Sınıq şüşələr...

 (hekayə)

 

zaman böyüdüm, nə zaman ana qucağından, ata sığalından ayrı düşdüm? Xatırlamıram...

Ailəmizdə üç uşaqdıq. Mən evin ortancıl uşağı idim. Heç yaxşı olmur ortancıl uşaq olmaq. Qardaşın səndən böyükdü, onun sözünü dinlə. Bacın səndən balacadı, ondan muğayat ol, sözlərini eşitməkdən təngə gəlmişdim.

Özümü belə üzüyola təsvir etməyimə aldanmayın. Çünki evimizdəki bütün qarmaqarışıq və şuluq işlərin başında mən dayanırdım. Anamın kosmetik və bəzək əşyalarından tutmuş, atamın cavanlığında məftun olduğu xanımlarla yazışdığı və evimizdə saxladığı məktublara qədər hamısını mən "təftiş" edirdim. Bir dəfə atamın qara çantasındakı o məktublardan birini əvvəldən axıra qədər oxumağa müvəffəq olmuşdum. Məktubun axırı belə bitirdi. Səni, həsrətlə qucaqlayıram.

Ertəsi günü səhər yeməyində heç kəsin gözləmədiyi halda dedim:

-              Hamınızı, həsrətlə qucaqlayıram.

Atamın loğması boğazında qaldı. Anam üzümə baxıb qışqırdı.

-              Bu sözü hardan öyrənmisən?

Hərə bir tərəfdən üstümə düşmüşdü. Nəhayət mən, məktəbli, qız dözməyib ağlaya-ağlaya atamın keçmiş sirlərini ortalığa tökdüm.

Bizə hiss etdirməsələr də, bir neçə gün anamın atamla soyuq davrandığını duymuşdum. Mənim sadəlövh "casusluğum", atama zərər vermişdi.

Bir dəfə isə atamın şagirdlərinin yoxlama dəftərlərini qarşıma qoyub, özüm üçün qiymətləndirmişdim.

Həyətimiz çox geniş və yaşıllıq olduğundan, atam işdən sonra qalan bütün vaxtını həyətimizdəki ağaclara, güllərə qulluq etməklə keçirirdi. Rəhmətlik əsl təbiət adamı idi.

Evimiz rayonda çox məşhur olan Dəyirman dərəsi deyilən məhəllədə yerləşirdi. Məhəlləmizin qurtaracağında stadion salınmışdı. Qonşularımız hamısı həkim, müəllim, ziyalı adamlar idilər.

Yay tətilində meyvə ağaclarının başı mənim ən rahat olacağım yerlər idi. Gilənar meyvəsinin özünü sevsəm də, yarpaqları çox tozlu olduğundan ağacını sevməzdim. Amma gilas ağacı həm təmiz, həm də hündür idi. Orda saatlarla oturub mahnı oxuyub, şeirlər deyirdim. O ağaca çıxmaq asan, düşmək isə çox çətin idi. Hər dəfə düşmək lazım olanda var gücümlə atamı çağırıb məni ağacdan düşürtməsini xahiş edirdim. Bir dəfə necə oldusa kişinin tərs damarı tutdu və nə illah elədimsə məni ağacdan aşağı endirmədi. Gilas ağacının başında oturduğum vaxtı bərk gurultu səsləri gəldi. Başımı qaldırıb göyün üzünə baxanda yaşıl-mavi işıqların yanıb-keçdiyini gördüm. Bu işıqlar başımın üstündən sürətlə ötüb keçirdilər. İndi bayramlarda fişəng səsini eşidəndə o səslər yadıma düşür. Arxa-arxaya gələn qrad, top mərmiləri evimizə yaxın yerlərə düşüb partlayırdı. Qüvvətli əllər məni qamarlayıb bir andaca torpağın üzərinə qoydu.

Atam idi. Heç nə demədən məni qucağına alıb həyət qapısından çölə çıxartdı. Qonşularımız hamısı bir-birinə dəymişdi.

Anam bizim qolumuzdan yapışdı və biz yolboyu qaçmağa başladıq.

Qonşumuzda Əlövsət adlı qafanlı bir kişi yaşayırdı, onun evinin zirzəmisi olduğundan, böyüklü-kiçikli hamımız qaçıb o kişinin həyətinə doluşduq. Ara sakitləşənə qədər orda oturduqdan sonra hərə dağılışıb öz evinə getdi. O gündən sonra ən çox eşitdiyim söz top, qrad, bir də erməni sözü oldu. Axırıncı sözə qarşı mənim içimdə həmişəlik bir səksəkə yarandı.

