Almaz Ülvi: “Özümü dərk edəndən ədəbiyyat qəlbimə hakim olub”

 

Azərbaycan ədəbi tədqiqatında özünəməxsus yeri olan, filologiya elmləri doktoru, ədəbiyyatşünas Almaz Ülvi ilə söhbətləşdik. 55 illik ömrünün 30 ilini mətbuatda - "Ədəbiyyat və incəsənət”, "Xalq qəzeti”ndə, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyət göstərən Almaz xanım uzun illərdir ki, mütəmadi olaraq mətbuat orqanlarında elmi, ədəbi, tarixi publisistik məqalələri ilə çıxış edir. Müxtəlif qəzet və jurnallarda, kitab, almanax və elmi toplularda, dünyanın bir sıra tanınmış beynəlxalq jurnallarında türk, özbək, rus, ingilis, gürcü, tatar və s. dillərdə elmi məqalələri dərc olunub. Ümumiyyətlə isə Azərbaycanda və xaricdə 500-dən yuxarı məqaləsi işıq üzü görüb. Gənc şəhid şair Ülvi Bünyadzadəyə həsr olunmuş "Ülviləşən Ülvim" və "Poeziyada milli-azadlıq duyğuları" kitablarının müəllifi, "Müharibə ağrılarım", "Ədəbi duyğularım”, "Müdriklik işığında”, "Bir ölümün acığına”, "Ömrüm sənin eşqindi, "Sənin oxşarın bənövşədi, "Omür yolu” kitabların, eləcə də bir sıra topluların tərtibatçısı, nəşrə hazırlayanı və ön sözünün müəllifidir. Almaz Ülvi həmçinin, özbək ədəbiyyatı tədqiqatçısıdır.

 

- Öncə sizi yubileyiniz münasibətilə qəzetimiz adından təbrik edirəm. Neçə gözəl illər, uğurlar arzulayıram!

 

- Çox sağ olun. minnətdaram.

 

- Almaz xanım, insan müəyyən yaşa çatanda özünə illərin hesabatını verir. Amma qələm adamının hesabatı, məncə, ikiqat məsuliyyətli olar. Çünki o, təkcə özünə yox, həm də oxucusuna hesabat verir. Sizcə, geridə qalan illər yaradıcılığınızda nə kimi izlər qoydu? Həmçinin, Almaz Ülvi Azərbaycan ədəbiyyatına hansı töhfələr verə bildi?

 

"İnsan özü-özünə hesabat verməyi bacarırsa, oxucusu ilə münasibətdə çətinliyi olmaz”

 

- Doğrusu, hansı yaşa gəlib çatmağımın  fərqini hələ dərk eləmirəm. Çünki onu fikirləşməyə nə vaxt, nə də macal tapıram. Amma hələ orta məktəbdə oxuyandan rəhmətlik atam deyərdi ki, "a bala, gün axşamacan elə işlə məşğul olun ki, yerinizə girən kimi yuxuya gedin. Bir də yatmamışdan əvvəl hökmən özünüzə qeydlər eləyin ki, bu gün nə kimi işlər görmüsünüz, hansı xeyirxah əməlin sahibi olmusunuz”. Atamın bu nəsihəti ömrüm boyu hər gün mənim nəzərimdə olub.

Oxucuya hesabata gəlincə, əgər insan özü-özünə hesabat verməyi bacarırsa, oxucusu ilə münasibətdə çətinliyi olmaz. İz qoymaq ağır və ciddi məsələdir. İnsan özü deyə bilməz ki, mən bu izi açmışam və ya bu mənim izimdir, bu qeyri-səmimi bir etiraf olardı. Onu deyə bilərəm ki, Azərbaycan ədəbiyyatında milli azadlıq, milli mübarizə, milli özünüdərk, milli özünəqayıdış kimi məsələlərin poetik çığırında axtarışlarım, tədqiqatlarım olub. Kifayət qədər elmi yeniliklərə nail ola bilmişəm. 1918-1920-ci illər ədəbiyyatını, o illərin ədəbi izləri, poetik milli mücadiləni varis olaraq Məmməd Araz və Xəlil Rza Ulutürk yaradıcılığı kontekstində araşdırmaya cəlb etmişəm. Bu iki nəhəng ədəbi simanın gənclik simvolu olaraq Ülvi Bünyadzadə yaradıcılığını diqqətə çəkmişəm və s. Ədəbiyyata töhfəm o olub ki, yazdığım, ürək qoyduğum, könül bağladığım yüzlərlə elmi-ədəbi məqalələr, Azərbaycan-özbək ədəbi əlaqələri müstəvisində iki xalqın tarixi dostluq, ədəbi ənənə, ədəbi təsir və ədəbi təmayüllər üzərindəki əlaqələri və s. kimi məsələləri önə çəkməyə çalışmışam. Artıq "yox dəftəri"nə yazılmış yurdumun, elimin tarixini yazmışam: 600 səhifəlik "Göyçə mahalı - Kəsəmən kəndi. Bir kəndin tarixindən səhifələr" adlı kitabımı kənd camaatımıza, elimə töhfə etdim. Gələcək nəsil bilsin ki, onun belə bir yurdu olub və o yurdu unutmasın, onun dalınca getsin, itirilmiş, oğurlanmış əmanətimizi geri almağa çalışsın.

