BİZİ SEVƏNLƏR VƏ
SEVDİRƏNLƏR
F.KÖÇƏRLİ adna
RESPULİKA UŞAQ KİTABXANASI - 50
"Qüvvət
elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eləyə
bilməz".
Dahi Nizaminin
bu müdrik kəlamının dolayısı
ilə ünvanı kitabdır. Elmin, hikmətin qərar
tutduğu və əbədi yaşadığı
məkandır kitab.
Bu baxımdan, kitab dünyası - kitabxanalar, sözün həqiqi mənasında mənəviyyat, elm, irfan xəzinəsidir.
Xalqımızın yetirdiyi bütün dahilər, böyük düşüncə sahibləri
məhz elmin, hikmətin dərin dəryalarına baş vurmaq üçün kitabxanalara üz tutmuş və heyrətamiz səbrlə mütaliə etmişlər. İnsanın mənəvi zənginliyinə
gedən yol kitabdan başlayır.
Tarix şahiddir ki, müdrik dövlət başçıları həmişə
kitaba, kitabxanaya böyük diqqət göstərmiş, bu mənəvi xəzinəni
göz bəbəyi kimi qorumuş, bu mənəviyyat dəfinəsi ilə bağlı daim uzaqgörən tövsiyələr
vermişlər. Təsadüfi
deyil ki, ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyev kitablara dərin sevgi bəsləmiş və kitabxanaları yüksək dəyərləndirərək,
kitabxana məfhumunu belə səciyyələndirmişdir:
"Kitabxana xalq,
millət üçün,
cəmiyyət üçün
müqəddəs bir
yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də
kitabxanaya daimi hörmət xalqımızın
mədəniyyətini nümayiş
etdirən amillərdən
biridir".
Qədim Şərq dünyasında
kitaba, elmə dərin ehtiramın mövcudluğu kitablar aləminə zaman-zaman diqqət və hörmətin varlığını
təsdiqləyən amillərdəndir.
Ölkəmizin iqtisadi inkişafı xalqımızın mədəni
və mənəvi həyatının çiçəklənməsinə
də böyük stimul vermişdir.
Bu baxımdan respublikamızın
kitabxana sistemində də çox uğurlu inkişafın şahidi oluruq. Ölkəmizin
zəngin kitab fonduna malik kitabxanalarından
biri olan F.Köçərli adına
Respublika Uşaq Kitabxanası 50 ildir ki, oxucuların, bilavasitə uşaqların
və gənclərin
mütaliəsinin səmərəli
təşkilində ümumrespublika
metodik mərkəzi kimi rəhbərlik fəaliyyətini uğurla
həyata keçirir.
Məlumdur ki, hər bir idarənin, müəssisənin iş
rejimi, fəaliyyət
dairəsi ona rəhbərlik edənlərin
yaradıcılıq qabiliyyətindən,
işinə, peşəsinə
bağlılığından, əməkdaşlarla münasibətindən
çox asılıdır.
Bu mənada haqqında
danışdığımız kitabxananı, necə deyərlər, şansı
gətirmiş hesab etmək lazımdır.
Bəri başdan qeyd edim ki,
bu kitab xəzinəsi başqa kitabxanalardan həm də onunla fərqlənir ki, burada bəşəriyyətin
gələcəyi olan
uşaqlarla lap kiçik
yaşlardan məşğul
olmaq imkanı var. Və bu imkandan
səmərəli yararlanmaq
üçünsə kitabxana
əməkdaşlarından bir neçə mühüm cəhət tələb olunur; ixtisasına bağlılıq,
uşaqları və işini sevmək, müəlliflərə qayğı
və diqqət.
Bir daha qeyd etmək
istərdim ki, F.Köçərli adına Respublika Uşaq Kitabxananı ona görə şanslı adlandırdım
ki, mən bu kitabxananın əməkdaşlarının hamısında
- müdirindən - metodistinəcən
bu xüsusiyyətləri
müşahidə etdim.
Kitabxanaya rəhbərlik işi - xüsusən uşaq kitabxanasına rəhbərlik
həm də zəngin mənəvi keyfiyyətlərə malik
olmağı tələb
edir. Belə rəhbər kadrların
çöhrəsindən təbəssüm
heç vaxt əskik olmur.
Onu da qeyd edək
ki, məni bu qənaətə gətirən də F.Köçərli adına Resbublika Uşaq Kitabxanasının
rəhbər kadrları
oldu.
