“Jurnalistika insana öz
duyğularının, fikirlərinin tərcümanı kimi lazımlı
bir sənətdir”
Zemfira Məhərrəmli: “Xalq
şairi Hüseyn Abbaszadə mənə zəng etdi...”
"Qələmdən bir gün ayrı dursam, sanki dünyam qaralar”. Bu fikirləri bizimlə söhbətində
tanınmış jurnalist, yazıçı-publisist Zemfira Məhərrəmli
dedi. Ömrünün 60-cı baharını
qarşılamağa hazırlaşan Zemfira xanımla
70-80-cı illərin jurnalistikasına, daha sonra Qarabağ
müharibəsinin ağrılı, acılı günlərinə
səyahət etdik.
-Zemfira xanım, yubiley ərəfəsində
özünüzü necə hiss edirsiniz?
-60
yaş artıq ömrün müdriklik
çağıdır. Hərdən özüm-özümə
sual edirəm: bu illər necə keçib? İllər elə
sürətlə gəlib keçib ki... Bir də
gördüm ki, 60-ı haqlamışam. Çevrilib
arxaya baxırsan. Düşünürsən
ki, məndən nə qaldı? Nəyəsə nail ola bilmisənmi?
Kiçik yaşlarımda hər doğum günümdə
qonaq-qara gedəndən sonra özüm-özümlə tək
qalırdım. Fikirləşirdim ki, bir il də
keçdi. Gözüm yaşarırdı.
Ümumən nikbinliklə yanaşı, kövrək
notlar da mənim üçün xarakterikdir. Nikbinliyimlə
kövrəkliyimin arasında çox yaxın məsafə
var. Çox yazılarımda da həzin kədər hiss
olunur. Bilmirəm bu kövrəklik hardan gəlib
çıxdı? Bəlkə, yaralı
yerimiz olan Qarabağ mövzusunda çox yazdım deyə?
Bilmirəm.
-Qarabağ
mövzusuna müraciət etməyinizə səbəb nə
idi?
-Bu elə
bir mövzudur ki, ondan yan keçmək olmazdı. İllər boyu bədxah, bədnam qonşumuzun
azğınlığı, xainliyi ilə üzləşmişdik.
Keçən ərsin sonlarında təkrarən
bu ağrılı, yaralı günlərə
qayıtmağımız, yəni Qarabağ problemini
yaşamağımız hər bir azərbaycanlını
düşündürürdü. Qələm
əhli də yazıları ilə öz sözünü
deyirdi. Düşündüm ki, cəbhədə
baş verən hadisələri olduğu kimi geniş ictimaiyyətə
çatdırmaqla bu tale yüklü işimizə bir töhfə
vermiş olaram.
-İdealınız
vardımı?
-Təbii
idealım var idi. Mən hər zaman səmimi
etiraf edirəm ki, həmkarımız Salatın Əsgərovanın
atdığı addımı o illərdə çoxları
ata bilməzdi. Çox güclü bir psixoloji hiss var idi
ki, getsən, qayıtmaya bilərsən, şəhid ola bilərsən. Amma
qarşımızda bir Salatın nümunəsi, cəsarəti
də vardı.
Ustad jurnalist, universitetin Jurnalistika fakültəsində
müəllimim olmuş Nəsir İmanquliyevin
yaratdığı "Bakı” və Baku" qəzetlərində
çalışırdım. Düşünmək
olar ki, şəhər qəzetləridir, kənara
çıxmadan elə paytaxtın həyatından nəsə
yazmaq olar. Ancaq o dövrdə hər
gün cəbhədən həyəcan dolu xəbərlər
gəlirdi. Belə gərgin anlarda çox
düşünürdüm və ilk addımlarımı
atdım.
O vaxtlar
"Baku”da çalışan Pənah Rüstəmzadə
adlı həmkarım da qaynar nöqtələrə səfər
edir, mövzular gətirirdi. O illərdə mən Ağdam,
Ağdərə, Tərtər, Cəbrayıldakı hərbi
hissələrdə oldum. Cəbhə xəttində
olarkən nədənsə gözüm çiyni paqonlu
qızları axtarırdı. Hərbi geyimli qızlar məni
o qədər cəlb edirdi ki... Təsəvvür
edin, döyüşçü qızların əllərində
avtomat, əyinlərində buşlat. Hər cür
kosmetikadan uzaq, saçları çox qısa kəsilmiş(düşmən
tanımasın deyə) bu qızlar oğlana
oxşayırdılar.