Çox -çox ağır bir missiya da taleyimə yazılıb: 20 yanvar şəhidi 20 yaşlı nakam Ülvi Bünyadzadənin ədəbi irsini oxuculara təqdim etmişəm.

 

- Bildiyim qədərilə, mərhum Ülvi Bünyadzadənin təhsil aldığı Xarici Dillər Universitetində "Ülvi Bünyadzadə Xatirə Muzeyi" də yaratmağa nail olmusunuz.

 

- "Ülvi Bünyadzadə Xatirə Muzeyi"ni 1990-cı ildə Ülvinin dostlarının, tələbə yoldaşlarının, müəllimlərinin köməyi ilə birgə yaratdıq. Təşəbbüs də yenə Ülvinin həmkarlarının dostlarının, məsləkdaşlarının tərəfindən oldu. Mənsə onların yaratmaq istədikləri muzeyi eksponatlarla - Ülvinin şəxsi əşyaları, əlyazma və ona aid kitablarla təmin etdim. Ülvinin artıq 10-na qədər kitabları çap olunub, bunlar da muzeyin ekspoziyasına daxil oldu.

 

- Bir oxucu kimi, həm də Azərbaycan Dillər Universitetinin məzunu kimi Ülvinin yaradıcılığını geniş oxucu kütləsinə çatdırdığınız üçün minnətdaram.

 

- Mən də sizə minnətdaram ki, Ülvi ruhunu duyub onun taleyi haqqında bilgiyə sahib olmusunuz, onun əsərləri ilə tanışsınız, sağ olun.

 

- Maraqlıdır, Ülvinin yaradıcılığında bibisi kimi müəyyən xidmətiniz olubmu? Heç ona istiqamət vermisinizmi?

 

- Ülvinin yaradıcılığındakı xidmətim bu olardı ki, ən azından evdə, ailədə özümüz üçün elə bir mühit formalaşdırmışdıq ki, sözümüz-söhbətimiz ədəbiyyat üzərində qurulurdu, elə ədəbiyyatla da tamamalanırdı. Ülvi özü istedadlı oğlan idi, ona istiqamət verməyə ehtiyac yox idi, o sadəcə, yazdıqlarını, düşündüklərini mənimlə bölüşərdi. Lap belə deyək ki, yeri gələn zaman mən ondan bəzi məsləhətlər alardım. Ən maraqlısı, evdə 2-3 nəfərlik ədəbiyyat məclisi qurmağımız olardı: şeirlər oxuyar və təhlil edərdik, elmi-nəzəri məqalələr, dünya ədəbiyyatından oxuduğumuz əsərlər müzakirə obyektimiz olardı. Ən son günlər Yusif Səmədoğlunun "Qətl günü” əsərinə dönə-dönə qayıdardıq. Qeydlərimizi, xüsusən, irad və tənqidlərimizi bildirməkdən çəkinməzdik. Sonrakı yazılarımızda məhz bu cür müzakirələr öz təsirini göstərirdi.

 

- Bir daha Ülvi Bünyadzadənin timsalında bütün nakam gənclərimizə, şairlərimizə Allahdan rəhmət diləyirik.

 

- Cəmi dünyadan köçənlərimizə rəhmət.

 

- Almaz xanım, ümumiyyətlə, ədəbiyyat nə zaman qəlbinizi "fəth" elədi?

 

- Ədəbiyyat, sanki elə özümü dərk edəndən qəlbimə hakim olub. Mən ziyalı bir ailədə doğulub böyümüşəm. Atam fizika-riyaziyyat üzrə mütəxəssis olsa da, ədəbiyyat-şeir vurğunu olub, bəlkə də bu hissləri ruhuma o həkk elətdirib.

 

"Hər dövrün aynasını onun poetik nümunələrində görmək mümkündür”

 

- Azərbaycan ədəbiyyatı, xüsusilə də poeziyası ilə bağlı maraqlı araşdırmalarınız olub. Bu gün müqayisəli şəkildə götürsək, Azərbaycan ədəbiyyatında nə baş verir? Bir ədib kimi müasir ədəbiyyatımızın hazırki durumunu dəyərləndirərdiniz.

 

- Azərbaycan ədəbiyyatı, xüsusən poeziyası hər zaman maraqlı, yenilikçi ruhda, bəşəri düşüncəli, milli mövzulu və s. kimi məzmunda nümunələri ilə zəngin olub, yenə də elədir. Müqayisəyə gəldikdə isə, hər dövrün, zamanın aynasını onun poetik nümunələrində görmək mümkündür. Bu gün də elədir.