Əvvəlcə onlardan biri - Fizurə xanım Quliyeva haqqında: Fizurə xanım 30 ilə yaxın bu mənəviyyat xəzinəsinə rəhbərlik
etmiş, bu müddət ərzində
kitabxananın zənginləşdirilməsində,
təkmilləşdirilməsində onun dəyərli xidmətləri olmuşdur.
O, uzun müddət rəhbərlik etdiyi, ömrünün ən mənalı illərini həsr etdiyi F.Köçərli adına Respublika Uşaq Kitabxanası haqqında həvəslə,
ancaq təvazökarlıqla
məlumat verdi:
- F.Köçərli adına
Respublika Uşaq Kitabxanası 01 yanvar
1965-ci ildə Azərbaycan
Respublikası Nazirlər
Sovetinin Qərarı ilə M.Qorki adına Kitabxana
Fondunun bazası əsasında yaradılmışdır.
İki il sonra 12 sentyabr 1967-ci ildən Azərbaycan Respublikası Mərkəzi
Komitəsinin 25 saylı
Qərarına əsasın
uşaq ədəbiyyatının
inkişafında çox
önəmli xidmətləri
olan, Azərbaycan ədəbi dilinin saflığı, təmizliyi
naminə həmişə
mübarizə aparmış
Azərbaycan ədəbiyyatşünası,
maarifpərvər ziyalı,
böyük pedoqoq, uşaq folklor antologiyasının banisi Firudun bəy Köçərlinin adı
verilmişdir. Bu kitabxananın yaradılması
nəticəsində uşaqlara
kitabxana xidmətinin ümumrespublika metodik mərkəzi meydana gəldi. 2013-cü ildən təqaüdə
çıxsam da, mənə həmişə
doğma olan bu mənəviyyat ocağı ilə əlaqəmi kəsmirəm,
həmkarlarımın uğurlu
fəaliyyətini maraqla
izləyirəm, səmərəli
tövsiyyələrimi əsirgəmirəm.
F.Köçərli adına
Respublika Uşaq Kitabxanasının hazırkı
direktoru Şəhla Qəmbərova 1990-cı ildən
kitabxana sistemində işləyir. Əmək fəaliyyətinə "Azərkitab" Birliyində
başlasa da, uzun müddət Nizami rayon Mərkəzləşdirimiş
Kitabxana Sistemində
filial müdiri və direktor vəzifəsində
çalışmışdır. Səmərəli fəaliyyəti,
təşkilatçılıq bacarığı, peşəsinə
bağlılığı və işə məsuliyyətlə yanaşması
nəzərə alınaraq,
o əlaqədar rəhbərlik
tərəfindən F.Köçərli
adına Respublika Uşaq Kitabxanasının direktoru
vəzifəsinə təyin
edilmişdir. 2013-cü ildən bu vəzifədə
ləyaqətlə çalışır.
Rəhbərlik etdiyi kollektivdə
səmimi və eyni zamanda işgüzar
bir ab-havanın olması diqqətdən yayınmır.
Şəhla xanım suallarımızı
cavablandıraraq aşağıdakıları
dedi: Öncə qeyd edim ki,
F.Köçərli adına Respublika Uşaq Kitabxanası geniş, işıqlı
və yüksək səviyyəli iş şəraiti ilə təmin olunmuşdur. Kitabxanada müxtəlif yaş qrupları üzrə Abonement, iki oxu zalı və
"Nağıl otağı"
oxucuların istifadəsindədir.
Kitabxanada aşağıdakı şöbə və bölmələr fəaliyyət
göstərir.
Komplekləşdirmə və kitabişləmə şöbəsi;
Kitabsaxlayıcı şöbəsi;
Xidmət şöbəsi;
Məlumat - biblioqrafiya
şöbəsi; Elmi-
metodika şöbəsi;
Kütləvi işlər
şöbəsi; İncəsənət
şöbəsi; Avtomatlaşdırma
və kompüterləşdirmə
şöbəsi; Ölkəşünaslıq
və milli ədəbiyyat şöbəsi
O cümlədən bölmələr:
Kitabişləmə və
kataloq bölməsi; Kiçik yaş qrupu üzrə xidmət bölməsi; Uçot və qeydiyyat bölməsi; Mütaliəyə rəhbərlik
bölməsi; Beynəlxalq
əlaqələr və
Kitabxanalararası abonement
bölməsi.
