HAMIYA NÜMUNƏ ÖMÜR

 

Qəhrəmanlar ölmür deyiblər. Ömrünü xalqına, dövlətçiliyinə qurban verənlər əbədi yaşayır. Cavad xan, Mehdu Hüseynzadə, Hüseynbala Əliyev, Qafur Məmmədov...

Himnimizdə Vətənə xitabən deyilən "Səndən ötrü can verməyə cümlə qadiriz..." misrası yadıma düşür. Hər bir gəncin Vətən qarşısında içdiyi and onun ömrü necə yaşayacağını bildirir. Atam hərbçidir və mən hərbi andın mahiyyətini, bu andı içənlərin necə xidmət etdiyini bilirəm. Onu da bilirəm ki, milli mentalitetimizdə anda sədaqət var...

Vətəni sevmək azdı, Vətən naminə məqamında, lazım gələrsə şəhid olmağı da bacarmalısan. Mübariz İbrahimov kimi...

Qarabağda gedən döyüşlərdə yüzlərlə oğul şəhid olub. Hamısının xatirəsi hamımız üçün əzizdir. Onda nədən məhz Mübariz İbrahimovu xatırladım? Digər şəhidlərimiz kimi o da Vətənə xidmət edirdi, Vətən naminə döyüşürdü, canından Vətən üçün keçdi. O da digər həmyaşıdları kimi təhsil alıb, hərbi xidmətdə olub. O da hamı kimi ermənilərin Xocalıda faciə törətdiyini bilib. Anası xatırlayır ki, televizorda Xocalıdan veriliş gedəndə özünü saxlaya bilmirdi, hönkür-hönkür ağlayırdı.

Müharibədə döyüşlərdə şəhidlik də var. Əsgər bilir ki, döyüşdə şəhid də ola bilər. Ancaq döyüşür, Vətənə görə döyüşür, torpaqlarımız üçün döyüşür, ölümdən qorxmadan döyüşür. Ancaq Mübariz İbrahimov şəhidliyi özü seçmişdi. Vətən üçün seçmişdi, xidmətdə olan əsgərlərə, çağırışçılara vəsiyyət kimi seçmişdi. Onun şəhidliyi sanki bizlərə deyir: Vətəni sevin, Vətən naminə candan keçməyi də bacarın...

Mübariz İbrahimov da digər həmyaşıdları kimi hərbi xidmətdə olmuşdu. O da hərbi and içmişdi, o da "canımdan da keçməyə hazıram" demişdi. Hərbi Nizamnamələrin tələblərinə ciddi əməl edirdi, komandirlərin, zabitlərin əmr və göstərişlərini sözsüz yerinə yetirirdi. Xidmət yoldaşları sonra xatırlayacaqdılar ki, Mübariz hər kəlməbaşı Vətən deyirmiş, torpaq deyirmiş. "Torpq uğrunda ölən varsa, Vətəndi" sözlərini təkrarlayarmış.

Bir dəfə televizorda bir verilişə baxırlarmış. Kadrda qaçqın ana görünəndə alnını ovuşdurub, yanaqlarına göz yaşı süzülüb. Bircə kəlmə deyib: "Günahkarıq, ana. Bizi bağışla...". Zərrəcə günahı olmasa da, o ananın bu günə düşməsində, hələ də ev-eşiyinə qayıda bilməməsində özünü də günahkar bilirmiş.

Tarixə dönən həmin gecəyə kim nələr düşündüyünü kimsə bilməmişdi. Ürəyindən keçənləri heç kimə deməmişdi. Düşünürdü ki, nə etmək istədiyi bilinsə, buna imkan verməzlər.

Bəlkə də ermənilərin mövqeyinə getməyi, nifrətini gülləyə çevirib düşmənin başına ələməyi həmin gün qərara almışdı. Bu, həm qisas olacaqdı, həm də əsgərlərin döyüş ruhunu artıracaqdı. Sübut edəcəkdi ki, azərbaycanlı oğullar məqamında mübarizləşməyi bacarır, bunu özünə mənəvi borc bilir. Biləsuvardan əbədiyyətə gedən yol buna görə müqəddəsdi, buna görə xalqımızın ehtiramıyla əhatələnən yoldu.

Mübariz İbrahimov bilirdi ki, son nəfəsinəcən atışacaq, bu vaxt ərzində neçə düşmən öldürəcək. Öldürdüyü düşmənlərin sayı qədər azərbaycanlı ananın oğul itkisinin ağrıları, acıları yumşalacaq. Mübariz həmin analarda şəhidlərin analarına oğul olmuşdu. Bu gün də həmin ehtiramlarla xatırlanır.

Mübariz İbrahimov çox duyğusal gənc idi. Həmsöhbətini inandırmağı bacarırdı. Torpaqlarımızın işğaldan azad ediləcəyi günün həsrətiylə yaşayırdı, gecələrini bu həsrətlə səhər eləyirdi. Bəlkə də son məktubunu, bu gün bütün gənclərin, bütün vətənsevərlərin həyat yolunu işıqlandırası məktubunu o gecələrin birində yazıb. Bu məktubu həyəcansız oxumaq mümkün deyil. 22 yaşlı oğulun vətənsevərliyindən, düşüncələrindən qürurlanırsan. Nə gizlədim, hətta ona həsəd də aparırsan. Belə bir oğulun şəhid olmasından yanıb yaxılırsan. O məktub biz gənclərin hər birinin hər gün oxumalı olduğu əsərdir. Bu məktub vətənsevərlik dərsliyidir:

"Canım atam və anam, məndən sarı darıxmayın, inşallah cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu eləməliyəm. Ən azından ürəyim sərinlik tapar. İnşallah şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəm. Şəhid olsam, ağlamayın, əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu eləməliyəm. Allah böyükdü, Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin"...

Məktubun mətni Mübariz İbrahimovun qəhrəmanlığı mənə qılıncıyla tarix yazmış qəhrəmanlarımızı xatırlatdı. O qəhrəmanları ki, tarixin müxtəlif çağlarında dövlətçiliyimizi xarici təsirlərdən qoruyub, xalqın adına, tarixi keçmişinə layiq sərkərdə olub. Mübariz İbrahimov gizir idi. Bu, onun hərbi rütbəsi idi. Ancaq onun ürəyinin rütbəsi generalmış. Şəhidliyindən sonra bildik. Kaş bütün əsgərlər, zamanında əsgər olacaq yeniyetmələr xalqını, Vətənini Mübariz İbrahimov kimi sevəydi!

O gecənin qürurunun şahidi Tərtərin Şaylı kəndi oldu. O gecə Mübariz İbrahimov ad-soyadla bir oğul şəhid oldu, bu ad-soyadda əbədiyyən yaşayacaq qəhrəman doğuldu. Elə bir qəhrəmanlıq ki, düşmənin gözünün odunu aldı, düşmənə bir daha anlatdı ki, Mübarizlər yetirən torpaqları işğalda saxlamağa gücü çatmayacaq. Çəkil get, getməsən can itirəcəksən!..

Mübariz İbrahimovun Vətən sevgisi biz gənclərin hər birinə nümunədir. Biz də Vətəni onun kimi sevəcəyik, lazım gəlsə, biz də onun kimi şəhidliyimizə qənşər gedəcəyik. Oğlanlar da, qızlar da...

 

Şəbnəm Behbudzadə

"Xəzər" universitetinin tələbəsi

 

Ədalət.-2015.-3 dekabr.-S.6.