XATİRƏLƏR İŞIĞINDA

ƏDƏBİ HƏYAT

 

Müasir Azərbaycan ədəbiyyatı təkcə Bakıda, şair və yazıçıların cəm olduğu, çoxsaylı redaksiyaların yerləşdiyi bir qaynar mühitdə deyil, həm də mərkəzdən çox-çox kənarda, bizim əyalət dediyimiz rayonlarda, qəsəbələrdə, kəndlərdə də yaranır. Vaxtilə, 40 il öncə əyalətlərdə ədəbiyyat çox zəif inkişaf edirdi, səbəbi bu idi ki, orada doğulan şairlər ilk uğurlarını qazanan kimi Bakıya, böyük uğurlar ardınca yollanırdılar. Tək-tük yazarlar vardı ki, rayonlarda, kəndlərdə yaşayır, böyük ədəbi mühitdən uzaq düşsələr də, hər halda tanınırdılar. Məsələn, gözəl şairimiz Musa Yaqub İsmayıllıda qəzet redaktoru idi, amma onun şeirləri İsmayıllıdan bütün Azərbaycana səs salmışdı. Şəkər AslanVaqif Hüseynov Lənkəranda yazıb-yaradırdılar, onların da oxucuları təkcə lənkəranlılar deyildi. İllər keçdi, regionlarda ədəbiyyata maraq artdı, Yazıçılar Birliyinin ayrı-ayrı bölgələrdə filialları yarandı və hər bir rayonda yeni istedadlar meydana çıxdı və onların əksəriyyəti daha şəhərə üz tutmadılar. Belə bir həqiqət öz əksini tapdı ki, istedad üçün harada yaşamağın, yazıb-yaratmağın elə bir əhəmiyyəti yoxdur. Bu gün əyalətlərdə elə yazarlar yaşayıb-yaradırlar ki, onlar müasir ədəbiyyatımızın tanınmış nümayəndələridir. Qubada Ramiz Qusarçaylı və Zakir Məmməd, Lənkəranda İltifat Saleh, Ağamir Cavad, Tərlan Əbilov və Xatirə Xatun, Naxçıvanda Asim Yadigar, Qafar Qərib və Fərəc Fərəcov, Şirvanda Tofiq Hüseyn, Ağdaşda Mirdamət Əziz, Salyanda Naiq Hacıheydərli, Cəlilabadda Böyükxan Babırlı, Əlizadə Nuri, Ədalət Salman və Əlirza Həsrət, İmişlidə Valeh Bahaduroğlu, Sabirabadda Nisə Bəyim, Masallıda Arif Fərzəli, Qazaxda Barat Vüsal, Gəncədə Qərib Mehdi, Sahib Axundov, Xəzangül, İradə Aytel, İnqilab İsaq, Mingəçevirdə İsmayıl İmanzadə, Şəkidə Vaqif AslanRamiz Orsər, Bərdədə İsa Sevər, Xızıda Ağasəfa kimi istedadlı yazarların yaşamağı ədəbiyyatın regionlarda da inkişaf etdiyini, sənət aləminə yeni töhfələr verdiyini təsdiq edir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü Səxavət Tağlar isə İmişlidə yaşayır. Peşəsi müəllimlikdir. Bir neçə kitabı da çapdan çıxıb. "Gecikmiş məktub" kitabı isə lap təzəcə işıq üzü görüb. Bu kitabda Səxavət müəllimin "Ana fəryadı" xatirə-povesti və doqquz hekayəsi təqdim olunur.

