BU, FİKRƏT QOCADIR

ƏDƏBİ HƏYAT

 

 

Fikrət Qocanın - Xalq Şairinin, altmış il ədəbiyyat aləmində külüng çalan, şeirləri ilə milyonlarla oxucuların ürəyinə yol tapan bu gözəl sənətkarın bu il 80 yaşı tamam olur.

Fikrət Qoca ədəbiyyata elə bir dövrdə gəlmişdi ki, nəsrimizdə də, poeziyamızda da zamanın küləkləri əsirdi. "Ellər atası" Stalinin süqutundan sonra Nikita Xruşşovun cirə ilə verdiyi demokratiyadan, söz azadlığından digər xalqların ədəbiyyatında olduğu kimi, Azərbaycan ədəbiyyatında da bir canlanma hiss olunurdu. Altmışıncı illəri XX əsrdə dünyanın oyanması, köhnə qaydalara, mənəvi buxovlara, müstəmləkəçilik rejiminə qarşı mübarizələr, müharibələr dövrü kimi də səciyyələndirmək olar. Və təbii ki, ədəbiyyatda, xüsusilə, poeziyada standartlara, stereotiplərə, ədəbi normalara müxalif olan yeni bir ədəbiyyat yaranırdı və yeni ədəbiyyatın qurucularından biri də Fikrət Qoca oldu.

 

Otaq fırlanır,

Tavan fırlanır,

Zaman fırlanır,

Yaman fırlanır.

Damarlarımda

Al qan fırlanır.

 

Yeni ədəbiyyat, əgər siz bununla razılaşmırsınızsa, başqa cür ifadə edək-ədəbiyyatda yeni meyllər, yeni tendensiyalar təbii ki, bədii əsərin mahiyyətini təşkil edən məzmun və formada da özünü göstərməliydi. "Zamanın fırlandığı" bir dövrdə zamanın sürəti, tempi ilə ayaqlaşmaq tələb olunurdu. Fikrət Qoca şair dostu Əli Kərimin bir poetik nəslin adından söylədiyi "XX əsr! Dağ, Dağ boyda bir kəlmədirg Onun yamacına mən dirsəklənib düşündümg Köhnə şeirlərimin darısqal hücrəsindən Başıma ulduz yağan qalaktikaya döndüm" misralarındakı etirafa ilkin səs verənlərdən oldu. Şeirlərinin məzmununda da, formasında da XX əsrin o təlatümlü, o inqilabi çağırışlarının nidası duyuldu. Altmış-yetmişinci illəri bu mənada Fikrət Qoca yaradıcılığının ən qızğın və nə qədər subyektiv səslənsə də, ən parlaq bir dövrü kimi səciyyələndirmək olar. Fikrin sürəti ilə zamanın sürətini, onların bir-birilə "rəqabətini" əks etdirən "Qatar", "Vals", hər cür mənəvi susqunluğa etiraz kimi qələmə alınmış "Cəsarət", bütün zamanlarda cəmiyyəti içindən yeyib-dağıdan bir sosial bəlaya qarşı ittihamnamə kimi səslənən "Rüşvətxorlar", milli-tarixi faciəmizi xatırladan "Dünyadan bir Araz axır", Afrikada, Latın Amerikasında baş verən azadlıq mübarizələrindən söz açan "Vyetnam süitası", "Viktor Xara", "Ünvansız məktub", "Amilkar Kabral" şeir və poemalarını F.Qoca məhz bu illərdə qələmə aldı. Ancaq Fikrət Qocanın o illərdəki poeziya uğurlarını təkcə bu əsərlərin təmsil etdiyini düşünmək yanlış olardı. Təbii ki, "siyasi lirika" kimi dəyərləndirdiyimiz o əsərlərə F.Qoca yaradıcılığının sonrakı dövrlərində də rast gəlirik. F.Qoca 90-cı illərdə də, yeni eramızın ilk onilliyində də dünyada, məmləkətimizdə baş verən ictimai-siyasi olaylara münasibətini gizlətmədi, xüsusilə, Azadlıq və Müstəqillik ideyalarını ifadə edən şeirlər, poemalar yazdı. Amma onun poetik ruhu yalnız bir çevrə daxilində qapanıb qalmamışdır. Fikrət Qoca bizim mənəvi dünyamızın, milli duyğularımızın, yaşadığımız gerçəkliyin ən incə mətləblərinə, ən sərt həqiqətlərinə güzgü tutdu, bu güzgüdə göz yaşlarının axdığını da seyr etdik, qəlbin ən titrək, ən kövrək hisslərinin necə bəyan olunduğunu da gördük, əxlaqda, mənəviyyatda baş verən və insanları dəyərdən salan, heçə endirən boşluqlarla da üzləşdik. Bir bahar səhəri "Günəşə açılmış zərif dodaqlar kimi Külək əsəndə milyon-milyon lalələr" qıpqırmızı şəlalələrə dönəndə adam istəyir ürəyini çıxarıb günəşə sərsin. Amma budur, qonşuda bir qadın ağlayır. "Hıçqırıqlar arasından yağdı çöllərə söyüşü də, qarğışı dag Çöldə günəşli bir bahar, Mənim ürəyimdə, birqonşuda Payız. Soyuq bir yağış". Təzaddır!

