Mənim müharibəm

 

Gördüklərim, düşündüklərim və ağrılarım (may, 1993, aprel, 1999)

 

Nemət VEYSƏLLİ,

Azərbaycan Dövlət Rəssamlıq

Akademiyası, redaktor

 

(əvvəli ötən saylarımızda)

 

Ağdam bölgəsindəydim. Rəhmətlik polkovnik Bulud Şirinovun yanında. Polkovnik Bulud Şirinov "N" saylı hərbi hissənin artilleriya xidmətinin rəisiydi. Orada olarkən (29 avqust, 1993) eşitdim ki, Rövşən Əkbərovun komandir olduğu əlahiddə, xüsusi təyinatlı hərbi hissənin döyüşçüləri bir erməni casusunu əsir götürüblər.

Maraqlıdı, bu casus kimdir, nə məqsədlə bizim mövqelərimizi keçib? Bütün bunları qəzetin oxucularına çatdırmaq üçün oradan Ağcabədiyə, Ağcabədidən isə Beyləqana, nəhayət, Füzuli bölgəsinə gəldim. Yollarda bir neçə maşın dəyişdim.

Artıq bu zaman "N" saylı hərbi hissənin şəxsi heyəti əvvəlki mövqelərini tərk etmişdilər: xeyli qabağa getmişdilər - Haramı düzünə çıxmışdılar. Vallah, erməni əsiri talvardamı, yoxsa qarajdamı saxlanılırdı - dəqiq yadımda qalmayıb. Əsgərlər məni qaraja sarı apardılar. Qarajın açıq qapılarına, kandarına yaxınlaşanda gözlərimə inanmadım: erməni əsirinin qabağına doğranmış təzə çörək, içində iri-iri ət tikəsi olan sous, salat qoyulmuşdu. Ən maraqlısı və təəccüblüsü də o idi ki, erməni əsirinin süfrəsində ağzı açılmış yarımçıq araq şüşəsi də vardı.

- Hə, cənab müxbir, görürsən də erməniyə necə şərait yaratmışıq. Hələ bu gördüklərin bir yana. 55 yaşlı Spartak Babayan əsir götürülən zaman qolundan yaralanmışdı. Sonralar onun yaralı qolu qanqren etdi. Göndərdim hərbi hospitala. Çürümə prosesi bədəninin başqa hissələrinə keçməsin deyə, cərrahlar onun qolunu dirsəyindən amputasiya etdilər.

Spartak Babayan komandirdən icazə istəmədən dilləndi:

- Komandir, siz Allah, məni buraxın. Vallah mən şpion-zad deyiləm, qoca adamam. Oğlum Ukraynada yaşayır, mənə inanmırsınızsa, onun ünvanını, telefon nömrəsi var, götürün zəng edin.

Mayor üzünü mənə sarı tutdu:

- Bax, o böyük adamdır, o sənə kömək edə bilər.

Mayorun belə şirnikdirici sözlərindən sonra Spartak Babayan erməni xislətinə xas yazıq görkəm aldı. Qabağındakı xörəyi kənara itələdi. Yazıq müti görkəmdə, sözün həqiqi mənasında iməkləyə-iməkləyə düz gəlib qabağımda dayandı. Başladı yalvarmağa.

- Komandir, mənə kömək et. Vallah mənim heç bir günahım yoxdur. Məni bu tərəflərə müdir göndərib. Gəlmək istəmirdim, məni məcbur etdi. Dedi ki, o yerlərdə yaxşı yemiş, qarpız pomidor var. Maşını da götür, get yığ gətir. Mən axmaq da onun sözünə baxdım, gərək gəlməyəydim.

