GƏNC FİKRƏT QOCA

 

Yaşar Qasımbəyli,

filologiya elmləri üzrə fəlsəfə doktoru,

AMEA-nın Nizami adına Ədəbiyyat

İnstitutu

 

(əvvəli ötən sayımızda)

 

Bu - gənc şairin fikirləşib tapdığı və kəşf etdiyi uğurlu bir lirik mübaliğədir: "Dəstəyə əl atıb çağırdım: - Alo! Təcili yardım, kömək eləyin. - Alo! Buyurun, deyin, xəstənin neçə yaşı var? - Milyard, daha çox olar. - Uzatmayın, xəstəliyi nədir? - Nüvə silahı asılıb başının üstdən, bir ayağı qəbirdədir. - Tez eləyin, zarafatı buraxın, Hansı ünvana gələk, deyin! - Ünvan? Bizim səyyarə - Yer kürəsi". Göründüyü kimi, lirik qəhrəmanın Yerpərvərliyi qəlbinizi riqqətə gətirir. O, həqiqətən də yaşadığı planetin yalnız sakini yox, həm də sahibi kimi özünü təsdiq etməyə can atır. Bu duyğu və düşüncə şeirin ikinci personajı həkim tərəfindən qəribə qarşılansa da, XX yüzilin ikinci yarısında yaşayan insanın arzu və qayğılarını obyektiv ifadə edir. Çünki dünyamızı yalnız bu cür düşünən və Yer kürəsini öz evi, öz doğma Vətəni hesab edən və sevən insanlar xilas etməyə qadirdir.

"Mənim əsrim" (1962) şeiri də müəllifin mənsub olduğu zaman və məkan haqqındakı təkrarsız düşüncələrinin ifadəsidir. Əgər "Telefonla söhbət"də məkan Yer kürəsi şəklində bədiiləşibsə, "Mənim əsrim"də isə zaman özünün ən böyük ölçü vahidlərindən birinin adıyla əbədiləşib. Gənc şair zamanın - öz əsrinin şərəf və ləyaqəti barəsində dərin xəyallara dalır. Öz əsrinin ziddiyyətləri və dəhşətli təzadları onun şəxsi və dəruni kədərinə çevrilir: "Qardaş, XX əsrdir, hər kəs öz işində. Ağalar Yer kürəsini qarpız kimi dilimləmək istəyir. Görəsən, nə demək istəyir..." XX əsr haqqında zəmanəmizin V.Mayakovski, N. Hikmət, B. Pasternak, P.Elyuar, P.Neruda, S.Vurğun, R.Rza, Ə.Kərim və başqa görkəmli sənətkarlarının bənzərsiz müşahidə və düşüncələri vardır. Amma gənc Fikrət Qocanın aşağıdakı misraları öz misilsizliyinə və orijinallığına görə heç də onlardan geri qalmır. Hətta gənc şairin yanğısı və qayğıkeşliyi bir sıra xüsusiyyətlərinə görə öz sələflərindən də emosional və təsirli duyulur: "Yenə də Qərbdə körükləyirlər hərbin kürəsini. Yoxsa nəhəng bir külqabıya döndərmək istəyirlər yer kürəsini. İnsanlardan yadigar, Bir yığın insan ah-naləsi qalar, Əsrlərlə qalaktikanın sükutu içrə dolanar". Bu şeir, xüsusən ondakı "Yoxsa nəhəng bir külqabıya döndərmək istəyirlər yer kürəsini" misrası ədəbi ictimaiyyəti sözün həqiqi mənasında riqqətə gətirmişdi. Ustad Rəsul Rza "nəhəng bir külqabı" istiarəsini yüksək qiymətləndirərək o vaxt ədəbi gəncliyə həsr etdiyi məşhur "Ümid və arzular" (1963) məqaləsində yazırdı: "Onun təşbehləri, obrazları fikrin açılmasına xidmət edir. O, yer kürəsini "nəhəng bir külqabıya" döndərmək istəyənlərə qarşı qəzəbini bildirəndə bu təşbehin tutumu bizim gözlərimizdə əzəmətli bir mənzərə açır".