Fikrət Qoca həyatın təzadlarını, insanların içindəki mənəvi burulğanları neçə belə şeirində, poemalarında əks etdiribbiz bu əsərlərdə XX əsr Azərbaycan gerçəkliyinin mənzərələrini seyr edirik. Poeziyamızda igid sərkərdələrimizi, qəhrəman oğullarımızı tərif yağışlarına bürüdüyümüz, tariximizi yalnız "şanlı" deyə epitetlərə qərq etdiyimiz bir dövrdə Fikrət Qoca az qala aforizmə çevrilən belə bir şeir yazdı:

Biri qaçaq olub,

mərd olub,

biri qoçaq olub,

mərd olub.

Biri kasıb olub,

mərd olub.

Bəs namərdlər hardandı,

bax, bu mənə dərd olub.

 

Fikrət Qoca həm gözəllik şairidir. Bu standart görünən ifadəyə müraciət etməyimin bir səbəbi onun şeirlərində çağlayan həyat eşqidir, "gözəlliyi sev" duyğusudur. Həyatın gözəlliyi, ömrün şirinliyi haqda yüzlərlə şeirlər yazılıb. F.Qocanın da həyat gözəlliklə bağlı poetik düşüncələri özünəməxsusluğu ilə seçilir.

F.Qoca poeziyasında Azərbaycan kişisinin Azərbaycan qadınının ümumiləşmiş obrazları ilə qarşılaşırıq. Amma onun poetik lüğətində kişilərə, qadınlara söylənilən təriflər silsiləsi ilə rastlaşmırıq. O, kişidən danışanda onun "standartlarını" bir kənara atır, o kişinin keçdiyi ömür yolunu, bu ömür yolundakı mübarizələri gözlərimiz qarşısında canlandırır. Bircə nümunə:

Şair ömrü

gecəli-gündüzlü olmur,

Əsil şairlər

ona görə

ikiüzlü olmur.

Öz inamına görə

Tənqidlərə

təriflərə

Rəsul Rza dözdü.

Dedilər: Vəzni pozdu.

O bir şeir yazdı.

Dedilər: Şeirinin bəzəyi azdı,

O bir şeir yazdı.

Dedilər: Dayazdı,

O bir şeir yazdıg

Yazdı, yazdı, yazdı.

Amma öz aramızdı,

O vaxt sözümüzə baxsaydı,

İndi Rəsul Rzamız olmazdı.

 

Bu şeirdə şairin öz ustadına məhəbbəti "dahi", "möhtəşəm", "ulu" sözləriylə ifadə olunmayıb, sadəcə, Rəsul Rzanın tərifsiz, sığalsız Mübariz obrazını görürük.