Yəni, poeziya, nəsr yazan adam onu illər öncə oxuduğu əsərlərlə müqayisə edib yazmır ki… Şeir yazmaq könül məsələsidir. Bu gün Azərbaycan ədəbiyyatında xeyli sayda maraqlı əsərlər yazılıb. Milli özünüdərk konteksindən yanaşanda, yeniliklərlə rastlaşırıq. Bizim gənclik illərimizdə Cənub mövzusu ən ağrılı yerimiz idisə, indi Qarabağ dərdi ürək ağrımızdır. Hamısı da yad, düşmən ünsürlərin yaratdığı problemlərin məhsuludur. Sanki oradan Cənub dirəklərini kəsərək gətirib Qarabağ sərhəddinə çəkdilər. Bunlar da birbaşa həyatımızla, hiss və düşüncələrimizlə bağlı məsələ olduğundan ədəbiyyatımızda, şeirimizdə özünü göstərir. Azərbaycan poeziyasının klassik ənənələr üzərində formalaşdığından, bu gün onun vəziyyətindən narazı qala bilmərik. Yeni nəsil öz yeni və milli ənənələrlə zəngin ruhu ilə poeziya meydanımıza daxil olub. Hamının yazdığı gözəl ola bilməz ki?! Zaman süzgəcinə ehtiyac var.

 

- Yeni nəsil haqqında nikbinsiniz. Amma təəssüf ki, eyni fikirlər  yeni nəsildə az hiss olunur. Bir çoxları əvvəlki dövrlərin şair və yazarlarına tənqidlə yanaşırlar...

 

- Yeni nəslin əvvəlki nəsli tənqidi ruhu onların mütaliəsizliyindən irəli  gəlir. Əgər onların ciddi mütaliə mədəniyyəti olsa, heç də bu qənaətə gəlməzdilər. İstedad başqa şeydir, nəsillərin münasibəti bir ayrı söhbətdir. Yeni nəsil həyati müşahidələrini duyğuları müstəvisində qələmə alır. Əgər onlar bir az irəliki dövrləri də ciddi öyrənsələr, onda kimin ardıcılları olduqlarını, hansı ədəbiyyatın daşıyıcıları olduqlarını gözəl dərk edərlər. Bir dəfə Yazıçılar Birliyində gənclərlə görüşdə iştirak edirdim. Bu gün ən çox görünən, daha doğrusu, görünən yerlərdə özünü göstərən birisi XX əsrin şairlərindən birini, öz təbirincə desək, güclü tənqid etdi, sonra da təhqirə keçdi. Utanmadan üzünü mənə tutub dedi ki, "Almaz xanım, düz demirəm?” Mən də əlüstü ona sual verdim ki, "o təhqir etdiyin klassikin hansı əsərini oxumusan?” "Heç birini oxumamışam, heç oxumaram da”, - dedi. Cavab verdim ki, "gərək oxuyaydınız, sonra burada çıxış edəydiniz”. Deməyim odur ki, mən belə gənclikdən söz açmıram. Düzü, gənclik poeziyası deyəndə Ülvi Bünyadzadənin ədəbi irsini, onun qələmə aldığı mövzuları gözümün qabağına gətirirəm və onunla müqayisədə yeni nəslə dəyər verirəm. Ülvi yeni nəslin zirvəsindədir. Mən gənclik poeziyasına o zirvədən yanaşıram. Ülvi dünya ədəbiyyatını, Azərbaycan ədəbiyyatını o az yaşında dərindən mütaliə etmişdi. Ona görə də onun çox şirin milli poeziyası var:

 

Bahar nə şirin şeymiş,

Ətri bənövşədəymiş.

Ömrüm sənin eşqindi,

Eşqin də bənövşəymiş

 

Görün, nə qədər səmimi, şirin, sadə, lirik düzümdür. Mən belə poeziya haqqında danışıram.

 

-Yuxarıda qeyd etdiyiniz kimi, həm də özbək ədəbiyyatının araşdırmısız. Maraqlıdır, niyə məhz özbək ədəbiyyatını seçdiniz?

 

- Əvvəla, türk xalqları ədəbiyyatı içində ən zəngin bir tarixə malik olduğundan özbək ədəbiyyatı mənim diqqətimi çox çəkdi. Bundan başqa, türk ədəbi dil inqilabının banisi Əlişir Nəvainin ədəbi irsi işığında gedib ora çıxdım və bundan çox məmnun qalmışam. Özbək ədəbiyyatının dərin qatlarına endikcə bir də görürsən ki, ümumutürk ədəbiyyatı kökünə gedib çatmısan, əlbəttə tədqiqatçı üçün bunlar çox maraqlıdır.

 

- "Ədalət" qəzetinin tribunasından istifadə edib, oxuculara nə demək istərdiniz?

 

- Oxuculara can sağlığı, mənalı ömür yolu, yüksək vətənpərlik hissi (unutmayaq ki, bizim torpaqlarımızın xeyli hissəsi işğal altındadır), yurduna, Vətəninə əsil vətəndaş məhəbbəti, sevgi dolu gözəlliklər arzulayıram.  Sevimli "Ədalət" qəzetimizin rəhbərliyinə, onun bütün əməkdaşlarına – həmkarlarıma ən xoş diləklərimi yetirirəm.

 

Şəfiqə ŞƏFA

 

Ədalət.-2015.-8 avqust.-S.6.