MÜSƏLLƏH ƏSGƏR KİMİ

 

 ("Faşizm üzərində qələbə-70" silsiləsindən)

 

1941-1945-ci illər-Böyük Vətən müharibəsi illəri. Qoca tarixin yaddaşından silinməyəcək illər. Xalqımızın tarixində də şanlı səhifələr, həm də maddi və mənəvi itkilərlə dolu illər. O zaman vahid bir dövlət - SSRİ vardı və onun hər bir vətəndaşı milliyyətindən asılı olmayaraq Vətən söylədiyi böyük bir məmləkətin şərəfini qorumağa özünü borclu sanırdı. Bu mənada bəşər tarixinin ən şanlı səhifələrindən birini 1941-1945-ci illər Böyük Vətən müharibəsi təşkil edir. Bu müharibədə başqa xalqların nümayəndələri kimi azərbaycanlılar da iştirak edirdi və o şanlı qələbənin qazanılmasında Azərbaycanın da böyük payı var. Müharibə illərində Azərbaycandan 600 mindən çox oğlan və qızı cəbhəyə getdi, Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdilər. Cəbhədə böyük igidliklər göstərən Həzi Aslanovun, Hüseynbala Əliyevin, Kamal Qasımovun, Baloğlan Abbasovun, Bəxtiyar Məmmədovun, Gəray Əsədovun, Mehdi Hüseynzadənin, Ziya Bünyadovun, Məlik Məhərrəmovun, Cəmil Əhmədovun, Fariz Səfərovun və b-nın adları əbədi olaraq xalqımızın yaddaşına köçdü. 120 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görüldü, 170 mindən çox əsgər və zabitimiz SSRİ orden və medalları ilə təltif edildi. Azərbaycan nefti isə bu müharibədə həlledici rol oynadı.

Azərbaycan yazıçıları müharibə başlanan gündən qələmlərini süngüyə çevirdilər. Azərbaycan Yazıçılar İttifaqı bütün xalqın mənəvi istinadgahına döndü. Unudulmaz şairimiz Səməd Vurğunun "Bilsin ana torpaq, eşitsin vətən, Müsəlləh əsgərəm mən də bu gündən! Bu gün bir süngüdür əlimdə qələm" misraları ilə başlayan şeirindən başlayan çağırış və vətənpərvərlik ruhu bütün müharibə boyu davam etdi. Müharibə başlayan günün səhəri Azərbaycan yazıçılarının mitinqi keçirildi. Bu cür mitinqlər, Yazıçılar İttifaqında keçirilən iclaslar, konfranslar, şeir gecələri mütəmadi davam edirdi. Heç bir mübaliğəyə varmadan deyə bilərəm ki, həmin illərdə Azərbaycan Yazıçılar İttifaqı MK, Nazirlər Soveti səviyyəsində bir təşkilata çevrilmişdi, buradan cəbhəyə, döyüş bölgələrinə yazıçı briqadaları göndərilir, hərbi qəzetlərdə işləmək üçün jurnalistlər ezam olunurdu. Cəbhədən gələn döyüşçü məktublarının ünvanı ya Yazıçılar İttifaqı, ya da Səməd Vurğun idi.