1993-cü ilin avqust ayı, rayon işğal olundu. Hara gedirdiksə qarşımıza özümüz kimi dərdli və yüklü qaçqınlar çıxırdılar. Bizim ilk dayanacağımız Əlibayramlı şəhəri olmuşdu. Atamla anam çarəsiz halda vağzaldakı oturacaqlardan birinin üstündə əyləşib düşünürdülər. Bir günün içində hər şeyimizi itirmişdik. Əldə olan canımızın sağlığı və bir də özümüzlə çıxarda bildiyimiz pal-paltarlarımız idi. Yaxınlıqdakı taksi sürücülərindən biri atama yaxınlaşıb maşın lazım olub-olmadığını soruşdu. Atam bildirdi ki, bu rayonda tanıdıqları ünvan olmadığı üçün hara gedəcəklərini hələlik kəsdirə bilməyib. Kişi heç gözləmədiyimiz halda maşının qapısını açıb bizi öz evinə aparmağı təklif etdi. Bu təklif bizim üçün göydəndüşmə olmuşdu. Kişinin adı Abbas idi, Sabirabadın Qaragünə kəndində yaşayırdı. Bizi gətirib ikimərtəbəli evinin həyətində düşürtdü. Maşının səsinə Abbas kişinin xanımı və uşaqları çıxdılar. Bizi çox qonaqpərvərlik və mehribançılıqla qarşıladılar. Biz həmin ailədə bir həftə qaldıq və onlardan zərrə qədər də olsun qayğısızlıq, soyuqluq hiss etmədik. Sonra atam Saatlı rayonunun Qıraqlı kəndində bir ev kirayələdi və biz köçüb ora yığışdıq. Atam həmin kəndin orta məktəbində ədəbiyyat müəllimi kimi işləməyə başladı. Biz də həmin məktəbə dərsə gedirdik. Yaşadığımız evin yiyəsi dul qalmış Şamama adlı bir qadın idi. İki oğlu, üç qızı var idi. Qızlarının heç biri ərə getməmişdi. Oğlanlarının isə ikisini də evləndirmişdi. İkinci oğlunun uşağı olmurdu. Pəri adında göyçək bir gəlini vardı. Şamama arvad bizi evində kirayənişin saxlamaqla qonum-qonşuları arasında qaçqınları qanadı altına almış ev sahibi kimi fəxr edirdi...

Şamama arvadın bizə verdiyi ikiotaqlı ev həyətin düz axırında tikilmişdi. Evin qarşısında çörək bişirmək üçün təndir var idi. O həftədə bir dəfə həmin təndirdə çörək bişirərdi. Mən təndirin nə demək olduğunu ilk dəfə orda bilmişdim. Biz tərəflərdə təndir olmazdı. Kənd yerlərində ancaq sacüstü yuxa bişirilirdi. Bir gün Şamama arvad təndirə çörək yapanda marağımı gizlədə bilməyib onun çörək bişirməyinə tamaşa etmək üçün yanına getdim. Şamama arvad 20-yə yaxın çörək bişirdi. Çörəkləri təndirdən çıxaranda çörəklərin bəzilərinin altı qopub təndirin divarında qalırdı. Təndirin ocağı təmiz keçdikdən sonra Şamama arvad təndirdə qopub qalmış çörək qırıntılarını qoparıb bir qəzet parçasının arasına yığdı və mənə verib dedi:

-              Aparıb evinizdə yeyərsən.

Çörək qırıntılarını götürüb sevincək evə gəldim. Onlardan birini təzəcə xartaxartla yeməyə başlamışdım ki, bayaqdan bəri pəncərədən bizə göz qoyan atam məndən soruşdu.

-              Nə yeyirsən?

-              Təndir çörəyi, - deyə mən sadəliklə cavab verdim.

Atam mənə yaxınlaşıb qarşımdakı çörək qırıntılarını qəzet qarışıq götürüb açıq pəncərədən bayıra atdı. Sonra bir siqaret yandırıb eşiyə çıxdı. Zığın-palçığın içərisində eşələnən toyuqlar yerə səpələnmiş qırıntıları dimdikləməyə başladılar.

