SÖZ-SÖZ AÇILAN GÖY ÜZÜ
Bir neçə oxucumuzun
xahişini nəzərə alaraq, çox hörmətli
filosofumuz, AMEA-nın müxbir üzvü, professor Səlahəddin
Xəlilovun "Söz-söz açılan göy
üzü" məqaləsini oxucularımıza təqdim
edirik.
Məmməd
Dəmirçioğlunun poeziyası təbiidir, safdır və
həyatımızın, dilimizin dərin qatlarından
süzülüb gəlir. Şairin əsərlərində
tək-tək kənara çıxmalara baxmayaraq, müəyyən
bir bütövlük, daxili tamlıq vardır. Hərçənd
bu cəhətlər onun fəlsəfi
dünyagörüşündən bəhs etmək
üçün hələ yetərli deyil, lakin yetərli
olan bədii yaradıcılığın özü, yüksək
şeiriyyət və milli köklərə
bağlılıqdır. Və biz də M.Dəmirçioğlunun
yaradıcılığını məhz bədii-estetik
planda dəyərləndirməyi nəzərdə tuturuq.
Özünə
köç edən karvan
Yolların ən
mübarəki insanın özünə
catdıran yoldur.
(Əbu Turxani)
Məmməd Dəmirçioğlunun poeziyası rəsmi fəlsəfi təlimlərdən, mistik təcrübələrdən deyil, həyatın özündən və bu həyatı bilavasitə əks etdirən xalq yaradıcılığından bəhrələnir. Orta əsr Şərq (islam) poeziyası, o cümlədən Azərbaycan poetik ənənəsi üçün də səciyyəvi olan təsəvvüf ideyalarının təcəssümündən fərqli olaraq, M.Dəmirçioğlu daha çox xalq hikmətindən, atalar sözlərindən, bayatılardan, aşıq poeziyasından çıxış edir. Və bir addım da irəli getsək, əksər ideyalar birbaşa təbiətdən, rəssamlara xas olan xüsusi müşahidə və təsvir qabiliyyətindən qaynaqlanır. Hətta sufe fəlsəfəsini xatırladan, irfandan xəbər verən müəyyən ideyalar, obrazlar, təşbehlər də, mənə elə gəlir ki, şairin dünyagörüşünün bu fəlsəfələrə aidiyyətindən, yaxud aludəçiliyindən irəli gəlməyib, ilham qanadlarında keçdiyi yüksəliş yolunda sufilərin bir qisim müşahidələrini də müstəqil surətdə, öz şəxsi yaşantıları sayəsində təkrar etməsidir.
Tənqidçi Rüstəm Kamalın belə bir fikri ilə razılaşmaq olar ki, onun "şeirlərinin fəlsəfi qatındakı xalq sufiliyini ləhcənin (əslində dilin - S.X.) yaddaşı çəkib gətirir". "Xalq sufiliyi" deyəndə, müəllif nəyi nəzərdə tutur, - deyə bilmərəm. Hər halda mən sufi filosofların yazdıqları, dərvişlərin yaydıqları və el hikmətinə çevrilən müdrik kəlamları və dərunilik, "bəsirət gözü", haqq dünyası və s. barədə hekayətlərin, şeirləşmiş, beytləşmiş hikmətlərin el arasında yayılmasını nəzərdə tutmuram. Mən sufiliyi deyil, tarixin daha dərin qatlarından, mifik təfəkkürdən süzülüb gələn, sonralar islam mədəniyyəti ilə zənginləşən və bütövləşən milli düşüncə və duyum yaddaşını nəzərdə tuturam. Yəni kitabdan oxunmuş bir sufilik yox, xalq yaradıcılığının bəhrəsi olan, dildə qərarlaşan, onun canına, qanına hopan bir düşüncə tərzi; hansıki, əslində bir sufi fəlsəfəsi olmayıb, dildə yatan milli fəlsəfi fikirdir ki, sonralari onun ifadə və təcəssüm üsullarına klassik fəlsəfi sistemlər, habelə təsəvvüf terminologiyası da təsir etmişdir. M.Dəmircioğlunun irfan yolu İbn Ərəbidən, Mövlanadan deyil, qara sazdan başlanır:
Bu qara saz
ruhanini
Yorub,du ürfana yol gedir.
Milli qaynaqlar dini qaynaqlara nisbətdə daha zəngindir. Və bu məna
çalarlarının zənginliyinin, dolğunluğunun dilə
çökməsi və yenidən dilin dərin qatlarından
intixab edilməsi! Bu mənada şair məhz
özü qaynayan bulağın gözünü tapır.
Və bulağın gözü dilin
özüdür. Bir türküdə
deyildiyi kimi, "dil bizi dilləndirir".