"Ana fəryadı" xatirələr toplusudur desək, yanılmarıq. Unudulmayan insanlarla bağlı düşüncələr bu povestin fakturasını təşkil edir. Müəllif o insanlardan danışır ki, onlar öz əməlləri ilə, insani keyfiyyətləri ilə yaşadıqları coğrafi məkanda hüsn-rəğbət qazanmışlar. Bu insanlar müəllifin ən yaxın adamlarıdır. İlk xatirə Ata haqqındadır. Bu Ata-Feyruz kişi böyük bir nəslin nümayəndəsidir. Vaxtilə İmişlidə şöhrətli bir əmək adamı kimi tanınırdı. Sovet dövrünün orden və medalları ilə təltif olunmuşdu, məşhur pambıq ustasıydı. Torpağın dilini bilirdi. "Çox ciddi insan idi. Sözü, əməli, fikri bir olardı. Hamı bilirdi ki, o sözü Feyruz deyib, o işi öhdəsinə Feyruz götürüb. Sadə və təmannasız idi. Xeyirxahlığı xoşlayırdı. Kasıb-kusuba əl tutub, işinə yarayırdı. Kənd camaatı onun yolunu saxlayıb, hörmətini gətirirdi". Bölgələrdə, xüsusilə, İmişlidə el arasında xətir-hörmət qazanan belə insanlar az olmayıb və indivar. Amma onların əksəriyyəti bədii ədəbiyyatın, sənədli nəsrin güzgüsündə görünməyiblər.

Səxavət Tağlar ölüm səhnələrini ustalıqla təsvir edir. Ən əziz qohumlarının, ən yaxın dostlarının dünyadan vaxtsız köç etmələri bir insan kimi onu sarsıdır. Ona görə də onun xatirə-povestində təsvir olunan ölümlər təsirlidir. Seyid Əzim Şirvaninin bir misrasını xatırlayıram: "Dünyaya gəlmək getmək üçündür, bu nə qəmdir?" Onsuz da hamımız bu dünyadan köçəcəyik. Amma hər bir gözəl insan öz ölümüylə yenidən doğulur, onun ölümündən sonra xatirələr dilə gəlir, yeri bilinir.

"Üzücü xəbərdən dilim tutuldu. Hanı Oktay?! Nə vaxt?! Harada?!.." - "Bu necə ölüm idi" fəsli belə həyəcanlı, təsirli sözlərlə başlayır və oxucu istər-istəməz müəllifin həyəcanına qoşulur. İlk növbədə, onu maraqlandırır ki, bu Oktay kimdir? Oktay kənd təsərrüfatı mütəxəssisi idi, Gəncədə ali məktəb bitirmişdi. Deməli, çoxları üçün adi bir insan...gAmma Səxavət müəllim bu adi insanın qeyri-adiliyini, çoxlarına məlum olmayan mənəvi dünyasını və təbii ki, müsbət keyfiyyətlərini açıqlamaq lazımdır. İnsana xas olan müsbət keyfiyyətlər isə onun mənsub olduğu nəsildən gəlir. "Yaxşı deyiblər: "Ot kökü üstə bitər". Oktay söhbətləri, hərəkətlərigilə necə də atası Hacı Məmməd oğlu Səfərə oxşayır. Dil təvazasına, ağsaqqallığına görə Səfər kişi toy-bayramların yaraşığı idi. Küsülülər barışanda, eldən-elə qız elçiliyinə gedəndə Səfər kişinin yanına gəlirdilər". Yeri gəlmişkən, qeyd edək ki, Səxavət Tağların yazılarında yaşadığı bölgənin adət-ənənələri, ağsaqqal-müdriklik mədəniyyəti, inacinamlar mühüm yer tutur. "Faciəli ölüm", "Qardış dağı", "Dadaş, sənə nə oldu?", "Bizə təsəllini kim verəcək?", "O Eldəniz ki", "Anasız günlərim" fəsillərində də ölümlərdən, itkilərdən danışılır. Müəllif çalışır ki, haqqında söz açdığı insanların ömür yolunu ən xarakterik cizgilərlə təqdim etsin. "Faciəli ölüm"də İmişlidə əmtəəşünas işləyən Səlimxan Baxışovdan söhbət gedir. Onun ölüm xəbəri hamını sarsıdır. Niyə? Çünki: "Yaxşı ad qazanmaq üçün çox yaşamaq asan deyil. Yaxşı ad qazanmaq üçün gərək ömrünü şam kimi əridəsən. Səlimxan ünsiyyətdə olduğu adamı elə yatımla, elə mehribanlıqla dindirirdi ki, hər kəs onun bu xasiyyətinə heyran olurdu. Şirinqaynar insan idi". "Qardaş dağı"nda müəllif dayısı Davud kişini yad edir. Bu adamın həyat yolu Daxili işlər orqanlarında sədaqətlə xidmət edib, 30 il evindən-eşiyindən uzaq düşüb, ehtiyata buraxılanda Füzuliyə qayıdıb, amma "Qarabağ oyunu" başlayanda daha dözə bilmədi. Xəstəlik ona toxunmasaydı, oğlu Tahir kimi o da döyüş cəbhəsində olar, xainliyinə, namərdliyinə bələd olduğu düşmənlərlə döyüşərdi. Bu isə onun ölümünə bacı fəryadıdır: "Qardaş, mən ölməli ikən, siz öldünüz! gNiyə mənə təsəlli vermək, dayaq durmaq əvəzinə qəlbimi dağladın, ürəyimi parçaladıngniyə?"

