"RUHUN NƏĞMƏSİ"

 

Əmrah Xanməmmədlinin "Ruhun nəğməsi" şeirlər kitabını oxudum və birdən-birə xəyalım məni yetmişinci illərə çəkib apardı. Onda Əmrah orta məktəbdə oxuyurdu, şeir adına yazdığı cızma-qaralarını məşq eləyirdi. Hamı elə bilirdi ki, orta məktəbi bitirəndən sonra Əmrah "şairlik məktəbinə", valideynlərinin və kənd əhlinin nəzərincə filologiya fakültəsinə daxil olacaq. Amma belə olmadı. Əmrah Xanməmmədli Tibb institutuna daxil oldu. Şeirin daşını isə atmadı, necə deyərlər, Çexov kimi ədəbiyyata vurğun oldu. "Ruhun nəğməsi" artıq onun doqquzuncu kitabıdır. Xalq şairi Fikrət Qocanın "Azərbaycan gəncləri"ndə çox-çox illər bundan qabaq Əmraha yazdığı "Uğurlu yol" özünü doğrultdu. Əlbəttə, bu illər ərzində belə bir şairin yaradıcılığı ədəbi tənqidin nəzərini o qədər də cəlb etmədi, amma əsil şeir təkcə tənqidçilər üçün yazılmır. Əmrahın da öz oxucuları olduğunu güman edirəm və "Ruhun nəğməsi"ndə toplanan şeirlər də bunu sübut edir. Ən başlıcası isə odur ki, Əmrahın şeirləri bir həvəskarın yox, ŞAİRin qələmindən çıxıb.

Ruh-insanın daxili halı, hiss və duyğuları, ürəyi, qəlbi, şəxsi aləmi kimi yozulur, amma dinimifoloji təsəvvürə görə insanın həyatında mühüm rol oynayan qeyri-maddi, fövqəltəbii bir varlıq kimi anlaşılır. Ümumiyyətlə, bu sözün onlarla başqa mənası da varbiz burada o mənaları araşdırmaq, onların Əmrahın şeirləri ilə nə dərəcədə bağlılığını aydınlaşdırmaq fikrində deyilik. Amma şeirlərində buna açıq-aydın yozmalar var. Əmrah bu sözü simvolik mənada işlədir. Özü də həkimdir və təbii ki, real mənada Ruh adlı bir cismin varlığına inanmır. Amma məcazi mənada ruh-insanın daxili varlığıdır, cismi yox, canıdır. İnsanın bədəni yerdə, ruhu isə göydədir. Əmrah Xanməmmədli bəlkə bu sufi anlayışına görə yazır ki:

 

Ruhum,

qayıt bu bədəndən,

Sən Mövlamın əmanəti,

Mən günahkar bəndəsiyəm.

Ruhum,

bu bədənə bir də qayıtma,

Gəlib bu bədəni biroyatma.

Məni yuxuya ver, dön səmalara.

Məni çiçəyimdən,

dənimdən ayır.

Ayır bu bədəni,

tənindən ayır.

 

Bir sərgərdanlıq ruhu var onun şeirlərində. "Ovqat" şeirində yazır ki: " şam oldum, pərvanə, dərvişəm, divanə, Dünya qalıbsa viranə, Daşı, bayquşu hardadır?" Əlbəttə, bu qənaətlər, bu düşüncələr daim özünü dərk etməyə çalışan bir insanın dilindən qopur. Sanki birnəfəsə, üzünü göylərə tutub deyir bu monoloqları. Təbii ki, həyatın, gerçəkliyin insan aləminə təsiri müxtəlif əhval-ruhiyyənin yaranmasını şərtləndirir, suallar meydana çıxır, mənəvi ağrılar başlayır. Odur ki, maddi dünya insana dar gəlir, o, harasa çıxıb getmək, ruhu ilə qovuşmaq istəyir.

 

Ver qəlbimin ağrısını,

Ver könlümün yanğısını.

De üstümün ağısını,

Gözlərinə baxım gedim.