Dildə yatan fəlsəfə şairin içini
işıqlandırır və onun nitqi ilə yenidən həyata
vəsiqə alır, yeni libasda, yeni obrazda zühur edir.
Çölüm
içimə doldu,
İçim çölümə yoldu.
Bu yol həm içdən çölə, həm də
çöldən içə, həm ruh aləminə, həm
də ruh aləmindən yaşadığımız həyatın
mənəvi qatlarına açılan yoldur.
Yerdən
Göyə yol
Özünüdərk dünyanın dərkindən
keçir.
(Əbu
Turxan)
İnsan öz dünyasını qurduqdan və
özü üçün qurduğu dünyanı kənar təsirlərdən
və yad nəzərlərdən qorumağa başladıqdan
sonra, böyük dünya ona sanki alternativ olur. Mənləşməyənlər
qeyri-Məndə, yad dünyada qalır və insan istədiyi
vaxt öz dünyasına çəkilməklə yad hadisələrdən
sərf nəzər olur. Yerdə qalan
dünya cansız, ruhsuz, işıqsız olduğundan, o,
insan üçün bir heçliyə çevrilir. Lakin bu heçlik ucsuz-bucaqsız və əzəli-əbədidir.
Əsas məsələ odur ki,
sürüşüb ora düşməyəsən, yaxud tərsinə,
çox uzaqlara uçub öz mehvərindən
çıxmayasan, uçduğun səmada söz sahibi olasan.
Məmməd
Dəmirçioğlu yazır:
Nə
göylərdən gələn var,
Nə yerdən göyə yol var.
Əlbəttə, hərdən belə də olur ki, amma
bu hansı isə konkret bir əhval-ruhiyyənin ifadəsidir. Həm də
M.Dəmirçioğlu üçün səciyyəvi
olmayan bir əhvalın. Əslində onun
bütün yaradıcılığı məhz "Yerdən
Göyə yol" haqqındadır desək, -
yanılmarıq.
Daha
geniş planda götürdükdə Dəmirçioğlu
yollardan yazır: könül yollarından. Amma
onun leksikonunda könül təkcə insanlara deyil, hər
şeyə aid edilə bilər. Əlbəttə,
əgər bu "hər şey" məna yükü
daşıyırsa, ruhlandırıla bilirsə.
M.Dəmirçioğlu poeziyasının bir səciyyəvi
cəhəti də bundan ibarətdir ki, burada təbiət,
dünya insanlaşır və insaniləşir. Ənənəvi
alleqoriyadan fərqli olaraq, burada obraz kimi heyvanlar və ya bitkilər
deyil, cansız təbiət çıxış edir. İ.Götenin dediyi kimi, "ən böyük
ulduzdan ən kiçik zərrəyə qədər
bütün əşyalardan həyat eşqi sel kimi
axır". M.Dəmirçioğlunda da əşyaları,
hadisələri canlandıran həyat eşqi və məna
yüküdür.
Onun
yaradıcılığında təbiət
canlandırılır, ruhlandırılır və insanın
tərəf-müqabilinə, həmsöhbətinə,
sirdaşına çevrilir:
Göynən
gedən ağ bulud,
Lələk
bulud, dağ bulud,
Gözlərini
sağ, bulud,
Səhrada ac olan var.
Yaxud:
Göy
üzü kövrəlibdi,
Dindirsən, ağlayacaq.
Dəmirçioğlunda
insanın təbiətləşməsi və dünyanın
ruhaniləşməsi - müəyyən mənada
antropomorfizm təzahürləri də duyulmaqdadır:
Torpaq tək
əkərdi məni,
Becərib biçərdi məni.
Toxum tək
səpərdi məni,
Atardı göylər üzünə.
Əslində söhbət bəlkə də insanın
dünyalaşmasından yox, hətta hərənin öz
dünyasının olmasından da yox, müxtəlif dünya
duyumlarından gedir. Yəni şair dünyaya insan
prizmasından baxır və yenə də insanın ürəyi,
könlü meyar kimi götürülür. "Öz
dünyam özüm boydadır", - deyən Dəmirçioğlu
dünyanın çalarlarını da öz rənginə-ruhuna
uyğunlaşdırır:
Bərabərdir
sevinc, kədər,
Ölçülüdü qəza, qədər.
Dərdi
ürək çəkən qədər,
Ağrısı dözüm boydadır.
Dünyanın insan ruhu ilə isidilməmiş,
canlandırılmamış, buz kimi soyuq guşələri
insan üçün nəinki yaddır, onlar şairin nəzərində
sadəcə yoxa bərabərdir. Dünyanın bizə
çatmayan, anlamadığımız,
duymadığımız, bixəbər
qaldığımız qaranlıq tərəfləri bizim
dünya deyil. Bu baxımdan, insan əqlinin gücü nəyi
mənalandırmağa çatırsa, dünyanın mənası
da o qədərdir; insan ürəyinin közü nə qədər
isidə bilirsə, dünyanın hənirtisi də o qədərdir,
özü də elə o boydadır:
Sinəmdə
ürək adlanan,
Bir ovuc közüm boydadır.