Kitabda bütün Mil-Muğan zonasında bir el ağsaqqalı kimi tanınan Talıbxan Kərimov da rəğbətlə yad olunur. Müəllifin verdiyi informasiyalara görə, bu adam o zonada xeyirxah əməlləri ilə sevilib, camaat ona dərdini danışırmış, ondan müşgül məsələləri həll etməyə kömək istərmişlər. Başqa bir insan - Şuşa rayonunda DİŞ-in rəisi işləyən, polis polkovnik-leytenantı Eldəniz Quliyev də Səxavət Tağların unuda bilmədiyi dostlardandır. 1971-ci ildə Xankəndi Dövlət Pedoqoji institutunu bitirmişdi. Atasının yolunu davam etdirib polis rəisi vəzifəsinə qədər yüksəlmişdi. Qarabağ vulkanı onun gözləri qarşısında püskürmüşdü. Şuşanın süqutundan sonra dinclik tapa bilmirdi. Şuşanın son dəqiqələrini belə xatırlayırdı: "Qala qapısı deyilən yerdə, Şuşa türməsinin yanında, qəbiristanlıqda döyüşürdük. Atamın qəbrinə sığınmışdım. Sanki atamdan ruh alırdım. Başdaşındakı şəkil elə bil dilə gəlib "Qorxmayın, vuruşun" deyirdi. Vuruşurduq, inamla vuruşurduq". Bir nadürüstün əli ilə qətlə yetirilir Eldəniz. Vətən, torpaq, yurd üçün çox işlər görə bilərdi. Heyf...g

"Ana fəryadı" xatirə-povesti "Anasız günlərim"lə bitir. Bu hissəni ağı-esse adlandırmaq olar. Ananın ölümündən doğan hüzn, qüssə təsirli lövhələrlə təqdim edilir. "Ay ana! Hər axşam ruhun bizimlədir... Çalışırıq ki, ana ocağının işığını elə yandıraq ki. O ocaqda elə övladlar tərbiyə edək ki, nəsillərin ənənəsini qoruyub saxlaya bilsin. O nəsillərin ki, Ulusun Dədə Qorquddan tutmuş babamız Hacı Cəfər Tağlara kimi qəhrəmanlıq salnaməsini qəlbimizdə yaşada bilsin".

"Ana fəryadı" xatirə-povesti bir insanın öz nəsli dostları barədə böyük qüssə ilə qələmə aldığı əsərdir. Əgər müəllif bu əsəri yenidən işlərsə, ona məsləhətimiz bu olar ki, haqqında söz açdığı əzizlərinin təkcə ölümlərini deyil, bir insan kimi keçdiyi həyat yollarını daha geniş hərtərəfli əks etdirsin.