Oxuculara yüksək xidmət göstərən bu şöbələrdə və
bölmələrdə 60 nəfərə
yaxın əməkdaş
çalışır.
Şəhla İbrahimova rəhbərlik
etdiyi kitabxana haqqında onun ölkədaxili fəaliyyəti
ilə yanaşı, beynəlxalq aləmə inteqrasiyası ilə bağlı da məlumat verdi:
- 1999-cu ildə qüvvəyə minmiş "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2004-cü il 12 yanvar tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 27 dekabr 2004-cü il tarixli "2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları və 6 oktyabr 2008-ci il tarixli "Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Sərəncamı kitabxana işinin inkişafında yeni bir mərhələ olmuşdur.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında müstəqillik illərində Azərbaycan mədəniyyətinin inkişafı və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılması, dünya kitabxanaları səviyyəsinə qaldırılması istiqamətində də mühüm addımlar atılmaş, bir çox dünya kitabxanaları ilə əlaqələr yaradılmış, onların iş təcrübəsindən istifadə etməklə uşaqlara kitabxana xidmətində müasir metod və formalar tətbiq olunmuşdur.
Dünya kitabxanaları sistemindəki elektron yeniliklərə inteqrasiya prosesi bizim kitabxanada da uğurla həyata keçirilir. Hələ 2005-ci ildən kitabxanamızda "Avtomatlaşdırma və kompüterləşdirmə şöbəsi" fəaliyyət göstərir. Bu şöbədə kitabxana fondunun elektron informasiya daşıyıcılarına köçürülməsi və elektron kataloqların yaradılması prosesi müvəffəqiyyətlə davam etdirilir. Milli -mənəvi dəyərlərimizin qorunması və təbliği işində kitabxana bir sıra tədbirlər keçirir. Belə ki, hər il 2 aprel tarixində kitabxanamızda Beynəlxalq Uşaq Kitabı günü ilə əlaqədar Milli Uşaq Kitabı sərgisi təşkil edirik.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının qarşısında duran mühüm vəzifələrdən biri oxuculara metodika, biblioqrafiya və elmi informasiya xidmətini dünya kitabxanaları səviyyəsinə qaldırmaq, oxucuların tələbatını ödəmək üçün yeni informasiya texnologiyalarını tətbiq etmək, internet şəbəkəsinin elektron ehtiyatlarından istifadə etməkdir.
Kitabxanamız 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının üzvüdür. Bu mötəbər təşkilata üzv olmaqda əsas məqsəd Azərbaycanda uşaq yazıçılarının, rəssam və tərcüməçilərinin diqqətini müasir uşaq ədəbiyyatımızdakı problemlərə yönəltmək, həmçinin Beynəlxalq Uşaq Ədəbiyyatı Şurası vasitəsilə ölkəmizi tanıtmaq və uşaq ədəbiyyatı sahəsində olan yenilikləri tətbiq etməklə uşaqların mütaliəyə olan həvəslərini artırmaq, onları dünya uşaq ədəbiyyatı nümunələri ilə tanış etməkdir.
Kitabxanamızda maraqlı tədbirlər mütəmadi keçirilir. Kitabxana ilə oxucular arasında əlaqəni intensivləşdirmək və oxucu marağını genişləndirmək üçün müxtəlif üsullardan yararlanırıq. Hər bazar günü keçirilən "Nağıl" və "Psixologiya saatı" kitabxanaya oxucuların cəlb olunmasında önəmli rol oynayır. "Milli -mənəvi dəyərlərimizi" qoruyaq, "Nağıllarımızı yaşadaq" aksiyası çərçivəsində keçirilmiş Azərbaycan nağıllarının aplikasiya şəklində təqdimatı müsabiqəsində ən yaxşı aplikasiyalar "Nağıl otağı"nın divarlarında öz əksini tapmaqla kitabxanaya gələn hər bir oxucuda maraq oyadır. 2014-cü ildə kiitabxanada keçirilən "Dünyanın mədəniyyət rəngləri" adlı tədbirdə uşaqların 12 dövlətin milli folklor ənənələrini özündə ehtiva edən, təbii materiallardan, rəngli kətan parçalardan hazırlanmış kuklalar böyük maraqla qarşılandı. İndi həmin kuklalar "Nağıl otağı"nı bəzəyir. Bura gələn oxucular özlərini sanki nağıllar aləmində hiss edirlər.