 

Çıxım gedim üzü şərqə,

Axım gedim üzü qərbə.

Səpə-səpə, ləpə-ləpə,

Bənd-bərəni yıxım gedim.

 

Ölümləri qəlpə-qəlpə,

Adamları körpə-körpə,

Qəbirləri təpə-təpə,

Qoy sinəmə taxım gedim.

 

Əmrah Xanməmmədlinin lirik qəhrəmanı bir sıra şeirlərdə üzünü Tanrıya tutur, maddi dünyadakı mənəvi sıxıntılarından söz açır. Bunu da təbii qəbul etmək lazımdır. Ruhun nəğməsi ruhun sızıltısı kimi diqqəti cəlb edir. "Bu dünyaya yadam!" - əslində, dünyaya yadlıq onun gözəlliklərinə, yaratdığı möcüzələrə qarşı deyil, nizamsızlığa, xaosa, hərcmərcliyə qarşıdır. Fərdin daxilində yaranan ona üzüntülər gətirən, mənən sarsıdan da elə reallıqdan, gerçəklikdən doğur. insan bunun çarəsini Tanrıdan umur. deyir: "Tanrım, səbrimdən kəs, ömrümə cala. Soyundur, Gündüzün əynindən çıxar, Çıxar gecələrin qaranlığını. Görüm kimdən alıb, kimə aparır, "İnsan" deyilənlər harınlığını". ya: "Tanrım, şeirin səsi çatırsa sənə. Məni elə çevir bir adam olum. Vurulum, durulum, qabıma dolum, yığışım, sığışım insan adına". Beləcə ruhun sızıltıları davam edir. Hətta elə bir məqama çatır ki: "Qiymətim vardımı birdən-ikidən? - niyə öz vaxtında ölmədim ki, mən". Amma bütün bunları təbii qəbul edək. Çünki insan bütün ömrü boyu öz ruhi dünyasına qapılırsa, öz içindəki mənəvi təlatımləri haçansa bəyan etməlidir. Fikrimizcə, ruhi dünyadan gələn çapalamalar lirik qəhrəmanın real aləmlə bağlılığının, əlaqəsinin zəif olduğuna da dəlalət edir. İnsan hər halda, öz maddi dünyasından gələn həyəcanları da münasibətini bildirməlidir və bu mənada Əmrah Xanməmmədlinin şeirlərində bir boşluq nəzərə çarpır. Amma hər halda, Əmrah Xanməmmədlinin lirik qəhrəmanının bu ruhi həyəcanları həm də bizə tanış gəlir. Müasir şeirimizin bir sufi qanadı da var-şairlərimiz insanın Allaha, Tanrıya doğru can atmasını-zərrənin küllə qovuşmasını təsvir edən məqamlara müraciət edirlərsə, bu da klassik poeziyadakı ənənədən gəlmr. İnsan ruhən azad olmalıdır! Bu azadlığı isə o, daxilən özündə axtarmalıdır! Əmrah Xanməmmədlinin şeirləri də elə bu ovqat üstündə köklənmb. Onun şeirlərində fikir, düşüncə xətti daha çox özüdünya arasındakı paralellərdə də nəzərə çarpır.

 

Qırdım damarını gündüzlərinin,

Qovdum yuxusunu gecələrinin,

Çırpdım üst-başını küçələrinin,

Yığdım hamısını, yığdım gözümə.

 

Qulağı daş imiş, yaddaşı qaya,

Çağırdım, səsimə çıxmadı dünya.

Bu qədər gözlərim baxdı dünyaya,

Bir yol gözlərimə baxmadı dünya.

 

Bu yaşantılar da təbiidir və lirik qəhrəmanın daxili pessimizmini ifadə edir. Amma çox istərdik ki, onun dünya ilə həsb-halı pessimizmə yox, işığa, gözəlliyə, nikbinliyə doğru baş alsın.

 

Vaqif YUSİFLİ,

filologiya elmləri doktoru

ədalət.-2015.-7 avqust.-S.3.