Ümummilli liderin şəxsiyyətinə sonsuz məhəbbətlə

 

Keçən ilin sonlarında tibb elmləri üzrə fəlsəfə doktoru, dosent, ATU-nun Tədris-Terapevtik korpusunun kardiologiya şöbəsinin müdiri Nağdəli Tapdıq oğlu Zamanovun "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" kitabının 2-ci cildi çapdan çıxmışdır. (Bakı, "Elm və təhsil" nəşriyyatı, 2014, 495 səh.). Xatırladım ki, müəllifin eyni adlı kitabının 1-ci cildi 2013-cü ildə işıq üzü görmüş və keçən az bir müddət ərzində 500 səhifəlik kitabı ərsəyə gətirməsinə yalnız qibtə etmək olar. Mənim üçün ən maraqlısı odur ki, kitabın 1-ci cildində müəllif Heydər Əliyev nitqinin bir çox özünəməxsus cəhətlərini tədqiqata cəlb etməklə diqqəti onun emosional - ekspressiv və məntiqi-təfəkkür xüsusiyyətlərinə yönəldir.

Böyük öndərin çox müxtəlif üsulyollarla insanlara təsir göstərmək, inandırmaq, onlara gələcəyə nikbin gözlə baxmaq duyğusu aşılamaq bacarığını üzə çıxarır, oxucunu bütün bu nitq özünəməxsusluqlarına bələd olmağa sövq edir. (Bu cild haqqında kifayət qədər deyilib). Haqqında danışacağımız cilddə isə Nağdəli müəllim əsl filoloq kimi bənzərsiz nitq nümunələrini üslubi dilçilik mövqeyindən tədqiq edir, dilimizin ayrı-ayrı leksik laylarının H.Əliyev nitqindəki semantik (məna) yükünü müəyyənləşdirir, onun təsir gücünün səbəblərini açır. Əvvəlcədən qeyd etməyi özümə borc bilirəm ki, Nağdəli müəllim çox vacib və şərəfli, eyni zamanda ağır bir işi yerinə yetirib. Leksik-qrammatiküslubi rəngarəngliyi ilə daim seçilən, səs, intonasiya və tələffüz keyfiyyətləri ilə hərəki, dinamik təsirə malik H.Əliyev nitqi indiyə kimi çox dilçinin tədqiqat obyekti olmuşdur. Etiraf edim ki, onların heç biri bu kitablardakı qədər həm həcminə, həm də keyfiyyətinə (bölgü prinsiplərinə) görə müfəssəl və mükəmməl deyildir. Nağdəli müəllim 20000 səhifədən artıq "Müstəqilliyimiz əbədidir" çoxcildliyinin az qala hər səhifəsini nəzərdən keçirmiş, üslubi-ekspressivlik baxımından fərqli olan cizgiləri buya başqa cəhətdən sərf-nəzər etmiş, ulu öndərin natiqlik məharətinin incəliklərini aşkarlamağa çalışmışdır. Müəllif haqlı olaraq bu cildə çox maraqlı, sanballı "Müəllifdən" adlı giriş yazmışdır. Bu 5-6 səhifəlik "oxucuyla söhbət"dən məlum olur ki, Nağdəli müəllim bu "dilçi vəzifəsini" uzun götür-qoydan, xeyli məsləhətləşmədən sonra üzərinə götürmüşdür. Müasir ədəbi dilimizi 14-16-cı əsr şairlərimizin ədəbi nümunələri ilə müqayisə edən müəllif özünü ana dilimizin elmi araşdırıcısı səviyyəsində təqdim edirbiz onun bu fikirlərinin nə qədər doğru və səmimi olduğuna qətiyyən şübhə etmirik: "Vətənimizin bir parçası olan Kəlbəcər" (H.Əliyev) bu gün yağı tapdağı altındadır. Bütövündən - Azərbaycanından ayrı düşmüş bu parça söz diyarıdır. Bu parçanın adamları söz adamlarıdır. Elə böyük söz adamı Heydər Əliyevin nitqlərinin də müəyyən hissəsini araşdırmaq bu diyarın insanının - mən bəndənin bəxtinə düşdü. Bu da bir tale! ("H.Əliyev və Azərbaycan nitq mədəniyyəti", II c. səh.9). Gözəl taledir; Nağdəli müəllimin bu kitabları ilə tanış olan hər kəs, o cümlədən dilçi mütəxəssis də onun müəllifinə həm qibtə edər, həm də çox ağır zəhmətin, böyük məhəbbətin nəticəsi olan bu tədqiqatla qürur duyar, fərəh hissi keçirər. Çox görkəmli dilçi alimlərin, siyasi xadimlərin, diplomatların da qeyd etdikləri kimi, bu tədqiqat son illər dilçilik elmimizdə, konkret olaraq üslubiyyatnitq mədəniyyəti sahəsində əldə olunan ən böyük nailiyyətdir və şübhəsiz, bu davam etdirilməlidir. Mən bu cildi geniş təhlil etmək fikrində deyiləm (bu, çox uzun bir araşdırma tələb edir), sadəcə olaraq kitabın bəzi məziyyətləri haqqında düşüncələrimi hörmətli oxucularla bölüşmək istəyirəm. 496 səhifədən ibarət bu cild "Ön söz"dən (müəllifi MEA-nın müxbir üzvü N.Cəfərovdur), "Müəllifdən" adlı girişdən, 11 fəsildən və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir (I cild 14 fəsildir). Çağdaş dilçilik elmimizin və türkologiyanın nüfuzlu söz sahibi N.Cəfərovun dediyi kimi, "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" monoqrafiyasının II hissəsi də dilçi alimlərimiz tərəfindən dəyərli elmi tədqiqat işi kimi qəbul ediləcək".

