Rəşad Məcid

Kimsən?

 

Sən kimsən, hardan gəlmisən,

İblismisən, mələkmisən?

Dediyin nə, etdiyin nə,

Doğrumusan, kələkmisən?

 

Bu gəlişin, bu gülüşün,

Bu öpüşün mənimdimi?

Qara gözün, uzun saçın,

Bu dişin mənimdimi?

 

Kim sənə şübhə eləyər,

Kim sənə yanakı baxar?

Bu duruluq, bu saflığa,

Kim səhv edib qara yaxar?

 

Bircə sənin hər sirrini,

Hər sehrini bilən mənəm.

Sevə-sevə qucağında

Qəzəbindən ölən mənəm!

 

 

Gedib daşa dəyən

SMS-lərim...

 

Belə olmalıymış, yəqin ki, belə,

Gücüm yox bu çarxı geri döndərim.

Sənə hisslərimi çatdırammadı

Gedib daşa dəyən SMS-lərim.

 

Soyuq sözlərinlə qayıtmasaydı,

Gülsəydi üzümə yeni səhərim.

İndi heç bu qədər əzab verməzdi

Gedib daşa dəyən SMS-lərim!

 

Zamanı dəyişər, yolu göstərər,

İçimdə qalmazdı bunca qəhərim.

Bəlkə bir başqa tale cızardı

Gedib daşa dəyən SMS-lərim.

 

Altını çəkirəm soyuqluğunun,

Sənin hallarından yoxdu xəbərim.

İndi sənidəmi yandırır görən

Gedib daşa dəyən SMS-lərim?

 

Gəl bunu yenə taleyə yazaq,

Biz çəkə bilmərik belə qədəri.

Hüznlə, kədərlə qayıdıb anaq,

Gedib daşa dəyən SMS-ləri...

 

 

Aldatdın məni

 

De, mən sənə neyləmişdim? -

Balacam, aldatdın məni.

De, haçan düzünü dedin,

De, haçan aldatdın məni?

 

Mən oldum bir dəli aşiq,

Ruhum ruhuna sarmaşıq.

Bədəndə od, gözdə işıq,

Dildə "can" aldatdın məni.

 

dur dedin, dayan dedin,

yuxudan oyan dedin,

Sonacan yüz yalan dedin,

Sonacan aldatdın məni.

 

 

Darıxanda

 

Mən sakit darıxmıram,

Adam kimi darıxmıram,

Hüceyrələrim

ağzını açıb çığırır.

Damarlarım

qanımdakı aclığı

bütün vücuduma yayır.

Beynim qollarımda

döyünür -

ilikləriməcən darıxıram.

 

Əllərim, barmaqlarım

uzanır, uzanır,

girir torpağın

altına,

Mən sənsiz darıxanda

Min il əvvəlki

sümüklərim

sızıldayır.

 

 

Çıxırsan...

 

Çıxırsan yavaş-yavaş,

Vətənimdən çıxırsan!

Beynimdən aralanıb,

Bədənimdən çıxırsan.

 

Məğlub ordu kimisən,

Sınıq-salxaq çıxırsan.

Ərazimdən astaca,

Yorğun, axsaq çıxırsan.

 

Geri dönür nəfəsim,

Sifətim işıqlanır!

Cadudan ayılmışam,

Gözümün dibi yanır!

 

yaxşı ki, çıxartdın

Bu tilsimdən, ilahi!

Mənə sakit həyat ver,

Rahat bədən, ilahi!

 

Vitrindəki mələyim

 

Səmadan bu an gəlib,

Uçan boşqabnan gəlib.

Gözünə qurban!

Gəlib

vitrindəki mələyim.

 

Oldum ruhuna təslim,

O möcüzə, o tilsim.

Hüzuruna tələsim

Vitrindəki mələyin.

 

Qışda bahar kimidi,

Təzə nübar kimidi,

Ağappaq qar kimidi,

Vitrindəki mələyim.

 

Gələcəyin qadını,

Sovqat etdi dadını.

Unutdurdu adımı

Vitrindəki mələyim.

 

O

 

Baxma ki, sakit dayanıb,

Qəfildən götürər səni!

Qoparıb dostdan, tanışdan

Evindən itirər səni.

 

Qaldırıb göyün qatına,

Mindirər şahlıq atına.

