Məmməd Araz işığında

 

Xalq şairi Məmməd Arazın anım günü münasibəti ilə onun yaradıcılığını sevənlər, dostları, yaxınları dekabrın 1-də Fəxri Xiyabandakı məzarının başına toplaşdılar. Tədbirdə çıxış edən şairin qardaşı oğlu Qorxmaz İbrahimli Məmməd Arazı türk dünyasının əsəri adlandırdı. Qeyd etdi ki, Məmməd Arazın qohumu olmaq çətin eyni zamanda çox məsuliyyətlidir.

Məmməd Arazın qızı, "Ədalətqəzetinin baş redaktoru İradə Tuncay çıxışında şairlərin həqiqi həyatlarının onların ölümündən sonra başladığını dedi. Bildirdi ki, bu gün Məmməd Araz anılırsa, onun şeirləri dillər əzbəridirsə, deməli o yaşayır. Valideyn ilə övlad arasında mənəvi qohumluq məsələsinə toxunan İradə Tuncay bunun hər kəsdə alınmadığını bildirdi. Qeyd etdi ki, Məmməd Arazın böyüklüyü onda idi ki, o övladları ilə mənəvi qohum idi.

Tədbirdə çıxış edən şairin bacısı oğlu Rəşid Məmmədov Məmməd Araz yaradıcılığından misal gətirdi. Bildirdi ki, Məmməd Arazın hər misrasında dərin məna var. Onu oxuyan hər bir kəs mənəvi cəhətdən təmizlənir: "Məmməd Araz yaradıcılığının fərqliliyi ondadır ki, o ağır fikirləri poeziya ölçülərinə sala bilirdi. Sadə dildə oxuculara öz fikirlərini aşılaya bilirdi”.

Məmməd Arazın həyat yoldaşı Gülxanım İbrahimova şairin əlyazmalarından ibarət kitab çıxarmaq niyyətində olduğunu bildirdi. Qeyd etdi ki, artıq bu istiqamətdə aparılır. "Qarabağ Simfoniyasıadlanan kitab yaxın vaxtlarda Məmməd Araz yaradıcılığını sevənlərin görüşünə gələcək.

 

Sübhan Mahmudlu

ədalət.-2015.-2 dekabr.-S.4.