İnsan özü üçün dünya seçmir,
onu planlı surətdə qurmur, hətta təxəyyülündə
belə öz dünyasının konturlarını müəyyən
etmir. Hərə öz dünyasını öz
zövqünə, öz dərrakəsinə, öz
boyuna-buxununa görə seçsəydi, onda hamının
xoşbəxt olmaq şansı çoxalardı. Amma əksər hallarda biz dünyanı
seçmirik, dünya bizi seçir. Biz bu
dünyaya istədiyimiz zamanda, istədiyimiz məkanda gəlmirik,
gözümüz açılanda artıq bu dünya ilə
üz-üzə, iç-içə dayanmış
olduğumuzu görürük. Biz öz zəmanəmizi,
öz mühitimizi öncədən seçə bilmərik,
amma onları imkan daxilində dəyişdirmək və bu
böyük dünya içərisində məhz öz
dünyamızı sanki yenidən yaratmaq imkanından da məhrum
deyilik. Şair məhz belə bir
dünyadan, özününküləşdirilmiş,
doğmalaşdırılmış dünyadan bəhs edir.
Əlbəttə, hamının öz
dünyası, özəl dünyası olmur. Amma
yaradıcı adam doğmanı ögeydən,
canlını cansızdan seçməsə, öz
dünyasını öz yaradıcı təxəyyülünün
gücü ilə qurmasa, yazıb-yarada bilməz. Lakin bu dünyanı birdəfəlik vəcdlə həmişəlik
yaratmaq da mümkün deyil. Yaradıcılıq
məqamında İlahi ruhun, kosmik zəkanın enerjisi ilə
canlandırılmış dünya ancaq həmin məqam
üçün canlıdır. Başqa
bir şəraitdə, başqa bir məqamda şair
özü üçün artıq başqa bir dünya
yaratmış olur. Yaxud tərsinə: yeni məqam, yeni
dünya şairdə artıq başqa bir ovqat və sanki
başqa bir ruh yaradır.
Əslində sənətkar və onun dünyası iki
fərqli mahiyyət olmayıb, eyni bir mahiyyətin fərqli
mövcudluq formalarıdır. Təsadüfi deyil ki,
Dəmirçioğlu da dünyanın və şairin məna
göstəricisini ortaq bir məxrəcə gətirir, hər
ikisi üçün keçərli olan eyni bir meyar tapır.
Və meyar kimi o, bir rəssam olaraq gözü, bir şair
olaraq - sözü seçir:
Dünyadan
küsən, ay dostum,
Bu dünya gözün boydadır.
Çəkisi
bircə bayatı,
Mənası sözün boydadır.
Şair dünya ilə münasibətlərini
aydınlaşdırarkən məsələyə "bu
dünyaya nə verdim, nə aldım", "nədən
doydum, nəyə tamarzı qaldım" mövqeyindən də
yanaşır.
Ağacda çiçək olan, amma nar ola bilməyən, məqsəd
yolunda inamlı bir yol keçən, amma məqsədlərinə
tam çata bilməyən insanın obrazını yaradarkən
şair istənilən başlanmış işin sona
çatdırılmasını, insanın özündən
sonrakı nəsillər üçün nə isə qoymaqla
yanaşı, hələ bu dünyada ikən öz ruhunu bu
dünya hesabına zənginləşdirməyi,
dünyanın gözəlliklərini öz ruh aləminə
köçürməyi vacib sayır.
Söhbət, şübhəsiz ki, sözün müstəqim mənasında nardan və ya baldan yox, mənəvi qidanın öz məramına çatmasından, ruhun bu dünyanı tərk etməmiş daha uca məqamlara yüksələ bilməsindən, insanın kamillik məqamına çatmasından gedir.
Şair yazır:
Ağdır, sarıdır, aldır, -
Çiçəklər dolu baldır,
Qönçələr dolu qaldı,
Arı ola bilmədim.
Amma sual olunur ki, o dünyanın öz gözəllikləri bəs eləmirmi ki, insan bu dünyadan əxz etdiklərini də özü ilə aparmaq, başqa sözlə desək, axirətə daha kamil bir ruhla qədəm qoymaq istəyir. Diqqətlə yanaşıldıqda məlum olur ki, burada söhbət heç də insanın dünyasını dəyişməsindən, bu fani dünyadan və axirətdən getmir; bu dünya və o dünya bölgüsü, dünyanın dəyişilməsi ancaq görüntüdür. Ruhani həyat davamlı və kəsilməzdir. Ruh əbədidir və onun əbədiyyət dünyasına daha zəngin və daha kamil olaraq qədəm qoyması bugünkü həyatımızdan, onu necə yaşamağımızdan və bu dünyanın ruhani siqlətini nə dərəcədə mənimsəməyimizdən asılıdır.