Kitabın I fəsli ulu öndərin nitqindəki say, əvəzlik, fel və zərflərin işlənmə məqamlarının şərhinə həsr olunub. Bildiyimiz kimi, nitq səslərin, sözlərin, cümlələrin ... ərsəyə gətirdiyi ünsiyyət aktıdır. İnsan buya başqa sözü işlətməyə məcburdur. Nağdəli müəllim də dahi rəhbərin işlətdiyi hər sözü fərqli əlamət kimi götürmür; o elə söz və ifadədən danışır ki, onlar nitqə güc verir, eşidənlərdə diqqət, duyğu, emosiya yaradır. Məsələn, saydan danışarkən müəllif belə bir nümunə verir: "Amma Osmanlı İmpiratorluğuolubdur? O, dünyaya 700 il hökm oxuyan imperatorluq olubdur. 700 il Osmanlı imperatorluğu olubdur, bu dövlət olubdur" (səh.20). Əlbəttə, ikinci 700 rəqəmi qəsdən təkrarlanır, dinləyicidə təəccüb yaratmaq üçün! Monoqrafiyanın bu hissəsində ümummilli liderin nitqində işlənmiş bütün növ saylar bu cür mənalandırılır: nitqin real faktlarla - konkret ədədlərlə gerçəkliyi əks etdirməsinə nail olunduğu fikri qabardılır. Kitabda əvəzliyə aid yarımbaşlıq da həvəslə işlənmişdir. Burada H.Əliyevin - ölkənin birinci şəxsinin dilində "mən" və "sən" əvəzliklərinin işlənmə məqamlarına aid maraqlı mülahizələr deyilir:... "mən" əvəzliyi Heydər Əliyevin nitqində ölkənin birinci şəxsinin sözü kimi səslənir. ... auditoriya səfərbər olunur... təminat rolunda çıxış edir...". ... "biz" birinci şəxsin cəmi isə xalqla birgə fəaliyyət, birgə çalışmaq məqamında işlənir (səh.50). Nümunələr də tədqiqatçının fikirlərini təsdiqləyir: "...Mən bunu müdafiə nazirinə dedim. ...mənə siyahı veriblər. Mən onu burada elan etmək istəmirəm..." (səh.50). ...Biz müstəqil dövlətik. Bizim güclü ordumuz olmalıdır. Güclü ordu ona görə lazımdır ki, biz sülh danışıqlarını cəsarətlə apara bilək. Bizim qüdrətli, möhkəm ordumuz olmalıdır..." (səh. 50). Nağdəli müəllim mənsubiyyət şəkilçili birinci şəxsin cəmi əvəzliyinin Türk dünyası yazıçılarının qurultayında tez-tez işlənməsini düzgün olaraq türk xalqlarının birliyi, dostluğu, tale eyniliyi mənasında işləndiyini yazır: Bunlar bizim keçmiş uzaq tariximizdir. Bizim əksəriyyətimiz ... bu əsrdə doğulmuşuq. ...Bunu bizim türkdilli xalqların ... ədəbiyyatında görmək olar. ... Bizim hamımız bu əsərlərlə fəxr ediik..." (səh.52).