"Mənim əsrim" şeirində gənc şairin üslubu və poetik təhkiyəsi o dövrün möhtəşəm və təntənəli üslubundan kəskin surətdə fərqlənirdi. Müəllifin əsrimiz haqqındakı mülahizələri, fikirləri ən yaxın və ən əziz adam barəsindəki narahat düşüncələr təsiri bağışlayır. İnsanın yeganə və doğma Vətəni - Yer kürəsini xilas etmək üçün o bütün insanlığa üz tutur. Və 53 il əvvəl yazılmış və səslənmiş bu xitab bugün də son dərəcə təbii və səmimi səslənir:

 

Sən insansan,

Ayaqlarına sığınıb yer kürəsi.

İnsansan, yaşayırsan,

Həyata cavabdehsən.

Dünyanın taleyini

Çiynində daşıyırsan!

 

Qəribədir ki, yuxarıdakı misralarla 53 il sonra işıq üzü görmüş "Yaşayaq" (2015) şeirinin son sətirləri arasında heyrətamiz bir həmahənglik var. Xalq yazıçısı Anar böyük poeziyanın mahiyyətindəki və siqlətindəki bu sirri həssaslıqla açır: "Şair, doğrudan da şairdirsə - onun 16 yaşında yazdığlı şeirlə 46 yaxud 66 yaşında yazdığı şeirlər arasında, şübhəsiz, fərq olacaq. Amma bu fərq - əzəmətli, qollu-budaqlı, qocaman bir ağacın yarpaqlarıyla həmin ağacın çox illər, bəlkə çox əsrlər bundan qabaqkı pöhrə vaxtının yarpaqları arasında fərq kimidir. Ağac həmin ağacdır - qovaq, çinar, əbrişim ya palıd. Yaşı başqadır, görkəmi başqadır, illərinin sayı fərqlidir. Şair həmin şairdir, poeziyasının alın qırışları çoxalıb, şeirinin başı ağarıb, amma şairin sifəti həmin sifətdir. Əsl şairin üzü olur, bu üz dəyişir, amma başqalaşmır, ya başqalaşır, amma yadlaşmır". Əsl şair yaradıcılığındakı bu uyğunluğu gənc Fikrət Qoca ilə müdriklik yaşına qədəm qoymuş Fikrət Qoca arasındakı mənəvi-estetik birlik və vəhdət emosional şəkildə bədiiləşib:

 

Qardaşım, bacım, gözünü geniş aç!

İşığa doğru qaç!

Yaşadığın zamana, dünyaya yaxşı bax!

Biz doğma bir ailəyik,

Gəlin əl-ələ verək,

İnsan kimi yaşayaq.

60-cı illərin poetik prosesində əsas və mərkəzi təmayüllərdən biri - mövcud estetik meyar və dəyərlərə tənqidi münasibət idi. Gənc ədəbi nəsil 20-30-cu illərdə Azərbaycan ədəbiyyatında formalaşmış və 40-50-ci illərdə isə daha da möh-kəmlənmiş bədii norma və kriteriyalara tamamilə yeni mövqelərdən yanaşırdı. Bədii təfəkkürün ictimai gerçəkliyə münasibəti, müsbət və mənfi qəhrəman bölgüsü, ədəbiyyatın qabaqcıl və baş qəhrəman konsepsiyası, milli keçmişə və dəyərlərə yanaşma, çağdaş dünyaya baxış və s., demək olar ki, poetik gəncliyin əsərlərində ciddi dəyişikliklərə uğrayırdı. Ədəbi gəncliyin erkən poeziyasında diqqəti cəlb edən əsas yenilikçi cəhət mövcud ədəbi qayda və kanonlara, məşhur obraz və obrazlar sisteminə dekonstruktiv yanaşma idi. Dekonstruktivizm altmışıncıların, xüsusən, ilk yaradıcılıq illərində müxtəlif poetik üslub və axın nümayəndələrini yaxınlaşdıran, bir çox cəhətdən birləşdirən ən qüdrətli tendensiya idi. İndiyə qədər ədəbi tənqid və ədəbiyyatşünaslıqda bu özünəməxsus proesesin ayrı-ayrı xüsusiyyətləri və əlamətləri nəzərdən keçirilib. Amma o dövrdəki poetik prosesin əsas təkanverici təmayülü kimi qeyd etdiyimiz tendensiya elmi araşdırmaların obyektinə çevrilməyib.

Gənc Fikrət Qoca poetik manifest ruhlu ilk şeirlərindən birində - "Hamıya borcluyam..." (1962) da poeziya sevərlərə və bütün xalqa üzünü tutub deyirdi:

 

Ataya borcluyam mən,

Anaya borcluyam mən.