İblis donuna bürünmüş bu adam isə danışırdı, əlləri ilə nəyi isə izah etməyə çalışırdı. Saxta süni dekorasiya fonunda oynanılan bu səhnəyə baxırdım düşünürdüm. Artıq o günlərin məlumatlarına görə bilirdim ki, mənə doğma olan Veysəlli kəndi ermənilər tərəfindən başdan-başa yandırılmışdı. Mənə o da məlum idi ki, guya azərbaycanlıların qaçqın saldıqları erməni ailələrinə kömək etmək məqsədiylə işğal edilmiş Azərbaycan kəndləri talan edilir, yandırılırdı. Veysəlli kəndi ilə yanaşı, Füzuli rayonunun işğal edilmiş o biri yaşayış məskənləri talan edilirdi. Azərbaycan şəhərləri, kəndləri - bir sözlə, işğal ediləndən sonra xüsusi dəstə trofeyləri - evlərin məişət əşyalarını çeşidləyir, qruplaşdırır - soyuducunumu, mebelimi, mal-qaranımı kimə, hansı erməni ailəsinə veriləcəyini müəyyənləşdirirdilər. Mənə əziz doğma Veysəlli, bütövlükdə Füzuli, erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqları talan edilirdi, bu məqsəd üçün yaradılmış, xüsusi amansızlıqla evlərimiz, mülklərimiz planlı şəkildə yandırıldığı halda mən bu erməni əsirinə hansı mənəvi hüquqi haqla kömək etməliydim? Ümumiyyətlə, o hansı mənəvi sütunlara söykənib bu sözləri mənə deyirdi? Sadəlövhcəsinə gör mən nələrdən danışırdım? Fanatikcəsinə Azərbaycan xalqına, millətinə düşmənçilik bəsləyən işğalçı millətin nümayəndəsindən mənəvi dəyərlərə əməl etmələrini gözləyirdim. Qəribə təzad idi.

 

***

 

... Bu mənim 93-cü ilin mayından, ta 94-cü ilin qışına, yanvarına qədər gördüyüm döyüşlərin ən ağırı, genişmiqyaslısıydı. Artıq formalaşmış, yeni döyüş taktikası və vərdişlərinə yiyələnmiş ordumuz Araz boyu, Füzuli və Haramı, Ağdam və Tərtər istiqamətində hücuma keçmişdi. Azərbaycan ordusunun 1994-cü il, yanvarın 4-dən 8-nə kimi keçirdiyi döyüşlər, az bir müddətdə Füzuli rayonunun 22 yaşayış məskənlərini azad etməsi, nəinki hərbçilər, hətta mülki əhali arasında da böyük ruh yüksəkliyinə səbəb olmuşdur. Neçə vaxtdan bəri Zeynalabdin Tağıyev adına qəsəbədə, Saatlı və İmişlidə müvəqqəti şəkildə məskunlaşmış rayon əhalisi, ordumuzun bu qələbələrini eşidən kimi gecəqonanlar, narahat həyat tərzini atıb üz qoymuşdular Əhmədbəyliyə, Haramıya. 88-ci ilin fevralından, 94-cü ilin yanvarına - Azərbaycan ordusunun bütün cəbhə boyu, irimiqyaslı hücumuna kimi - 110 min əhalisi olan Füzuli camaatı qaçqınçılığın, köçkünlüyün, onun-bunun küncünə sığınmağın, təhqirlərin nə olduğunu, bunun necə alçaldıcı, əzici həyat tərzi olduğunu artıq dərk etmişdilər. Polkovnik Şair Ramaldanovun ümumi komandanlığı altında həyata keçirilən Azərbaycan ordusunun qəfil və sürətli hücumlarının yekunları hələ dəqiqləşməmiş, ordumuz tərəfindən hansı kəndin, hansı yaşayış məskəninin azad edilməsi rəsmi şəkildə elan edilmədən - füzulilər elə gecə ikən, döyüşlər gedə-gedə, tələm-tələsik yeniyetmə övladlarını, əllərinə düşənləri maşınlara doldurub - üz tutublar canım-gözüm, şirin sözlü vətənə, Haramıya, azad edilmiş kəndlərinə. Arazboyu istiqamətində bir-birindən uğurlu əməliyyatlar həyata keçirirdilər, iki, üç günün içində Böyük Bəhmənli, Araz Yağlıvəndi, Kərimbəyli və Araytılı və Qazaxlar yaşayış məskənləri azad edildi. Milli Ordunun çoxsaylı silahlı birləşmələri Bakı-Zəngilan asfalt magistralının sağsol tərəflərində, mərkəzdən hücumları da nisbətən uğurluydu. Nə isə, ordumuzun sürətlə hərəkət edən hücum xətti Kürdmahmudlu tərəfdən, "Yaşıl tala" deyilən yerdən axsıyırdı. Cəbhənin bu yerində hücum zənciri qırılırdı, sağdan, soldan uğurla hərəkət edən qüvvələrin irəliləməyinə mane olurdu, necə deyərlər, bərabərlik alınmırdı. Cəbhənin məhz bu nöqtəsində döyüş aparmaq bu tərəflərdə yaxşı tanınan kapitan Elnur Məmmədov və polkovnik-leytenant Rövşən Əkbərova tapşırılmışdı. Füzuli cəbhəsində dislokasiya edən hərbi hissələrin bəziləri komplektləşmə və yeni qüvvələr cəlb etmək üçün, müvəqqəti olsa da mövqelərini tərk etmişdilər. Amma, polkovnik-leytenant Rövşən Əkbərovun komandir olduğu hərbi hissə 93-cü ilin avqustundan bəri elə buradaydı, heç yerə getməmişdilər. Düz il yarım idi ki, onun komandir olduğu hərbi birləşmələrin şəxsi heyəti Haramının soyuq küləyi vururdu. Düz il yarım idi ki, onlar itki verə-verə, qabağa, arxaya çəkilə-çəkilə buradaydılar. Bəlkə eyni həyat tərzi, səngər xəstəliyi onları yormuşdu?

