Təzə nağara

 

Sitəm görəcəksən ulduzlar sanı,

Bir azdan başına od ələnəcək.

Dodaqlar öpəcək qara zurnanı,

Səninsə sifətin sillələnəcək.

 

Hələ təpər topla, dözüm yığ hələ,

Qanları coşdurub qaynatmalısan.

Üzünə çırpılan sillələr ilə

Toya gələnləri oynatmalısan.

 

Bir azdan üstünə düşəcək əllər,

Səni nağaraçı yesir edəcək.

Ağrından həzz alıb süzən gözəllər

Fəryadın üstündə yallı gedəcək.

 

Bu alın yazındı, nə küs, nə inci,

Çırtma çatlayacaq qaşında sənin.

Dərdə bax, hamının toyu, sevinci

Qapaza dönəcək başında sənin.

 

Alın yazısından qaçmayıb heç kim,

Sitəmə sinə gər, qəmə qələm çək!

Yediyin şillələr qorxma əzizim,

Şəninə əskiklik gətirməyəcək.

 

Qoşa şapalağa dözəcək dərin,

Nalən musiqiyə dönəcək hökmən,

Qəm yemə, nağara, döyülənlərin

Bütün yer üzündə xoşbəxti sənsən.

 

Bəxtəvər başına, şillələn nə qəm,

Şillələr ömrünə nur ələyəcək.

Dərd mənim dərdimdir, sabah bilmirəm

Kimlər taleyimi şillələyəcək!

 

 

Ona yanıram ki

 

Ona yanıram ki, əsrlər boyu

Sabahı düşünüb, daşınmadıq heç.

Düşünmək haqqımız özgələrdədir,

Onu qaytarmağı düşünmədik heç.

 

Ona yanıram ki, öz varımızı

Özgəyə pay verib, ona əl açdıq.

Yadların dilindən tərif diləndik,

Yalançı şöhrətə-şana əl açdıq.

 

Ona yanıram ki, düşə bilmədi

Fəxri Xiyabana neçə fəxrimiz

"Şərəf lövhəsi"nə vurdular bizi,

Düşdü ayaqlara öz şərəfimiz.

 

Ona yanıram ki, bacarmadıq,

Sazda "gül" vurmağı bacardıq ancaq.

Bizi aldadanın boş hay-küyünə

Əla əl vurmağı bacardıq ancaq.

 

Ona yanıram ki, Burlaxatunun

Ruhu alovlanar, məzarı inlər

İndi balasına layla çalammır

Analıq taxtına çıxan gəlinlər.

 

Ona yanıram ki, xeyiri şərdən

Ayıra bilmirik, qana bilmirik.

Mən ona yanıram, ona yanıram,

Ona yanıram ki, yana bilmirik.

 

AYIRAR BU DÜNYA

BİZİ NƏ VAXTSA

 

Burax inadını, ay ömrüm, günüm

Çəkilər göylərə harayım, ünüm.

Dolaşar qəfildən ömür düyünüm,

Ayırar bu dünya bizi vaxtsa.

 

Dağlayar qəlbini, dağlayar dağ-dağ,

Sinəmdə əcəlin çatdığı ocaq.

Tüstüsü gözünü yandırar ancaq,

Üşüdər qəlbini közü vaxtsa.

 

Ha səslən, dağılmaz əbədi yuxum,

Burnunun ucunu göynədər qoxum.

Çarpaz dağlar çəkər sənə yoxluğum,

Çiləyər yarana duzu vaxtsa.

 

Düşər xatirələr yadına bir-bir,

Yanarsan günlərin oduna bir-bir.

Əsər əsim-əsim, titrəyər tir-tir,

Sınar qürurunun dizi vaxtsa.

 

Bəxtin gözlənilməz günlə rastlaşar,

Odun da, közün Şahmarsızlaşar,

Dadın da, duzun da Şahmarsızlaşar,

Ayırar bu dünya bizi vaxtsa.

 

 

ARMUD AĞACI...

 

Kəsilməsinə razı olmadığımız, xalq hərəkatının rəmzinə çevrilən Şuşanın Topxana meşəsindəki Armud ağacına şanlı məktub.

 

Haşa yananlarımızdan,

haşa qananlarımızdan

haşa Vətən yolunda

al qanına boyananlarımızdan!

 

var, yox Topxanada,

Şapxanada, şupxanada?

Şirə dönüb gopxanada

Qeyrətdən dəm vururuq biz,

Vururuq, Armud ağacı!

 

Aqillərə döş qabardıb,

Züy tutmağa baş ağardıb,

Yas yerində diş ağardıb,

Toyda yaxa cırırıq biz,

Cırırıq, Armud ağacı!

 

Əyməlini əyəmməyib,

Döyməlini döyəmməyib,

Qınımızı bəyənməyib,

Qından qına giririk biz,

Giririk Armud ağacı!

 

Vətəndən üzüb əlini,

Hərə güdür öz elini,

Əsir verib qız-gəlini

"Qızıl xac"dan soruruq biz,

Soruruq, Armud ağacı!

 

Özümüzü öyə-öyə,

Qurandan don geyə-geyə,

Millət-millət deyə-deyə,

Millət qanı soruruq biz,

Soruruq Armud ağacı!

 

Gavura sülh elan edib,

Var dövləti talan edib,

İçimizdə üsyan edib,

Özümüzü qırırıq biz,

Qırırıq Armud ağacı!

 

Bizim kimi vuran hanı?

Gizli palan quran hanı?

Düz danışan qəhrəmanı,

Düz ağızdan vururuq biz,

Vururuq Armud ağacı!

 

Bənzərimiz yoxdur bəlkə,

Çatmaz bizə heç bir ölkə,

Tayfa-tayfa, bölgə-bölgə,

Dövlətə tor qururuq biz,

Qururuq Armud ağacı!

 

Zirvələrə qalxmaq üçün,

Təxt-taca çıxmaq üçün,

Başlıları yıxmaq üçün,

Pusqularda dururuq biz,

Dururuq Armud ağacı!

 

Arxa çevirib səngərə,

Yurdu verib düşmənlərə,

Qalib kimi ordenlərə,

Sinəmizi gəririk biz,

Gəririk Armud ağacı!

 

Öyünürük sazımızla,

Neftimizlə qazımızla,

İşvəmizlə nazımızla,

Düşmən bağrı yarırıq biz,

Yarırıq, ARMUD AGACI....

 

 

CAN, AY ŞAHMAR!

 

Laçınların qarğalanır,

Qarğaların qırğılanır,

Nəyin varsa yağmalanır,

Bu gündür, can, ay Şahmar!

 

Ormanların, oylağın yox,

Yaylamağa yaylağın yox,

Daha isa bulağın yox,

Di həsrətdən don, ay Şahmar!

 

Göyçən, Dəlidağın hanı?

Xanbağı tək bağın hanı?

Külli-Qarabağın hanı?

Tutub səni qan, ay Şahmar!

 

Qırxqız dərdin dənizləşir,

Gəlin qayan kənizləşir,

Ta Şuşan da Təbrizləşir,

Döy başına, yan, ay Şahmar!

 

Bəbəklərdə yaş qalmayıb,

Ağıl gedib, huş qalmayıb,

Başımıza daş qalmayıb,

Səni daşa dön, ay Şahmar!

 

Ədalət.-2015.-22 avqust.-S.14.