Böyük Vətən müharibəsində döyüşən Azərbaycan yazıçılarının tam siyahısınə heç bir mənbədə rast gəlmədim. Ona görə də bu müharibədə igidlik göstərən yaxud ağır yaralanıb tərxis olunan döyüşçülərin, həmçinin müharibədə bir jurnalist kimi fəaliyyət göstənən Yazıçılar İttifaqı üzvlərinin heç olmasa sayını bilmək istədim. Ən etibarlı mənbə professor Teymur Əhmədovun tərtib etdiyi "XX əsr Azərbaycan yazıçıları" ensiklopedik məlumat kitabı oldu. Bir neçə saatlıq cəhddən sonra müharibədə iştirak etmiş Azərbaycan yazıçılarının sayının yetmişi ötdüyünü gördüm. Onu da qeyd edim ki, onların əksər qismi müharibəyə yollananda Yazıçılar İttifaqının üzvləri deyildilər, yaradıcılığa davadan sonra başlamışdılar. Məncə, bunun elə bir əhəmiyyəti yoxdur... İndi təqdim edəcəyimiz siyahıda həm müharibədə döyüşçü kimi fəal iştirak edən yazıçılar da var, hərbi müxbir kimi iştirak edənlər. Budur onlar: Abbas Zamanov, Abdulla Faruq, Bayram Bayramov, Böyükağa Qasımzadə, Cabbar Məcnunbəyov, Cəfər Cəfərov, Cəfər Xəndan, Cəlal Bərgüşad, Cəmşid Əmirov, Dadaş Məmmədzadə, Eynulla Ağayev, Əbdülbaqi Fövzi, Əbil Yusif, Əbülfəz İbadoğlu, Əbülhəsən Ələkbərzadə, Əhməd Cəmil, Əcdər İbrahimov, Əkbər Əkbərov, Əkbər Məftun, Əkbər Ruhi, Ələkbər Şahid, Əli Vəliyev, Əliheydər Qənbər, Əlihəsən Şirvanlı, Ənvər Məmmədxanlı, Ənvər Əlibəyli, Əvəz Sadıq, Əyyub Abasov, Fətəli Sahib, Gəray Fəzli, Həkim Qəni, Həmid Axundlu, Həsən Mehdiyev, Həsən Qasımov, Hidayət Əfəndiyev, Hüseyn Abbaszadə, Hüseyn Arif, Hüseyn Razi, Hüseyn Natiq, İbrahim Kəbirli, İshaq İbrahimov, İslam Səfərli, İsmayıl Şıxlı, İvan Tretyakov, Kamran Məmmədov, Qeybulla Rəsulov, Qılman İlkin, Mahmud İsmayılov, Məhərrəm Əlizadə, Məmməd Aranlı, Məmməd Əkbər, Məmmədiyyə Yusifzadə, Mirzağa Quluzadə, Mirzə İbrahimov, Müzəffər Nəsirli, Nağı Nağıyev, Nəcəf Nazim, Nəriman Əliyev, Nəsib Əfəndiyev, Nurəddin Babayev, Oruc Qoşqarlı, Rauf İsmayılov, Rəsul Rza, Salam Qədirzadə, Seyfulla Əsədullayev, Şamil Cəmşid, Şıxəli Qurbanov, Teymur Elçin, Vladimir Zaytsev, Yusif Şirvan, Zeynal Cabbarzadə. Sizə təqdim etdiyim bu siyahıda sağ qalan yazıçı yoxdur. Abdulla Faruq, Hüseyn Natiq elə döyüşlərdə həlak oldular.

Əlbəttə, bu siyahı kimdəsə qıcıq, ya qısqanclıq oyada bilər. Axı, cəbhədə igidlik göstərən Böyükağa Qasımzadə ya İslam Səfərli ilə, yaxud rota komandirləri Əbülhəsənlə, Məmməd Aranlı ilə cəbhə qəzetlərində müxbir işləmiş, amma çox vaxt ön cəbhədə olmamış birisini (belələrinin sayı az deyil) bir gözdə tutmaq olarmı? Əlbəttə, müqayisəyə gəlməz. Amma müharibənin təkcə silahla deyil, həm də əsgərlərə inam, qələbə aşılayan SÖZlə aparıldığını da düşünək. Və müharibəyə məhz bu kontekstdən yanaşıldıqda onun gedişatını bütünlüklə izləmək olur.