"Heydər Əliyev və Azərbaycanın nitq mədəniyyəti" kitabının ikinci cildində geniş işlənmiş yarımfəsillərdən biri də felə aid olan səhifələrdir. Müəllif gətirdiyi nümunələrlə sübut edir ki, dahi rəhbər öz məqsədindən, dinləyici kontingentindən asılı olaraq felin zaman, şəkil, qrammatik növ, forma və şəkilçilərindən istifadə edir, fikrin, qarşıya qoyulan tələblərin daha canlı, daha anlaşıqlı, ən əsası isə daha səfərbəredici, təlqinedici olmasına şərait yaradır. Bu mənada ulu öndərin çıxış və nitqlərində qəti gələcək zamanın, vacib şəklinin şəkilçiləri ilə işlənən fellərə daha çox rast gəlinir. Burada onu da razılıq hissi ilə qeyd edim ki, Nağdəli müəllim, nəinki, dilimizin fellərinin şəkil (forma) yaradan şəkilçilərindən, həm də felin nitq, , təfəkkür kimi məna növlərindən də məqsədli olaraq rəhbərin nitqində istifadəsindən bəhs edir. Bu da onu göstərir ki, kitab müəllifi məsələyə formal deyil, əhatəli dilçilik təxəyyülü ilə yanaşmağa üstünlük vermişdir. Bir sözlə, dilimizdə zəngin və mürəkkəb kateqoriyalara malik felin bütün nitq təzahürləri tədqiqata cəlb olunub, H.Əliyev nitqindəki fərqli xüsusiyyətləri böyük məhəbbətlə üzə çıxarılıb.

Ulu öndərin nitqində işlənmiş zərflər də üslubi baxımdan araşdırılmışdır. Müəllif zərfin bir nitq hissəsi kimi özəlliklərini nəzərə alaraq rəhbərin nitqində bu leksik vahidlərin "hadisələri zaman və məkan etibarı ilə lokallaşdırmaq, onlara özünün münasibətini ifadə etmək" (səh.100) məqsədilə işləndiyini göstərir. Bu başlıq altındakı mətndə müəllif bəzi nümunələri (zərfləri) izah edərkən hissə qapılıb ifrata varsa da, ümumi istiqamət düzgündürbunun tədiqat obyektinə sonsuz sevgidən irəli gəldiyi aydın hiss olunur.

Kitabın mühüm bölmələrindən biri dilimizin köməkçi nitq hissələrinə həsr olunub. Qoşmaların ulu rəhbərin nitqində geniş işləndiyi qənaətinə gələn tədqiqatçı maraqlı bir eksperimentaparmağa vaxt ayırır. O, böyük öndərin Azərbaycan Milli Elmlər akademiyasında etdiyi nitqində işlənmiş qoşmaların işlənmə tezliyini müəyyən etmişdir. Məlum olmuşdur ki, təxminən bir saatlıq çıxışında natiq 88 yerdə qoşma işlətmişdir və ən çox işlənən qoşma "üçün" (30%), ən az işlənən qoşma "kimi", "öncə", "nisbətən", "haqqında" olmuşdur (4,2%). (Nağdəli müəllim üslubiyyat üzrə tədqiqatlarda əsas metod olan statistik vasitəyə tez-tez müraciət edirbu, onun məsələyə ciddi elmi mövqeyinin göstəricilərindən hesab olunmalıdır).