Qəribə
bir hiss yaranırdı. Kişilərin
döyüşməsi başa düşüləndir. Qadınlar səngərə atılıb
döyüşürsə, bu, ikiqat qəhrəmanlıqdır.
Hər dəfə o qadınları görəndə onlarla
söhbət etmək üçün can atırdım,
söhbətləşirdik. Yaralı qızlarla
hospitallarda görüşürdüm.
"Döyüşə qızlar gedir”, "Qarabağda
savaş var” və "Qırx qız dastanı” belə
yarandı.
-İndi də həmin
xanımlarla əlaqəniz varmı?
-Mən
Qarabağ Veteran Qadınlar Təşkilatının fəxri
üzvüyəm. İllər öncə, ilk təsis
konfranslarında mənə üzvlük biletini təqdim etdilər.
"Haqqımızda yazan, bizi tanıdan
sizsiniz”,--deyirdilər. Bu sözlər mənim
üçün qürurverici idi.
Bayramlarda, həyatımın hansısa əlamətdar
günündə, bəzən isə çətinlikləri
olanda zəng edirlər. Kömək edə biləndə sevinirəm.
Bizim üçün xüsusi bir gün var. 8
Mart Qadınlar Bayramı günü biz şənlik
keçirmirik. Bir qucaq al qərənfillə
Şəhidlər Xiyabanına gedir, bu müqəddəs məkanda
uyuyan şəhid qızlarımızı yad edirik.
-Ailədə sizin cəbhəyə
getməyiniz necə qarşılanırdı?
-Bizim ailədə
iki nəfər yaradıcı insan var. Elə olurdu ki, həyat
yoldaşım Qulu Məhərrəmli
çalışdığı Dövlət
Televiziyasının xətti ilə, mən də, necə deyərlər,
elə öz xəttimlə, ən əsası isə ürəyimizin
istəyi ilə qaynar nöqtələrə
yollanırdıq. Məni heç kim məcbur
eləmirdi cəbhəyə getməyə. Uşaqlara baxan
anam deyirdi ki, Zemfira, bəlkə getməyəsən, balaca
uşaqların var. Deyirdim tez gələcəm,
yazılarımla gələcəm..Sonra
xahiş edirdi ki, Qulu gedəndə sən evdə qal. İkinizdə eyni zamanda getməyin.
-Qadın
kimi hansı problemlərlə
qarşılaşırdınız?
-Mənim
o illərdən də əvvəl, gənc yaşlarımdan
qadınlar təşkilatlarında təmsil olunmuşam. Onlardan biri Azərbaycan Qadınlar Cəmiyyətidir.
Bu təşkilata professor Zemfira Verdiyeva rəhbərlik
edirdi. O təşkilata biz Ana cəmiyyət deyirdik. Yəni sonrakı qadın cəmiyyətləri bu təşkilatdan
törəyib, yaranıb. SonralarElmira
Süleymanovanın yaratdığı Azərbaycan Qadın və
İnkişaf Mərkəzinin üzvü oldum. BU təşkilatın mətbuatla əlaqələrini
qururdum. İndiki işimin ilk
cığırları sanki oradan başlamışdı.
-Elmira xanımla o vaxt tanış
olmuşdunuz?
-Elmira
xanımla tanışlıq ondan da əvvəl olub. Bu tanışlıq jurnalistika fəaliyyətimlə
bağlıdır. O zaman Elmira xanım AMEA-nın Neft və
Kimya Prosesləri İnstitutunda çalışırdı. Alim qadınlar haqqında yazı hazrlamağa
getmişdim. Onunla ilk dəfə orda tanış
oldum. 8 mart bayramı ərəfəsi idi.
Mən o zamana kimi Elmira xanım haqqında
çox eşitmişdim. Onun yanına gələndə
dedi ki, bizdə 3 elmlər doktoru xanım var. Əgər onlar
haqqında da yazacaqsınızsa, mən
sizə müsahibə verərəm. Mən hər
üç alim xanım haqqında yazaraq qəzetimizdə dərc
etdirdim. Elmira xanımla xoş ünsiyyətimiz
belə yarandı.