Təbii ki, "Faşizm üzərində qələbə-70" silsiləsindən olan bu bir neçə yazıda Böyük Vətən müharibəsi illərində Azərbaycan ədəbiyyatının və yazıçılarımızın rolu haqqında genişliyilə söz açmaq fikrimiz yoxdur. Bu barədə monoqrafiyalar, namizədlik və doktorluq dissertasiyaları, küllü miqdarda məqalələr yazılmışdır. Biz yalnız o qanlı illərin - müharibənin Azərbaycan poeziyasında necə əks olunduğunu bir neçə şairin yaradıcılığında izləyəcəyik.

 

Görüb tanış olmadığım,

Qayğısına qalmadığım

Şeir dostu bir insandan

Bir xatirə söylədilər:

"Bizim elli bir qəhrəman-

Bir yaralı qızıl əsgər

Son nəfəsdə səni andı,

Dəniz kimi dalğalandıg

Dedi: "Doktor" Aman, doktor!

Sağlığıma güman yoxdurg

Bıçağını saxla bu dəm,

Bilirəm ki, öləcəyəmg

Gözüm yolda, könlüm səsdə,

Dinlə məni son nəfəsdə.

Qoy Vurğunun sözlərindən

Bir bənd deyim son dəfə mən;

Sən də eşit bu nəğməni,

Qoy dolaşsın o, aləmi:

"El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam, doğma vətənimsən,

Ayrılarmı könül candan?

Azərbaycan! Azərbaycan!"

Deyib bu son sözlərini,

Yumdu qara gözlərini.

 

"Mənə belə söyləyirlər" şeirini böyük şairimiz Səməd Vurğun müharibənin ən qızğın çağlarında yazmışdı və bu şeirdə təsvir edilən hadisə doğrudan da baş vermişdi. Səməd Vurğun o illərdə xalqın ən çox sevdiyi şairlərdən biri idi, onun təkcə "Azərbaycan" şeiri dillər əzbəriydi, döyüşə yollanan cavanlar və ümumən xalq onun poeziyasının vurğunu idilər.

Səməd Vurğun müharibə illərində Azərbaycan Yazıçılar İttifaqının sədri kimi qızğın fəaliyyət göstərirdi. Xalq şairi Bəxtiyar Vahabzadə yazır ki: "Müharibə illərində onun (Səməd Vurğunun) səsi fabrik və zavodlardan, kolxoz tarlalarından, cəbhələrdən, müxtəlif tədbir və müşavirələrdən, yığıncaqlardan gəlir. O, hər yerdə vətəndaş bir şair kimi çıxış edir, faşizmin dəhşətlərindən danışır, xalqı ağır imtahanlara mətanətlə dözməyə, amansız düşmənə qarşı inadla mübarizəyə çağırırdı. ...Faşist ordusu Qafqaza yaxınlaşdığı zaman Zaqafqaziya ziyalılarının Tbilisidə çağırılmış mitinqində Azərbaycan xalqı adından and içir: "Biz bu gün öz doğma anamız olan Vətənimizin qarşısında and içirik ki, onun azad və şən şəhərləri və tarlaları üzərində həmişə işıqlı səhər günəşi və cənub gecəsinin kəhkəşanları parlayacaqdır. Yurdumuzda həmişə bahar olacaqdır!"

O, çox gözəl dərk edirdi ki, müharibədə vuruşan təkcə igid oğullar deyil, həm də SÖZdür. Bu Sözün aşıladığı qələbəyə inam hissidir.

