GƏNC FİKRƏT QOCA
Fikrət Qocanın və
altmışıncıların erkən poeziyasında nəzərə
çarpan tendensiyalardan biri yeni lirik qəhrəmanın sələflərindən
ona yadigar qalmış ictimai-siyasi və sinfi mənşəyindən
israrla imtina etməsi idi. Bu istək və daxili-mənəvi
ehtiyac yeni ədəbi nəslin əksər nümayəndələrinin
yaradıcılığında kifayət qədər əks
edib. Xüsusi qeyd etmək lazımdır ki,
öz siyasi tərcümeyi-halını unutmaq ehtirası ilə
səciyyələnən mənəvi-estetik dəyişməni
hər bir gənc müəllif özünəməxsus tərzdə
bədiiləşdirməyə can atırdı. 30-50-ci illər
lirik qəhrəmanının qayəvi-siyasi
ənənəsindən və sinfi tərcümeyi-halından,
qəribə estetik təcrübənin inersiyasından
qaçmağa, bütün varlığı ilə ondan
uzaqlaşmağa çalışan yeni lirik qəhrəman
var gücü ilə özünün qeyri-siyasi və
qeyri-sinfi başlanğıcını, ümuminsani və
cahani mənşəyini vurğulamağa, gur səsi ilə
dünyaya məlum etməyə tələsirdi. Bir sıra altmışıncıların, o cümlədən
Fikrət Qocanın yaradıcılığında anti-zaman
ruhu və anti-ideoloji məzmunla səciyyələnən
estetik çevrilmə və yenidən doğulma prosesi mürəkkəb
çalarları və çoxmənalı inikas təzahürləri
ilə bədiiləşib.
Xalq şairi Fikrət Qocanın 60-cı illərin əvvəllərində bir-birinin ardınca işıq üzü görmüş "Qağayı" (1963), "Hamıya borcluyam" (1965), "Dənizdə ay çiməndə" (1967) və s. kitabları Azərbaycan poeziyasına tamamilə yeni üsluba və estetik dünyagörüşünə malik parlaq bir istedadın gəlişindən xəbər verirdi. O da öz yaşıdları kimi zamanın bütün dərdlərinə və problemlərinə səmimi münasibət bildirmək istəyirdi. Və bütün altmışınıcılar kimi, F.Qoca da qələmə aldığı mövzularda həqiqi və səmimi şair olmağı qarşısına məqsəd qoymuşdu. Təsadüfi deyil ki, ilk dəfə olaraq, məhz F.Qoca və yaşıdları ədəbiyyatımızda, ələlxüsus da poeziyada ənənəyə çevrilmiş tematik sərhədləri, fərqləri və poeziyanın xeyrinə olmayan başqa ədəbi-siyasi vərdişləri qətiyyətlə inkar etdilər. Yeni poetik nəsil üçün ictimai şeir, siyasi lirika, intim şeir, təbiət lirikası, hərbi-vətənpərvərlik şeiri və s. kimi bölgülər mövcud deyildi. Gözəl və səmimi poeziya tələbi mövzusundan və qayəsindən asılı olmayaraq bütün şeirlərə aid idi. Gənc şairin ilk kitabının adına və sonralar yeni ədəbi dövrün poetik uğuru rəmzinə çevrilən "Qağayı" (1961) şeiri söylədiklərimizə parlaq misal ola bilər. Bu yığcam lirik süjetə malik şeiri yuxarıda saydığımız poeziya nümunələrindən hər birinə aid etmək olar. Amma "Qağayı"nın ən mühüm poetik xüsusiyyəti onun gözəl şeir olmasıdır. Şeir "Qağayı"nın dənizdəki xoşbəxtliyinin təsviri ilə başlanır. Şeirin başlanğıcı gözəllik və təbiət haqqında emosional nəğmə təsiri bağışlayır: "Vurulubdur qağayı, Gülər şən dalğalara; Dəcəl uşaqlar kimi güləşən dalğalara. Qaçışan dalğalara, Qovuşan dalğalara, Sayrışan dalğalara". Amma qağayının bu xoşbəxtlik anları uzun sürmür. Dənizin üstündən uçan polad bir quş dalğaların qoynuna nəsə atır. Onun yaratdığı partlayışın gücündən okean yaralanır, dalğalar yanmağa başlayır. Bu faciə anı şeirdə son dərəcə gözəl təsvir olunub:
Körpə bir
uşaq kimi
Nəhəng
okean çaşdı.
Çiyini yanan dalğalar
Min nalə çəkə-çəkə
Sahilə tərəf
qaçdı...