Öz çıxışları, söhbətləri, müsahibələri, geniş məruzələri və hətta replikaları ilə insanları hərəkətə gətirən, beyinlərdə oyanış yaradan, dinləyicinin düşüncə və əqidəsinə nüfuz edən Ulu öndərin nitqlərində emosional - ekspressiv təsirə səbəb olan bağlayıcılara və ədatlara da kitabda geniş yer ayrılmışdır və bunlar oxucuya çox şey öyrədir.

Kitabın 3-cü fəsli "Heydər Əliyevin nitqində frazeoloji birləşmələr" adlanır. Nitqin bədii-estetik təsirə malik olmasında, fikrin emosional - məntiqi gücünün artırılmasında frazeoloji birləşmələrin müstəsna rolu hamıya məlumdur. Xalq müdrikliyini əks etdirən, danışanın milli təfəkkürünün səviyyəsinin göstəricisi olan bu ecazkar dil vahidləri böyük rəhbərin nitqinin naxışları, parlaq ilmələri, dilə bələdliyin əsrarəngiz əlamətləri idi. Ona görə də bu kitabda frazeologizmlərə həsr olunmuş fəsil nəzərə çarpan həssaslıqla işlənmişdir. Hamı yaxşı bilir ki, Heydər Əliyev qatı milli ruhlu, milli ənənəyə bağlı, xalq həyatına dərindən bələd xəlqi bir rəhbər idi. Ona görə də onun dilində xalq ifadələri, xalq deyimləri xüsusi incəliklə istifadə olunurdu. Nağdəli müəllim də bunları yaxşı bildiyindən bu bölməni özünəməxsus ustalıqla işləmişdir. Bəri başdan deyim ki, kitabın bu hissəsində müəllif 12-dən çox elmi mənbəyə müraciət edib, həm də rəhbərin nitqində işlənmiş frazeoloji vahidləri (həm də xalq ifadə tərzində olan birləşmələri) 20 bölgüyə ayırmışdır. Müəllif ümumi səciyyə daşıyan qeydlərində haqlı olaraq yazır: "Heydər Əliyevin nitqlərinin mühüm bir gücü milli ruhu əks etdirən leksik vahidlərlə - frazeoloji birləşmələrlə zənginliyindədir. ...Bu fəsildə frazeoloji birləşmələrin Heydər Əliyevin nitq arxitektonikasındakı yeri müəyyənləşdirilir, digər nitq elementləri ilə əlaqələri tədqiq edilir" (səh. 227). Nağdəli müəllim deyilənlərə sadiq qalaraq bu kitabda əməli dilçilik ədəbiyyatımızın frazeoloji birləşmələrə həsr olunmuş maraqlı bir nümunəsini yaratmışdır. İfrata varmadan deməliyəm ki, 50 səhifəyə yaxın bu fəsildə frazeoloji birləşmələr və xalq ifadə tərzində olan dil vahidləri tam genişliyi ilə tədqiqata cəlb olunmuşdur. Məsələn, təkcə bədən üzvləri ilə bağlı idiomatik ifadələrin izahına 10 səhifəyə qədər yer verilmişdir. Fəslin sonunda belə qənaətə gəlinir ki, "Heydər Əliyevin nitqində frazeoloji birləşmələrin öyrənilməsi bu fəsillə məhdudlaşa bilməz. Gələcəkdə bütövlükdə Heydər Əliyevin nitqlərində işlədilmiş frazeoloji birləşmələrin lüğətini tərtib etmək zərurəti ortaya çıxır" (səh. 282). Əlbəttə, müəllif haqlıdır və bu işə çoxdan başlanmalı idi.