Müharibə illərində Səməd Vurğun "Ananın öyüdü", "Şəfqət bacısı". "Qızıl şahinlər", "Qoca qəhrəmanın çıxışı", "Qəhrəmanın hünəri", "İgid şahin", "Ukrayna partizanları", "Azərbaycan balası", "Göyərçin", "Yanğın", "Partizan Babaş" və s. şeirlər yazdı, bu şeirlərdə ya ayrı-ayrı qəhrəmanların igidliyi vəsf olunur, ya müharibə ilə bağlı müəyyən bir hadisə canlandırılır, ya da arxa cəbhədə oğul yolu gözləyən analar, qələbə naminə fədakarlıq göstərən əməkçilər təsvir olunurdu. O, "Qəhrəmanın hünəri" şeirini igid döyüşçü Kamal Qasımova həsr etmişdi, o Kamal Qasımov ki, döyüş üçün çox əhəmiyyətli olan bir böyük körpünü partlatmışdı. "İgid şahin" şeiri təyyarəçi Məzahir Abbasovun qəhrəmanlığına həsr olunmuşdu, o Məzahir Abbasov ki, düşmən obyektini bombardman etmişdi, üç döyüşçü ilə birgə altı gün dənizdə, rezin qayıq üzərində qalmışdı. "Partizan Babaş" şeirində isə S.Vurğun eyni adlı qəhrəmanın hünəri tərənnüm edilir.

Müharibədə azərbaycanlılar arasında ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov olmuşdur. "Azərbaycan balası" şeiri ona xitabən yazılmışdı:

 

Sən əsgər olduğun o vaxtdan bəri

Qaldı qulağında ana sözləri,

Nə yağmur, nə yağış, nə boran, nə qar,

Nə də fil xortumlu dəhşətli toplar,

Nə düşmən hiyləsi, nə duman, nə çən,

Nə də ki, başının üstündən keçən

Qara qarğaların ölüm xəbəri

Səni qorxutmadı o gündən bəri.

 

Səməd Vurğun "Qəhrəmanın ölümü" şeirini iki dəfə Sovet İttifaqı qəhrəmanı, general Həzi Aslanovun dəfnindən sonra qələmə almışdı. "Hər ürəkdə bir döyüntü, hər baxışda bir sual, Bu gün çatmış qaşlarını Azərbaycan torpağı" deyə dərin təəssüfünü, kədər hissini ifadə edirdi.

Şairin hər şeiri o zaman oxucular və xüsusən, döyüşçülər tərəfindən böyük rəğbətlə qarşılanırdı. Məsələn, "Qızxanımın hünəri" şeirində o, Qazax rayonunun "Komintern" kolxozunda çalışan Qızxanımın - həyat yoldaşı əsgər gedən bir cavan qadının tank dəstəsinə 2000 manat verməsindən söz açır, bu şeirin sorağı cəbhəyə də gedib çıxır, şeir döyüşçülərdə qələbəyə inam hissi oyadır, onlar S.Vurğuna məktub yazırlar. Belə misalların sayını istənilən qədər artıra bilərik.

Onun müharibə şeirlərində nisgil də, kədər, qubar da görmək olar. Bu da təbiidir. Məsələn, "Göyərçin" şeirini oxuyanda kədərlənməyə bilmirsən, şair müharibə alovları içərisində xarabaya dönmüş bir şəhəri təsvir edir.

Səməd Vurğun müharibə illərində fəlsəfi şeirlər də yazırdı və bu şeirlərdə dünyanın başının üstünü alan fəlakətdən söz açırdı, bir gün dünyanın bu müsibətlərdən, qanlı savaşlardan xilas olacağına inanırdı. Müharibənin son illərində o, "İnsan" fəlsəfi dramını yazdı, "Qalib gələcəkmi cahanda kamal?" deyə insana, onun idrakının zəfər çalağına inanırdı.

Səməd Vurğunun müharibə dövrü yaradıcılığı ümumən ədəbiyyatımızda bir mərhələdir,-söyləyən tədqiqatçılar haqlıdırlar. Biz bu haqda yalnız qısaca söz açdıq.

"Gələcəyin toy-bayramı" şeirini də şair, o illərdə yazmışdı və onun söylədikləri həqiqətə çevrildi:

 

Bugün-sabah al geyəgək təbiətin ilk baharı,

Yenə qönçə tutacaqdır könüllərin arzuları.

ədalət.-2015.-5 may.-S.7.