"KRESLO GÜNAHI"

 

Yazıçı-publisist Polad Qasımovun yeni kitabı

 

Bəri başdan deyim ki, Polad müəllimi bir söz, qələm adamı kim lap çoxdan tanıyıram. Amma şəxsi münasibətlərimiz, ailəvi təmaslarımız o tanışlığın yarı yaşı qədərdi. Təqribən 25 il olar ki, mən Polad müəllimin sözünə bələd olduğum kimi, ailəsinə bələdəm. Təbii ki, bu mənim üçün düşüncələrimi, duyğularımı ifadə etmək baxımından yaranan əlavə imkandı, həm yazdığıma, dediyimə qarşı artan məsuliyyət. Dediklərimin yəqin ki, fərqinə vardınız. Bir oxucu kimi bildiniz ki, mən imkan məsuliyyətin bir məxrəcdə dayandığı, qovuşduğu yerdə durub indi sizə təqdim edəcəyim kitab barəsində fikirlərimi sərgiləyəcəm.

Bəli, iki gün öncə Polad müəllim mənə avtoqrafla bir kitab bağışladı. Mən həmin kitabı məhz həmin gündən öncə avtoqrafı, sonra özünü oxumağa başladım. Tam səmimiyyətimlə deyirəm ki, bu kitabı, yəni 154 səhifəni bir gündə başa vurdum. Yayın istisinə, havanın cansıxan olmasına baxmayaraq, bu kitabı gülə-gülə oxudum, düşünə-düşünə oxudum bir dərk edə-edə. Çünki gülmək , düşünmək müəyyən məqamlarda bir-biri ilə üst-üstə düşə bilir. Amma dərk etmək bu artıq əlavə bir missiyadı, əlavə bir tələbatdı. Təsəvvür edin ki, Polad müəllimin kitabında toplanmış felyetonlar məni güldürüb düşündürdüyü kimi, elə həmin o zamanın içində dərk etməyə istiqamətləndirirdi. Yəni onun personajlarını, yəni qəhrəmanlarını mən beş barmağım kimi tanıyırdım, onları ovcumun içində görürdüm. Üstəlik həm bu felyetonların bir qismini "Kirpi" jurnalında oxuduğumdan mən elə bil ki, dünənki söhbətə, dünənki mövzuya yenidən qayıtmış olurdum. Məsələn, kitabdakı felyetonlardan birində olduğu kimi:

- "Nəşriyyatın çayxanasında tanınmış yazıçılardan biri Polad müəllimə deyir:

- Jurnalı çıxara bilirsənmi? Bir vaxtlar "Kirpi" çoxlarının kreslosunu laxlatmışdı.

Polad müəllim:

- İndi bu işi tülkülər görür, qardaş, - deyə astaca cavab verir".

Yəqin ki, oxucu söhbətin nədən getdiyini, daşın kimlərin bostanına atıldığını şərhsiz qəbul etdi. Sadəcə, burda "daş"ın əvəzinə "ox"un da yazmaq olar. Onda məsələ bütünlüklə aydınlaşar. yaxud başqa bir felyetonda:

- "Yaxşı xaşdan sonra süfrəyə çay gətirilir. Azər Nüsrətə qiymətli bir üzük göstərib deyir:

- Dünyanın ən dəyərli əyyarıdı.

"Əyyar" sözünü başa düşməyən Nüsrət söhbətə qarışır. Kimin yarı olduğunu deyə bilmərəm, amma mən onu röyada görmüşəm.

- Röyada? Ə, şou göstərməklə belə nadir şey qazanmaq olar?

- A kişi, mən müğənnini demirəm ey, yuxuda, röyada gördüyümü deyirəm".

Bəli, bu beş-altı cümləlik felyetonda da əslində günün bir gerçək üzü ifadə olunub. O da bugünkü mədəni-ictimai durum bir insanların düşüncə səviyyəsinin parametrləridi. Yəni həmin cizgilər adi insanın şou əhli ilə münasibətdə hansı durumda olduğu sadə bir şəkildə oxucuya təqdim edilir. Bax, bu məntiq adamı həm güldürür, həm düşündürür, həm ona gülüb düşündüyünü dərk etdirir.

"Kreslo günahı" kitabındakı bütün felyetonların qəhrəmanları arasında qələm adamları da, yəni onların günə xələl gətirən tipləri kifayət qədər qınaq ünvanına çevrilib. Yazıçı-publisist bu felyetonlarda öz həmkarlarına da güzəşt etmir. Necə deyərlər, düzü düz, əyrini əyri yazmaqdan çəkinmir. Üstəlik, həm fikirlərini birbaşa səsləndirir. Yəni felyetonun qəhrəmanının kimliyi, onun daxili ikinci-üçüncü şəxsin dilindən yox, birbaşa müəllifin öz dilindən qınanır, ittiham edilir, gülünc ünvanı kimi təqdim olunur. Bu isə müəllifin məsuliyyətindən qələmə aldığı mövzulara tam əminliklə, arxayınlıqla sahib çıxmasından irəli gəlir. qədər sağdan, soldan, yuxarıdan, aşağıdan bu felyetonlara işıq salsan da, orada qəhrəmanın günahını təmizə çıxaracaq, ona bəraət verəcək iynə ucu boyda da olsa dırnaq ilişən yer tapılmır. Zənnimcə bu, əvvəldə dediyim kimi sözü təqdim etmək, sözü mövzuya çevirmək, sözü həm məcazi, həm gerçək mənada oxucu önünə çıxarmaq qabiliyyətinin, bacarığının göstəricisidi. nəhayət...g

Mən Polad müəllimin bir günə, birnəfəsə oxuduğum kitabı haqqında bu kiçik qeydləri isti-isti yazarkən bir məqamı da diqqətimdə saxladım. O da bu kitabın Polad Qasımovun oxucularına dəyərli, samballı bir hədiyyə olmasıdı. Bu hədiyyə güldürən, düşündürən, dərk etdirən hədiyyədi. Ona görə onu əldə edənlər bir buket təbəssümə sahib olacaqlarına əmin ola bilərlər.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2015.-21 avqust.-S.4.