Dad gətirib həyatına,

Cənnətə yetirər səni.

 

Əlində yarağın qalmaz,

Dəftərin, varağın qalmaz,

Heç nəyə marağın qalmaz,

İşini bitirər sənin.

 

Quruyarsan bulaq kimi,

Bezər, doyar uşaq kimi,

Bir qırıq oyuncaq kimi

Qaytarıb gətirər səni!

 

 

BİR DƏ GƏLMƏYƏCƏK...

 

Elə möcüzələr yaratmısan ki,

Elə dəqiqələr yaşatmısan ki,

Olmayıb heç onun yüzdə biri

mənim dünyamda,

bu dünyada.

 

Sən elə telləri qırıb getmisən,

Sən elə yaralar vurub getmisən,

Təpəri yoxdu ki, dözüb dayansın,

mənim dünyamın,

bu dünyanın.

 

Qəfil gəlişinlə suç eləmisən

Sənsiz keçən ömrü puç eləmisən

Vurmayıb heç zaman belə qar-yagış

mənim dünyamı,

bu dünyanı

 

Bilmədim iblissən, ya mələk, Qadın,

Ətri, gözəlliyi çiyələk Qadın.

Bir gəlməyəcək sənintək Qadın

mənim dünyama,

bu dünyaya.

 

 

Üzünə qurban

 

Ötən hər sirli gecənə,

Gələn gündüzünə qurban.

Kədərlənən baxışına,

Gülən gül üzünə qurban.

 

Əsən qara tellərinə,

Nur yayan əllərinə.

Doğru deyən dillərinə,

Hər yalan sözünə qurban.

 

Gah müdriksən, gah uşaqsan,

Həm günahkar, həm haqsan.

Ayrılmaram hardan baxsam,

Qurban, hər üzünə qurban!

 

 

Dik atılıram

 

Mən bu dərmanları atandan sonra,

Div kimi, daş kimi yatandan sonra,

Sanki bir qalada yuxulayıram,

söz eşidirəm, səs duyuram.

 

Vurub, silkələyib oyatsalar da,

Lap belə yanımda top atsalar da,

Tüküm tərpənmir, vecimə olmur! -

şimşək çaxması, yağış səsindən,

Göylərin, yerlərin titrəməsindən,

fişəng atəşi, tüfəng səsindən,

Qapı taqqıltısı, ya zəng səsindən

- yox, oyanmıram!

Bircə həyəcanla dik atılıram,

SMS-lərinin cingiltisindən.

 

 

Sən yaxşısan

 

gənc qadın, gözəl qız,

istedad? Sən yaxşısan!

İstəmirəm bir özgə hiss,

Bir özgə dad - sən yaxşısan!

 

Gah yerə çırp, göyə qaldır,

Gah ağladıb, gah da güldür,

İstəyirsən məhv et, öldür,

Ya da yaşat - sən yaxşısan.

 

Özgə nursan, başqa nəfəs,

Varlığına yoxdu əvəz.

Deyəcəyəm lap məni əz,

Lap belə at - sən yaxşısan.

 

 

Əgər...

 

Əgər bircə dəfə

səni

beynimin dərinliklərindən

çıxarıb

yerinə nəsə qoymağı bacarsaydım,

Əgər ürəyimin üstünə

bələdiyim ürəyini

çıxarıb ovcumda saxlasaydım,

mələşən,

çığrışan,

ağzını açıb yem istəyən

hüceyrələrimi

süni qidalarla doyuzdursaydım,

Əgər səni cəmisi bircə dəfə,

heç olmasa, bircə saatlığa -

ya futbola baxanda,

ya tədbir aparanda,

kitab oxuyanda,

çıxış eləyəndə -

unutsaydım,

unuda bilsəydim,

çoxdan unutmuşdum.

Amma etmədim,

bacarmadım,

istəmədim,

ağlımdan da keçirmədim -

Mən bu yaşamı seçdim.

Beynimin hər an səni düşünməsini,

ürəyimin səninlə döyünməsini,

hüceyrələrimin səninçün çığırmasını...

SEVDİM.

 

 

Səndən yaxşısı

 

Əgər səndən yaxşısını

tapmağa ümidim olsaydı,

çoxdan atmışdım səni.

Əgər sənin eynini tapa bilsəydim,

həmən unutmuşdum səni.