-Ombusman Aparatındakı işinizdən
razısınızmı?
-Əlbəttə. 2002-ci ilin 2 iyulunda Elmira Süleymanova Milli Məclisdə üç namizəd arasından ölkənin ilk Ombudsmanı seçildi. Təsisat yarananda Elmira xanım məni Mətbuat xidmətinin rəhbəri vəzifəsinə dəvət etdi, mən düşündüm və qərar qəbul etdim. Az sonra işə başladım.
Ombudsman çox işlək bir qurumdur. Ölkənin
ilk Ombudsmanı çalışır ki, insan
hüquqlarının müdafiəsi sahəsində daha
çox irəliləyiş olsun. Təsisatımızda
əhalinin bütün quruplarının
hüquqlarının təmin olunmasına diqqətlə
yanaşılır. . Mən bu işə
başlayanda Mətbuat xidməti institutu yenicə
yaranırdı. Örnək
axtarırdıq. Yoxdan var yaradırdıq.
Ən çevik KİV-lə əməkdaşlıq
edirik. Hər zaman çevikləri axtarıb tapırıq
ki, yaydığımız məlumatlar daha çox
çatımlı olsun. Digər Mətbuat xidmətlərindən
bir özəlliyimiz də var. Sayı az
qala dörd minə çatan press relizlərimiz əməkdaşlarımız
tərəfindən ingilis dilinə çevrilərək
nüfuzlu beynəlxalq qurumlara göndərilir.
-Niyə məhz jurnalistika?
- Süleyman Rəhimovun "Mehman" povestini oxuyandan
sonra düşünürdüm ki, hüquqşünas olum. Hər zaman
haqq-ədalətin bərqərar olmasını istəmişəm.
Ancaq sonradan ədəbiyyata olan həvəsim,
bu yöndə bilgilərim artdı. Qərara
gəldim ki, jurnalist sənətini seçim. Jurnalist olmaq arzum önə keçdi. Hər
zaman düşünürdüm
ki,
jurnalistika insan duyğularının, fikirlərinin tərcümanı
kimi lazımlı bir sənətdir. Çox
kiçik siniflərdən məqalələr yazmağa
başladım. 9-10-cu siniflərdə
artıq yazılarım çap olunurdu. "Baki”
və "Azərbaycan gəncləri” qəzetlərində.
Sizə deyim ki, bu sahəyə var gücümlə
istəyib gəlmişəm. Son nəfəsimə
qədər, lap pensiyaya çıxsam, nə bilim başqa
işlə məşğul olsam da, o yazı-pozudan kənarda
qala bilmərəm.
-Yaradıcılığınızla
bağlı məlumat verərdiniz..
-"Oyuncaq" kitabım çap olunub. Povest və
hekayələrim, esselərim və mənsur şerlərimdən
seçmələr bu kitabda yer alıb. Bir
gün yazılarımı görkəmli tənqidçi
Vaqif Yusifliyə göstərdim. Onun fikirlərini
öyrənmək mənim üçün olduqca vacib idi.
Vaqif müəllim yazılara baxandan sonra mənə müsbət
cavab verdi.
Səmimi etiraf edim ki, ədəbi yaradıcılığımda
bir telefon zəngi mühüm rol oynayıb. "Bakı”
qəzetində işlədiyim zaman xalq şairi Hüseyn
Abbaszadə mənə zəng etdi. 1997-ci
ilin aprel ayı idi. Dedi ki, qızım mən sizin
telefonunuzu xalq şairi Qabildən almışam. Onun əlində
mənim ”Döyüşə qızlar
gedir” kitabımı görübmüş. Sonradan
bu kitabdakı sənədli hekayələrimi oxuyub və bəyənib.
Böyük Vətən Müharibəsinin odlu yollarından
keçən, sonradan "General” və "Qayıdanlardan
biri” romanlarını qələmə alan
yazıçımız məsləhət gördü ki, bədii
yaradıcılığa başlayım. İnanın,
məni əmin elədi ki, sizdə gözəl alınacaq.
