MİLLİ KƏDƏR VƏ YADDAŞ DUYĞUSU

ƏDƏBİ HƏYAT

 

 (Kəmalə Nəsrinin şeirləri haqqında)

 

Onu təkcə bir şeirinə görə tanımışdım: "Gəmilər gəlməz Naxçıvana". Bu sadə məntiq arxasında poetik düşüncənin mənasını qavradım. Doğrudan da, Naxçıvanda dəniz yoxdu təbii ki, ora gəmilər yol ala bilməz. Çünki qədim odlar diyarı Naxçıvan şeirdə deyildiyi kimi dağlardan, qayalardan, boz torpaqlardan ibarətdir. Şeirin müəllifi Kəmalə Nəsrin elə öncə bunu bəyan edir ki:

 

Gəmilər gəlməz Naxçıvana,

Gələ bilməzlər;

Burda dəniz yoxdu ki.

Amma poeziya - sözə ehya verən, yoxdan sözü var eləyən bu sehrli qüvvə bizim real təsəvvürlərimizi bir andaca dəyişə bilər gözlərimizin qarşısında poeziyanın yaratdığı bir dəniz canlanar:

 

Dağlar dalğa-dalğa dənizə bənzər,

dağların başında buludlar gəzər-

bəyaz yelkənlərə bənzər.

İlanlar sürünər

boz torpaqlarında

balıqlar kimi,

Duzlağın tamı var

Dənizin şor sularında.

 

Bu şeirə assosiativ şeir demək olar, çünki dəniz dağ, dəniz torpaq bir-birilə reallıq baxımından uzaq anlayışlardır. Amma poeziya onları "birləşdirir". Sənətin mahiyyəti obrazlı təfəkkürlə bağlıdır, assosiativ təfəkkür elə obrazlı təfəkkürdən doğur, ancaq obrazlı təfəkkürdən fərqli olaraq burada mürəkkəb ümumiləşdirmələr diqqəti cəlb edir, bir-birilə əlaqəsi olmayan, ya zəif olan məfhumları xüsusi intiutsiya ilə "birləşdirə" biləsən.

 

Mən dənizləri xəyal etdim,

dağlara verdim qəlbimi.

Dağları sevdim,

çooox sevdim

Yaxın olduqları üçün göyə,

Dənizləri sevdim

Dağlara bənzəyir deyə.

 

Beləliklə, poetik təfəkkür iki obrazı- Dəniz Dağ obrazlarını bir-birinə qovuşdurdu. Şeirin sonrakı misraları Dəniz-Dağ obrazının (artıq iki məfhumun "qovuşmasından" yaranan bir obrazın) tarixi müasir qatlarını açıqlayır: Tarixi planda: bir Nuh nağılı var: daşlaşan bir Gəmi-Qaya həsrət qalıb göy sulara abidəyə dönüb. Müasir yönümdə: Dağları dənizə bağlar, qırılmayan gümüş bağ var. Dağların köksündən axar, Araz Kürdən axar tutub Xəzərə yol alar. Bu birlikdən Vətən yaranar.

Kəmalə Nəsrinin cəmi iki kitabı ("Aynalayın" "Gözləyirəm gün doğanı") ilə tanışam ümumiyyətlə bu xanım yazarın bəzi həmkarları kimi mətbuatda gen-bol, fasiləsiz çıxışlarının şahidi olmamışam. Amma bu iki kitabda toplanan şeirləri ondan istedadlı bir şairə kimi söz açmağa imkan fürsət verir. Onun şeirləri barədə mən daxil olmaqla hansı tənqidçininsə ciddi bir fikir söylədiyinin şahidi olmamışam. Kitablarına daxil etdiyi lap kiçik müqəddimələrin birisi ilə tam razıyam ki: "Bir xanım əfəndinin, bir Azərbaycan türk qadınının ruhunda cərəyan edən əzəmətli milli kədər yaddaş duyğusu, yəni Kəmalə Nəsrinin şeirlərinin alt yapısı mənə çox-çox qiymətli göründü bu yazılardakı ruhun müqəddəsliyinə inandım" (Azər Turan). Mən inandım.

Kəmalə Nəsrinin kitablarında bircə sevgi şeirinə rast gəlmədim. Amma bunun səbəbi var. Görün deyir:

 

Mən daha yazmıram

sevgi haqqında.

Ən böyük sevdiyim

Vətəndi mənim.

Vətən geyməyincə

toy paltarını

Yediyim zəhərdi,

Geydiyim qumaş

atlas, ipək-

kəfəndi mənim.

Şeirlərin əksəriyyəti türkçülük, turançılıq, azərbaycançılıq, milli birlik ideyaları ilə nəfəs alır. Yəni onun sevgisi daha böyük, daha ülvi mahiyyət daşıyır. O, böyük, vahid Türk birliyini arzulayır, Türkün vaxtilə parçalanan, ora-bura səpələnən ərazilərini bir yurdda görmək istəyir. Vaxtilə türk övladlarının, türk başçılarının bir-birlərinə qənim kəsildiklərini ürək ağrısı ilə bəyan edir:

 

vətən var idi,

türklük orda,

Var idi "mənəm"lik,

"böyük"lük orda,

Niyə qana döndü,

daşa dönmədi?

Qardaş qardaşına

əl qaldıranda-

Çaldıranda!

