ŞUŞA KƏBƏMDİ...
"Qarabağ şikəstəsini" həmişə
ayaqda dinləyən insan
... Səsli-küylü bir məclis...
necə deyərlər,
ağız deyəni qulaq eşitmir. Belə bir vaxtda
məclisdəkilərdən kimsə yerindən durub musiqiçilərə
yaxınlaşır, əyilib
xanəndənin qulağına
nə isə deyir. Xanəndə əvvəlcə ona tərəf əyilmiş
qonağa, sonra musiqiçilərə tərəf
çevrilir və güclə eşidiləcək
bir səslə deyir:
- Qarabağ şikəstəsi!
Musiqi alətləri
dilə gəlir. Elə bil
bu ifa bayaqkı
səs-küyü cilovlayır.
Sanki odun üstünə
su səpir. Adamlar bir-bir səsə tərəf çevrilirlər.
O, isə ayağa qalxır. Əlini ürəyinin üstünə
qoyub, xanəndənin
səsindən tutub bu məclisdən çıxıb gedir.
Gedir gəldiyi yerə, gedir hələ ki, heç birimizin gedə bilmədiyi yerə gedir... gedir hamımızın arzuladığı yerə,
gedir hamımızın
ürək dağı
olan yerə -Şuşaya gedir!..
Onun adətidir, "Qarabağ
şikəstəsi"ni
eşidən kimi əmr almış əsgər kimi yerindən dik qalxır və kimin ifa etməsindən
asılı olmayaraq
"Qarabağ şikəstəsi"ni
ayaq üsdə dinləyir. Bunu hərə bir cür yozur, amma mən soruşanda
Yunis müəllim dedi ki, Şuşa mənim Kəbəmdi! Bu söz
bəs elədi mənə. Ona görə
ki, hər bir müsəlman Kəbənin önündə
ayaq üstə dayanır. Yunis müəllim də Şuşa adlı
Kəbəsinin önündə
son nəfəsə qədər
ayaq üstə duracağına bütün
inancı ilə bağlı olan müsəlmandı və
o, Kəbəsini özü
kimi, beş barmağı kimi tanıyır. Axı ...
...1935-ci il sentyabr
ayının 15-də Qalada,
Rza Hüseynovun evində dünyaya üçüncü övlad
gəldi. Adını Yunis qoydular.
İşi-gücü qara
fəhləlik olan Rza kişi
Qalanın Şor məhəlləsində yaşayırdı.
Bu məhəlləni və
elə bütövlükdə
Qalanın hər daşını əzbərdən
tanıyan və bu döşənən, hörülən daşların
üstündə nəslinin,
soy-kökünün əl
izləri olan Rza kişi də
Qalanın yollarına
daş döşəyirdi,
divar hörürüdü,
alın təriylə
qazandığını ömür-gün
yoldaşı Əziz
xanımla birlikdə balalarını böyütməyə,
ailəni korluq çəkməkdən qorumağa
sərf edirdi. Amma həyatın öz qanunları var. Bir adam,
həm də qara fəhlə olan bir kişi
həyatın qanunlarını
heç cür dəyişə bilməz.
Ona görə də sovet-alman müharibəsinə yollanan
Rza Hüseynov beş övladını
- bir qız və dörd oğlunu Allaha, bir də xanımına
əmanət edib getdi...
Müharibənin ağrı-acılarını hamı
kimi bu ailə
də yaşadı. Əziz xanım
evdə qiymətli nə varsa satdı
və böyük oğlu Firudin ilə ilə tez-tez Karyaginə (indiki Füzuliyə) gedib arpadan, buğdadan, bir sözlə, yeyilməsi mümkün olan nə varsa alıb
gətirirdi. Uşaqları bir qarın ac, bir qarın tox böyütdü.
Müharibədən qayıdan
Rza kişi
evinin sahmanının
yerində olduğuna sevindi. Evdəkilər də qələbənin
qazanılmasında payı
olan atanı həm veteran, həm də əsl döyüşçü kimi
qarşıladılar. İndi ailənin qayğısı
nisbətən azalmışdı.
Uşaqlar böyüyür, oxuyur, həyat davam edirdi. Evin üçüncü oğlu
Şuşadakı yeddiillk
məktəbi başa
vurub, rayon qəzetində
çapçı işləyə-işləyə
təhsilini davam etdirirdi. Oxumağa böyük həvəsi
olan Yunis Rza oğlu 1960-cı ildə Dövlət Universitetinin tarix fakültəsinə qəbul
oldu. Əyani oxuduğu universiteti
müvəffəqiyyətlə bitirib Şuşadakı 3
saylı internat məktəbə göndərildi.
Onun həyat yolunda şagird-müəllim münasibətlərinin,
məktəb mühitinin
kifayət qədər
maraqlı və rəngarəng səhifələri
var, çünki universiteti bitirdikdən sonra o məktəb həyatının, yəni
pedaqoji sferanın bütün zümrələrində
çalışıb. Müəllim kimi də, dərs hissə müdiri kimi də, məktəb
direktoru kimi də, təhsil şöbəsnin metodisti,
aparıcı mütəxəssisi
və eləcə də bu sahə
ilə bağlı təcrübəni araşdıran
yazar-pedaqoq kimi də...