Ondan sonra bədii yaradıcılıqla məşğul
olmağa başladım. "Ulduz", "Azərbaycan”,”Yazıçı
qadınlar” jurnallarında, "Söz”dərgisındə,"Ədəbiyyat",
"525-ci qəzet”, "Kaspi" və "Mir literaturı”
qəzetlərində yazılarım dərc edilirdi.
-Siz həyatda
daha çox nəyə sevinirsiniz?
- Mən
nəyə sevinirəm? Hansısa kiçik
uğuruma çevrəmdəki insanlar sevinəndə mənim
ömrüm uzanır. Ümumiyyətlə,
insana dəyər verilməsi mühüm amildir. İnsan hər zaman öz dəyərini
almalıdır.
-Qulu müəllim sizin
yaradıcılığınızda baryer rolunu
oynayıbmı?
-Tələbə
yoldaşım, ömür-gün yoldaşım Qulu Məhərrəmlinin
böyük dəstəyini həmişə hiss etmişəm.
Xüsusən ilk kitabım çap olunanda mənə
yardımçı oldu.
və mənəvi
cəhətdən hər zaman mənə dəstək olub. Kitablarım Türkiyədə və Rusiyada nəşr
ediləndə də çox böyük köməyi olub.
Onu da deyim ki, Sank-Peterburqda kitabımın
çapı zamanı böyük çətinliklərlə
qarşılaşdıq. Deyirdilər ki,
bu kitab Qarabağ müharibəsi barədədir, konflikt yarada
bilər. Sanki erməni şovinistlərinin
qəzəbinə tuş gəlməkdən çəkinirdilər.
Ancaq bu işdə diasporumuz bizə çox
kömək etdi.
-Zemfira
xanım, hər bir yaradıcı insanın ilham pərisi
olur. Sizin ilham pəriniz nədir?
- O barədə
xüsusi düşünməmişəm.Gözəl
musiqini, mütaliəni sevənəm. Mübariz
ruhlu musiqi məni qələmi götürüb yazmağa
vadar edir.
-Müasir
jurnalistikanı necə dəyərləndirirsiniz?
-Jurnalistika
təhsili məni düşündürür. Bu
məsələ diqqətimizdə olan məsələdir.
Bəzən gənclərin
"hüquqşünas olmaq istəyirdim, balım
çatmadı, jurnalist oldum” kimi fikirlərinə rast gəlirik.
Bu, günümüzün həqiqətləridir.
Azərbaycan
Dövlət Universitetinə(indiki BDU) qəbul
olunduğumuz 1973-cü ili göz önünə gətirirəm.
50 yer uğrunda 1000-dən çox abituriyent
mübarizə aparırdı. O vaxtlar test üsulu yox
idi. 4 imtahanın hər birindən 4 qiymət alan
neçə gənc bu fakültəyə qəbul oluna bilmədi.
Bu müsabiqəyə qanı- canı ilə
jurnalist olmaq istəyənlər qatılmışdı.
Fəxr
edirəm ki, Nəsir İmanquliyev, Şirməmməd
Hüseynov, Qulu Xəlilli, Nurəddin Babayev, Nəriman Zeynalov,
Famil Mehdi, Yalçın Əlizadə, Cahangir Məmmədli
kimi müəllimlərdən dərs almışam.
Qeyd edim ki, bu gün jurnalistikamızda ümid verən gənclər çoxdur. Bütün bunlara baxmayaraq, problemlər də qalmaqdadır. O zaman baş redaktorumuz N. İmanquliyevin yaxşı bir sözü var idi. Deyirdi ki, yazını gərək elə yazasan ki, sim kimi cingildəsin. İndi isə dil qaydalarının pozulması yaralı yerimizdir. Özüm təmiz üslubun tərəfdarı olduğumdan bəsit, cılız, qrammatik qaydalara riayət edilməyən yazılara düşmənəm. İnanın bütün yazılarıma divan tuturam.
-Son olaraq nə
demək istəyərdiniz?
-Müsahibə üçün təşəkkür edir, "Ədalət” qəzetinin kollektivinə yaradıcılıq uğurları arzulayıram.
Ədil Ədilzadə
Ədalət.-2015.-3 dekabr.-S.8.