Kitabxanamızın kitab fondu Azərbaycan və rus dillərindədir. Oxucularımız əsasın 3-18 yaş arasında olsa da, valideyinlər və digər yaş qrupunda olan oxucularımız da var. Maraqlı tədbirlərimiz çoxdur. Gənc oxucularımızın dünyagörüşünü artırmaq, mənəvi dünyalarını zənginləşdirmək məqsədilə kitabxanamız tərəfindən onlara teatr tamaşalarına biletlər hədiyyə edirik. Azərbaycan Milli Akademik Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, S.Vurğun adına Dövlət Rus Dram Teatrı ilə səmərəli əlaqələrimiz var. Gənc və azyaşlı oxucularımızı tamaşalara dəvət edirik, onların dramaturq və rejissorlarla canlı ünsiyyətini yaratmaq üçün görüşlər təşkil edirik.
Həyata keçirdiyimiz layihələr sırasında "Dünya Uşaq Ədəbiyyatı həftəsi" layihəsi də maraqla qarşılanmışdır. "Türk Uşaq Ədəbiyyatı həftəsi", "Rus Uşaq Ədəbiyyatı həftəsi" tədbirləri uğurlu olmuşdur. Gənc oxucularımızı Şərq mədəniyyəti və mənəvi həyatı ilə tanış etmək məqsədilə "Misir Uşaq Ədəbiyyatı həftəsi" ni keçirməyi planlaşdırırıq.
2015-ci ilin yanvarında yeni bir layihəmiz də həyata vəsiqə aldı. Görmə qabiliyyəti zəif və məhdud olan uşaqlar üçün Dil və İnformasiya kurslarının açılması ilə əlaqədar kitabxanaçılara Türkiyədən gələn mütəxəssislər tərəfindən treninqlər keçirildi. Məqsəd kitabxanadan istifadə edən əlil uşaqlara düzgün yanaşmaq, psixoloji yardım göstərmək, onların cəmiyyətə inteqrasiyasına kömək etməkdir.
Vətənpərvərlik mövzusunda da geniş tədbirlər həyata keçiririk. Vətənə, Bayrağa sevgi hisslərini təbliğ edən əsərlərlə gənc oxucuları tanış edirik.
Ölkəmizin yazarları ilə, xüsusən Azərbaycan uşaq ədəbiyyatını yaradan yazıçı və şairlərlə mütəmadi görüşlər, disputlar keçiririk. Uşaq yazıçılarından Zahid Xəlil, İlyas Tapdıq, Rafiq Yusifoğlu, Qəşəm İsabəyli, Sevinc Nuruqızı, Gülnar İbrahimova, Ələmdar Quluzadə və b. yaradıcı şəxslərlə keçirilən görüşlər uşaqların dünyagörüşünün inkişafında əhəmiyyətli rol oynamışdır .
2014-cü ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanası "Uşaq Ədəbiyyatı xəzinəsindən" seriyası ilə "Firudun bəy Köçərli biblioqrafiyasını" və 2015-ci ildə "İlyas Tapdıq" biblioqrafiyasını nəşr etdirmişdir. Bundan əlavə kitabxanamızda Teymur Elçinin 90 illiyi, İlyas Əfəndiyevin 100 illiyi, Firuzə Məmmədlinin 75 illiyi, Mikayıl Rəfilinin 120 illiyi, Xanımana Əlibəylinin, Mikayıl Rzaquluzadənin 110 illiyi, Naxçıvanın 90 illiyi ilə əlaqədar metodik vəsaitlərin hazırlanması da uğurlu nailiyyətlərimiz kimi dəyərləndirilmişdir.
Kitabxanamızın təsis etdiyi "Göyqurşağı" uşaq jurnalının fəaliyyəti də təqdirəlayiqdir; məktəblilərin dünyagörüşünün formalaşmasında, onların vətənpərvərlik hisslərinin daha da güclənməsində, təhsilə marağının artmasında böyük rol oynamaqla önəmli səciyyə daşıyır.
...F.Köçərli adına Respublika Uşaq Kitabxanasında yaradılan hərtərəfli şərait, həmçinin kitabxana əməkdaşlarının yüksək peşəkarlıq və vətənpərvərliklə oxuculara göstərdikləri xidmət bu mədəniyyət ocağının daha böyük nailiyyətlər qazanacağına əminlik yaradır.
BALAYAR SADIQ
şair, jurnalist
Ədalət.-2015.-12 avqust.-s.4.