 

Kəmalə xanımın şeirlərində qədim türk oğuz folklorundan, "Dədə Qorqud" boylarından, bu boylardakı igidlərdən, xanım-xatın gözəllərdən gələn bir meh əsir. "Könlü qopuz, Qolu topuz, Sözü güclü, Düşməni suçlu Qalın Oğuz" qılıncını şimşəklərlə itilədir. Xan Beyrəyə, Xan Turala üz tutulur, onları səsləyir ki, türk ellərinin birliyi yaransın, bədöy atlar kişnəsin, savaş meydanı zəfən səslərinə bürünsün. Çünki "Dəmin qapı Dərbəndin dəvələri əsir düşüb, Göyçə gölün sonaları qaraqıyma qovurma tək qırçın-qırçın suda bişib. O yerlər ki, bizim idi. İndi daha bizim deyil".

Kəmalə xanımın Türkün böyük ustadlarına məhəbbətini onun bir çox şeirlərində izləyirik. Məsələn, Hüseyn Cavidə aid bir neçə şeiri var bu şeirlərdə Cavid təkcə böyük sənətkar kimi deyil, həm Türkün qürur mənbəyi, ideya-fikir mütəfəkkiri kimi canlanır: "Qalxan elədin sinəni, Unutmadı xalq dünəni. Başının üstündə səni, Bayraq edib gəzdi belə". Başqa bir şeirdə isə 41-in dekabrı 82-nin noyabrı xatırlanır, biri Cavidin ölümü, biri isə onun nəşinin Vətən torpağına gətirilməsi. "41-in dekabrı Günəş ay kimi solğun. Bir dağ uçdu üzü qibləyə Silkələndi Yenisey-Orhun". "82-nin noyabrı; Göylər mas-mavi, Günəş sac kürəsi, alov-alov, Çəmənlər yaşıl yanar". Şeirdə hər iki günün obrazı canlandırılır: Solğun Günəş - Sac kürəsi, alov-alov. Ümumiyyətlə, Kəmalə xanımın bədii təsvir vasitələrinə müraciəti çox zaman uğurlu alınır. Məsələn, o, "Vətən köynəyim" şeirində deyir ki, hər bir adamın toya, ya vaya getməyə paltarı olur, təzə gəlinin, təzə bəyin öz paltarı var, fəsillərə görə paltar dəyişmələri olur. Amma: "Vətən köynəyimdi ürəyim mənim. Tanrı pay veribdi tikib vətənim". Vətən sevgisini ifadə etmək üçün ürəyi Vətən köynəyinə bənzətmək yerinə düşür. Hətta bir şeir- "Ağrı dağım" bütünlüklə təşbeh epitetlərdən ibarətdir:

 

Böyük Tkfandan

İlk sən çıxartdın başını-

Yerin papağı kimi.

Uzatdın göyərçinə

zeytun əlini-

həyat budağı kimi.

 

Qutlu Dağım!

Bizim dağların ucası

Ağsaqqalı, qocası.

 

Ağrı dağım, yaylağım!

Ərlər, ərənlər yurdum,

Dastanlar oylağım.

Düşmən gözünə batan

cüt barmağım.

 

Kəmalə Nəsrinin şeirlərini mövzuca bölgülərə ayırmaq istəməzdik. Vətənpərvərlik, azərbaycançılıq, türkçülük onun şeirlərinin sayca üstünlüyünü təşkil edir. Amma o, bu mövzulara qapanıb qalmır. Real həyatın, gerçəkliyin müxtəlif səmtlərinə üz tutur, təbiətin gözəlliklərinə biganə qalmır, doğulduğu Naxçıvan torpağının məxsusi cizgilərini canlandırmağa səy göstərir, ustad şairlərə şeir həsr edir. Deyə bilmərik ki, o, hər şeirində nəyəsə nail olur, amma hər şeirində təlqin etdiyi fikirləri səmimi şəkildə bildirməyə çalışır. Dili rəvandır, mücərrəd ifadələr işlətməyi sevmir. Ustad şair Rəsul Rzaya bir neçə şeir həsr edib. Onların hamısı uğurludur desək, yanlış olar, çünki bu şeirlərdə bəzən heyranlıq məftunluq ön plana keçir, şairin mükəmməl obrazının canlanmasına mane olur. Amma "Rəsul Rzaya" şeiri mükəmməldir:

 

Dirsəyi dizində,

Əli üzündə

Dünyanın kədəri,

qəmi gözündə.

Gözləri dənizə

bənzəyən şair,

Dənizin balığı,

gəmisi olur.

Sənin gözlərində

Qəm izi qalıb.

Gedibsən göylərə -

Burda, Vətəndə,

Bir Rəsul Rza

Dənizi qalıb.

 

Əsasən sərbət şeirə meyl edən, fikir düşüncələrini bu axara yönəldən Kəmalə Nəsrin yaradıcılığa heca şeirləri ilə başlayıb. O şeirlər fikrimizcə, poetik sanbalı etibarilə daha uğurlu idi. Sonralar da hecada şeirlər yazdı. Bu, təbii ki, yaradıcılıq prosesidir, enişi , yoxuşu da olur. Hansı vəzndə, hansı formada yazılması şərt deyil, təki ortada ŞEİR olsun. Kəmalə Nəsrinin şeirləri haqda bu söhbəti bəyəndiyimiz sufiyanə bir şeirlə tamamlayaq:

 

Mən Tanrının kor cocuğu,

gözümü, öyrət məni.

Göydən düşdüm sənə dünya,

Göyərt, nolur, göyərt məni.

 

Öyrətmə günah etməyi,

Səsim tanrıya yetməyir,

Ruhum diləyir getməyi,

Al əynimi, çıxart məni.

 

Qabığım bom-boş qalacam,

Başına bir olacam,

Qəbir kənddə daş olacam,

İndi di gəl, qopart məni.

 

Ədalət.-2015.-29 avqust.-s.15.