 

***

 

Daxili qoşunların şəxsi heyəti (general Xosrov Məmmədov)

Bakı-Horadiz dəmir yolu

 

... "Yaşıl tala"ya yaxın bir yerdə, yamacda bütün qoşun növləri lövbər salmışdı. Tank karvanı dərin dərənin dibindəydi, qarışıq hərbi maşın-mexanizm, "Qrad" qurğuları, səyyar yanacaq-sürtgü materialları məntəqəsi... Müxtəlif növ minalar, çınqıl kimi bir tərəfdə qalanmışdı. Şəxsi heyət, canlı qüvvə də kifayət qədərdi: heç kəs öz işindəydi - silahını təmizləyən kim, yoxlayan kim. Belə səhnələri mən Böyük Vətən müharibəsindən bəhs edən kinolarda görmüşdüm. İndi, bax burada, "Yaşıl tala" deyilən yerin astanasında gördüklərim - geniş miqyaslılığına görə heçonlardan geri qalmırdı. Fərq bircə onda idi ki, bax indi, bu döşdə, yamacda gördüklərim səhnələr realdı, gerçəklikdi.

Polkovnik-leytenant hərbi səhra formasında idi. Qaraya, misə çalan sifəti bir az da gərilmişdi. Gözləri qıyılmışdı. Ətrafda baş verənlərə baxandan sonra məndə belə təsəvvür yaranmışdı ki, o, burada döyüş xəttindən bir az aralıda baş verənləri - ardı-arası kəsilməyən təzə qüvvələrə, "Qrad" başqa zenit qurğularına, müxtəlif məsafələri vuran artilleriyaya o qədər əhəmiyyət vermirdi. O, bütün varlığı, bu neçə ildə döyüşlər zamanı topladığı təcrübə vərdişləri, düşüncələrini, nəhayət, bütün diqqətini qabağa tuşlamışdı, yönəltmişdi. Polkovnik-leytenant ön xətlə "R-143" markalı radiostansiyası vasitəsi ilə əlaqə saxlayırdı. Radiostansiyanın o başından parollar səslənirdi: "Bizə qarışqa, tısbağa göndərin". Antenalı, mikrofonlu radiostansiya bərk-bərk əsgərin kürəyinə bağlanmışdı. İndiki vəziyyətdə o radiostansiyadan daha yox, rabitə qovşağı, telefon stansiyasını, mərkəzini xatırladırdı.