Yunis müəllim
1967-ci ildə ailə
həyatı qurdu. İndi
onun üç övladı, beş
nəvəsi var. Ömür-gün
yoldaşı Şuşa
həsrətinə çox
da dözə bilmədi. O, isə dərdini sözə çevirməklə, dərdini
vərəqlərə hopdurmaqla
Şuşalı günlərin
xatirə işığında
yaşayır və onu tanıyanlar, onu Şuşa
ilə bağlı dindirənlər Yunis müəllimin dilindən
Şuşa ilə bağlı xatirələr
eşidirlər. Elə
mən də bu günlərdə 80 yaşı tamam olacaq Yunis müəllimin
Şuşalı günlərinə
bir səyahət etmək fikrinə düşdüm və həmkarım, dostum Vasif Quliyevin, barəsində ağız
dolusu danışdığı
Yunis müəllimlə
həmsöhbət olduqda
bilərəkdən, yəni
qəsdən Şuşaya
etdiyim səfərləri
dilə gətirdim. Bax elə bu
da Yunis müəllimin xatirə boxçasının ağzını
açdı:
- Lap uşaq yaşlarımdan Şuşanı, doğulduğum
məhəlləni gəzib-dolaşmağı
çox sevmişəm.
Bizim Şor məhəlləsində
xeyli kəhriz vardı. Evimizin yüz-yüz əlli
addımlığında Mıqımovlar
kəhrizi bir şəlalə kimi qaynayırdı. Onun suyundan
içməkdən doymurdum.
Qapı qonşumuz Ruqiyyə nənə hər Novruzda çilə öncəsi anamla birlikdə uşaqları
"çiləkəsdi"yə aparırdılar. Sübhdən gedirdik Mıqımovlar kəhrizinin üstünə.
Ruqiyyə nənə əvvəl
bir dua oxuyurdu,
sonra da barmaqlarımıza bağladığıl
ipi kəsib kəhrizin axan suyuna atırdı və deyirdi ki, dərd-bəlanız, ağrı-acınız axıb
getsin. Yeni təhvil olan
iliniz ağrısız-acısız
olsun. Mən yaşıdlarımla ən
çox "Leyli qayası"na çıxır, orada oturub qalalıların
"detdom" dedikləri
yerin üst tərəfindən üzü
Qalaya baxırdım. Oranı həmişə meh tuturdu. Biz kitablarımızı
çantamıza qoyub,
bir dürmək çörəklə orada
dərslərimizi hazırlayırdıq.
Yaz-yay fəslində Cıdır
düzündən boylanmaq,
"Üçmıx"da gəzmək, Xarı bülbül toplamaq, burdan Topxanaya tərəf bir şikəstə göndərmək
yaşıdlarımın ən
sevimli məşğuliyyəti
idi. Təəssüf ki, indi bunlar hamısı yuxunu da, nağılı
da yalan edib. Çünki nağıl danışmaqdan,
yuxu görməkdən
yorulmuşam. Nağılın
sonunda alma düşmədiyi kimi, hələ də yozduğum yuxular çin olmur. Amma ümidim qırılmayıb,
ölməyib, bilirəm
ki, o Qala yenə bizim olacaq və bizm olanı kimsə bizdən əbədi ala bilməz.
Mən indi ətrafıma baxıram. Yaşıdlarımın demək olar
ki, əksəriyyəti
ruhən indi Qaladadı. Orda qalanlar da oldu, səpələndiyi bölgələrdən qayıdıb
gedənləri də.
Məni bu gün yaşadan
bir həmin o ümiddi, bir də övladlarımın,
nəvələrimin uğurları.
Oğlum Rüstəmin
Yunis adlı övladı bu il İqtisad
Universitetinə, qızımın
ciyərparası Nigar
ADA universitetinə qəbul
olunub. Özü də hər
iki nəvəm yüksək balla tələbə adını
qazanıblar. Bu, ümidimi göyərdən
sevincdi. Hər kəsə
bu sevincdən arzu edirəm. O ki qaldı Şuşasız
necə yaşamağıma,
əslində məni
yaşadan yazı-pozu,
qələm-dəftərdi. Bu günədək dörd kitabım işıq üzü görüb. Sonuncu kitabım
"Şuşanın salnaməsi"
adlanır. Yaxın günlərdə
işıq üzü
görəcək, inşallah
sizə də hədiyyə edərəm.
... Bəli, mənim tanıdığım
Yunis Rza oğlu Hüseynov respublikamızın xeyli mükafatlarına layiq görülüb. O, "Metodist
müəllim", "Təhsil əlaçısı",
"Ali kateqoriyalı müəllim"
adlarına layiq görülüb, "Əmək
veteranı" və
"Tərəqqi" medalları
ilə şərəfləndirilib,
elmi məqalələri,
publisist yazıları
ölkənin və qonşu dövlətlərin
mətbuatlarında çap
olunub. Necə deyərlər, zəhməti
hədər getməyib.
Həm şəxsiyyəti, həm
də əmək fəaliyyəti həmişə
dəyərləndirilib, uca
tutulub. Elə bu gün də
tarix elmləri üzrə fəlsəfə
doktoru olan Yunis müəllim halal haqqı sayılan o ucalıqda 80 yaşını qarşılayır...
Mən bu yazını kağıza
köçürdüyüm anda qulaqlarımda Xan əminin "Qarabağ şikəstəsi"
səslənir. Başımı qaldırıb masamın
üstündəki Yunis
müəllimin şəklinə
baxıram. Sanki o şəkil də ayağa durub. Axı
Xan əmi "Qarabağ
şikəstəsi" oxuyur...
Ədalət.-2015.-18 avqust.-S.4.