Yanğın və partlayış zamanı dənizin və
dalğaların ən yaxın və məhrəm dostu
qağayı da həlak olur. Dənizin və qağayının
matəmi də şeirdə unudulmaz bir ağrıyla əks
etdirilib: "Qabarır, enir dəniz, Həzin
pıçıltısıyla, Kədərli dinir dəniz. Sərilibdir qağayı Dalğaların əlində.
Ona ağı deyirlər Ləpələr
öz dilində. Düşübdür hərəkətsiz
Qanadları sərilmiş Yəqin dəniz yananda
Söndürməyə gəlirmiş.".
Şeirdə təsvir olunan qağayının
dənizə məftunluğu və sədaqəti, dəhşətli
qiyaməti andıran partlayış zamanı onun da dənizlə
birgə yanması və bunların vasitəsi ilə
şairin sülhü, təbiəti, həyatı və
insanı tərənnüm etməsi gözəl bir heyrət
doğururdu. Bir şeirdə müxtəlif
poeziya sahələrinin sərhədləri itmiş, əsl
poetik gözəllik öz mahiyyətində müasir
insanın ümid və arzularını bir-biri ilə qovuşdurmuşdu.
Və bir həqiqət şeirdə qətiyyətlə ifadə
olunmuşdu; poeziyamıza qağayı öz dənizinə məftun
olan kimi, dünyanı və insanlığı, Vətənini
və elini ürəkdən sevən və bu sevgisini gələcək
ömrünün bütün dolaylarında yaşadacaq yenilməz
bir şair gəlir...
Ötən
yüzilin böyük şairlərindən biri və yeni
poetik nəslin qayğıkeş hamisi Rəsul Rza məhz həmin
illərdə yazırdı: "Fikrət Qocanın ən
yaxşı şeirlərində mədəni bir şairin,
ürəyi sözlə dolu (kəlmə yox, sözlə) bir
insanın, nəyə isə məhəbbət, nəyə
isə nifrət aşılamaq istəyən bir şairin səsini
eşidirik...". Gənc
Fikrət Qocanın oxucuların qəlbini fəth edən
şeirləri o dövrdəki sovet şairlərinin zəmanəyə
həmahəng və uyğun düşünülmüş,
çox cəhətdən bir-birinə bənzəyən
yorucu və cansıxıcı nəzmindən köklü surətdə
fərqlənirdi. Onun şeirləri nadir və
təravətli gözəllik kimi şeir sevənlərin
ruhunu, gözünü oxşayırdı. "Bir nəğməyəm..."
(1961) şeirində lirik "mən" özünü məhz
solmaz gözəllik və yaşıllıq, təzə-tər
gül-çiçək kimi təqdim edirdi: "Mən bir nəğməyəm
- gözünüzə görünmüşəm. Şehlərə dönmüşəm, Yarpaqlara
dönmüşəm. Mən güləm,
Gülün ətri də mənəm. Qəzəb
söndürənəm, Kin əridənəm. İşığam, çəkirəm
qaranlığa dağ, Küçələrə - keşik.
Evlərin bir beşik Sevinciyəm.". "Bir
nəğməyəm" şeirində yeni lirik qəhrəman
özünün varlığının təkcə göz
oxşayan və gözlə görünən gözəllik
olmadığını həm də heç bir sərhəd
və hüdud tanımayan, əbədiyyət nəfəsli və
ünvanlı mənəvi sərvət və gözəllik
olduğunu səmimiyyətlə bəyan edir:
Bir nəğməyəm,
Sözlərim bütün gözəlliklərdir
-
Onların adını düzün
yan-yana,
Mən bir nəğməyəm,
Bütün gözəlliklərə
parçalanıb
Səpilmişəm
Cahana!..
Bu gənc lirik qəhrəman 30-50-ci illər
poeziyasının ictimai ovqatlı, siyasi
dünyagörüşlü lirik qəhrəmanlarının
davamçısı, varisi deyildi. Yeni lirik "mən"
mövcud ictimai-siyasi yasaqları və sərhədləri qəbul
etmədiyini, bütün məhdudiyyət və bölünmələrin
fövqündə dayandığını aydın və
açıq səslə bəyan edirdi. O, "Tərcümeyi-halım"
(1961) şeirində qəlbinin dərin səmimiyyəti ilə
dünyaya öz evinin, ölkəsinin, Vətəninin yeni
ünvanını bildirirdi:
Evim - avtobuslar, vaqonlar, təyyarələr.
Kəndlər,
şəhərlər, səyyarələr -
dayanacağım.
Milyon
kilometrlərlə ömür
yaşamışam.
