istəməyə, arzu etməyə davam edin, tez ya gec mütləq
verəcək, hər işin, hər olacağın öz
zamanı var.
Biz də "Ədalətin” vaxtı”nın
qonağına Vaxtın onunla həmişə ədalətli
davranmasını arzu edirik.
Şəfiqə
Şəfa
ədalət.-2015.-30 aprel.-S.3.