Rəsul Rzanı xatırladıq. O, altmışıncı illərdə gənc Fikrət Qocaya iki məqalə həsr edib. Bu məqalələrin hər biri istedadlı bir cavana ustadın açdığı qapılar idi. Fikrət Qoca Rəsul Rza poetik məktəbindən dərs alıb, o məktəbin ən sadiq, ən istedadlı müdavimlərindəndir desəm, yanılmaram. Rəsul Rza məktəbi isə təqlid, yamsılama, epiqonçu yetirən məktəb olmayıb, milli şeirimizə, poetik ənənələrimizə üz çevirmədən yeni, novator meyllərə səfərbər olmaq fənlərini öyrədən məktəb idi. Rəsul Rzadan həyatın, gerçəkliyin sərt həqiqətlərini, gözəlliyə, insana humanist mövqeyini mənimsəyən F.Qoca poeziyada öz fərdi üslubunu yaratdı. Onların hər ikisi Azərbaycan sərbəst şeirinin gözəl nümunələrini yaratmışlar, lakin F.Qocanın sərbəsti tamam fərqlidir.

Fikrət Qoca poeziyası haqqında çox yazılıb, amma içi mən qarışıq biz onun poetik kəşflərini, şeirlərindəki incəliklərini, poema janrına gətirdiyi yenilikləri lazımınca şərh etməmişik. Onun şeiri heç bir şairin indiyə kimi işlətmədiyi bədii təsvir vasitələri ilə zəngindir və təşbehlərini, metaforalarını, epitetlərini bir yerə yığsan, hamını heyrətə salan bir sərgi yaranar.

Ağaclar Ağlayırmı görəsən? "Çılpaq qolları tir-tir əsəndə ağaclar ağlayırmı, ürəyini boşaldırmı barı? Gecələri üzünə tutub ağlayır, ağaclar ağlamaqdan quruyur".

Yenə bir Ağlamaq səsi. Bir kişinin könlü qırılıb, təbiət buna dözmür, yağışını yağdırır. "Dünyada məhəbbət əlindən ağlayanlar olunca Yağış yağacaq".

Qız qalasının "şəninə" onlarla, yüzlərlə epitetlər, təşbehlər söylənilib. Fikrət Qoca isə belə deyir: "Qız qalası Ələddinin Abşeronda düşüb qalmış sehrli çırağı. Zamanın əliylə oğurlanan tariximin Düşüb qalmış varağı".

Xəzərə baxırıq, bu gözəllikdən, bu mavi tamaşadan zövq alırıq və birdən Fikrət Qocanın bu misraları yada düşür:

 

Bərq vuran rəngləri dəyişir hər an,

Bilmirsən daş-qaşdır ya adi sumu?

İstədim dənizdə alışıb yanan

Aydan alışdırım papirosumu.

 

Unutmadığımız, unuda bilməyəcəyimiz Şuşanı xatırlayırıq. "Vətən torpağının heykəli" - burda "Dumandan tökülüb qalır qayalar, Dumandan səpilir çölə çiçəklər".

Fikrət Qoca poeziyasında bəzən "sivil" hesab etdiyimiz normalara, əxlaq moizələrinə qarşı bir etiraz dalğası yüksəlib. Yaxşı yadımdadır, onun "Küçük" şeirini heç harada çap eləmirdilər, çap olunandan sonra isə tənqid oxları yağdı üstünə. Çöldə, qapı ağzında soyuqdan büzüşüb zingildəyən bir it küçüyünə həsr olunmuşdu bu şeir:

Deyirlər murdarsan, elə olsa da

Körpə taleyinlə əzizsən, küçük!

Eh, elə murdarlar var ki, dünyada

Onlardan min dəfə təmizsən, küçük!

nəhayət, Fikrət Qoca əsil məhəbbət şairidir. Məhəbbətinin cavanlığını yaşayıb, xəzan çağlarını da. Kitablardan gələn, yaşanılmayan, duyulmayan sevgi şeirləri yazmayıb, öz qəlbinin çırpıntılarını, sevincini, kədərini yazıb. Fikrət Qoca lirikasında İnsan məhəbbəti ən ali, müqəddəs bir duyğu kimi tərənnüm edilib:

Soyuq baxış görəndə

Gülər bir gözə baxsan,

Kiçik ürək görəndə

Dönüb dənizə baxsan,

Özünü tək sananda-

Gözəl bir qıza baxsan-

Xoşbəxt olmağa var!

 

Fikrət Qocaya-poeziyamızın bu öncül sənətkarına uzun ömür, cansağlığı arzulayırıq.

 

Ədalət.-2015.-8 avqust.-S.15.