Kim bilir,
harada
dayanacağam.
Göründüyü kimi, yeni lirik qəhrəmanın
dünyasını yeni meyarlar və anlayışlar səciyyələndirir. Onun evi statik
bir məkan deyil, ünvanı isə adi və ənənəvi
kənd, şəhər, ölkə bölügüsünə
uyğun gəlmir. Onun ömrü hələ
başlanğıcındadır, dayancaqlar haqqında
düşünmək belə istəmir.
Bu yeni insan öz ömrünü də yeni
ölçü vahidləri - milyon kilometrlərlə
hesablayır.
Yığcam və cəmi bir neçə misralıq
şeirdə biz, həqiqətən, tamamilə təzə və
heç kimə bənzəməyən bir poetik şəxsiyyətlə
tanış olduğumuza əminlik hasil
edirik. Və yeni qəhrəman
dünyasının və həyat tərzinin bütün
ölçü və meyarları zamanın aparıcı
ictimai-siyasi yasaqlarını, sinfi məhdudiyyətlərini
kökündən inkar edirdi.
Bu
nöqteyi-nəzərdən şairin "Fəhləyəm"
(1964), "Usta ev tikir" (1963), "Eyniyik" (1961),
"Söhbət" (1962), "Mənim fəhlə
dostlarım" (1963) və s. şeirlərində
dövrün ədəbi siyasətinə uyğun gəlməyən
bədii təhlil və qərarlar diqqəti cəlb edir. Yuxarıdakı poetik nümunələrdə sovet
poeziyasından miras qalmış monumental və mücərrəd
fəhlə obrazının poetik demontaj edilməsi, başqa
sözlə, bədii praktikada yenidən qurulması və
formalaşdırılması prosesini müşahidə edirik.
Bu şeirlərin heç birində ictimai-siyasi
mənşəyin və sinfi mənsubiyyətin
ideallaşdırılması qətiyyən nəzərə
çarpmır. Əksinə, sinfi və
siyasi bölgünün əhəmiyyətsizliyi, insanların
müxtəlif mənsubiyyətlərindən asılı
olmayaraq mahiyyətən birliyi və eyniliyi
vurğulanırdı. "Eyniyik"
şeirində biz məsələyə məhz bu cür
yanaşmanın şahidi oluruq. Bir neçə
misralıq şeirdə müəllif cəmiyyətin ən
mürəkkəb və siyasi cəhətdən həssas
probleminə aydınlıq gətirir:
Sənin əlin
qabar-qabar
Mənim
ürəyim,
Onun beyni.
Hamımız
eyni cür fəhləyik qardaş,
Eyniyik, eyni!
Fikrət Qoca sovet ədəbiyyatının ən məşhur və əsas obrazlarından birini məhz ümuminsani kontekstdə tərənnüm etməyə cəhd etmişdir. Onun şeirlərində fəhlə-kəndli hökümətinin və ümumən, cəmiyyətin hegemon gücünü, obrazını deyil, sadə və adi bir insanın əksini görürük: "Gücümü nəhəng insan yuvaları - binalara döndərmişəm, qoynuna ailələr köçür. Barmaqlarımın izi var döşəmənizin hər misrasında. Evinizin içində də ayağınızı qəzəblə döşəməyə vurmayın siz, axı barmağımı əzirsiniz". "Usta ev tikir" şeirində də qurucu və yaradıcı insanın cəmiyyətdəki siyasi mövqeyi və mərtəbəsi, mənsubiyyəti yox, insani keyfiyyəti, mənəviyyatı və ürəyinin istisi müəllifin diqqət mərkəzindədir: "Ev tikir, barı hörür usta. Daşların üstdə barmaqlarının izi barıya hörülür. Əlinin istisi barıya hörülür. Daşların arasına hörülür, Ustanın oxuduğu nəğmələr".
"Mən ünvansız yaşayıram" (1960) şeiri 50-ci illərin sonu və 60-ci illərin əvvəllərində Azərbaycan ədəbiyyatında, xüsusən, poeziyada vüsət alan mənəvi estetik dəyişmə və yüksəlişi parlaq surətdə əks etdirir. Bu şeir yeni lirik qəhrəmanın dünyagörüşünün və dünyaya münasibətinin aydın ifadəsidir. Onun bu özünəməxsus manifestində uzaq vaxt, uzun illər ərzində məhdudiyyətlər və qoruq- qaytaq içində iztirab çəkən insanın qurtuluş sevinci əks edib. Bu, əlbəttə, böyük mənadakı ictimai və milli qurtuluş deyildi. Bu ruh yüksəkliyi sanki zindandan qurtulan, türmədən xilas olan, sərbəst hərəkət və yaşamaq səadətinə qovuşmuş adamın sevincinə bənzəyirdi. Bu mənəvi vəziyyəti və halı başqa altmışıncıların yaradıcılığında da müşahidə etmək mümkündür. Sovet cəmiyyətində həmin dövrdə gerçəkləşmiş müəyyən azadlıq və sərbəstliklər sevinci gənc altmışıncıların ilk lirikasında ürəkdən vəsf olunub. Fikrət Qocanın lirik "mən"i də məhz bu ovqatda köklənmişdi.