Kitabdakı hekayələr maraqla oxunur. Bu hekayələrin hər birinin mətninə humanizm, sevgi, həyat eşqi hopmuşdur. Müəllif bu hekayələrdə uzunçuluğa, lüzumsuz təfərrüatlara yol vermir, bir süjet daxilində təsirli bir hadisəni nəql etməyə çalışır. Ən təsirli hekayə "Gecikmiş məktub"dur. Bu hekayədə Əsəd adlı bir gəncin qısa, amma şərəfli həyat yolu işıqlandırılır. Müəllif onun hərbi xidmətə getdiyi ərəfədə nazlını sevdiyini, bu sevgi ilə yaşadığını xatırladır. Onların sevgisi dildən-dilə gəzir, hamını riqqətə gətirir. Amma Əsəd düşmən gülləsinə tuş gəlir, faciəli şəkildə həlak olur. "Əsədin cənazəsi doğma kəndlərinə gətirilir. Hamı matəm içində idi. Hamı onun qəhrəmanlığından, cəsurluğundan danışırdı. Hüzn gününün üçü, yeddisi çıxmışdı. Kənd poçtalyonu Ənvər kişi Tükəz xalagilin qapısına gəlib Əsədin nişanlısı Nazlıya yazdığı məktubu gətirmişdi. Gecikmiş məktub Əsədin qəhrəmanlığını əks etdirən sənədli filmdə istifadə olundu". Amma çox təəssüf ki, müəllif Əsədi yalnız sevən aşiq kimi təqdim edir, onun qəhrəmanlığından söz açmır. "Məhəbbət ilahi bir vergidir" hekayəsi kiçik həcmli olmağına baxmayaraq təsirlidir. Adətən, sevgi mövzusunda yazılan hekayələrin sonu (hamısının olmasa da!) faciəvi notlarla bitir. Amma bu hekayə xoşbəxt finalla başa çatır. Sadəcə olaraq, müəllif bir insanın - Zahir həkimin sevgidə uğursuz macəralarının axır ki, sona yetdiyini, bir tibb bacısını sevdiyini bu dəfə həmin uğursuzluq zolağından çıxdığını təsvir edir. Deməli, insan həyatında ən müqəddəs, ən ali hiss olan sevginin heç göydən gəlmədiyini, yalnız iki ürəyin bir-birini anlamasından doğduğunu nəzərə çarpdırır. Ailə səadəti məhz o iki ürəyin bir çırpınmasından başlayır. "Ay dünya" yazısını isə sırf hekayə adlandırmaq doğru olmazdı. Buna mənsur şeir demək daha dəqiqdir. Burada müəllif bir insanın keçdiyi ömür yolunun enişli-yoxuşlu, sevincli-qəmli mənzərəsindən söz açır.

Səxavət Tabların digər hekayələri-"Erməni oğlunun danası", "Sağ ol, Xasay müəllim", "Üçlük istəyirəm", "Kaş səni almayaydım" - yumoristik plandadır bizim fikrimizcə, o qədər uğurlu deyil bu yazılar. Sadəcə, anekdot səviyyəsindədir. Amma Səxavət Tağların nəsr əsərlərinə xas olan təbii təhkiyə tərzi bu yazılarda da hifz edilir.

...Səxavət müəllimə yeni yaradıcılıq uğurları arzulayaq. Sonda bir tövsiyəmizi də bildirək: həyat, gerçəklik, mürəkkəb insan münasibətləri onun gözləri qarşısında cərəyan edir. O, daha çox bu məqamlara diqqət yetirsin, kənddə, əyalətdə baş verən və müasir dövrümüzlə bağlı münaqişələrə diqqət yetirsin!

 

Ədalət.-2015.-15 avqust.-S.15.