Bir az sənə bənzərinə rastlasaydım əgər...

Amma neynim,

səndən sonra yüz pillə boşdu.

 

Yat...

 

Beynindəki bu qaynaşan dərdləri

Unutmağın bir yolu var - yıxıl yat.

Yuxun yoxsa şərablardan nuş elə,

Çək başına, viski, araq, çaxır, yat.

 

Keçmiş olsun yaşananlar, olanlar,

Şükr elə ki, hələ yenə qalan var.

Özün tovla öz başını yalanla

Kim danışar indi sənə nağıl, yat!

 

Düşündükcə bu dərd səni yeyəsi,

Gözünü yum, gəlsin tütək, ney səsi,

Hər günahın öz sahibi, yiyəsi,

Qəm eləmə Tanrı göydən baxır, yat.

 

 

Düşüncə

 

Səni

anlamağa

çalışdım,

gördüm ki,

səhər açılır...g

 

 

İstedadlı mələk

 

Sən sevməyi gözəl oynayırsan!

Başqasının ürəkdən, candan,

səmimi sevgisindən

təbii görünür

sənin sevgini oynamağın!

 

Vüsala çatmağı imitasiya edənlər çoxdu!

Amma sən darıxmağı,

titrəməyi,

kövrəlməyi,

sevinməyi

gözəl oynayırsan!

 

Beləsi çətin tapıla! Təksən!

Təpədən dırnağa

yalanla, riyayla

yoğrulmuş

istedadlı mələksən!

 

 

Qopardım

 

Abi-həyat, ilahi dad yox oldu dodağından,

dodağımı salladım,

xalından, çiynindən titrədim.

Bədənimdən bir gizilti keçmədi,

Buz qayaya rastladım.

Səhər səndən qalanları düşündüm.

Gözlərimə bir-iki tel sataşdı.

Saçlarını darağımdan qopardım,

tulladım.

 

Çıxma beynimdən

 

Qurban olum, çıxma beynimdən -

elə et ki, sənsiz bir addım da atmayım,

sənsiz bir işim olmasın,

gecəmi-gündüzümü sənə görə bölüm,

yuxudan sənə görə ayılım,

sən varsan deyə yuyum əl-üzümü,

siqareti sənə görə çəkim.

Səndən baxım aləmə

elə et ki -

şeiri sənə görə yazım,

evdən sənə görə çıxım,

işə sənə görə gedim.

Elə elə ki,

sənə görə sevim, sənə görə yaşayım,

diriyə sənə görə sevinim,

ölüyə sənə görə ağlayımg

Ən böyük zövq o işdi ki, orda sən varsan -

Tanrıdan ərmağandı, ilahi bəxşişdi.

Sən olmadığın heç nəyi qıyma mənə.

Çıxma beynimdən,

ayrılma bədənimdən,

ruhumdan sıyrılma...g

 

 

***

Necə də dopdoluyam səninlə -

ağlınla doluyam,

sözlərinlə, coşğunla, ruhunla doluyam,

heyrətinlə, saflığınla doluyam,

inadınla, fədakarlığınla, bəxş eləməyinlə doluyam,

ətrinlə, nəfəsinlə, baxışınla doluyam.

Gülüşün qanadlarımdı -

səmanla, göyünlə, torpağınla doluyam,

təmasınla, həyəcanınla, sevginlə doluyam.

Sənsən varım, varidatım, mülküm, dövlətim -

səninlə dopdoluyam.

Çox zənginəm, çooxg

 

 

Son...

 

Hirsin varsa,

demək yaşayırsan,

demək sağsan,

nəyəsə üsyanın, qəzəbin var,

etirazın, əsəbin var!

Vay o gündən ki,

hirssiz, soyuq, laqeyd olasan!

Dünyaya donuq gözlə baxasan!

Bax bu son olar,

son!

 

Redaksiyadan: 21 avqust Rəşad Məcidin doğum günüdür. "Ədalət"in şinelindən çıxıb böyük uğurlara imza atan Rəşad Məcidi - dostumuzu, həmkarımızı, AYB-nin katibini nəhayət, "525-ci qəzet"in Baş redaktorunu doğum günü münasibətilə təbrik edir, can sağlığı, daha böyük uğurlar arzulayırıq.

 

 

resad.m

Ədalət.-2015.-21 avqust.-S.3.