Bəlkə də bu dünyada

Hamıya borcluyam mən.

 

Yeni lirik qəhrəman sanki siyasi mübarizələr və inqilablar, amansız qətllər və repressiyalar dövründə öz missiyasını və vəzifəsini unutmuş ədəbiyyatın, xalqdan uzaq düşmüş başı bəlalı, sabiq lirik qəhrəmanın borclarını da Vətənə qaytaracağına ürəkdən and içirdi. Akademik Bəkir Nəbiyev Fikrət Qocanın və ümumən, altmışın-cıların yaradıcılığındakı bu zəruri keyfiyyəti həssaslıqla müşahidə etmiş və "Şair fərdiyyəti" adlı məqaləsində xüsusi vurğulamışdır: "Fikrət Qocanın şeirləri isə vaxtın, müasirliyin ötəri, keçici təsirlərinə məruz qalmayıb. Onun yaradıcılığının bu məziyyəti barədə danışmaq vacibdir. Məncə, bu məziyyəti yalnız şəxsi keyfiyyət kimi izah etmək doğru olmazdı. Burada Fikrətin poeziyaya gəldiyi dövrün dərslərinin, ədəbi-ictimai meyarlarının da rolu böyükdür. Məlumdur ki, F.Qoca 60-cı illər nəslinə mənsub şairdir. Bu nəsil bir çox cəhətdən, indiki təbirdən istifadə edib desək, 60-cı illərin yenidənqurması şəraitində formalaşmışdır. Həmin nəsil əvvəlki nəsillərin yaradıcılığının məruz qaldıqları çox sınaqlardan xəbərdar oldu və bu cəhət gənc şairləri poeziyanın vəzifəsi, xalq mənəviyyatının inkişafında yeri, rolu, sənətin taleyi barədə dərindən düşünməyə vadar etdi. Fikrət Qocanın əksər şeirlərinin, poemalarının mövzusu və mətləbcə, ruhca köhnəlməməsinin bir səbəbi də, məncə, elə bu amillə bağlıdır".

Yeni ədəbi epoxanın ən görkəmli nümayəndələrindən biri xalq şairi Fikrət Qocanın 60-70-ci illər yaradıcılığı bədii təfəkkür tariximizin yarım əsr əvvəlki hadisələrinə və bir sıra yenilənmə proseslərinə bugünkü gün səviyyəsindən çıxış edərək işıq salmağa imkan verir. Poeziyada altmışıncılar nəslinin həyata keçirdiyi bir çox bədii eksperiment və təcrübələri, ədəbi köhnəliklə yeniliyin mübarizəsi və bir-birinə qarşılıqlı münasibətini, 30-50-ci illərin siyasi qəliblərə sıxılmış poetikasının əsas komponentlərinin inkarını və ya bədii praktikada dekonstruksiyasını əsas nəsildaşları ilə birlikdə Fikrət Qocanın erkən yaradıcılığında da aydın surətdə müşahidə edirik. Xalq şairinin müasir poeziyamızdakı mövqeyini ustad Anarın dəyərli mülahizələri aydın surətdə səciyyələndirir. Aşağıdakı fikirlər həm də Fikrət Qoca sevərlərin qənaəti və münasibətinin ifadəsidir: "Ötüb keçməkdə olan XX əsrin təxminən yarısı qədər bir müddətdə Fikrət Qoca sözün yaradıcısı, qoruyucusu və yeniləyicisi kimi öhdəsinə düşən vəzifəni şərəflə yerinə yetirir. Gənc yaşlarından özünə "Qoca" təxəllüsü seçən Fikrət yeni şeir kitabı ilə bir daha sübut edir ki, bugün də şeirimizdə cavanların cavanıdır. Və bu yalnız Fikrətin yox, hamımızın təsəllisidir".

Böyük şairimizin həyatın sınaqlarına mərdliklə sinə gərə-gərə özünün əzəmətli və mübarək səksən yaşına günbəgün yaxınlaşdığı bir vaxtda Anar müəllimin 15 il əvvəl bildirdiyi səmimi ürək sözləri və arzuları daha da həyatbəxş və emosional duyulur.

 

 

"Bütün məhsulların bahalaşması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir"

Ədalət.-2015.-20 avqust.-S.3.