Kitabın sinonimlərə həsr olunmuş fəsli də ilhamla qələmə alınıb. Dilçilikdə sinonimliyə aid tədqiqatlardan qısa söz açan müəllif dahi natiqin işlətdiyi rəngarəng sinonim cərgələrdən nümunələri şərh edir. Görkəmli dövlət xadimi həm Sovet dönəmində ölkəyə rəhbərliyə gələrkən, həm də müstəqillik dövründə hakimiyyətdə olarkən ölkəmiz normal siyasi-ictimaisosial-iqtisadi vəziyyətdə olmamışdır. Ona görə də ağır iqtisadi-siyasi durumu düzəltmək, ölkədə normal vəziyyəti bərpa etmək üçün o, çox danışmalı, çox məsələləri xalqa izah etməli olurdu. Bundan irəli gələrək Heydər Əliyev nitqinin anlaşıqlı, təsirli olması üçün çox müxtəlif vasitələrdən, o cümlədən sinonim söz və ifadələrdən geniş istifadə edirdi. Nağdəli müəllim də öz tədqiqatında bu mövzuya da geniş yer ayırmışdır. 50 səhifədən artıq bu mətni adam müstəsna heyranlıq və fərəh hissi ilə oxuyur.

Kitabın maraqlı fəsillərindən biri də əlavələrə aiddir. Əlavələr nitqin pafosunu, intonasiya ruhunu yüksəldən, nitqə əzəmətlə yanaşı, həm də dəqiqlik verən sintaktik vahidlərindəndir. Bu fəsildə də Nağdəli müəllim H.Əliyev nitqindəki gözəl, ibrətamiz, örnək ola biləcək nümunələr verir, onları üslubiyyatçı-alim kimi aydınlaşdırır. Aşağıda izah vermədən bir neçə nümunəni diqqətinizə çatdırıram: "Mən bunu demişəm, - şübhəsiz ki, mən Azərbaycanın prezidenti seçilərkən Yeni Azərbaycan Partiyasının seçkisi nəticəsində seçilməmişəm. Siz bunu bilməlisiniz. O vaxt bütün xalq - Yeni Azərbaycan Partiyasının üzvü olan da, olmayan da - hamısı Heydər Əliyevin Azərbaycana, Bakıya gəlməsini tələb etdioktyabr ayında Heydər Əliyevin prezident seçilməsinə səs verdi (səh.337). "...hamı bilsin, - bu partiyaya hər kəs öz könlü, vicdanı, qəlbi ilə gəlməlidir!" (səh.337). Məncə, izahata ehtiyac yoxdur.

Kitabın təkrarlar, ritorik suallar, mürəkkəb cümlələr, neologizmlər, antroponomik sıralanmalar, müqayisələr adlı fəsilləri də eyni məhəbbət, eyni elmi-nəzəri yanaşma ilə ərsəyə gəlib və onun hər şərtində, hər cümləsində xalqımızın böyük oğlu, dilimizin havadarı və dərin bilicisi H.Əliyevə sonsuz məhəbbət, ölçüyəgəlməz vurğunluq hissi duyulmaqdadır.

Ümumiyyətlə, mənim şəxsiyyətinə və elmi qabiliyyətinə, nəzəri və əməli dilçilik baxışlarına dərin hörmət bəslədiyim dosent, şəfalı əlləri olan həkim Nağdəli Tapdıq oğlu Zamanovun "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" kitabları təkcə dilçilik elmimizdə deyil, ümumilikdə Azərbaycan ictimai-siyasi fikrində, Azərbaycan elmində böyük hadisədir. Mən əziz dostuma cansağlığı və həm bu istiqamətdəki işlərində, həm də gələcək ümumi fəaliyyətində uğurlar arzulayıram.

 

Akif Miriyev,

fəlsəfə doktoru, dosent

Ədalət.-2015.-14 avqust.-S.4.