Başqa sözlə desək, bu dünya haqqında yanlış təsəvvürlər dəyişməlidir. Bu dünyanı sadəcə maddi və fani dünya kimi qəbul etmək, onun nəfəsini, nəfsini, ruhunu, ruhani siqlətini görə bilməmək, daşa sadəcə daş, dağa dağ, bağa bağ kimi baxmaq və onların özündən böyük mənalarını görə bilməmək - empirik və rasional idrak, ruhani seyrdən aşağı qatlar üçün səciyyəvidir. Hətta mistik düşüncə və təsəvvüf fəlsəfəsi üçün də insan bütün digər varlıqlardan ayrılaraq öz ruhu ilə seçildiyi, göylərə qaldırıldığı halda, qalan hər şeyi yerdə təsvir etmək ənənəsi mövcuddur. Bu zaman islam dininin torpağa, yerə və əlbəttə, göylərə münasibətinin başqa bir məqamı yaddan çıxarılmış olur. Quran-i Kərimin "Möminlər" surəsində yazılır ki, "Göylərlə Yerin yaradılması insanların yaradılmasından daha böyük bir şeydir" (40-57). Təsadüfi deyil ki, Əbu Turxan da diqqəti bu məqama çəkir: "Ruhun təntənəsi bədənin inkarı üzərində qurulmamalıdır".
Bir çox sufilərin ən zəif məqamı budur ki, insanın haqqa yüksəliş yolunu seçərkən sanki yolunu kəsə etmək üçün bu dünyanı addayıb keçmək istəyirlər. Amma bu dünya sadəcə bizim yolun üstündə deyil və onu görməzliyə qoyub keçmək ən məşhur tərki-dünyalara da nəsib olmayıb, çünki gedəcəkləri yer özü bu dünyanın dışında yox, rüşeymində, cövhərindədir. Başqa sözlə desək, ruhani dünya hansı isə başqa bir aləm olmayıb, bu dünyanın iç üzü, məna məqamı, mahiyyət qatıdır. "Bir mən vardır məndə məndən içəri", - deyir Yunus Əmrə! Əslində "Çölüm içimə doldu, içim çölümə yoldur" deyən M.Dəmirçioğlu da bu daxili rabitəni duyur və hansı isə şeirlərində bu dünya ilə axirəti qarşılaşdırsa da, başqa şeirlərində onların iç əlaqəsini açmağa çalışır.
İnsanın davranışını və əxlaqını da təbiətin universal ahəngi ilə uzlaşdırmaq, insan ruhunun ilahi ruha doğru yüksəliş əzminin strukturunda Plotinin universal əqlinə, Kantın əxlaqi imperativlərinə yer tapmaq əsasən Qərb fəlsəfi fikir ənənələrində yaşasa da, onun təməli Şərqdən - zərdüştilikdən, induizmdən, buddizmdən gəlir. "Bu dünyanı" bəsitləşdirib, sonra da ondan üz çevirmək deyil, onun əsl simasını görmək və ruhani həyata da elə bu dünyada ikən, ondan ayrılmadan başlamaq üçün, görünür, din, poeziya və fəlsəfənin bir müstəviyə gətirilməsi tələb olunur; Əbu Turxan fəlsəfəsində olduğu kimi!
Dəmirçioğlu ömür yolunu yarı eləsə də, sənət yolunun başlanğıcındadır. Daha doğrusu o, fırça və tişə ilə getdiyi yolu qayıdıb indi də sözlə, qələmlə gedir. Və yetkin bir adamın, başqa sənət sahələrində bişmiş ustad bir sənətkarın poeziyanın gənci olması ona öz şeir məbədi üçün çox möhkəm bir bünövrə qoymaq imkanı vermişdir.
Zəif təməl üzərinə ağır fəlsəfi yük yığmaq mümkün olmur. Vaxtından tez gəlmiş poetik ilham postamentsiz heykəl kimidir. O nə qədər gözəl olsa da, uzaqdan görünmür. Poeziyaya məhz gənclik ehtirasının qanadlarında gələnlər yaşa dolduqca gənclikləri ilə birlikdə poetik ilhamı da itirir və eyni çevrə daxilində dövr edirlər. M.Dəmirçioğlunun qurmağa başladığı poetik abidə isə kifayət qədər zəngin dünyagörüşünə, həyati təcrübəyə və fəlsəfi ləngərə söykənir. Ona görə də bu poeziyanın günəşli günləri hələ qabaqdadır.
Səlahəddin
Xəlilov
Məmməd Dəmirçioğlunun
təqdimatında
Ədalət.-2015.-15 avqust.-S.10.