Polkovnik-leytenant rabitəçi əsgəri, bədənqarışıq qabağa, gah arxaya, sağa, sola top kimi çevirirdi. Görünür, düşmən ön cəbhə ilə arxa cəbhə xəttinə pomex buraxmışdı. Ön xətdən gələn səslər xırıltılıydı, anlaşılmazdı. Onsuz da bütün varlığı ilə gərginlik, əsəb içində olan zabit, rabitəçi əsgəri, kürəyindəki radiostansiyasıyla birgə qlobus şarı kimi istədiyi səmtə fırladırdı.

Döyüşü aparan zabitin çiyninə böyük məsuliyyət düşmüşdü: ön xətdə olan, düşmənlə üz-üzə dayanan, mübarizə aparan yüzlərlə, minlərlə döyüşçünün həyatı məhz onun necə qərar verəcəyindən asılıdı. Minlərlə anaların, onların övladlarının taleyi onun əlindəydi. Az qala konveyer üsulu ilə yeni qüvvələr cəbhə xəttinə daxil olur, döyüşə atılırdılar. Lənətə gəlmiş bu "Yaşıl tala"dan, təmas xəttindən ara-sıra səslər eşidilirdi. Hərbi səhra tibb işçiləri yaralıları, kontuziya alanları, şəhid olanları - ön xətdən çıxarırdılar. Polkovnik-leytenant dəli olmaq dərəcəsindəydi.

- Axı, bu əsgəri mən beş-on dəqiqə bundan əvvəl döyüşə göndərmişdim. Hətta o, mənimlə salamlaşdı da. Həkim, həkim haradasan, gör neyləyirsən, onu qoyma ölə.

Ahıl yaşda olan hərbi səhra həkimi Kamil Mehdiyev qəlpə zərbəsindən bədənində salamat yer qalmayan, içi-içalatı dağılan, parça-parça olmuş əsgəri diqqətlə, həyəcanla müayinə edir, cuna, müxtəlif tibb ləvazimatlarla gah onun qanı dayanmayan qarın nahiyəsini, qollarını, başını sarıyır bunların heç birinin nəticəsi olmur - əsgər gözlərini əbədi yummuşdu. Həkim bütün bunlara əmin olandan sonra heykəl kimi dayandı. Dinib-danışmadı.

Polkovnik-leytenant:

- Vallah səni güllələyəcəm. Heç bacarmırsan, əlindən heç bir gəlmir. İndi mən bunun valideynlərinə cavab verəcəm, eşidirsən məni?

Bu səhnəni görən hərbiçilər lal sükut içindəydilər. Donub qalmışdılar.

 

***

 

Beş-on dəqiqədən sonra hər şey öz ritminə düşmüşdü. O, yenidən döyüşü idarə edirdi.

Sözün yaxşı mənasında polkovnik-leytenant formadaydı. Yeni qüvvələri təntənəli şəkildə qəbul edirdi, onlarla əsgəri qaydada salamlaşır döyüşə səsləyirdi. İnsanın bu cür əməllərini başqa yerə yazmaq, dəyərləndirmək olar. Adamlar, 18-20 yaşlı cavanlar ölümün, faciənin içinə atılırdılar. Hər iki tərəfdən insanlar olur, fiziki cəhətdən məhv edilir. Məsələyə bəşəri, sülh günlərinin meyarları ilə yanaşsaq, sözsüz, ölüm-itim başadüşülən, anlaşılan məfhumlar deyil. Ömür insana bir dəfə verilir. Tanrının yaratdığı ömür bir dəqiqənin içindəcə, titəyin çəkilməyiylə məhv edilir. Məsələyə ali mətləblər prizmasından, bəşəri duyğular tərəfdən yanaşsaq - bunların hamısı qeyri-humanist, zalım əməllərdi.

 

(ardı var)

Ədalət.-2015.-3 dekabr.-S.5.