Amma o öz istəyini, arzusunu özünəməxsus tərzdə ifadə edirdi. O da bol-bol sərbəstlik, səma kimi ucsuz-bucaqsız azadlıq, günəş kimi isti və mehriban həyat arzulayırdı:
Mən ünvansız yaşayıram -
günəş kimi, səma kimi...
Göründüyü kimi, müəllif öz sərbəstliyini və ictimai-siyasi buxovlarla hesablaşmadığını xüsusi vurğulayır. "Günəş" və "səma"nı gənc lirik qəhrəmanın öz həyat tərzini səciyyələndirən təbii-bədii simvollar kimi seçməsi xüsusi ilə diqqətə layiqdir. Eyni zamanda, bu sərbəstliyin zamanı və hüdudları müəllif tərəfindən dəqiq cızılıb: "səhərdən axşama kimi". "Ünvansızlıq" metaforası yeni lirik qəhrəmanın mahiyyətini ifadə edən bədii vasitədir. Amma bu metafora lirik qəhrəmanın həyatının heç bir ölçüyə və ya zaman-məkan sərhədlərinə uyğun gəlməməsini bildirmir. Onun həyatının öz meyarları və sərhədləri mövcuddur. Şeirdə ikinci və bizcə, əsas xüsusiyyət müəllifin öz mahiyyətini təbiətlə eyniləşdirməsidir. Günəşlə, səmayla, yaşıl düzlər, meşələrlə, yollarla, dağlar və çaylarla öz həmcinsliyini vurğulamaqla müəllif sanki dünya ilə, bütün insanlıqla birliyini təsdiq etmiş olur. O, ümumən, insanın dar, ənənəvi bağlılığını və tabeliyini qəbul etmir. Burada təkcə sovet cəmiyyətinin, sovet adamının deyil, ümumən, insanın məhdudiyyətlərindən və sıxıntılarından bəhs edilir:
Bircə küçə...
Bircə otaq...
belə ünvan nəyə gərək?..
Lirik "mən" bu cür qapalı və darısqal həyat, mövcudluqla barışmaq istəmir. Onun hərəkəti və fəaliyyəti üçün geniş məkanlar, üfüqlər və yollar lazımdır. O öz mənzillərinə və hədəflərinə buludların sürəti ilə, küləklərin şiddəti ilə çatmaq istəyir: "Yol yoldaşım buludlardır, ünvanımdır mənim külək. Ünvanımdır - hər çiçəyin, gülün yanı". Şair öz məqsədini və arzusunu gizlətmir; o bütün dünya boyunca, bütün kürreyi-ərzdə yaşamaq, yaratmaq və mövcud olmaq istəyir:
Bəs bu
ünvan deyilmi ki,
Yaşamaqçün
Bugün Mənzil seçdim bu dünyanı.
Beləliklə,
müəllif dünya ilə birliyini vurğulamaqla
yanaşı, dünyanın da ona mənsubluğunu təkid
edir və öz həyatını, gələcək taleyini
dünyadan ayrı, yalnız öz ölkəsində, öz
küçəsində və öz evində təsəvvür
etmək istəmir:
Çox
sevirəm
mən
bu təhər yaşamağı!..
"Telefonla söhbət" (1962) şeirində isə
lirik "mən"in dünyaya münasibəti daha konkret və
real şəkildə əks edir. Şeirin qəribə
və özünəməxsus süjeti ilk baxışda
oxucunu müəyyən dərəcədə təəccübləndirir
də. Bu şeirdə Yer kürəsinin gələcəyi
və taleyi üçün narahat insanın dramatik
yaşantıları, ümid və ümidsizlik
arasındakı dərin iztirabları öz ifadəsini
tapıb. Narahat və qayğıkeş
insan öz yaşadığı dünyanı xilas etmək
üçün təcili yardıma müraciət etməsi
bir bədii üsul kimi özünü doğruldub.
(ardı var)
Ədalət.-2015.-19 avqust.-S.3.