Üç aydan sonra atam Bakıya gedib 20-ci sahədə bir otaqlı ev kirayələdi və qayıdıb bizigötürüb həmin evə gətirdi. Orada da bənd ola bilmədik və sadalamaqla bitməz ünvanlara yan aldıq...

O vaxtdan bu yana 17 il keçib. Ancaq mən o illərin ağrı-acılarını, uşaqlıq xatirələrimdə yaratmış olduğu uçurumları heç cür unuda bilmirəm. Yasəmən, qızılgül, albalı, şaxtalı qar bir sınıq şüşə mənim hafizəmdə kodlaşmış xatirələr yığınağıdı.

Rayon işğal olunmamışdan öncə qayğısız uşaqlıq dəcəlliklərimdən biri sürətlə qaçmağı sevməyim idi. Məhəlləmizin yuxarısında böyük qoz ağacı vardı. Yayın qızmar aylarında günorta saat iki, üç aralarında mən qoz ağacının yanında balaca narıncı vyetnamkalarımı çıxarıb qaçışa hazır vəziyyətdə dayanırdım ürəyimdə pıçıldayırdım bir, iki, üç...

Sürətlə üç yüz, dörd yüz metr qaçıb məhəllənin sonunda, stadionun yanında dayanırdım. Sonra yenidən yuxarı qoz ağacının yanına qayıdırdım. Bu işi bir neçə dəfə təkrar etdikdən sonra ayağımın altına yapışmış asfaltın qırının istisi ayaqlarımın altını yandırırdı, həm yorulurdum. Qaçışa ara verib, ayaqlarımı yaxınlıqdakı kəhrizin buz kimi sularında sərinlədirdim. Hər axşam anam ayaqlarımın altına baxa-baxa məni danlayırdı. Bir dəfə yenə ayaqlarımın altını istilənmiş qır yandıranda, kəhrizə üz tutdum. Ayaqlarımı suya qoyan kimi sol ayağımın altında küt sancı hiss etdim. Ayağıma baxmaq istəyəndə, suyun qırmızı rəngdə olduğun gördüm qışqırdım. Kəhrizin yaxınlığında söhbətləşən qonşu arvadlar, məni sudan çıxardana qədər atam özünü yetirdi. O, ayağımı kəsmiş batıb orda qalmış, yaşıl badamlı şüşəsinin qırığını ayağımdan çıxarıb kənara tulladı. Məni evə gətirdilər, amma evlik halım yox idi. Qan dayanmaq bilmirdi. Tez taksi tutub məni xəstəxanaya apardılar. Orda ayağıma tikiş atdılar şokoladlı şirin çay verdilər. Mən bir ay "müstər" qaldım. Bir ay ərzində, hara lazım olurdusa atam məni qucağına alıb aparardı. İlk günlər həkim demişdi ki, qoltuq ağacı alın uşaq çox əziyyət çəkməsin. Ancaq anam buna qəti etiraz eləmişdi ki, - düşər-düşməz olar, qız şikəst qalar.

Xəstə yatan müddətdə mənə qarşı ən çox mülayimləşən atam olmuşdu. Ayağım sağaldıqca, altı da təmizlənib ağarırdı. Sonralar mən bu vərdişimdən əl çəkməli oldum. Amma o vərdişdən mənə yadigar qalan ayağımın altındakı çapıq oldu.

Çox-çox sonralar mən bildim ki, həmin şüşə sınığını yolun ortasından götürüb kəhrizin içərisinə qolazlayan elə atamın özü olub. Mənim o yollarda qaçdığımı bildiyi üçün mənə elədiyi bu yaxşılıq məni qorumağında ona köməklik edə bilməmişdi. Atam deyirdi ki, qonşuların mənlə tay-tuş olan qızları bütün günü həyətdə oynayanda, mən isə onlara qoşula bilməyib kədərləndiyimdə o çox vicdan əzabı çəkirmiş. Bu etirafdan bir il sonra atam dünyasını dəyişdi.

İllər ötdü mən ayağımı kəsən o sınıq şüşədən başqa, cilvəli həyatın yollarıma səpələdiyi çoxlu, "sınıq şüşələrlə" rastlaşdım. Ancaq hər dəfəsində şüşə sınıqları ayağımda deyil, qəlbimdə yerləri sağalmayıb qaysaq bağlayan hər an qanını sızdırmağa hazır olan dərin yaralar açdı.

 

ədalət.-2015.-8 avqust.-S.12.